Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”MÜSAHİBƏ

<span style="color:red;">Fəzail Ağamalı : <b>“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”</b> – <span style="color:red;">MÜSAHİBƏ
22 yanvar 2018
# 09:00

Kulis.azın “İşdən kənar” layihəsinin budəfəki qonağı Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalıdır. Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır.

- Fəzail bəy, hazırda kitab oxuya bilirsiniz?

- Zaman var idi ki, mənim günümün xeyli hissəsi mütaliəyə gedirdi. 15 il bundan əvvəlin söhbətini deyirəm. İndi gözlərimdə problem yarandığından az mütaliə edirəm. Aşağı-yuxarı, iki-üç saat. Ya kitab oxuyuram, ya da gündəlik mətbuatı izləyirəm. Sadəcə olaraq mən kitab oxumağa daha çox üstünlük verirəm, daha çox zövq alıram. Nəinki internetdə oxuduğum yazılar.

- O yazılar çox vaxt yadda da qalmır...

- Mənə cəlbedici gəlmir. Tez yoruluram. Və siz dediyiniz kimi, yaddaşda bir o qədər qalmır. Amma kitabla mənim dostluğum çox möhkəmdir və bu dostluq özünü doğruldur.

- Bəs bu dostluq nə vaxt başlayıb?

- Orta məktəbdən. Xatırlayıram, 7-ci sinifdə kəndimizdə bir klub vardı, onun tərkibində kitabxana yerləşirdi. Deməzdim, çox zəngin kitabxanaydı. Kənd kitabxanasıydı, orda üç min, dörd min kitab olardı. Ola bilər rəqəmi dəqiq deyə bilməyəcəm, amma o kitabxanada yaşıma uyğun kitabların hamısını orta məktəb dövründə oxuyub bitirmişdim. İndiyə qədər yadımdadır, Drayzerin “Dahi” kitabını götürüb oxudum, amma bir şey başa düşə bilmədim.

- Niyə? Bazanız var idi axı...

- Görünür, o əsər mənlik deyildi. Ordubadinin “Dumanlı Təbriz”ini çox böyük məmnuniyyətlə oxudum. Ancaq “Qılınc və qələm”də çətinlik çəkdim. Nizami Gəncəvinin həyatından bəhs edən “Qılınc və qələm”. Mirzə İbrahimovun “Gələcək gün”ünü çox bəyəndim və yaddaşımda da qaldı. Orta məktəbdə oxuduğum bu kitablara sonradan tələbəlik illərində təkrar qayıtdım. Ondan sonrakı illər də o əsərləri təkrar oxumalı oldum. Və hər dəfə oxuduqca tamam başqa nəticələrə gəlib çıxırdım. Ümumiyyətlə, mənim kitaba münasibətim çox yaxşıdır. Bu günün özündə də səfərə çıxarkən özümlə kitab götürürəm. Təyyarədə oxumaq üçün. Gedib-gələnə qədər 300 səhifəlik kitabın yarısını oxuya bilirəm. Və yaxud oteldə. Vaxtım varsa, dincəlirəmsə, yalnız kitabla dincəlirəm.

- Bayaq sadaladığınız əsərlərdən hiss elədim ki, tarixi romanlara marağınız daha çoxdur. Belədir? Necə kitabları oxumağı sevirsiniz?

- Orta məktəbdə macəra xətli romanları oxumağı sevirdim. Məsələn, Jül Vernin “Möcüzələr adası”, “Kapitan Qrantın uşaqları”. Bax bu kitablar indinin özündə də yadımdadır. Yaşa dolduqca daha çox detektiv və tarixi əsərlərə üstünlük verməyə başladım. Hinduların həyatından bəhs edən Fenimor Kuperin “Ləpirçi” romanı yadımdadır. İki günə bitirmişdim o əsəri. Və yaxud Mayn Ridin “Başsız atlı”. Sonra Amerikadan bəhs edən kitablar. Məsələn, “Kerri bacı”.

- Yeri gəlmişkən, o da Drayzerindi...

