Tanınmış rejissor: "Qafqazda ilk dəfə xristianlıq Azərbaycanda yayılıb" – Müsahibə

Tanınmış rejissor: "Qafqazda ilk dəfə xristianlıq Azərbaycanda yayılıb" – Müsahibə
3 iyun 2019
# 13:08

Kino və televiziya rejissoru Nazim Rzanın ONA-a müsahibəsi

- Nazim müəllim, indiyə qədər neçə sənədli film çəkmisiniz?

- 70-ə yaxın sənədli film çəkmişəm. Doxsanıncı illərdən bu yana çəkdiyim filmlərin ssenari müəllifi də özüm olmuşam, bəzi filmlərimin isə musiqi tərtibatlarını da özüm hazırlamışam.

- Daha çox hansı janrda sənədli filmlər çəkmisiz?

- Mənim üçün həmişə mövzu maraqlı olub. Mövzu maraqlı olandan sonra istənilən sahəyə aid sənədli film çəkə bilərəm. Xoşuma gəlməyən mövzu olmayanda yaxın durmamışam.

- Sizi ən çox hansı mövzular maraqlandırır?

- Son vaxtlar tarixi mövzularda sənədli film çəkməyə üstünlük vermişəm. Azərbaycanda ilk dəfə Bakı neftinin tarixindən bəhs edən 12 seriyalı “Odlu məmləkət” adlı sənədli film çəkmişəm. O filmə Heydər Əliyev də maraqla baxırdı. Hər gün televiziyanın qabağında oturub hər seriyasını izləyirmiş... Erməni yalanları ilə bağlı tarixi filmlər də çəkmişəm.

- Nə əcəb bədii film çəkməmisiz?

- İstəməmişəm. Sənədli filmlər məni daha çox cəlb edib.

- 1969-cu ildə çəkdiyiniz “İnsan Xəzəri xilas edir” sənədli filmini Azərbaycanda qadağan ediblər, sonra film beynəlxalq festivalda mükafat alıb...

- Hə, elə bir film vardı. Xəzərin ekoloji vəziyyəti ilə bağlı çəkmişdim. Onu gizlətməyə çalışırdılar ki, nahaq ekoloji vəziyyəti qabartmısan. Amma film Moskvada izlənəndən sonra çox yüksək qarşılandı, beynəlxalq müsabiqədə yer tutdu. Mən o sənədli filmdə dənizdə neft çıxarılandan sonra Xəzərin ekologiyasının necə korlandığını göstərmişdim. Nə qədər ki, Xəzərdə neft çıxarılmırdı, dənizin suyu bulaq suyu kimi şəffaf idi, Bulvarda çimərlik vardı, camaat orda dənizə girib çimirdi.

- Sovet dövründə mövcud ideologiyaya xidmət edən “Şamama”, mexanizator Nüsrət Məmmədova həsr olunmuş “Doğma ocağım mənim” və başqa sənədli filmlər çəkmisiniz? Sizcə, onlar indi əhəmiyyətlərini itirməyiblər?

- Onları ideoloji film adlandırmazdım. Həmişə sadə əmək adamları haqqında film çəkmişəm. Vəzifəli adamlar haqqında heç vaxt film çəkməmişəm. “Şamama” da, “Doğma ocağım mənim”, “Mayılovlar ailəsi” kimi filmlər də sadə əmək adamları haqqındadır.

- Sifariş olanda da vəzifəli adamlar haqqında çəkməmisiniz?

- Yox. Təklif gəlib, rədd cavabı vermişəm. Həmin o “Doğma ocağım mənim” filmindən əvvəl mənə rayonlardan birinin birinci katibi haqqında film çəkmək təklifi gəlmişdi. Rədd cavabı verdim, əvəzində mexanizator Nüsrət Məmmədov haqqında film çəkdim. Niyə? Çünki sənətkar azad olmalıdır. Mən bilirdim ki, o katib haqqında film çəksəm, işimə müdaxilə edəcək. Belə şeyləri isə sevmirəm. Mənə dedilər, vəzifəli adamlar haqqında çəksən, sənə nələr-nələr, ad verəcəklər. Dedim istəmirəm. İndinin özündə də istəmirəm. Mən indiyə qədər nə mükafat almışamsa, Azərbaycandan kənarda almışam.

- Fəxri adınız da yoxdur...

- Fəxri ad almaq üçün gərək məhz onun yolunda çalışasan, kiminsə bığının altından keçəsən. Mən belə şeyləri bacarmıram. Orden-medal mənim üçün dəmir-dümür kimi şeydir.

- O vaxt çəkdiyiniz bu filmlər indi də bədii əhəmiyyətini saxlayıb, köhnəlməyiblər?

- Əlbəttə. Onların heç birində ideoloji fikir yox idi.

- O zaman televiziyalar niyə o filmləri göstərmirlər?

- Bizim televiziyalar heç indi çəkilən filmləri vermirlər, o ki qaldı dovet dövründə çəkilən sənədli filmlər ola.

- 1977-ci ildə də “Dağlıq Qarabağ” adlı sənədli film çəkmisiniz. Yenidən o film üzərində işləsəydiniz, nələri dəyişər, nələri saxlayardınız?

- Əlavələr edərdim, amma heç nəyi çıxarmazdım. O filmdə Dağlıq Qarabağda yaşayan azərbaycanlı və ermənilərin həyatını göstərmişəm. Orda da ideologiya yoxdur. Sizə bir şey deyim. “Dağlıq Qarabağ” filminin ssenarisini “Vışka” qəzetində işləyən erməni jurnalist yazmışdı. Filmi çəkməyi mənə təklif edəndə əvvəl istəmədim, sonra dedilər ki, ssenarist ermənidir, başqa rejissor birdən xaraktercə zəif olar, erməni onu üstələyər. Sən prinsipial adamsan, imkan verməzsən erməni ssenarist öz istəyini yeritsin. Doğrudan da düzgün hərəkət edib filmi götürdüm. Çünki filmin çəkilişi zamanı gördüm ki, ssenarist öz istəyini yeritmək istəyir. Məsələn, erməni filmə Qarabağ atlarını da salmaq istəyirdi. Qoymadım, ona başa saldım ki, Qarabağ atı təkcə Dağlıq Qarabağa yox, bütün Qarabağa aiddir və o cinsi azərbaycanlılar yaradıblar. Bunu ermənilərdən bəhs edən “Dağlıq Qarabağ” filminə niyə salım? Salmadım. Sonra durnalar haqqında kadr salmaq istəyirdi. Onu da eləmədim, dedim ki, durnalar haqqında azərbaycanlı şairlər şeir yazıb, onun Dağlıq Qarabağ haqqında filmə nə aidiyyəti var? Bu cür bir neçə hal yaşandı. Sonra o, gedib məndən şikayət elədi. Mən də dedim ki, filmin müəllifi rejissordur. Nə istəsəm, onu da çəkərəm.

1988-ci il hadisələri olanda bizim televiziya rəhbərliyinə dəfələrlə təkid elədim ki, “Dağlıq Qarabağ” filmini efirdə göstərsinlər, göstərmədilər. Mən çox təkid elədim. Çünki o filmdə ermənilərin Dağlıq Qarabağda asudə yaşayışlarını, uşaq bağçalarını, rəqs ansambllarını göstərmişdim, yaşlı erməniləri danışdırmışdım. Axı ermənilər deyirdilər bizi burda əzirlər, günümüz-güzəranımız yoxdur. O film ermənilərin Dağlıq Qarabağda firavan yaşaması haqqında əyani sübut idi. Qoy dünya da ermənilərin Dağlıq Qarabağda necə xoşbəxt yaşadıqlarını görsün.

- Deməli, o filmi yenidən təqdim etsəydiniz, heç nə kəsməz, redaktə etməzdiniz.

- Yox, mən istərdim ki, o film necə var, elə də göstərilsin. Əksinə, ermənilər o filmin yayılmasını istəməzlər.

- Ermənilər haqqında başqa filmləriniz də var...

- Bəli, ermənilər haqqında “Erməni saxtakarlığının başlanğıcı”, “Timsahın göz yaşları” və digər filmlər çəkmişəm. Bu filmlərə görə erməni saytlarında mənə qarşı hücumlar olub, məni erməni düşməni elan ediblər.

- Filmləriniz erməniləri niyə qəzəbləndirib?

- Araşdırmalar aparıb, faktlarla ermənilərin bu coğrafiyaya gəlmə illərini qeyd etmişəm. Hərə I Pyort vaxtından ermənilər rus məmurlarını rüşvət müqabilində ələ alır və öz siyasətlərini gerçəkləşdirirdilər. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra ermənilər kütləvi şəkildə İran və Türkiyədən Qarabağa, Naxçıvan xanlığına, İrəvan xanlığına, bir də Ordubada köçürüldülər. Mən bunların hamısını faktlarla qeyd etmişəm.

- O vaxta qədər o ərazilərdə erməni yox idi?

- Axtarsan, Madaqaskarda da erməni var, amma bu o demək deyil ki, Madaqaskar ermənilərin vətənidir. Həmin müqavilədən sonra ermənilər kütləvi surətdə bu dediyim ərazilərə köçürülüblər. Hətta gəlmək istəməyən erməniləri zorla köçürüblər. Eçmiədzin kilsəsi gəlmək istəməyənləri dindən çıxarmaqla hədələyib. Çar hökuməti də gələn ailələrə adambaşına pul ödəyib. Mən bunları filmlərimdə əks etdirdiyimə görə ermənilər məni düşmən elan ediblər. Özü də mən ermənilərin öz sənədlərinə, faktlarına əsaslanmışam. O sənədli filmlərin çəkilişi üçün Türkiyəni, Gürcüstanı belə gəzmişəm.

- Bildiyim qədəri ilə Alban kilsələri ilə də bağlı sənədli filmləriniz var...

- Qafqazda ilk dəfə xristianlıq Azərbaycanda yayılıb. Gürcülərə və ermənilərə xristianlıq Azərbaycandan sonra keçib. O vaxt Azərbaycana gələn həvarilər bu ərazidə xristianlığı təbliğ ediblər. Alban kilsələri də o zaman tikilib. Ermənilər çox istədilər ki, Alban kilsələrini öz adlarına çıxsınlar. Amma Alban kilsələrinin öz arxitekturası var, erməni kilsələrindən fərqlənir. Alban kilsələrində qayda belə idi ki, kilsənin qapısı günəşə tərəf açılırdı. Bu da türklərdən gəlmə adətdir. Çünki türklərin alaçıqlarının girişi həmişə günçıxan tərəfə olur.

- Keşikçidağ (David Qareci) monastırı barədə nə deyə bilərsiz?

- Keşikçidağ məbədi haqqında onu deyə bilərəm ki, Alban kilsəsidir. XIX əsrə qədər Alban katolikosluğu fəaliyyət göstərirdi. Ermənilər bura köçürüləndən sonra müxtəlif yollarla rus Sinoduna müraciət edib, Alban katolikosluğunun ləğv edilməsinə və kilsələrinin erməni kilsəsinin tabeçiliyinə keçirilməsinə nail oldular. Mən sənədli filmlərimdə Azərbaycanda olan Alban kilsələrini tapıb üzə çıxarmışam. Hamısını çəkmişəm.

- Nazim müəllim, xeyli kitablarınız var. Xüsusən neft sahəsinin tarixinə aid araşdırma əsərləriniz var...

- Mənim dünya neft tarixi haqqında bir neçə kitabım var. Kitablarım hamısı Amerika, İngiltərə universitetlərinin kitabxanalarında yer alıb. “Neft i voyna, bitva titanov” kitabım rus dilində çıxıb. Bu kitabda elə faktlar var ki, ilk dəfə əks olunub. Ruslar bu kitaba görə çox qıcıqlanacaqlar. Çünki mən bu kitabda göstərmişəm ki, SSRİ rus əsgərinə görə yox, Bakı neftinə görə qalib gəlib. Bakı nefti olmasaydı, ruslar İkinci Dünya müharibəsini uda bilməyəcəkdilər. Stalin yalvara-yalvara Amerikadan, İngiltərədən təyyarələr istədi, sonra da akademik Yusif Məmmədəliyevə tapşırıq verildi ki, yeni təyyarələr gələcək, onlar üçün yüksək oktanlı benzin yaratmaq lazımdır. Burda çox şeylər var (kitabı göstərir). Mən bu kitabda sual qoymuşam ki, Almaniya qalib gəlsəydi, nə olardı?

- Nə olardı?

- Əvvəla, SSRİ yer üzündən silinərdi. İkincisi, Almaniya Bakıdan sonra İranı da tutacaqdı. Bundan əlavə, almanların başqa bir ordusu Şimali Afrikadan üzüyuxarı hərəkət edirdi. Onlar da ingilislərin Yaxın Şərqdəki neft yataqlarını ələ keçirəcəkdilər. Beləliklə, dünyadakı neft bölgələrinə nəzarəti almanlar öz əllərində cəmləşdirəcəkdilər. Düzdür, Amerikanın nefti vardı, amma ordan Avropaya neft gətirmək mümkünsüz idi, Atlantik okeanına da nəzarət alman sualtı qayıqlarında idi. Deməyim odur ki, Almaniya Bakını işğal eləsəydi, dünyanın siyasi xəritəsi tamamilə dəyişəcəkdi. Almanlar buna o qədər inanırdılar ki, hətta Bakı haqqında film çəkməyə hazırlaşırdılar. Almaniyada İçərişəhərin dekorasiyalarını quraşdırmış, filmin afişasını hazırlamışdılar. Mən kitabda bu faktları qeyd etmişəm, afişanın şəklini qoymuşam. Bu faktları rus tarixçilər heç yerdə verməyiblər, ilk dəfə mən yazmışam.

- Babanız da “Difai” hərəkatının katibi olub. Onun haqında da araşdırmalarınız var...

- Bəli, elədir. Mənim ana babam Mirzə Məhəmməd Axundzadə “Difai” partiyasının Gəncə şöbəsinin katibi olub. Çar rejimi erməniləri silahlandırır, bizimkiləri tərksilah edirdi. Buna görə də “Difai” hərəkatı yaradıldı. Mən “Difai” barədə arxivləri araşdırmışam. Onlar azərbaycanlıların əleyhinə çıxan adamları qətlə yetirirdilər. “Difai” qisasçı təşkilat, döyüş partiyası olub. Adı da o cür gedirdi. Möhürlərinin üstündə də iki dənə xəncər şəkli var idi. “Difai” hərəkatı haqqında da sənədli film çəkmişəm. Bir Amerika tarixçisi yazmışdı ki, Şeyx Şamil hərəkatından sonra Qafqazda çar rejiminə qarşı dirəniş göstərən ikinci hərəkat “Difai” olmuşdur. Özü də bu partiyanın başında ziyalılar dayanırdı, elə-belə adamlar deyildilər. “Difai” hərəkatı erməni özbaşınalığının qarşısını çox alıb.

- AZTV-nin Telefilmi həmişə peşəkarlığı ilə fərqlənib. Bu məktəbin yetirmələri indi də müstəqil fəaliyyət göstərirlər, amma son vaxtlar Telefilmin əhəmiyyəti sanki azalıb və əvvəlki kimi deyil...

- Azərbaycan Televiziyasında Telefilmi yaradanlardan biri mən olmuşam. Təəssüf ki, Telefilmi dağıtdılar. Xüsusilə də Alışanov o cür qurumu məhv elədi. Bilmirəm yeni direktor gələndən sonra orda vəziyyət necə olacaq.

Telefilm yarananda biz xeyli işlər gördük. O dövr üçün Telefilm mütərəqqi layihə idi. O vaxt SSRİ Nazirlər Kabinetinin qərarı ilə bütün müttəfiq ölkələrin televiziyalarında Telefilm studiyaları yaradıldı. Bu studiyalarda televiziya üçün film çəkilməyə başladı.

- Hazırda çəkilən sənədli filmlər sizi qane edir?

- İndi çəkilən filmlərin çoxu qane etmir. Çünki Telefilmin o cür mütəxəssisləri dağıdıldı, təsadüfi adamlar rəhbərliyə keçdi. İndi veriliş çəkib adını sənədli film qoyurlar. Halbuki sənədli filmin özünün qayda-qanunları var.

- Sonuncu sənədli filminizi neçənci ildə çəkmisiniz?

- Sonuncu filmimi 2010-cu ildə çəkmişəm.

- Masanızın üzərində kağız-kuğuz görürəm. Hazırda nə işlə məşğulsunuz?

- Mirzə Məhəmməd Axundzadənin biblioqrafiyasını hazırlamaqla məşğulam. Mirzə Məhəmməd Axundzadə təkcə “Difai” üzvü olmayıb, həm də dramaturq olub, ona qədər dram əsəri, yazıları, felyetonlar var. Hazırda onu nəşrə hazırlayıram. Bu kitabdan sonra isə memuarlarımı yazacağam.

# 2534 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
# # #