Mən onların səsini ucaltmaq üçün burdayam... - Məlalənin Nobel nitqi

Mən onların səsini ucaltmaq üçün burdayam... - <span style="color:red;">Məlalənin Nobel nitqi
17 aprel 2017
# 13:20

Kulis.az 2014-cü il Nobel Sülh mükafatı laureatı Məlalə Yusəfzayın Nobel nitqini təqdim edir.

Rəhman və Rəhim olan Allahın adı ilə.

Zatı-aliləri, Norveç Nobel Komitəsinin hörmətli üzvləri!

Əziz bacı və qardaşlarım, bu gün mənim üçün ən xoşbəxt gündür. Məni bu dəyərli mükafata layiq gördüyü üçün Nobel Komitəsinə çox minnətdaram.

Daimi dəstək və sevgisinə görə hər kəsə təşəkkürümü bildirirəm. Hələ də dünyanın hər yerindən qəbul etdiyim məktub və açıqcalara görə təşəkkür edirəm. Sizin səmimi və cəsarətləndirici sözləriniz məni daha da gücləndirir və ruhlandırır.

İstərdim ki, valideynlərimə qeyd-şərtsiz sevgilərinə görə təşəkkür edim. Atama qanadlarımı qırmadığı və uçmağa izn verdiyinə görə təşəkkür edirəm. Anama məni səbirli olmaq və bizim səmimi-qəlbdən inandığımız islamın əsl amalı – hər zaman həqiqəti söyləmək yönündə ruhlandırdığı üçün minnətdaram. Həmçinin özümə inanmağa və cəsarətli olmağa həvəsləndirən bütün dəyərli müəllimlərimə təşəkkürümü bildirirəm.

Mən fəxr edirəm, əslində bu mükafatı qəbul edən ilk puştun (Əfqanıstanda və şimal-qərbi Pakistanda məskunlaşan, puştu dilində danışan xalq), ilk pakistanlı və ən gənc insan olduğum üçün qürur duyuram. Bununla bərabər tam əminəm ki, hələ də kiçik qardaşları ilə dalaşan, Nobel Sülh Mükafatını qazanan birinci şəxsəm.

Mən uzun müddət, əslində mənim yaşımdan iki qat daha çox müddət ərzində uşaqların hüquqlarının müdafiəçisi olan Kaylaş Satyarti ilə birlikdə bu mükafatı aldığıma görə şərəf duyuram. Fəxr edirəm, biz birlikdə çalışa bilərik, biz dünyaya göstərə bilərik ki, bir hindistanlı və bir pakistanlı birlikdə çalışa və uşaqların hüquqlarının müdafiəsi uğrunda öz məqsədlərinə nail ola bilərlər.

Əziz bacı və qardaşlar, adım puştunluların Janna Darkı hesab olunan Maivanlı Məlalənin şərəfinə qoyulmuşdur. Məlali sözü “kədərli”, “qəmli” deməkdir, ancaq babam buna bir az xoşbəxtlik qatmaq üçün həmişə məni Məlalə – dünyanın ən xoşbəxt qızı deyə çağırardı və bu gün mən xoşbəxtəm ki, biz vacib bir məsələ ilə bağlı birlikdə mübarizə aparırıq.

Bu mükafat təkcə mənim üçün deyil. Bu, təhsil almaq istəyən həmin unudulmuş uşaqlar üçündür. Bu, sülh istəyən qorxmuş uşaqlar üçündür. Bu, dəyişiklik istəyən səssiz uşaqlar üçündür.

Mən onların hüquqlarını müdafiə etmək, onların səslərini ucaltmaq üçün burada dayanmışam... İndi onlara can yandırmaq vaxtı deyil. İndi tədbir görmək zamanıdır. Beləliklə bu son olsun ki, biz uşaqların təhsildən məhrum olduğunu görürük.

Müəyyən etdim ki, insanlar məni müxtəlif cür təsvir edir.

Bəziləri məni Taliban tərəfindən güllələnən, digərləri isə öz hüquqları uğrunda mübarizə aparan qız adlandırır.

Bəziləri məni Nobel mükafatı laureatı deyə çağırır.

Bununla belə qardaşlarım hələ də mənə zəhlətökən rəhbər bacı deyirlər. Bildiyim qədərilə mən hər bir uşağın keyfiyyətli təhsil alması, qadınların bərabər hüquqa sahib olmasını və dünyanın hər küncündə sülhün mövcudluğunu görmək istəyən inadkar və qərarlı biriyəm.

Təhsil həyat nemətlərindən – onun zərurətlərindən biridir. Bu mənim 17 illik həyat təcrübəm olmuşdur. Hər zaman cənnət məkanım Svatda yeni şeylər öyrənməyi və kəşf etməyi sevmişəm. Dostlarımla xüsusi mərasimlərdə əllərimizi xınayla bəzədiyimizi xatırlayıram. Əllərimizə gül və naxışlar əvəzinə riyazi formula və tənliklər çəkərdik.

Biz təhsilə susamışdıq, çünki gələcəyimiz tam orada - o sinifdə idi. Biz birlikdə oturar, öyrənər və oxuyardıq. Təmiz və səliqəli məktəb formaları geyinməyi sevir və gözlərimizdəki böyük ümidlərlə orada oturardıq. Biz istəyirdik ki, valideynlərimiz bizimlə fəxr etsin və təhsildə uğura, bəzi insanların yalnız oğlanların bacara biləcəyini düşündüyü həmin məqsədlərə nail ola bildiyimizi sübut edək.

Lakin hər şey eyni qalmır. Turizm məkanı və dilbər guşə Svatda olduğum zaman bura qəfildən terrorizm məkanına çevrildi. Dörd yüzdən artıq məktəb dağıdılan zaman mənim hələ 10 yaşım var idi. Qadınlara işgəncə verilir, insanlar öldürülürdü. Bizim gözəl xəyallarımız kabuslara çevrildi.

Təhsil haqqı hüquq olmaqdan daha çox cinayətə çevrildi.

Qızların məktəbə getməsinə qadağa qoyuldu.

Mənim dünyam qəfildən dəyişəndə prioritetlərim də dəyişdi.

İki seçimim var idi – biri sakit qalmaq və öldürülməyi gözləmək, digəri isə səsini ucaltmaq və daha sonra öldürülmək.

Mən ikincini seçdim: Səsimi ucaltmağa qərar verdim.

Biz sadəcə dayanıb hüquqlarımızı inkar edən, insanları amansızca öldürən və İslam adından sui-istifadə edən terroristlərin ədalətsizliyini izləyə bilməzdik. Biz səsimizi ucaltmağı və onlara bunu deməyi qərara aldıq: Öyrənmədinizmi, müqəddəs Quranda Allah deyir: “Əgər bir insanı öldürsən, bütün bəşəriyyəti öldürmüş olursan.“

Bilmirsinizmi, Həzrəti Məhəmməd (s.a.s) deyir: “Özünüzə və ya başqalarına zərər vurmayın.”

Bəs bilmirsinizmi, Quranın ilk sözü “İqra” oxumaq deməkdir?

Terroristlər bizi dayandırmağa çalışdılar, mənə və bu gün burada olan dostlarıma 2012-ci ildə məktəb avtobusunda olarkən hücum etdilər, lakin onların nə ideyaları, nə də güllələri qələbə qazana bildi.

Biz sağ qaldıq və o gündən etibarən bizim səsimiz daha da, daha da ucaldı.

Mən öz hekayəmi bənzərsiz olduğu üçün yox, əksinə bənzərsiz olmadığına görə danışıram.

Bu bir çox qızların hekayəsidir.

Bu gün mən həm də onların hekayəsini danışıram. Özümlə bərabər buraya Pakistandan, Nigeriyadan və Suriyadan bu hekayəni bölüşən bacılarımı gətirmişəm. Bizim məktəb avtobusumuzda həmin gün güllələnən mərd bacılarım Şazia və Kainat. Ancaq onlar öyrənməyi dayandırmadılar. Hətta qardaşı belə öldürülən, zorakılıq və istismara məruz qalan mərd bacım Kainat Sumru, ancaq o təslim olmadı.

Həmçinin Məlalə Fondunun kampaniyası müddətində tanıdığım bacılarım da buradadır. Hazırda İordaniyada qaçqın kimi yaşayan, qız və oğlanları öyrənməyə cəsarətləndirərək düşərgədən-düşərgəyə gəzən suriyalı 16 yaşlı cəsur bacım Mezon. Məktəbə getmək istədikləri üçün qızları hədələyən, qadağa qoyan, hətta oğurlayan Boko Haram ərazisindən - Nigeriyanın şimalından olan bacım Əminə.

