Oğlunun İngiltərədən göndərdiyi pulu itlərə xərcləyən azərbaycanlı qadın – REPORTAJ

<b>Oğlunun İngiltərədən göndərdiyi pulu itlərə xərcləyən azərbaycanlı qadın – <span style="color:red;">REPORTAJ </b>
12 iyun 2018
# 09:00

Kulis.az “Həyatın içindən” layihəsindən Ayxan Ayvazın reportajını təqdim edir.

- Kənddə bir itimiz var idi. O vaxtlar nənəm, babam sağ. Bibilərim də, əmim də bizdə qalırdı. Geniş ailəydik. Sonra yavaş-yavaş hamı o evdən uzaq düşdü. Bircə it qaldı. Və o it axıra qədər, ta ki ölənə kimi evi qorudu.

- Hə... İtlər elədi. Filmlər filan yalan çəkmir ki...

- Dəhşət sadiqdilər.

- Amma insanlar öldürürlər onları. Sənə bir şey deyim. İnsandan daha vəhşi heç nə yoxdur. Mən itləri, pişikləri sahiblənəndən sonra bunu daha dəqiq anladım.

Əllərimizdə ət dolu torbalar sahibsiz küçə itlərinin yanına gedirik. Tozlu-torpaqlı, zir-zibilli yerə gəlib çıxırıq. Qanlı göl deyirlər bura. Deyilənə görə, qətl hadisələri çox olduğundan buraya belə deyiblər.

İra xanımla yolboyu itlərdən danışırıq. Sahibsiz itlərə “analıq” eləyən İra xanım yanğıyla itlərin öldürülməsindən söhbət açır.

Əsl adı Hicrandı onun. Uşaq vaxtından İra deyiblər, elə indi də hamı onu belə çağırır. Pianino müəlliməsidir, hazırda işləmir amma. Təkcə itləri və pişikləri yemləməklə gününü keçirir.

- Pianinonu satmışam. – gülümsünür. – İtlərimə, pişiklərimə yem aparıram hər gün. Yəqin bir gün təzəsini alacam. Pulumun yarısını itlərin, pişiklərin yeminə verirəm. Halal xoşları olsun.

Oğulları xaricdədir, biri İngiltərədə, o biri Ukraynada. Analarına pul göndərirlər ordan. Dolanışığı pis deyil. Evdə 7 pişiyi var, bir də yoldaşı.

- Yoldaşınız narazılıq eləmir it-pişiyi evə gətirməyinizdən?

- Əvvəl bir az eləyirdi, indi uje öyrəşib. – təbəssüm qonur üzünə. – Mən o pişikləri zibil yeşiyindən tapmışam. Zibil yeşiyi e... Necə zalım adamlar var heç bilirsən? Bala idilər onda. Gətirib iynə vurdurdum, yudum, təmizlədim, 10 gün karantində saxladım, sonra da evə apardım.

Sahibsiz it, pişikləri insanların əlindən xilas edib İra xanım. Özü də dəfələrlə. Bəzən gücü çatmır. Uzaqdan-uzağa o ölümləri eşidir. Deyir, əvvəllər itləri güllələyirdilər, 2007-ci ildə bu qadağan olundu, indi isə işgəncəylə öldürürlər.

- Balaxanıda bir quyuya bala itləri atıb yandırıblar. Dəhşətdi e, dəhşət. Bunlar insan deyil.

Küçə itlərinə sahib çıxmaq qərarına da bu zülmləri dayandırmaq üçün eləyib. Əvvəl yaşadığı evin yaxınlığında, qarajlarda sahibsiz itlər dolaşarmış. İra xanım hər dəfə onlara yemək aparırmış. Bir belə, beş belə, axırda o qarajların sahibi donquldanmağa başlayıb: “Bir də bu itləri burda görməyim”. Qadın deyib ki, mən yemək gətirirəm, sənə nə var, niyə qoymursan onlar da yaşasınlar.

Sabahısı itlər yoxa çıxıb. Qadın özünü oda-közə vurub, ora baxıb, bura baxıb, itləri tapa bilməyib. Sonradan öyrənib ki, itləri həmən bu Qanlı göl ərazisinə tullayıblar. Rəfiqəsi ilə ora gedəndə dəhşətli bir mənzərə ilə qarşılaşıb. Yekə itləri öldürüb quyuya atıblar. Ağlaya-ağlaya axtarışları davam etdiriblər. Və balaları tapanda göz yaşlarını silə-silə gülümsəyiblər.

- O gündən harda sahibsiz it görürəm saxlamaq istəyirəm. Bu yer yaxşıdı. Dəyib toxunan olmur bunlara. Bir az qonşular narazılıq eləyir. Bir də uşaqlar... Oy... Uşaqlar daşlayır itləri. Deyirəm, sizə heç nə eləmirlər axı. Niyə daşlayırsız? Ana-ataları da onlara dəstək durur. Deyirlər ki, iti daşlamalıdır da. Uşaqdı, qorxur. Halbuki itlər heç vaxt insanlara boş yerə cummur.

Bu arada itlər üstümüzə yüyürməkdə... Mən bir az ürküb geri çəkildim. İra xanım gülümsədi: “Narahat olmayın, tutmazlar. Yaxşı itlərdi”.

İtlər pəncələrini qaldırıb daşıdığımız sumkanın üstünə qoyur, quyruqlarını bulayır, ətrafımızda dövrə vururdular. Torbaları açıb tökmək, itlərə paylamaq xeyli əziyyətli oldu.

- İmkan verin. Tələsməyin. – İra xanım onlara təpinirdi.

Ət parçalarını qabaqlarına atanda dala çəkildik, itlər elə cumdular, dedim, indi bizi də yeyəcəklər.

- Uşaqlıqdan qorxum var itlərdən...

- Onlar sizdən çəkinirlər. Hələ tanımırlar sizi.

Yemək üçün də mübarizə gedirdi. Fikir verdim ki, bir it yan-yörəsindəki itlərə mırıldanır, yaxın gəlməyə qoymur. Bir az keçəndən sonra itlər ağızlarına ət parçası alıb qırağa çəkildilər, bircə bu it öz yerində qaldı.

- Hər yerin öz lotusu olduğu kimi bu da buranın lotusudur. – Ora xanım izah etdi. – Həmişə belə eləyir. Qoymur kimsə yaxın gəlsin.

Bir-iki it cürətlənib təzədən ətlərə cummaq istəyəndə “lotu” dişlərini qıcadı, hələ birinin üstünə tullanıb boynundan dişlədi. İt zarıya-zarıya geri çəkildi.

Hamı özünə bir parça ət tapmışdı. Bircə itdən savayı.

- Oy... O ən qorxağıdır. Ona görə bir dəri, bir sümük qalıb.

İt zibillikdən yaranmış təpənin üstündə məsumca ət yeyənlərə baxırdı.

- Bəzən deyirlər ki, çiy ət yeyəndə itlər qudurur. Gedib adamlara cumurlar. Yalan söhbətdi. İt bişmiş ət yeməyəcək ki?

Qorxaq it hələ də boynunu bükmüşdü. İra xanım bunu görüb onun yanına getdi, əlindəki ət parçasını ona uzatdı. İt isə əti qoyub daha da uzaqlaşdı.

- Utanır yəqin... – gülümsədi. – İndi gəlib yeyər.

İra xanım bütün itlərin xasiyyətini bilirdi, hansı diribaşdı, hansı qorxaqdı, hansı güclüdür, hansı zəifdir. Bəzilərinə də ad qoymuşdu. Qarabaş dediyi onun yanından ayrılmırdı.

- Adı Sarıdır. – iti bizə təqdim etdi.

- Şad oldum!

Gülümsədi İra xanım. İt də qabaq pəncələrini qaldırıb təşəkkür etdi.

- Qarabala hanı?

İra xanım ora-bura baxanda fikir verdim ki, itlər də yeməyə ara verib göz gəzdirməyə başladılar.

- Bıyy! – İra xanım güldü. – Yanımdaymış.

Qarabala da bizə “xoş gəldin” baxışı elədi, təzədən yeməyə girişdi...

- Biri öldü keçən dəfə. Aparıb basdırdım. – İra xanım danışırdı. – Xəstələnəndə özüm müalicə edirəm bunları. Öyrəşmişəm artıq.

“İtimiz də öldü, yoxdu xəbərin” – öz-özümə pıçıldadım.

- Bura gəl görüm. – itin birinin başından tutdu. – Gənəsi var. Qoy qopardım, gözəlim. Dayan. Ay sağ ol!

İt həkimin qulluğunda müntəzir dayandı. Gənədən xilas olandan sonra da quyruğunu yaylıq tək sallayıb dostlarının yanına qayıtdı.

- Əməlli-başlı qonaqlıq verdiniz itlərə.

- Hər gün bu yolu gəlirəm. Evim bir az uzaqdadı. Təkcə bura yox, Papanin, Keşlə. Xeyli küçə itim var. Doqquzuna sahib tapmışam. Bizdə “İdea” adlı qurum var, sahibsiz itlərə qayğı mərkəzidir. Orda itləri qısırladırlar. Mən neçə iti qısırlatmışam.

- Sizə kömək edən insanlar olur?

- Az. Çox az.

Qəbiristanlıq yolla gəlmişdik, təzədən o yolla qayıdırıq. Arxamızca bir it gəlir. Qarabaş.

- Bu məni çox sevir. – İra xanım deyir. – Həmişə düz yola qədər ötürür məni. Qorxuram bir gün maşının altında qalacaq.

- Sizə ana kimi baxır...

- Qarabaş, ehtiyac yoxdu. Çox sağ ol! Qayıt!

Qarabaş dayanıb fikrə gedir, qayıtsın, ya qayıtmasın.

Biz də təkrar edirik:

- Biz ötürərik! Sən qayıt!

Qarabaşın təbəssümünü görürəm sanki. Geri qayıdır. Torpağın üstündə onun balaca ayaq izləri qalır...

Boz pişik bizi gözləyir. Balaca bağ kimi yerdir. Blokun ayağında. Ağ pişik gözə dəyir. Ardınca digər pişiklər...

- Sarı pişiklərim də olmalıdır. Hara gediblər görəsən?

- Yəqin siçan tutmağa. – Guya zarafat etmək istədim.

İra xanım dünən bura qoyduğu qabı axtarmağa başlayır.

- Bizim bir pişik vardı, İra xanım. Deməli, bibim ona Aslan deyirdi.

- Aha...

- Bir gün dedim ki, ay bibi, buna Aslan demə. Qayıtdı ki, niyə. Dedim, pişiyin psixologiyasını pozacaqsan.

Qəhqəhə çəkdi İra xanım, əlində də yemək qabı.

- Tapdım nəhayət! – deyib pişiklərin yemini ora boşaltdı.

Pişiklər itlərə baxanda yaxşıdılar. Dalaşıb eləmirlər.

- Buranın lotusu yoxdu deyəsən.

- Yox. Bunlar ağıllıdırlar.

Pişikləri çox sevən bir qadın. Elə itləri də. Heyvanların dünyasına girib xoşbəxt olmağı seçir. Onların dilində danışır, onlar kimi olur.

- Bu balaları öldürənlər var. Yazıqdılar axı. Niyə başa düşmür insanlar? Axı Vətən, torpaq anlayışı tək insanlar üçün deyil. Heyvanlar da burda doğulub. Onların da yaşamaq haqqı var. Onlar da bizim dünyanın vətəndaşlarıdır.

Onun bizə dediyi sonuncu sözlərdi. Sağollaşıb ordan ayrılırıq. Onu pişikləri ilə baş-başa qoyuruq. Hələ İra xanımın işi çoxdu, başqa ac-susuz itlərin, pişiklərin yanına getməli, onların qarnını doyurmalı, insanların vəhşiliklərindən xilas etməlidir.

- İra xanım! – geri qayıdıram.

- Bəli!

- İtlərə, pişiklərə deyin ki, bizi bağışlasınlar.

Üzündə kədərə qarışmış təbəssüm razılıqla başını tərpədir.

# 2267 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #