“Anam yeganə övladını itirib” – Müsahibə

“Anam yeganə övladını itirib” – Müsahibə
4 sentyabr 2019
# 21:00

Bu gün yazıçı Əzizə Cəfərzadənin anım günüdür. Kulis.az “Atamın xatirəsi” layihəsindən yazıçının oğlu Turan Cəfərzadə ilə müsahibəni təqdim edir.

- Ananız haqqında ən çox nəyi xatırlayırsınız?

- Birincisi, mən təkcə Əzizə Cəfərzadənin balası yox, həm də onun yazılarını 12 yaşlarından oxuyan və o yazıları tənqid etməyə icazə verilən adamam. Özü deyirdi ki, mənim müəllimlərim var idi, yaşları ötüb keçəndən sonra zəif yazılar yazmışdılar, ona görə də sən oxumadan yazılarımı çapa verməyəcəm.

- Onda sizin neçə yaşınız vardı?

- 20-22 yaşlarında idim. Mən onun yazılarını oxuyub fikirlərimi deyirdim. Əziz Cəfərzadə yalnız bundan sonra çap edirdi.

Image result for əzizə cəfərzadənin oğlu

- Tənqid eləyirdiniz?

- Bir dəfə publisistik janrda yazdığı bir yazını oxumuşdum. O dövrdə İngiltərədə işləyirdim, gecə reysi ilə qayıtmışdım, səhər də yata bilməmişdim. Gəldim gördüm ki, qovluqda hazır qoyub qabağıma. Oxuyub dedim ki, bu elə bil Əzizə Cəfərzadənin “Aləmdə səsim var”dan qabaqkı qələmidir. Etiraz elədi, dedi, yox, təzə yazmışam. Mən dediyimdən dönmədim: “Ola bilsin, təzə yazmısan, amma bu o dövrün qələmidir”. Yenə arqumentlər dedi, bir az roluna davam edib məni aldatmaq istədi, sonra boynumu qucaqlayıb gülə-gülə dedi ki, sağ ol, oğul, ilinə qədər düz dedin. 67-ci ilin yazısıydı, arxivində qalmışdı, çap elətdirməmişdi. Ümumiyyətlə, tənqidi qəbul eləyən adam idi. Evdə də hamı oxuyurdu. Qardaşları da, mən də, digərləri də. Və onların rəyi olmadan çap eləmirdi.

- Ev Yazıçılar Birliyinə dönmüşdü yəni?

- Hə... Dava-qırğın, qan su yerinə axırdı evdə (gülür).

- Yazıçı kimi bizə aydındı. Bəs ana kimi necə biri idi Əzizə Cəfərzadə?

- Mən bir dəfə onun haqqında çəkilən filmdə demişdim ki, anam yaxşı yazmağa başlayandan xörəklərimizin dadı qaçıb. Əzizə xanım yemək bişirəndə həmişə onun haqqında danışardı. Necə bişirdiyini. Və ailədə təkcə ədəbi fəaliyyətini deyil, mətbəx fəaliyyətini də bölüşmək çox gözəldir. Onun çox bəyəndiyim yeməklərini indi özüm də bişirə bilirəm. Yaddan çıxmış yeməklər bişirirdi. Məsələn, qəlyə. Mövsümi payız yeməyidi. Bizə tez-tez o yeməkdən bişirərdi. Uşağa acıqlanmaq yox idi onda. Kimisə tutub döyüm-filan. Belə xasiyyəti yox idi. Uşaqla böyük adam kimi danışardı.

- Qadağaları olurdu?

- Qadağa deyəndə ki... Yox, elə bir şey yox idi. Sistem qurmuşdu evdə. Və hamı o sistemə uyurdu. Hamı evə vaxtlı-vaxtında gəlirdisə, o zaman nə qadağa olacaqdı ki? Bircə onu xatırlayıram. Deyirdi, mənim otağımdan nə istəyirsiniz götürə bilərsiniz, amma yerinə qoymaq şərti ilə. İndi çalışıram onun bütün yazdıqlarını elektron formata salım.

- Turan bəy, Əzizə xanımın əvvəl bir qızı da olub...