Əgər dabanlı ayaqqabılarımı da nəzərə alsanız, sadəcə 157 sm boyu olan bir qız olsam da (belə çıxır ki 1 metr hündürlüyündəyəm) mənim səsim tək deyil. Məndən çoxdur.

Mən Məlaləyəm, ancaq həm də Şaziyayam.

Mən Kainatam, Kainat Sumruyam.

Mən Mezonam.

Mən Əminəyəm.

Mən təhsildən məhrum edilmiş 66 milyon qızam.

Bu gün mən öz səsimi ucaltmıram, bu 66 milyon qızın səsidir.

Bəzən insanlar məndən soruşurlar ki, niyə qızlar məktəbə getməlidir, niyə bu onlar üçün önəmlidir? Lakin mən düşünürəm ki, daha önəmli sual budur: nə üçün onlar getməməlidirlər, niyə onların məktəbə getmək hüququ olmamalıdır?

Əziz bacı və qardaşlarım, bu gün biz dünya ölkələrinin yarısının sürətlə inkişaf etdiyini və çiçəkləndiyini görürük. Bununla belə, hələ də milyonlarla insanın müharibə, yoxsulluq və ədalətsizlik kimi ənənəvi problemlərdən əziyyət çəkdiyi ölkələr vardır.

Hələ də günahsız insanların həyatını itirməsi və uşaqların yetim qalmasına səbəb olan münaqişələri müşahidə edirik. Suriya, Qəza və İraqda çoxlu insanların qaçqına çevrildiyinin şahidi oluruq. Əfqanıstanda bomba partlayışları və sui-qəsd nəticəsində öldürülən ailələri görürük.

Afrikada bir çox uşaq yoxsulluq səbəbindən təhsil ala bilmir. Dediyim kimi, Nigeriyanın şimalında hələ də məktəbə getmək azadlığı olmayan qızlar görürük.

Kaylaş Satiyartinin də qeyd etdiyi kimi, bir çox ölkələrdə, xüsusilə Pakistan və Hindistanda uşaqlar ictimai qadağalar səbəbindən təhsil almaq hüququndan məhrum edilirlər və ya onlar uşaq yaşında evlənməyə, yaxud işləməyə məcbur edilirlər.

Mənimlə yaşıd, hər zaman cəsur və qətiyyətli olan, ən yaxşı məktəb dostlarımdan biri həkim olmağı arzulayırdı. Lakin onun arzusu elə arzu olaraq da qaldı. On iki yaşında o, evlənməyə məcbur edildi. Daha sonra onun oğlu oldu, hələ 14 yaşında özü uşaq ikən uşağı oldu. Mən əminəm ki, o, çox yaxşı həkim ola bilərdi.

Lakin ola bilmədi... Çünki o, qız idi.

Onun hekayəsi Nobel Sülh Mükafatından əldə etdiyim pulu dünyanın hər yerində qızlara keyfiyyətli təhsil vermək və onların səsini ucaltmağa kömək etmək üçün Məlalə Fonduna qoymağıma səbəb oldu. Bu maliyyə ilk olaraq ürəyimin olduğu yerdə, Pakistanda – xüsusilə, doğma yurdum Svat və Şanqlada məktəblərin tikilməsinə xərclənəcək.

Mənim doğulduğum vilayətdə qızlar üçün hələ də orta məktəb yoxdur. Məktəb tikmək mənim arzum və öhdəliyim idi, indi isə məqsədimdir, beləliklə dostlarım və bacılarım orada məktəbə gedə, keyfiyyətli təhsil ala və arzularını həyata keçirmək imkanı əldə edə biləcəklər.

Bura mənim başlayacağım yerdir, dayanacağım yox. Mən hər bir uşağı məktəbdə görəcəyim günə qədər mübarizə aparmağa davam edəcəm.

Əziz qardaş və bacılarım, Martin Lüter Kinq, Nelson Mandela, Tereza Ana və Aun San Su Ki kimi dəyişikliklər edən dahi şəxslər bir zamanlar bu səhnədə dayanmışlar. Kaylaş Satyarti və mənim bu yolda atdığımız və atacağımız addımların uzunmüddətli dəyişiklik gətirəcəyinə ümid edirəm.

Ən böyük arzum budur ki, bu, bizim təhsil uğrunda apardığımız son savaş olsun. Gəlin bu problemi birdəfəlik həll edək.

Artıq biz çox addım atmışıq. İndi isə sıçrayış etmək vaxtıdır.

Dünya liderlərinə təhsilin necə vacib olduğunu demək vaxtı deyil, onlar artıq bunu bilirlər, onların öz uşaqları yaxşı məktəblərdə təhsil alırlar. İndi onları dünyadakı digər uşaqlar üçün tədbir görməyə çağırmaq vaxtıdır.

Biz dünya liderlərini birləşməyə və təhsil məsələsini prioritetə çevirməyə çağırırıq.

On beş il əvvəl dünya liderləri bir sıra qlobal məqsədlər - Minilliyin İnkişaf Məqsədləri ilə bağlı qərar qəbul etdilər. Diqqətlə izlədiyimiz bu illərdə xeyli inkişaf müşahidə etdik. Kaylaş Satyartinin dediyi kimi, məktəbə getməyən uşaqların sayı yarıya endi. Buna baxmayaraq, dünya sadəcə ibtidai təhsilə diqqət yetirir və inkişaf hər kəsə təsir göstərmir.

2015-ci ildə dünyanın müxtəlif yerlərindən olan nümayəndələr növbəti məqsədləri – Davamlı İnkişaf Məqsədlərini müəyyən etmək üçün BMT-də görüşəcəklər. Bu, gələcək nəsillər üçün dünya hədəfini müəyyən edəcək.

Dünya artıq ibtidai təhsil ilə kifayətlənməyi qəbul edə bilməz. Nə üçün dünya liderləri öz uşaqları cəbr, həndəsə, təbiətşünaslıq və fizikadan ev tapşırığı edərkən, inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqlar üçün sadəcə ibtidai təhsilin kifayət etdiyini düşünür?

Dünya liderləri hər bir uşaq üçün ödənişsiz, keyfiyyətli, ibtidai və orta təhsil təmin etmək fürsətini əldən qaçırmamalıdır.

Bəziləri bunun səmərəli olmadığını, çox baha, yaxud çox çətin olduğunu deyəcək. Lakin, dünya artıq daha dərin düşünməlidir.

Əziz bacı və qardaşlarım, böyüklərin dünyagörüşü bunu başa düşməyə imkan verir, lakin biz uşaqlar bunu anlaya bilmirik. Niyə bizim qüdrətli adlandırdığımız dövlətlər müharibəyə səbəb olmaqda bu qədər güclü, lakin sülhə nail olmaqda bu qədər zəifdirlər? Nə üçün silah vermək bu qədər asan, ancaq kitab vermək bu qədər çətindir? Niyə tank istehsal etmək bu qədər asan, amma məktəb tikmək bu qədər çətindir?

Biz müasir dövrdə yaşayırıq və biz hər şeyin mümkün olduğuna inanırıq. 45 il əvvəl biz Aya ayaq basmışıq və bəlkə də tezliklə Marsa enəcəyik. Beləliklə, XXI əsrdə biz hər bir uşağa keyfiyyətli təhsil verməliyik.

Əziz bacı və qardaşlarım, əziz həmyaşıdlarım, biz çalışmalıyıq... Gözləyə bilmərik. Sadəcə siyasətçilər və dünya liderləri deyil, biz hamımız kömək etməliyik. Mən. Sən. Biz. Bu bizim borcumuzdur.

Qoy boş sinif otaqları, itirilmiş uşaqlıq və potensiallı uşaqların itib-batmasını görən və bunun son olmasına qərar verən ilk nəsil olaq.

Qoy bir qız, yaxud oğlanın öz uşaqlığını fabrikdə keçirməsi son olsun.

Qoy bir qızın uşaq yaşında evlənməyə məcbur edilməsi son olsun.

Qoy bir uşağın müharibədə həyatını itirməsi son olsun.

Qoy bu son olsun ki, məktəbdən uzaqlaşdırılan bir uşaq görək.

Qoy bu bizimlə bərabər sona çatsın.

Gəlin bu sonluqla başlayaq... Birlikdə... Bu gün... Elə burda, elə indi. Gəlin bu sonluqla indi başlayaq.

Çox sağ olun.

İngilis dilindən tərcümə etdilər: Muradlı Mədinə və Cümşüdlü Ülviyyə

# 1380 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #