Millət vəkili: “Həbsxanada kitab tapmayanda Çingiz Abdullayevi oxuyurdum” – Müsahibə

<span style="color:red;">Millət vəkili:  “Həbsxanada kitab tapmayanda Çingiz Abdullayevi oxuyurdum” – <span style="color:red;">Müsahibə
27 may 2019
# 09:00

Kulis.azın “İşdən kənar” layihəsinin budəfəki qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının lideri, Millət vəkili Fərəc Quliyevdir.

- Kitabla tanışlığınız nə vaxt başladı?

- Mənə ilk dəfə 4-5 yaşımda kitab hədiyyə etmişdilər.

- Maraqlıdır. Hansı kitab idi?

- Çox təəccüblü və sevindirici hadisəydi mənim üçün. Əmim oğlu hədiyyə etmişdi. Mirzə Cəlilin kitabıydı. Mən məktəbəqədər yazıb oxumağı bacarırdım, evdəkilər öyrətmişdi. Məktəbə başlayanda kəndimizdəki kitabxanaya gedirdim. Oranın müdiri atamın dostu Məmməd əmi idi və mənə kitab sevgisini o aşılamışdı. Mənə hansı kitabları oxuyacağımı göstərirdi.

- Yəqin Mirzə Cəlilin kitabını o yaşda oxumadınız...

- Təbii. Ancaq mənə kitab hədiyyə olunması maraqlı gəlmişdi. İndinin özündə də o kitabı saxlayıram. Ümumiyyətlə, bizim evdə kitab almaq ənənəsi yaranmışdı. Təzə çıxan kitabları atam alardı. Kənd camaatı gəlib bizdən kitab götürərdi. Atam bir şərt qoyardı ki, verirəm kitabı, amma salamat qaytarın.

- Mirzə Cəlilin adını çəkdiniz. Özünüz də Naxçıvandansınız. Bir naxçıvanlı kimi Naxçıvandan olan hansı yazıçımızı daha üstün hesab edirsiniz? Yəni o yazıçı bir köynək daha yaxındı sizə...

- Ordubad doğumlu olsam da, düşüncə etibarı ilə Turanlıyam. Mən vətəni bölgələrə ayırmağın tərəfində deyiləm. Ancaq Naxçıvanda da nəhəng yazıçılarımız var. Hüseyn Cavid təkcə şair deyil, həm də böyük bir filosof idi. Onun baxış bucağı tam fərqlidir, hər cümləsi bir əsərdi mənim üçün. Ya Mirzə Cəlilin adını çəkdik. O, bu gün də aktuallığını qoruyub saxlayır. Yaxud Məmməd Araz nəhəng şairlərimizdən biridir. Bizim Məmməd Arazla ailəvi dostluğumuz olub. Onlar bizdə qalırdı, biz onlara gedirdik. Yaxud dostluq etdiyim Rüstəm Behrudi. Onunla yaxın münasibətlərimiz var və hesab edirəm ki, o, türk dünyasının dərin ozanlarından biridir.

- Məmməd Arazla Rüstəm Behrudini dediniz. Başqa yazarlarla dostluğunuz olubmu? Siz həm də Meydan hərəkatının iştirakçılarından birisiniz. Meydan hərəkatının aparıcı qüvvələri də şairlər, yazıçılar, ziyalılar idi. Yəqin, o ərəfələrdə tanış olmusunuz, söhbətləriniz baş tutub.

- Əksəriyyəti ilə münasibətimiz olub. İstəyir İsmayıl Şıxlı olsun, istəyir Bəxtiyar Vahabzadə, yaxud Nəriman Həsənzadə, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən. Siyahını uzatmaq da olar. Təbii ki, bu insanlar bizim milli sərvətlərimizdir. Siz Meydan hərəkatını yada saldınız. O ziyalıların milləti doğru istiqamətə aparmaq üçün hərəkatlarda iştirakı vacib idi. O vaxt gizli şəkildə onların əsərlərini bir-birimizə ötürürdük, oxuyurduq və bu, bizdə milli şüurun oyanmasında xidmət edirdi.

- O dostluqlardan yadınıza düşən hansı xatirə var?

- Rəhmətlik Xəlil Rza Ulutürklə də dostluq edirdim. Həmişə deyirdim ki, Xəlil bəy, yorulmağı, qocalığı boynunuza almırsınız. Mənə yaxşı cavab vermişdi: “Yorulmağı boynuma alaram, amma qocalığı boyuna almırlar, qocalıb adamın boynuna minir”. Xəlil Rzanın bir çantası vardı, hara gedirdisə, o çanta da yanında olurdu. Bir də görürdün, nəsə söhbət getdiyi yerdə Xəlil bəyin ilham mələkləri gəlib çıxır, şair də çantadan kağızları çıxarıb şeir yazır. Qəribə xasiyyəti vardı. Həmin an yazırdı. Çayxanada, qatarda, avtobusda olsa da. Bir şey deyim. İndi pis tendensiya başlayıb. Qəhrəmanlarımıza, şairlərimizə, dövlət başçılarımıza hücumlar olur və mən bunu yaxşı hal hesab etmirəm. Məncə, bu cür insanlarımızın yaxşı tərəflərini qabartmaq lazımdır.

- Necə düşünürsünüz, o şəxsiyyətləri tənqid etmək, müzakirəyə çıxarmaq olmazmı?

- Mirzə Cəlili, Sabiri milləti aşağılamaqda günahlandırırlar. Onlar isə bu gün də aktualdırlar. Hər kəs istəyər ki, onun milləti təriflənsin. Ancaq problemi göstərmək onu aşağılamaq deyil. Bu, sevərək edilir. Problemi ortaya çıxartmaq və onu həll etmək lazımdır. Mirzə Cəlil də, Sabir də millətin naqis tərəflərini tənqid edir, bir tərəfdən isə oxumaq istəyənlərə əl tuturdular. Özləri pulsuz-parasız dərs deyir, tələbələr yetişdirirdilər. Mən bu gün də istəyirəm ki, millətin çatışmayan tərəfləri deyilsin. O vaxt da Mirzə Cəlil, Sabir bunu ediblər. Yaxud Şah İsmayıl Xətai. O, təkcə dövlət başçısı deyildi, böyük şair və filosof idi. Bu gün böyük türk dövləti yaratmış bir kişi haqqında bu cür şeylər danışmaq olmaz. Ayıbdır.

- Deyirsiniz, o şəxsiyyətlər ümumiyyətlə müzakirə olunmamalı, səhv tərəfləri qabardılmamalıdır?

- Olunmalıdır. Amma sağ müəlliflər. Bu dünyadan köçmüş şair-yazıçıların nəyini müzakirə edəcəksən? Ortaya qoyduğu əsərlər bu günə qədər yaşayırsa, deməli həmin müəllif həmişəyaşardır. Onun nəyini tənqid edəsən? O insan tənqid edə bilər ki, həmin əsərlərdən daha yaxşısını ortaya qoysun.

- Bu fikir də çox deyilib. Yəni ortaya əsər qoya bilmirsənsə tənqid etmə. Sizcə, ortaya əsər qoyulmayıb ki? İzləmirsiniz yeni yazarları?

- Hər insanda nöqsan tapmaq olar. O nöqsanı ortaya çıxardıb qabartmaqdansa ortaya əsər qoymaq lazımdır. Mən müasir yazarları nəzərdə tutmadım. Dediyim odur ki, o şair-yazıçılar rəhmətə gediblər, onlar artıq bizim milli sərvətimizdir. Onlar gələcəyə boylanan şəxslərdir, onlara toxunmaq olmaz. Dünya ədəbiyyatına baxaq. O müəlliflərin elələri var ki, şəxsiyyət olaraq üz çevirməlisən, ancaq gəlin həmin şəxslərin mətnlərinə baxaq. Bu gün mətnə qiymət vermək lazımdır. Ümumiyyətlə, mən o yazıçılara toxunmağın əleyhinəyəm. Sağ olan yazar haqqında nəsə bir fikri olan varsa, hə, o zaman buyursun sözünü desin.

- Kimləri oxuyubsunuz müasirlərdən?

- Açığı, çox izləmirəm. Bəlkə yanaşmam doğru olmaz. İndi Ramiz Rövşəni, Vaqif Bayatlını, Paşa Qəlbinuru oxuyuram. Yeni yazarlar ortaya çıxıb. Açığı, nə vaxtım, nə də marağım var o yazarları oxumağa.

- Niyə?

- Mən klassikləri oxumağı daha çox sevirəm. Xoşuma gəlməyən yazı tərzləri var. Hamısına aid deyil, təbii. Azad söz altında açıq-saçıq ifadələrə getmələrini nəzərdə tuturam. Azərbaycan cəmiyyətinə uyğun olmayan bayağı tərzdə açıq-saçıq yazılar yazırlar.

- Bax o cür açıq-saçıq oxuduğunuz hansı mətn yadınızdadır? Müəllifi kim olub?

- Ad çəkməyəcəm. Kitabını almışdım. Müəyyən hissələrə baxdım. Yeni ortaya çıxan yazardı və istəyirəm nə yazdığı ilə tanış olam. Oxumaq istədim, ancaq gördüm ki, yararlı bir şey yoxdur və bağlayıb qoydum kənara. Bəlkə də hansısa bir təbəqənin zövqünə uyğun kitab idi, bilmirəm. Mən xaraktercə mühafizəkaram və hesab edirəm ki, millətin adət-ənənələrini hər yerdə qorumaq lazımdır. O yazarlar müstəqil ola bilərlər, ancaq bu azadlığı cəmiyyətin gözünə soxmaq olmaz. Məsələn, barlar var, bir qrup ora gedir. Mən ora gedənləri təhqir etmirəm. Bir də var, ailəvi məkanlar. O barlara kimisə zorla aparmırsan ki. Qapalıdır və istəyən gedir. Ailəvi məkanlarda o barlarda olan şeylər edilmir. Yazı da belədir. Kim nə istəyir onu yaza bilər. Ancaq biz artıq formalaşmış insanlarıq. Yeni gələn nəslə o cür mətnlərin təqdim olunmasının əleyhinəyəm.

- Fərəc bəy, partiyanızın nə qədər üzvü var?

- Bizim 43 min üzvümüz var. Ancaq sayları artmaqdadır.

- Partiyanızda kitabı təbliğ edirsinizmi? Bayaq gördüm kitablar da çap edirsiniz. Daha çox tarixi kitablardır. Bədii ədəbiyyatın təbliği, yeni yazarlarla görüş və s. olurmu?

- Əlbəttə, bizim partiyada bu cür tədbirlər keçirilir. Əlimizdən gələn qədər kitaba dəstək oluruq. Siz indi gördünüz, seriya şəklində kitablar çap edirik. Bunu davamlı edəcəyik. Biz siyasi partiyayıq, ədəbiyyat qurumu deyilik. Ancaq yenə də bədii ədəbiyyata zaman ayırırıq. Yazarların kitablarını elektron şəkildə saytımıza yerləşdirmək və onlarla görüşmək bizim üçün də vacibdir. Mən özüm də tez-tez kitab oxuyuram. Hansısa bir şairimizin şeirini oxumaq mənə dərman kimi gəlir.

- Ona görə soruşdum ki, bəzi siyasətçilərin çıxışı çox şablon və rəsmi görünür. Onların danışığında bədii ifadələr yoxdur. Ancaq Türkiyə və digər ölkələrdə bunun əksini görürük. Bu mənada ədəbiyyatın sizə köməyi olurmu?

- Hər siyasətçinin öz tərzi, auditoriyası və hədəfi var. Hər auditoriyada eyni cür danışmaq olmur. Hərəsinin ayrı-ayrı dili var. Hansı dövrdə hansı dildə danışmağın böyük fərqləri var. Meydanda danışdığın dillə elmi konfransda danışa bilməzsən. Yaxud da əksinə. Nitq bir az fərdin öz seçimidir. Sadə dildə danışmaq isə həm siyasətçinin, həm də xalqın avantajıdır. Bəzən deyirlər, siyasət yalandı. Elə deyil. Siyasət mənəviyyat hadisəsidir. O mənəviyyatda söyüş siyasəti, yaxud riyakarlıq yoxdur. Siyasətçi millətin çıxarları üçün fikirlərini bölüşməlidir. O fikirlər də rahat formada insanlara ötürülməlidir. Və mən də rahat danışmaq yolunu seçmişəm həmişə. Təbii ki, burda da uşaqlıqdan bu yana oxuduğum ədəbiyyatın çox mühüm rolu olub.

- Bizdə siyasətçilər haqqında başqa qəlibləşmiş fikirlər də var. Məsələn, siyasətçi ədəbiyyat adamı olmamalıdır, o, bir az sərt, zəhmli olmalıdır, dövrün tələbi ilə ayaqlaşmalıdır və s.

- Siyasətçi sərt olmalıdır ifadəsi ilə razılaşmıram. Məsələn, Şah İsmayıl Xətai. Şeirlərini oxuyursan, ipək kimi adamdır. Ancaq o biri üzü sərtdir – bu sərtlik də döyüşdə, sərkərdəlikdə ona lazımdır. İstənilən siyasətçi də bu cür olur. Siyasətçini yaxın tanımadıqları üçün bu cür ifadələr deyirlər. Onu daha çox sərt çıxışları ilə tanıdıqları üçün. Ancaq mən elə düşünmürəm. Məsələn, Əbülfəz Elçibəy sərt idimi? Deyildi. Lakin öz millətinə nə qədər sevgisi vardısa, düşmənə də o qədər nifrəti vardı. Siyasətçinin o sərtliyi düşmənə olan sərtlikdir.

- Bu qəliblər hardan yaranır bəs? Məsələn, partiya dəyişmək haqda. Bizdə buna çox pis baxılır, satqınlıq hesab olunur. Sadiqlik istənilir siyasətçidən. Amma məsələn, Çörçil də bir neçə partiya dəyişmişdi...

- Doğru deyil bu. Adam yoluna sadiq olar. Öz coğrafiyası ilə bütöv, qüdrətli Azərbaycan ideyası uğrunda hər kəs öz fikrini deyə bilər, hər kəs bir yolla ora gələ bilər. Partiya bir maşındı. Tutaq ki, mən Xalq Cəbhəsini təsis edən 64 nəfərdən biriyəm. Bugünkü AXCP-də bir nəfər də təsisçi yoxdur. Mən yolumu dəyişməmişəm ki... Mənim üçün Turançılıq, Bütöv Azərbaycançılıq ideyası, Qarabağın qaytarılması və s. yerində qalır. Ancaq mən artıq o maşınla getmirəm, mənim üçün sınıqdı o maşın. Mən başqa maşında gedirəm, ancaq öz yolumda gedirəm. Başqa yoldaşlarla gedirəm o yolu. Mən partiyamıza gələn gənclərə də deyirəm ki, bura həbsxana deyil, siz burdan gedə də bilərsiniz, buna görə sizə xain deyilməyəcək. Bu gün də partiyadan gedənlər olub, biz yenə də görüşürük, öpüşürük, lazım gələndə dəstək də veririk. Çox təəssüf ki, başqaları bunu etmir. Həmin adam gedən günü onu xəyanətkar elan eləyirlər.

- Ədəbiyyatın bu məsələyə yanaşması ayrı cürdür. O, xəyanətkar hesab olunan adamın da bəzən haqlı tərəflərini üzə çıxarır...

- Ədəbi mühitlə siyasi mühitin təbii ki, oxşarlıqları var. Elə fərqlilikləri də. Siyasətçi fəaliyyəti ilə, yazar isə yazısıyla millətə xidmət edir. Ədəbiyyat mənəvi bir dünya yaratmaq istəyir. Siyasət də formalaşmış bir cəmiyyət. Əslində hər ikisinin yanaşmasında millətin tam formalaşması və mənəvi dünyaya çıxması məsələsi var. Ədəbiyyatçılarda da naqislər var, siyasətçilər də. Siyasətçi ölkə maraqlarını nəzərə almır, Qarabağ məsələsini gözardı edir və istəyir ki, nə yolla olur-olsun bir mövqe tutsun. Ədəbiyyatçının naqisi isə açıq-saçıq, cəmiyyətə xeyri olmayan yazılarla oxucu tutmaq istəyən yazarlardır. Bilir ki, ədəbli bir şey yazsa, onu oxuyan az olacaq. Ancaq məsələ axı ədəbiyyatdan pul qazanmaq deyil. Bizim dəyər dediklərimizi cəmiyyətə hopdurmaq əsasdır. Həm ədəbiyyatçının, həm də siyasətçinin ən mühüm işi budur.

- Siz 1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmusunuz. Hətta 1991-ci il dekabrın 17-də 24 nəfərlə birlikdə Naxçıvanda ən yüksək zirvədə, Ermənistanla sərhəddə, mübahisəli ərazidə yerləşən "Soyuq" adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni rus-erməni hərbi birliklərindən almısınız. Niyə bunu xatırlatdım? Müharibədən yazılan əsərlərə münasibətiniz necədi? Bizim ədəbiyyatda və eləcə də dünya ədəbiyyatında...

- Aqil Abbasın “Dolu” romanını oxudum və filmini izlədim. Bir neçə əsər yazılıb. Və mən təqdir edirəm bunu. Amma əsərlər çox azdır. Uzun müddət bizim haqda elə bir fikir formalaşdırmışdılar ki, biz heç nəyə gücü çatmayan, yazıq millətik, istənilən ölkə gəlib bizi əzər və çıxıb gedər. Bu, ruh düşkünlüyünə səbəb olur. Elə deyil axı. Bizim millət böyük bir imperiyaya qarşı vuruşub. Ermənilər kim idi? Onların arxasında rus ordusu dayanırdı. Mən özüm də döyüşlərdə iştirak etmişəm. Xocalı soyqırımından sonra Xarxat döyüşü oldu, Ordubadda, biz ermənilərin dağ ekspedisiya korpusunu tamam məhv elədik. Üç gün Ermənistanda matəm elan olundu. Yaxud bizim başqa döyüşçülərimiz Tərtərdə, Ağdərədə, Çaykənddə böyük şücaət göstəriblər. Onlar yazılmalı, filmləşməlidir. Bizi məğlub, qorxaq kimi göstərmək olmaz. Biz ədalətsiz müharibə etməmişik ki, humanizmə əl ataq. Müharibədə öldürərlər də. Bizə hücum olunub və biz də döyüşmüşük. Yəni millətə bu cür əsərlər lazımdı.