- Bəli. Hüqonun “Səfillər” romanı yadımdadır. Bu əsər də mənə əvvəl çətin gəlmişdi, amma tələbəlikdə təzədən oxuyanda mənimsəyə bilmişəm. Yadıma düşür ki, “Dodaqdan qəlbə” romanını oxuyanda əsəbiləşmişdim.

- Nəyə əsəbiləşmişdiniz?

- O qədər əsərin içinə girmişdim ki... Romanın qəhrəmanı Lamiyənin acizliyi məni o qədər əsəbiləşdirmişdi, kitabı divara çırpmışdım.

- O kitabın taleyi nə oldu?

- Təzədən götürüb oxumuşdum. Eləcə də Rəşad Nuri Gültəkinin digər romanlarını. Məsələn, ən məşhur “Çalıquşu”. Dostoyevskini sevə-sevə oxumuşam. Onun “Cinayət və Cəza”, “İdiot” əsərlərini yüksək qiymətləndirirəm. Başqa əsərlərini də oxumuşam, ola bilsin, indi yadıma düşmür...

- Azərbaycan ədəbiyyatından kimlər var bu siyahıda?

- İlyas Əfəndiyevin əsərlərini çox böyük sevgiylə oxumuşam. “Sarıköynəklə Valehin nağılı”, “Üçatılan”, “Geriyə baxma, qoca”...

- ...”Söyüdlü arx”...

- Yox, “Söyüdlü arx”ı o qədər xoşuma gəlmədi, oxuya bilmədim. Mənim ən çox ruhumu oxşayan “Sarıköynəklə Valehin nağılı” olmuşdu. “Üçatılan”la “Geriyə baxma, qoca” da onun kimi. Bu əsərlər həm də tarixi-etnoqrafik baxımdan məni cəlb eləmişdi. Söhbət “Üçatılan”la “Geriyə baxma, qoca” əsərlərindən gedir.

Anarı məmnuniyyətlə oxumuşam. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Molla Nəsrədin – 66”. Esselərini çox bəyənirəm. Sonra İsa Hüseynov. Oxumuşam əsərlərini. Müasirlərdən Afaq Məsudun əsərləri mənim daha çox xoşuma gəlir. Gənclik vaxtlarımda oxumuşam və çox bəyənmişəm.

- Şeir necə? Oxuyursunuz?

- Təbii ki... Ən sevdiyim Bəxtiyar Vahabzadədir, Xəlil Rzadır, Vaqif Səmədoğludur, Məmməd Arazdır. Bunları sevə-sevə oxumuşam. Düzdü, şeir yaddaşımda o qədər qalmır, amma yenə də oxuyuram.

- Fəzail bəy, bir siyasətçi ədəbiyyat haqqında nə qədər bilikli olmalıdır?

- Mən düşünürəm ki, siyasətçi geniş dünyagörüşünə malik olmalıdır. Siyasətçi yalnız öz sahəsində olanlarla maraqlanmalı, yalnız o sahədə fikirlər bildirməli deyil. Belə halda onun düşüncələrində yarımçıqlıq ola bilər. Bütöv siyasətçi bütün sahələrində az-çox məlumatlı olmalıdır. Xüsusən də humanitar sahələrdə. Mənim düşüncəmə görə, insanın dünyagörüşünün formalaşmasında ədəbiyyatın müstəsna yeri və rolu var. Onun qədər dünyagörüşünün formalaşmasına ciddi təsir edəcək ikinci amil görmürəm. Bütöv şəxsiyyətin tərifini verəsi olsaq, o tərifdə hökmən həmin şəxsiyyətin ədəbiyyat bilikləri yer almalıdır. Ulu öndərin böyüklüyü nədə idi? Niyə ona siyasət nəhəngi deyirik? Çünki o bütün elmlərdən eyni dərəcədə bilgiyə malik idi. O kinodan danışanda mənə elə gəlir, kinoşünas ağ bayrağını qaldıra bilərdi. Musiqidən danışanda musiqişünas, ədəbiyyatdan danışanda ədəbiyyatçı. Böyük siyasətçi olmaq üçün bütün elmlərə yiyələnməlisən. Və bu da hər adama qismət olmur.

- Bəs ədəbiyyatçının siyasətlə məşğul olmağı necə? Lazımdırmı? Yəni o, ölkədəki siyasi və ictimai hadisələrin ortasında olmalıdır, yoxsa sadəcə oturub romanını yazmalıdır?

- Yazıçının heç şübhəsiz vətəndaş mövqeyi olmalıdır. Bu birmənalı belədir. Mən vətəndaş mövqeyi olmayan yazıçını yazıçı hesab etmirəm. Vətəndaş mövqeyi nədir? Vətəni sevmək, dövlətinə sədaqətlə qulluq göstərmək və vətənin vətən daşı kimi şərəfli adını daşımaq. Kim olursan ol, fərqi yoxdur, vətəndaşsansa bu keyfiyyətləri özündə daşımalısan. Nəzərə alsaq ki, yazıçılar ictimai fikrin, insanların dünyagörüşünün formalaşmasında ciddi rol oynayır, deməli, bunların vətəndaş mövqeyi daha fəal, daha aparıcı olmalıdır. “Ancaq roman yazım, romanlarımla bunu edim” düşüncəsinə gəldikcə. Bu da olmalıdır. Onun vətəndaşlıq mövqeyi həm də yazılarında öz əksini tapmalıdır. Yazıçı kosmopolit olmalı deyil.

- Niyə? Bu da bir ideologiya deyilmi? Düşünürsünüz ki, yazıçı milli olmalıdır?

- Çox milli... Fərqi yoxdur, Azərbaycan, rus, ingilis, amerikan və s. Ola bilsin ki, kosmopolitizmin öz tərəfdarları var. Bu da bir cərəyandır deyək. Bəzən buna bəşəri duyğular da deyirlər. Mən buna da normal yanaşıram. Ancaq o bəşəri duyğular milli duyğuları, milli maraqları tapdalamalı, onu zədələməli, alçaltmalı, təhqir etməli deyil. Millətini sevməyən heç zaman bəşəri ola bilməz. Bu mümkünsüzdür. Öz övladını sevməyən millətini sevə bilməz. Millətini sevməyən başqa millətə hörmət bəsləyə bilməz. Kim bunları qarşı çıxırsa o adamı qəbul etmirəm. Bu gün nəyə görə insanlar Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, Ramiz Rövşəni, Anarı sevirlər? Çünki onların əsərlərində vətəndaşlıq mövqeyi ana xətti təşkil edir. Mənim taleyim elə gətirib ki, 19 yaşımdan Azərbaycanın azadlığı və bütövlüyü düşüncəsinə sahib olmuşam, Universitet vaxtları “Gizli tələbə” dərnəyinin üzvü, fəallarından biri olmuşam. Sovet ittifaqı dağılana qədər də dövlət təhlükəsizlik komitəsinin tam nəzarətindəydim. Hətta o zaman mənə gələn məktublar belə oxunurdu. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, Məmməd Arazın şeirləri, Xəlil Rzanın şeirlərindəki hayqırtıları mənim bu düşüncəmi formalaşdırıb. Orta məktəbdə oxuyanda Cənubi Azərbaycanın olduğunu bilmişəm. Mən bunları tarix kitablarından oxuya bilmirdim, çünki o zaman belə şeylər yasaq edilmişdi. Bunları “Dumanlı Təbriz”, “Gələcək gün” kimi əsərlərdən oxuyub öyrənmişdim. Və mənim yaşımdakı adamların o vaxtı meydanlara çıxmağının səbəbi milli ruhda yazılmış şeirlər, əsərlər idi. Ona görə də vətəndaşlıq mövqeyi bir yazıçı üçün önəmli olmalıdır. Arzu edirəm ki, bunu heç bir yazıçı unutmasın. Təbii ki, məhəbbət də, sevgi də lazımdı. Onlardan da yazılmalıdır. Ya da təbiətlə bağlı. Ancaq bütün yazıçı-şairlərin əsərlərində ana xətt vətənpərvərlik, milli duyğular, millətdə milli təfəkkürün formalaşması əsas yer tutmalıdır.

- Fəzail bəy, şəxsən tanış olduğunuz yazıçılar, şairlər var yəqin ki...

- Əlbəttə, var. Rəhmətlik Bəxtiyar Vahabzadə ilə çox gözəl münasibətlərim olmuşdu. Xəlil Rzayla çox gözəl dost, Məmməd Arazla tanış idik. Ramiz Rövşən və Sabir Rüstəmxanlıyla demək olar, tələbə yoldaşı olmuşuq. Yəni aramızda kurs fərqləri olub. Universitetdə dəhlizlərdə rastlaşırdıq, üzə-üzə gəlirdik. Salam Sarvan dostumdu. Rüstəm Behrudi də eynən. Onların əsərlərini də sevə-sevə oxumuşam. Bizim tanışlığımız bir qayda olaraq belə keçib: onlar şeir oxuyublar, mən də dinləmişəm. Rəhmətlik Zəlimxan Yaqubla daha çox yaxınlığımız olub. Sabir Rüstəmxanlıyla Meydan hərəkatında, Milli Məclisdə bir yerdə olmuşuq. Rüstəm Behrudi də xalq hərəkatında iştirak edib, onunla da o dövrdən təmaslarımız kifayət qədər çox çəkib. Salam Sarvan isə hardasa 3-4 il Ana Vətən Partiyasında sədrin birinci müavini kimi işləyib. Bizim çox söhbətlərimiz olub. Onda daha çox siyasətdən danışırdıq, nəinki şeirdən. Anar müəllimlə təbii ki, məsafəli münasibətlərimiz var. Mənim ən çox məzəli, şirin söhbətlərimiz rəhmətlik Zəlimxan Yaqubla olub. İsveçin Stokholm şəhərinə dünya azərbaycanlıların konqresinə getmişdik. Heyətimiz kifayət qədər geniş idi. Alimlər, millət vəkilləri, müğənnilər, ədəbiyyat adamları və s. Hər axşam söhbətlər bitəndən sonra otelin qabağında hamı Zəlimxan Yaqubu gözləyərdi. Və Zəlimxan Yaqub gələrdi, səmimiyyət boğçasını açardı, atmacalar atardı, anekdotlar danışardı. Nə qədər vaxt keçdiyini bilmirdik, amma onun atmacalarının qarşılığında gülməkdən gözlərimizdən pırçım-pırçım yaş gəlirdi. Hədsiz şirin söhbətləri vardı. Milli Məclisdəki istirahət otağında da Zəlimxan Yaqubun duzlu, məzəli əhvalatlarını çox böyük məmnuniyyətlə xatırlayıram. Zəlimxan müəllim gələndə hər kəsin üzündə təbəssüm yaranardı. Bilirdik ki, öz duzlu-məzəli əhvalatları, xatirələri ilə hamının zövqünü oxşayacaq.

- O atmacalar deyirsiniz... Onlardan hansıları xatırlayırsınız?

- Elə atmacalardır ki, onları demək bir az çətindir. Heç kəsin eşitmədiyi orijinal atmacaları Zəlimxan Yaqub deyirdi. Və bu an yanımızdan bir xanım yaxud da yaşlı bir adam keçərdisə, dərhal Zəlimxan Yaqub sözü dəyişib Hüseyn Arifdən danışırdı.

- Bəxtiyar Vahabzadəni necə xatırlayırsınız?

- Ağsaqqalımız kimi. Atam yerində kişiydi. Şəkidə dincələndə bir neçə dəfə onun yanına getmişdim. O, bir məktəb idi. Ondan hər zaman öyrənmək olardı. Mən onunla görüşəndə 60 yaşım vardı, yenə də nəsə öyrənirdim. Görürdüm ki, bu insan tükənməyən xəzinədir. Çox dərin adam idi. Mən Bəxtiyar Vahabzadə ilə söhbətləşəndə yalnızca başımı razılıq ifadəsi kimi tərpədib “bəli, bəli” deyirdim. Onun yanında hər hansı fikir mübadiləsi aparmırdım. Mən sadəcə onun söhbətlərini eşitmək və ondan öyrənmək istəmişəm.

- Başqa öyrəndikləriniz də olub yəqin ki...

- Sizə bir şey deyim. Yadıma düşür ki, mən Naxçıvan Dövlət Pedaqoji Universitetində müəllim işləyəndə Xudu Məmmədov Naxçıvana gəlmişdi. Onunla görüşümüzü də xatırlayıram. O, ornamentlərin fəlsəfəsi haqqında danışırdı. Mən çox böyük təəccüblə ona qulaq asırdım və çox şeyi də anlaya bilmirdim. O danışıq məndə böyük heyrət doğurmuşdu. İkinci görüşümüz 1988-ci ilə təsadüf etdi. Xudu Məmmədov elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər.

- Kim əsəbiləşdirdi?

- Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi.

- Orda infarkt keçirdi?

- Elə orda. Allah rəhmət eləsin!

- Fəzail bəy, son vaxtlar klassiklərimiz müzakirə olunur. Zaman-zaman onları sərt tənqid də edirlər...

- Mən buna yaxşı baxmıram. İnsanlarda yaxşı tərəfləri görməyi əsas götürürəm. Səməd Vurğunu, Anarı, Xəlil Rzanı tənqid edənlərin hansının əsəri 5 oxucunu özünə cəlb eləyə bilib? Mən deyərdim ki, yox. Vaxtı ilə adlarını çəkmək istəmədiyim bəziləri Anarın üstünə hücuma keçəndə mən “Şərq” qəzetində çıxış elədim. Anarın və Mirşahinin üstünə gedən ərəfə. Mən onların ikisini də müdafiə elədim. Onlara söylədim ki, siz Anarın “Qoca padşahın nağılı” qədər...

- “Yaxşı padşahın nağılı”...

- Üzr istəyirəm. “Yaxşı padşahın nağılı”ı səviyyəsində bir şey ortaya qoya bilirsinizmi? Qoyun ortalığa, mən sizlə bərabər olacam. Yaxud da onun “Dantenin yubileyi” əsəri. İndi qadağa yox, istədiyin əsəri gedib nəşriyyatda çap edirsən, özünü oxutdura bilirsən. Bəs niyə ortaya bir əsər çıxara bilmirsiniz? Niyə oxucularınızın sayı barmaqla sayılacaq qədərdi?

- Bilirsiniz, bizdə hədsiz bütləşdirmə var.

- Yox, bütləşdirməyə qarşıyam. Əvvəla tənqid edən şəxsin ədəbi dünyagörüşü olmalıdır, biliyi olmalıdır. Yoxsa kiminsə siqaret çəkməsi, ov ovlamağı – bunlar gərəksiz şeylərdi.

- Söhbət ictimai xüsusiyyətlərdən gedir...

- Onu demək üçün də gərək həmin adamın mənəvi haqqı çata. Daha sonra savadı və biliyi çatmalıdır ki, hansısa şəxsiyyət haqqında fikir bildirə bilsin. Gündəmdə qalmaq üçün bunları etmək olmaz. Heç bir yazıçı Səməd Vurğunu, Xəlil Rzanı, Anarı tənqid etməklə tarixdə qalmayacaq. Ondansa hadisə yaradacaq əsər yazsın.

- Əsər yazılır axı, amma o cür hadisə yaratmır. Çünki cəmiyyət çox vaxt buna adekvat olmur. Oxucu sayı da azdır. Sizin adlarını çəkdiyiniz imzaları da bütün xalq tanıyır...

- Nəyə görə tanıyır?

- Təbii, əsərlərinə görə də tanıyırlar, digər məsələlərə görə də. Amma məsələ odur ki, bu imzalardan başqalarını qəbul etmirlər. Və sanki bu imzalar sədd kimi yeni yazarların qarşısındadır. Bəlkə onları tənqid etməklə özlərinə diqqət çəkmək istəyirlər? Bəlkə ondan sonra yazdıqları əsərlərdən xəbər tutulacaq?

- Elə şəxsiyyətlər var ki, onların üstünə getmək olmaz. Mən belə adamlara qarşı həmişə üsyan eləmişəm.

- Heç kimi müzakirə etmək olmaz?

- Müzakirə olar. Amma müzakirənin də səviyyəsi olmalıdır.

- Məsələn, bir şəxsiyyətin həqiqətlərinin üzə çıxarılması haqqında müzakirə keçirilsə razı olarsınız?

- Mümkündür. Amma burda bir məsələ var. İstənilən yaradıcı adamı müzakirə etmək olar. Bir onun əsərlərinə görə, bir də şəxsiyyətinə görə. Şəxsi keyfiyyətlərə toxunmağı isə mən o qədər də məqbul hesab etmirəm. Özü sağ deyilsə, onun şəxsiyyətinin üzə çıxarılması cəmiyyət üçün nə qədər önəmlidir? Bu mənim üçün sual altındadır.

- Bir şəxsiyyətin doğruları və səhvləri ilə bir yerdə təqdim olunmağını istəmirsiniz?

- Mən onun tərəfdarıyam. Ümumiyyətlə, şəxsiyyət təhlil olunarkən onun bütün tərəfləri təhlil olunmalıdır. Həm onun pozitiv tərəfləri, həm də neqativ tərəfləri. Mənə belə gəlir ki, millətinə böyük töhfələr vermiş şəxslərin neqativ tərəflərindən daha çox pozitiv tərəfləri önə çıxarılmalıdır. Çünki o, örnəkdir və nəsillər o örnəkdən yararlanmalıdır.

- Fəzail bəy, özünüz nəsə yazmısınız? Şeir ya hekayə...

- Yazmışam. Elə Azərbaycanlı tapılarmı ki, o 15 yaşdan 25 yaşa qədər olan dövrdə şeir yazmasın? Bu mənə də qismət oldu. Yadıma düşür ki, kəndimizdə bir sürücü şaxtaya düşmüşdü, əl barmaqları getmişdi. Bu məni o qədər təsirləndirmişdi ki, o haqda şeir yox, poema yazdım. Uzun bir şeir yəni. 12 dəftərli vərəqdə yazmışdım. Onda mən 8-ci sinifdə oxuyurdum. Tələbəlik illərində sevgi şeirləri, təbiət şeirləri yazmışam. Ən axırıncı şeirim Şəhriyarın “Heydər babaya salam” şeirinə nəzirə oldu. Çox yaxşı da şeir alınmışdı. Eyni stildə, eyni üslubda, ancaq öz düşüncələrimi ifadə edən şeir idi. Kəndimiz, kəndimizin adamları, dağlar, bulaqlar, çəmənliklər və s. Sonra tələbə ikən mənsur şeirlərim çap olunub. “Lenin tərbiyəsi uğrunda”, indi “Bakı Universiteti” adlanan qəzetdə mənim xeyli sayda mənsur şeirlərim çıxıb. Mən həm də bu qəzetdə ədəbi işçi kimi işləmişəm. İki kursdan başlamışam işə və 32 manat pul almışam. Publisist kimi qələmim var idi. O boyda ədəbiyyatçı, yazar ola-ola məni qəzetdə ədəbi işçi kimi götürdü. Universiteti bitirənə qədər orda işlədim.

- Leninə şeir yazmamışdınız?

- Lenindən dərs demişəm, amma ondan şeir yazmamışam. Aspiranturaya qəbul olandan sonra istədim-istəmədim başladım universitetdə Sovet İttifaqı Kommunist Partiyasından dərs deməyə. Kommunist Partiyasının tarixi də Marksla, Engelslə, Leninlə bağlıdır. Onların əsərlərini istəsəm də, istəməsəm də öyrənməyə başladım. Mən ruhumla, canımla Azərbaycanın bütövlüyünə bağlıydım. Amma cəmiyyətşünaslıq baxımından onların əsərlərinin əvəzi yox idi. Marksın, Engelsin, Leninin əsərləri bu baxımdan çox maraqlıydı və mən onları bədii əsər kimi oxuyurdum.

# 2917 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #