Dünən “Kitaboxuvəqazan” layihəsinin imtahan-seçim turunda problemlər yaşanıb.
Kulis.aza daxil olan məlumata görə, çoxsaylı iştirakçı imtahan vermək üçün aldığı biletin üzərindəki İD və şifrə ilə imtahan prosesinə qoşula bilməyib. Eyni zamanda, nə telefon, nə inernet vasitəsi ilə təşkilatçılarla əlaqə saxlamaq mümkün olub.
Məsələ ilə bağlı, layihənin rəhbəri Azər Paşayevlə əlaqə saxladıq. Azər müəllim problemin olduğunu etiraf etdi: “Doğrudan da texniki problem yaşandı, biz indi bu problemin aradan qaldırılması ilə məşğuluq.”
Azər müəllimin sözlərinə görə, sabah axşam imtahan verə bilməyən iştirakçıların imtahan verməsi üçün müvafiq şərait yaradılacaq.
Müsabiqənin nəticələri isə dördüncü gün müəyyən olunacaq.
Xatırladaq ki, müsabiqənin şərtlərinə görə, iştirakçılar təqdim olunan 10 adda kitabdan ixtiyari 3 kitabı seçirlər və müsabiqədə iştirak etmək üçün 10 manatlıq bilet əldə edirlər. Seçilən kitablar biletin üzərində göstərilir.
İki minə yaxın iştirakçı kitabları oxuyaraq, 22 Aprel 2018-ci il tarixində saat 11-də "online" imtahana qatılıblar. Hər bir iştirakçı oxuduğu 3 kitab əsasında tərtib olunmuş 100 suala cavab verib. 3 saat davam edən imtahan www.dtvedu.com saytının "İmtahan" bölməsində keçirilib. Ən yüksək nəticə göstərən 200 nəfər ikinci mərhələyə vəsiqə qazanıb.
Mayın 6-da əvvəlcədən elan olunan saat və məkanda ikinci mərhələnin imtahanı keçiriləcək, qaliblər müəyyənləşdiriləcək.
Müsabiqədə, birinci yer üçün 5 min manat mükafat təyin olunub. Qalan yerlərin pul mükafatının məbləği belədir.
II yer - 4000 AZN
III yer - 3000 AZN
IV yer - 2000 AZN
V yer - 1000 AZN
VI yer - 500 AZN
VII yer - 400 AZN
VIII yer - 300 AZN
IX yer - 200 AZN
X yer - 100 AZN
Mövzuya qayıdacağıq.