- Əslində, sizə bir şey deyim, mən Əzizə Cəfərzadənin qardaşının oğluyam. Məni rəsmi şəkildə oğulluğa götürüb. Kiçik yaşlardan. Özünün müharibə dövründə övladı olub. O vaxtlar keçmiş Sovetski küçəsində yerləşən Pedaqoji məktəbdə hospitalda işləyirmiş. Qızı balacaymış. Onu qonşu uşaqlarından kimsə ya da kiçik qardaşı, detallarını dəqiq bilmirəm, Sovetskidən bir tin aşağıdan Yuxarı Dağlıq küçəsindəki evlərindən hospitala əmizdirməyə apararkən yolda uşaq əldən sürüşüb yıxılıb və ya hər ikisi yıxılb, necəsə olub, qızı başından zədə alıb və bir müddət sonra vəfat edib.Təxminiən iki-üç yaşında. Bunu onun müharibə dövründə yazdığı “Oyan, balacığım!”, daha sonralar yazdığı “Nətavan haqqında hekayələr”, “Cəlalliyyə”, “İşiğa doğrü” bə başqa əsərlərində övlad itirmiş anaları təsvir edərkən bu faciəni bir də yaşadığını yaxından duymaq olur. Əzizə ana yeganə övladını itirməsinin acısını ömrü boyu daşıyıb...

Bu acını nə qədərsə ovutmaq üçün bacım Kəmalə də çox kiçik yaşlarından onun evində yaşayıb. Amma onu övlad kimi rəsmiləşdirilməyib. Məndə isə rəsmidir, ona görə də soyadım Cəfərzadədən İbrahimova dəyişdirilib.

- Təkcə siz övladlığa götürülmüsünüz? Yoxsa başqaları da var?

- Çox adam ona “ana” deyirdi. Tək nəsildə yox, ətrafdakı adamlar da, elə butun Azərbaycan da.

- Bəs özünün uşağı hesab etdiyi neçə nəfər idi?

- Məmməd Aslan Əzizə Cəfərzadənin 90 illik yubileyində demişdi ki, mən Cəfərzadələrin evinə necə illər gedib gəlmişəm, ancaq hələ də bilmirəm kim kimin övladıdır, kim kimin anası (gülür). Bir bacı iki qardaşa doqquz övladları olduğunu dəqiq bilirəm.

- Aha. Deməli, evdə böyütdüyü uşaqlar vardı.

- Hamıya ana olub. Özünün isə cəmi bir qızı olub, müharibə dövründə.

- Onu da itirib...

- Hə...

- Əzizə xanım neçənci ildə ailə həyatı qurmuşdu?

- 1941-ci ilə.

- Tanışlıq tarixçəsini bilmirsiniz?

- Əzizə Cəfərzadə pilot olmaq istəyirdi o vaxtlar. Və bu niyyətlə Aviasiya klubuna gedib. Orda da Əzizə xanımı götürməyiblər. Səbəb də boyunun bir az qısalığı olub. Pilot ola bilməyəcəyini biləndən sonra yazıçılığa keçib.

- Maraqlıdır...

- Gələcək yoldaşı pilot idi və onlar orda tanış olmuşdular. Sonra da evləndilər. Anam həmişə deyib ki, ərim mənə dost olub. Üstəlik də anamı çox gəzdirib. Səyahət ediblər bir yerdə. Çox yer gəziblər. Və bu səyahətlər Əzizə Cəfərzadənin yaradıcılığına yaxşı mənada təsir eləyib. Əri hara gedirdisə, Əzizə xanımı da özü ilə aparırdı. Məsələn, Afrikaya gedəndə də bir yerdə getmişdilər. Ata təhsilinə görə rusdilli idi. Rusdilli sferada işləyib. Müharibədə iştirak edib. Azərbaycan dilində oxumağa çətinlik çəkirdi.

- Evdə rus dilində ünsiyyət qururdular?

- Hər iki dildə. Bir az keçəndən sonra ata artıq danışığını Azərbaycan dilinə çevirmişdi. Yəni azərbaycandilli olmuşdu. Danışırdı, özü də bakılı ləhcəsi ilə.

- Əzizə Cəfərzadə əslən Şamaxıdan olub...

- Əzizə Cəfərzadə Bakıda doğulub. Əslən Şamaxıdan idi. 1902-ci il zəlzələsində nənəm 17 günlük imiş, onu qucaqda Bakıya gətiriblərmiş.

- Sizin ixtisasınız nədir?

- Sizcə?

- Mən belə başa düşdüm ki, ədəbiyyata yaxın birisiniz. Çünki Əzizə xanımın yazılarını redaktə etmisiniz, tənqidi fikirlərinizi bildirmisiniz...

- Tətbiqi riyaziyyatdır məndə ixtisas. Mən neft üzrə işləyirəm. Əslində Aviasiyaya gedəcəkdim, qismət olmadı. Gözümdə problem çıxdı.

- Əzizə xanımın taleyi kimi...

- Hə... (gülür). Mən uşaq vaxtından anamın yazı masasında əyləşib nəsə yazmağına böyük maraqla baxardım. Bax bu yazı makinasına (göstərir – red) “sevgilim” deyərdi. Gün ərzində bu yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırdı. Və mən sadəcə abzasları qaydasına salmağı ona kömək edərdim. Demək olar ki, onun yazısında təzədən üzərində işləyim söhbəti olmurdu. Ona ilham həmişə səlis cümlələrlə gələrdi. O, artıq beynində redaktə edib o cür üzə çıxarırdı. Ömrünün axırlarında isə yazı makinası ilə yaza bilmədi.

- Niyə?

- Barmaqları tutmurdu. Biz ona makinaçı tapmışdıq. Bir-iki gün belə oldu, sonra dedi, yox, mən belə işləyə bilmərəm. Onda biz fikirləşdik ki, ən yaxşı yol səslə olar. Və diktofon aldıq. Son romanını da bu diktofona diktə etmişdi. Füzuli haqqında romanı. “Eşq sultanı” adlı roman. Bacım Kəmalə oxumuşdu və demişdi ki, bu romanı hələ çap eləmək olmaz. Onda mən Amerikada işləyirdim. Romanı özümlə götürdüm. Diktofonla yazıldığı üçün müəyyən səhvlər vardı, abzasların yeri düz deyildi. Mən hamısını qaydasına saldım. Qayıdıb gəldim və romanı verdim tanış adamlara. Oxudular. Mən də dedim ki, əgər Əzizə Cəfərzadənin olmayan bircə cümlə tapsanız, 50 dollar cərimə ödəyəcəm (gülüşmə).

- Son günlərini necə xatırlayırsınız?

- Mən onun ölüm anını görməmişəm. O zaman Alyaskada işləyirdim. Ürək çatışmazlığı vardı, gizlədirdi xəstəliyini. Sonra bir neçə dəfə müalicə də olundu. Bədəninə su yığılmışdı. Yoldaşım da yaxşı bir həkim tapmışdı və yavaş-yavaş o suyu xaric edirdilər. O zaman xeyli normal vəziyyətə gəlmişdi. 4-5 il də ona görə yaşamışdı. Amma orqanizmdi bu. Dözə bilmir. Öz sonunu hiss eləyəndə deyirdi ki, gəlməyin, yaxşıyam. Yoldaşım da deyirdi, vallah yaxşıdı vəziyyəti, deyə bilmərəm, gəlin, ya gəlməyin. Mən onda qızımla Alyaskada idim. Biz kiçik qızımla bu söhbətdən sonra ordan çıxdıq. Çıxmamışdan əvvəl, səhər tezdən Əzizə xanımın özü ilə danışmışdıq. Dedik, gəlirik. O da qayıtdı ki, niyə gəlirsiz? Biz isə onun sözünə baxmadıq, düz 30 saat yol gəldik. Yolda təyyarəmiz Londonda dayananda evə zəng etdim dedilər ki, artıq keçinib.

- 2003-cü il idi?

- Bəli. Sentyabrın 4-ü. Saat 22:10-da. 11-ə işləmiş. Otağındakı bu saatı da həmin vaxtda saxlamışıq. 82 yaşında rəhmətə getdi.

- Öldüyü saatda qalıb saat...

- Hə, elə o saatda...

# 6369 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #