Saçımı yoldu, üstümə qışqırdı, şillə vurdu... – Qadın yazarlardan "bullinq" xatirələri

Saçımı yoldu, üstümə qışqırdı, şillə vurdu... – <span style="color:red;">Qadın yazarlardan "bullinq" xatirələri
3 may 2019
# 15:33

Biz hamımız həyatımızın bir məqamında az ya çox dərəcədə bullinqlə qarşılaşırıq.

Bullinq qrupun bir adamı qaralamasıdır. Birini qaralayır, onun nəyinisə bəyənmir, aşağılayır və ya təhqir edirlər. Bullinqə daha çox seçilənlər məruz qalır. Bu baxımdan yaradıcı tiplərin bullinqə məruz qalması daha çox ağlabatandır.

Kulis.az tanınmış azərbaycanlı yazarlardan bullinqlə bağlı yaşadıqları əhvalatları təqdim edir.

Aygün Aslanlı:

- Mən, əksinə, məktəbdə kompleksli, çəkingən uşaq olmuşam. Bir də bizim sinif mehriban idi. Oğlanlar arasında bəlkə olub, qızların arasında yadıma gəlmir. Ləqəbim vardı, “sinifkom” mənə Pota deyirdi. Amma yaxın rəfiqəm idi deyə incimirdim. Bir-birimizi çox istədiyimizə görə heç ağlıma gətirmirdim ki, təhqir niyyətiylə deyə bilər. Hərçənd bilmirəm, o vaxtkı hisslərim tam yadımda qalmayıb. Amma inciklik filan olsaydı, yadımda qalardı deyə düşünürəm.

Rəbiqə Nazimqızı:

- Birinci sinfə beş yaşından getmişəm, yeddi yaşımda evimizi dəyişdik, başqa məktəbə gedəsi oldum. “Təzə gələn”... Bu sözü heç sevməzdim o zaman. Hamıdan balaca idim, səliqəsizdim, sürət hissim yox idi. Əvvəlki ibtidai sinif müəlliməm astagəl idi, şifahi sorğu-sualda dərhal cavab verə bilsəm də, yeni məktəbin sürətli yazı tempinə uyğunlaşa bilmirdim. Və... indi xatırlamaq çətindir, çünki xarakterim belədir ki, bütün xoşagəlməz xatirələri yaddaşımdan silməyə çalışıram, emosional qat itdikcə hadisələrin də rəngi solur, vizual yaddaş köməyinə çatmır, faktları dəqiqliklə xatırlaya bilmirsən. Amma yaddaşı tamamən silmək olmur. Dumanlı da olsa, xatırlayırsan, qızlar saçlarını yolur, ayağını tapdalayır, qışqırır və sən heç cür anlaya bilmirsən ki, niyə bu balaca uşaqların qəzəbinə gəlmisən. Bəlkə də, onda bilirdin, amma indi qəti yadında deyil, səni vuran uşaqların adlarını xatırlamırsan, hərçənd, bütün sinif yoldaşlarının ad və soyadlarını indi – üstündən 30 ildən çox vaxt keçdiyi vaxtda da əzbərdən deyə bilərsən...

Heç vəziyyətin necə dəyişdiyini də xatırlamıram, tədricən yeni müəllimə məndə də çevik yazı reaksiyası yaratmağa nail oldu, kollektivin bir üzvünə çevrildim. Düşünürəm ki, məktəbdə belə hallarda müəllimlərin müdaxiləsi mütləqdir.

Düşünürəm, bəxtim daha çox müəllimlərimlə gətirib. Ümumiyyətlə, uşaqlıqdan güclü olmağa öyrənməyə çalışmışam. Alınıb. Gözlərimdəki qüsur uzun illər məni narahat edəndə, yaxın-uzaq adamlardan “çəpgöz” söhbətini eşidəndə elə bilirdim “dovşan” sözünü işlədən hər adam mənə istehza eləmək istəyir. Ağır idi. Amma bunu da adlatdım. Başqa bir problemim də vardı. Çiyinlərimi əyirdim, qamətimi dik tutub yeriyə bilmirdim. Bu vərdişimi yalnız iyirmi altı-iyirmi yeddi yaşında tərgitdim, iş yoldaşlarımdan biri yerişimi parodiya eləyəndə. Çox ağrımışdım. Amma özümü sındırmamışdım, evdə də, çöldə də düz yeriməyi məşq eləməyə başlamışdım...

Bir dəfə də iş yerlərimdən birində məni təkləmək istədilər. Rəsmi idarə idi. Açığı, tapşırıqla işə götürülmüşdüm. İş az, qeybət çox. Qızlar geyimdən, qadınlar qayınanalarından danışırdılar, mənə maraqsız bir mühit idi. Hər gün dua eləyirdim ki, iş bağlansın, mən də qohum-əqrəbanın yanında üzüqara olmayım, çünki orada çox qala bilməyəcəkdim. Hiss eləyirdim ki, qızlar məni sevmirlər, onlara qaynayıb-qarışmamağımdan qıcıqlanırlar. Bir gün açıq-açığına qəzəbli bir istehzayla soruşdular: “Sənin dostun-yoldaşın var? Sən söhbət eləməyi bacarırsan”... O vaxt kifayət qədər böyümüşdüm. Gülümsədim. Az sonra idarə həqiqətən bağlandı...

“Bullinq” təkcə məktəbdə, universitetdə, məhlədə yox, ailədə də olur. Həmişə olub, istəsək də, istəməsək də, həmişə olacaq. Bəzən bu, kiminçünsə bir ömür boyu davam edir, bəzən də kiminsə ömrünü yarıda kəsir. Amma üçüncü yol da var. Mübarizə. Sənə dava açanlara qarşı mübarizə. Daha güclü olmaq üçün mücadilə. Ən doğrusu da budur...

Sevinc Elsevər:

- İbtidai sinifdə oxuduğumuzda bizimlə oxuyan bir oğlan bullinqə məruz qalırdı. Əlləri yara tökmüşdü onun, hətta deyəsən sağalmışdı da. Amma "keçicidi" deyib uşaqların heç biri onunla oynamırdı. Onun əşyalarına belə toxunmurdular. Müəllim özü də buna şərait yaradırdı. Müəllim belə o uşağa toxunmurdu, iyrənirdi. Və uşaqların o oğlana münasibətini müəllimimiz də bilirdi, heç bir şəkildə mane olmurdu. Onu ən arxa sırada otuzdururdular. Biz qızlar sinfi yığışdıranda onun partasına əl dəymirdik. İndi məni ağrıdan odur ki, mən də o uşaqdan kənar gəzirdim. Elə bilirdim ki, mənim də əllərim yara tökəcək. Uzun illər keçəndən sonra başa düşürəm ki, oğlan nələr çəkibmiş. Ona xüsusi bir ad vermişdilər. Sinfin oğlanları qızları qorxutmaq məqsədilə o uşağı qızların üstünə itələyirdilər. Qızlar qorxur, qışqırır, qaçırdı.

Özüm bulinqə məruz qalmışammı? Ümumiyyətlə, məktəb illərindən çox azad uşaq olmuşam. Rayonda oxuduğum məktəbdə, hələ 5-ci sinifdə oxuyurdum, oğlanlar idman aləti vardı ona dırmaşdı. Mən də ətəkdə idim, onlarla birgə dırmaşdım. İdman müəllimi kişi idi. Gəldi mənə dedi ki, ayıb olsun sənə, sən qızsan, utanmırsan, hər yerin çöldə qalıb. Mən başa düşmürdüm nə baş verir? Bu adam nədən danışır? Sonra qızlar başladı mənə gülüb ələ salmağa…

Daha çox oğlanlarla oynayırdım bundan sonra. Qızlar mənə görə başqa idilər.

Onlar kimi deyildim. Onlar kimi olmaq mənimçün çətin idi. Daima yubkasının ətəyini güdən biri olmaqdan nifrət edirdim. Cəmi bir rəfiqəm vardı, o da mənim kimi. Nə bilim, buna bullinq demək olarsa… Mən özüm qaçırdım uşaqlardan. Xoş deyildi mənə onlarla, maraqsız idi. Rahat olmağı sevirdim. Amma bütün hallarda məni əlaçı olmağım xilas edirdi. Amma harda oxuyuram oxuyum qızlarla aram olmayıb. Həmişə onlardan aralı gəzmişəm. İndi də rəfiqəm azdı.

Uşaqlarımın oxuduğu siniflərdəki valideynlərlə də beləyəm. Məsafəli, uzaq, yad… Onlar toplaşırlar məktəbin həyətinə. Mən gəlib dayanıram kənarda. Hərdən dışlanmış kimi hiss etdiyim olur. Amma özüm-özümü dışlamışam həm də. Qılaflı adama çevrilirəm.

Əvvəl onlar başladılar, indi özüm eləyəm…

Ramilə Qurbanlı:

- Bir ucqar dağ kəndində təyinatla dərs deyirdim. Payızda palçıq dizə çıxırdı. Hamı qaloş, rezin potu geyinirdi, müəllimələr də həmçinin. Mən də o vaxt dəbdə olan qara laklı tufli geyinirəm, taxta döşəməli məktəb dəhlizində yalnız mənim tuflilərimin tıqqıltısı gəldiyindən çox diqqət çəkmişəm sən demə. Birdən-birə məktəbin müəllimələri üstümə az qala hücum çəkdilər ki, sən də qaloş geyin, dabanların səsi dərs prosesinə mane olur. Təbii ki, geyinmədim, çox keçmədi onlar məktəbin darvazası ağzında qaloşlarını çıxardıb salafan torbada gətirdikləri ayaqqabılarını geyinib məktəbə gəldilər….

Sahilə İbrahimova:

- 6-ci sinifdə oxuyanda paralel sinifdən bir qızın mənim sinif yoldaşımdan xoşu gəlirdi. Oğlanın da məni bəyəndiyini ehtimal edirdilər. Bir dəfə qızın 10-cu sinifdə oxuyan bacısı tualetdə mənə sillə vurdu, özümü yaxşı aparmalı olduğumu dedi. Qız çox hündür, canlı qız idi. Mən də ayaq üstdə olurdum. Çox qorxdum, o qızı görəndə həmişə yolumu dəyişirdim. Bu hadisəni evdə demədim, qorxsam da, utanc hissi daha güclü idi. Heç nədə günahkar olmasam da, özümü günahkar və əzilmiş hiss edirdim. Bunun bullinq olduğunu sonralar anladım, düşündüm ki, kaş özümdə cəsarət tapıb o vaxt o qızdan şiikayət edərdim.

Səhər Əhməd:

- Birinci sinifdə oxuyurdum, atam mənə parabizən şəkilli sancaqlar almışdı. Parabizən ən xoşladığım böcəkdi, özü də bu hədiyyələri mənə dünyada ən çox sevdiyim adam, dünyada ən çox arzuladığım şəhərdən - Bakıdan gətirmişdi.

Bir dəfə onları partanın üstünə qoyub, tənəffüsə çıxmışdım, qayıdanda sancaqlar yerində yoxdu. Parta yoldaşımdan nəsə soruşmaq ağlıma da gəlmədi. Pərvanə rəfiqəmdi. Müəllimimizin qızıydı, mənimçün doğruluq simvolu olan insanın. Dərslərini yaxşı oxuyurdu, o vaxt mənə elə gəlirdi ki, əlaçı şagird heç vaxt “pis adam” olmaz.

Üç gün sonra “parabizənlərimi” rəfiqəmin saçlarında görəndə düşdüyüm vəziyyəti özünüz təsəvvür edin. İnadla açıqlama istəyirdim ondan, özünü təmizə çıxarmaq üçün nəsə deməsini gözləyirdim. Amansızlıq etdiyimin fərqində deyildim. Yəqin razılaşarsız ki, haqsızlığa uğramış yeddi yaşlı uşaqdan alicənablıq gözləmək mənasızdı. O ancaq qaydanı pozan kəsin cəzalandırılmasını istəyir. “Günahkar” ən yaxın dostu olsa belə.

Rəfiqəm vecsiz şəkildə susurdu, mən hirsimdən ağlayırdım, uşaqlar nədənsə hırıldaşırdılar. Hönkürməyim onlara gülməli gəlirdi. Məni ələ salırdılar. “Beş qəpiklik” sancaq üçün göz yaşı axıtdığımı deyirdilər.

Çox sonralar öyrənəcəkdim ki, haqsızların bəhanəsi həmişə hazır olur. Onda isə çaşıb qalmışdım. Bilmirdim, sinif yoldaşlarım niyə belə eləyirlər. Pərvanənin atasından- hirslənəndə adamıı çox pis döyən müəllimdənmi qorxurlar, yoxsa, həqiqətən, sancaqdan ötrü ağladığımı düşünürdülər?

Suallarıma evdə cavab tapacağıma ümid edirdim, valideynlərim mütləq mənim bilmədiyim nəyisə bilməlidiydilər. Öz müəllimimə yenidən inanmağım, sinif yoldaşlarımı yenidən sevməyim lazımdı. Bunun bir yolu olmalıydı.

Əslində, rəfiqəmi bağışlamağa hazırdım. Öz mələk üzlü şeytanımı çox sevirdim. Məni yandırıb tökən o biri uşaqlardı. Lap düzünü desəm, mənim həqiqətimi ələ salan o on doqquz nəfərin on doqquzundan da zəhləm gedirdi. Hardan biləydim ki, o on doqquz nəfər ilk dəfə qarşıma çıxmış cəmiyyətdi. Haqqı daş-qalaq etməyə hazır dayanmış cəmiyyət.

Evdəkilər insafsız qərar çıxardılar; özümə yeni rəfiqə seçməyi məsləhət gördülər, məni başqa sinfə keşirdilər və təzə sancaqlar aldılar.

O biri sinifdə başıma gələn heç nəyi evdə danışmadım. Bu, mənim meydandan qaçdığım ilk və son hadisə oldu. Bundan sonra bir daha haqsızlıq qarşısında ağlamadım. Dost seçimində yanılmadım. Bir də heç vaxt qarət olunduğumun fərqində olmadım. Sözümdən kəsib götürən də oldu, ömrümdən alıb aparan da. Amma bir də heç kimdən açıqlama tələb etmədim.

Sonralar “Müqəvva” filminə baxanda həmin səhnəni xatırlayırdım. Sən demə, bütün dünyada həqiqət çəlimsiz bir qız uşağına bənzəyirmiş. Ətraf isə onu incitmək istəyən sırtıq və qaba oğlanlarla doluymuş. Hamının sataşdığı bu “qızcığazı” qorumaq istəyən adamlar lap azmış. Bəzən on doqquza qarşı-sıfır, bəzən yüzə qarşı-bir.

O uşaqlara öyrədən olmamışdı ki, həqiqəti tapdamaq günahdı. Lap balaca, qırıntı, “beş qəpiklik” olsa belə onu tapdamaq olmaz. Çünki uşaqlar böyüdükcə tapdayacaqları həqiqət də böyüyür.

# 3118 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
#
#
# # #