- “Dolu” sizcə bu boşluğu doldura bildi?

- Bəli. Yerli-yerində bir əsər idi. Filmi də gözəl alınmışdı.

- Fərəc bəy, siz həkimsiniz həm də. Çexov da həkim olub. Sevirsiniz onu?

- Təbii. Həkimlərin yazdıqları qəribə olur.

- Bizimkilərdən də var – həm həkim, həm yazıçı.

- Elədi. Məsələn, mən Paşa Qəlbinuru oxuyuram. Həkimlərin hadisələrə baxışı fərqli olur. Xəstəliyi müalicə etmək istəyi qabarıq görünür onların yazdıqlarında. Çexovun “6 nömrəli palata”sında da bu var. Həkimin içində sağaltmaq hissi həmişə olub.

- Rafiq Tağı da vardı, xatırlayarsınız yəqin...

- Mən açığı, ondan bir az narazıydım. Elçibəy haqqında yazılarına görə...

- Sonra xalqdan üzr istəmişdi...

- Bilirəm. Ancaq mənəviyyat adamlarına qarşı olanları görəndə məndə bağışlanmaz hislər oyanır.

- Və artıq onu oxumaq istəmirsiniz...

- Təbii... Bəlkə də bu mənim çatışmayan tərəfimdi. Ola bilər. Ancaq bu mənim xasiyyətimdir.

- Fərəc bəy, həbsdə də olmusunuz. Həbsxanada hansı kitabları oxuyurdunuz?

- Mən dünya klassiklərini orda oxudum. Detektiv oxumağı sevməzdim. Həbsdə oxudum.

- Çingiz Abdullayevi də?

- Bəli. Kitab tapa bilməyəndə oxuyurdum. Birinin təxəyyül məhsulunu oxumaq mənim xoşuma gəlmir.

- Çingiz müəllimin yazdıqları xoşunuza gəlmədi?

- Yox deyək. Vaxtımı keçirmək üçün oxuyurdum.

- Siz istəyirsiniz ki, hansısa faktın əsasında yazılmış əsər olsun?

- Mən ümumiyyətlə beynimi boş şeylərlə doldurmağı sevmirəm. Fakt və sənədli olan əsərlər diqqətimi çəkir. Tarixi romanlar. Atilla, Çingiz xan haqqında yazılmış əsərlər. Həbsdə əlimə keçənləri oxuyurdum. Üç il kamerada tək saxlandım. O zaman oxumaqdan daha çox yazmağa üstünlük verdim. Düşündüm ki, burdan sağ çıxa bilmərəm, heç olmasa elmi əsərlərim qalsın. Və məhbəsdə 5-ə qədər kitab yazdım.

- Bəs bədii nəsə yazdığınız olubmu? Şeir olsun, hekayə olsun...

- İlk dəfə sizə deyim ki, xeyli şeirlərim var. Amma onlara şeir demək olmaz, üzə çıxarılası deyil.

- Çap etmək fikriniz yoxdu yəni...

- Yox. Sumqayıtda feldşer işləyəndə oranın qəzetində bir az çap olundu. Sonra dayandırdım. Çap etməyi düşünmürəm o şeirləri. Hərənin öz işi var axı. İndi görürsən ki, hərə oturur öz köşəsində, bilmir oxuyan var, ya yox, tez-bazar nəfis tərtibatda kitablarını çıxarır, hətta Facebook statuslarını kitablaşdırır, imkanı olanlar gedib doktorluq müdafiə edir və s. Mən belə şeylərə bir az yaxşı baxmıram. Hesab edirəm ki, hər kəs öz bildiyi işin qulpundan yapışmalıdır. Amma təbii istisnalar var. Məsələn, Musa Urud. Həkimdi, deputatdı, həm də şairdi. O başqa. Amma mən durub Musa Urudluq eləyəsi deyiləm ki? (gülür) Yaxud Paşa Qəlbinur. Həkimdi, amma şeir də yaza bilir.

# 3614 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #