Kompüter də insan kimidir: onun da xəstəliyi olur, zəifləyir, sıradan çıxır, ölür. Onu sağaldan, əvvəlki halına qaytaran adamlar var: kompüter ustaları. Elxan Əsgərli də onlardan biridir…
Oyundan həyata
Azərbaycana kompüterlərin təzə gələn vaxtları... İndiki kimi hər evdə kompüter yoxmuş. Elxan 6-cı sinifdə oxuyanda atası ona stolüstü kompüter alır. Atası mühasib olduğu üçün ona kompüterin ilk anlayışlarını öyrədir.
Məktəbdə yaxşı oxuyan, əlaçı olan Elxana atasının böyük ümidi varmış. Amma 6-cı sinif uşağı nə ilə maraqlanar? Əlbəttə, oyunla. Kompüter oyunlarına baş qoşandan sonra dərsləri zəifləməyir. Elxanın dediyinə görə, onun 4 alması ayıb sayılırmış.
Evdəkilər narahat olmağa başlayır. Ay bu kompüetri çıxardanı... Ancaq atasının ümidi sonsuzdur: “Mən bilirəm neyləyirəm. Oynayacaq, axırda bezəcək. Fikirləşəcək ki, bu oyun necə yaranır. Özü oyun yığmağı, kompüteri sökməyi öyrənəcək. Mənim oğlum mühasib olacaq. Özü də kompüteri bilən mühasib”.
Hər şey atasının dediyi kimi olur: oyun oynamaqdan bezən Elxan həyata atılır. Həvəslə, maraqla oynadığı oyunları disklərə yazır, Binədə və Sədərəkdə oyun yazanlarla razılaşıb satırmış: “Ayda bir dəfə velosipedimlə gedib pulları yığırdım. Sonra yavaş-yavaş öz kompüterimi, daha sonra isə məhəllədəki uşaqların kompüterini söküb-yığmağı öyrəndim”.
Çağa əvvəl iməkləyib, sonra yeriməyə başlayan kimi Elxan da yavaş-yavaş internetdən sayt yığmağı, telefon düzəltməyi öyrənir, kompüterin cikinə-bikinə bələd olur.
- Nə olmaq istəyirdin uşaqlıqda?
- 6-cı sinfə qədər rəssam olmaq istəmişəm. Yaxşı da əl qabiliyyətim olub. Sonradan istəyimi öldürdülər.
- Necə?
- Dedilər, rəssam acından ölür. – gülür.
- Haranı bitirmisən?
- Bakı Biznes Universitetində mühasibat uçotunu bitirmişəm. Heç vaxt həvəsim olmayıb mühasibatlığa. Mühasib mənim üçün başqalarının pulunu sayacaq, uçotunu aparacaq qədər maraqsız peşə idi. Atam isə uşaqlığımdan mühasib olmağımı istəyib.
- Atanla mübahisəniz düşüb o zaman…
- Hə, hələ də davam edir. – gülür. – Mənə mühasibat üzrə yaxşı təkliflər gəlib, istəməmişəm. Eynən də kompüterlə bağlı Amerikaya çağırıblar, onu da atam istəməyib.
“Adminlər həmişə qızların sevimlisi olur”
Elxanın belə deyək, bığ yeri təzə tərləyən vaxtlar çat aləmində məşhur-cahan olub. Müxtəlif forumların rəhbəri kimi fəaliyyət göstərib: “HOST-un dəbdə olduğu zamanlar idi bu, elə HOST-a görə açmışdım. Əvvəl pulsuz sayt, hostucuyuq.wen.rudan başladım, gelinbirlesek.biz və.s HOST-un ən məşhur dominlərini bircə-bircə aldım, yığdım vahid yerə, dəhşət çox istifadəçi kütləm vardı. O gündən mənim kimi gəlib, bu gün sektora qoşulan nə qədər dostlarım var, kimlərdir bir bilsəniz... Məsələn, Qurban Məmmədlini, Səyyad İlqarı nümunə göstərə bilərəm...”
- Deyirlər, çat rəhbərləri qızların sevimlisi olur. – gülürəm.
- Çat vaxtlarında mən hansısa qızla avtobusa, metroya minə bilmirdim, mütləq başqa qız çıxırdı, saçyoldu-filan düşürdü. – gülür. - Adminlər həmişə qızların sevimlisi olur, düzdü. Fərqi yoxdur, sən yaraşıqlısan, yoxsa yox, sən adminsən və çatdakı istənilən qız ən yaraşıqlı oğlanla belə rəqabətə girsən, sənin idi. – gülür.
Elxan bu günə qədər restoranda ofisiant da, yanacaqdoldurma məntəqəsində benzin vuran da, McDonaldsda da işləyib. Bu yaxınlarda Patara Şirniyyat evində PR menecer və mühasib vəzifəsində çalışıb, bir ay sonra çıxıb. Bütün bu get-gəlləri, bir yerdə dura bilmədiyini belə izah edir: “Mən tabeçilikdə işləməyi sevmirəm. Çünki Azərbaycanda müdir-işçi münasibətləri, mədəniyyəti formalaşmayıb, biabırçı vəziyyətdədir. Mən işimdən artıq iş görmərəm, məsələn, geyim-kecimimə, saç-saqqala qarışmağını qəbul etmirəm”.
- Nə var ki burda? – zarafatlaşıram.
- Yox, məni sıxır belə şeylər. Elə ona görə də, hazırda çalışdığım sahə ilə bağlı dəfələrlə iş imkanları düşüb, yaxşı maaşlarla, qəbul etməmişəm. Burada az qazanıram, amma azadam, istədiyim vaxt gəlirəm, istədiyim vaxt gəlmirəm, heç kim də heç nəyimə qarışmır.
“Bir xanım yazdı, ağlıma hər cür şey gəldi”
Hazırda 28 Mayda, arendaya yer götürüb.
- Kənardan müştəri qəbul etmirəm demək olar ki. Yalnız Feyzbukdan, instagramdan müraciət edənlərdir müştərilərim. Çevrəm geniş olduğu üçün və yaxşı reklam olunduğum üçün əlavə müştəriyə ehtiyacım olmur, hətta çatdıra bilmirəm.
İşə başlamağının tarixçəsindən danışır:
- Universitetdə 3-cü kursda oxuyurdum. Bütün qohum-qonşu, tanış kompüterlərini düzəldir, qarşılığında heç nə almırdım.
Sonra bir dostunun yanında işləməyə başlayıb, işin incəliklərini öyrənib. Dostu da sağ olsun, əlindən tutub, onu həvəsləndirib ki, özün bir yer götürüb işlədə bilərsən:
- Axşam Feyzbukda status yazdım, mənə hansısa ofisin tərkibində, bir stolluq yer lazımdır, xidmətlərimi yazdım ki, bu işləri görəcəm. Amma arendaya yer götürməkdən qorxuram, nə qazansam 40 faizi mənim, 60 faizi ofis sahibinin. Qəmər adında bir xanım yazdı. Nömrə yolladı mənə ki, zəng et, Turxan və Emin, iki nəfərdilər, get görüş, onlar sənə hər cür köməyi edəcək. Mən də tanımıram Qəmər xanımı ha. Fake profilə oxşayır profili, şəkil yox, bir şey yox. Ağlıma hər cür qorxulu şey gəldi, sonra cəsarətimi toplayıb zəng etdim.
Emin və Turxanla görüşüb. Nizamidə, dil kursu və s. xidmətləri olan tədris mərkəzinə gediblər. Ancaq Elxan burda vur-tut bircə ay işləyir, sonra daşınası olur:
- Bir status da yazdım. Bu dəfə məni hamı yönləndirdi Fuad Hacıyevə. Xaricdə Təhsil Mərkəzi vardı, Tarqovıda. Mənə ofisdə bir otaq verdi. Bir-iki ay 40-60 faiz söhbəti ilə işlədim. Sonra keçdim arendaya. Otağı kirayələdim. Orada özümə şərik də tapdım, Artoğrul Hasratlini. Uzun müddət şərik işlədik. Getdi Türkiyəyə, İT sahəsi üzrə təhsil almağa. Tələbə də götürdüm - Emin Axundov. Bu gün Masazırda özü də kompüter ustası işləyir. Bu Eminə dərs dediyim vaxtlarda Fuad daşınası oldu, Eminlə düşdük küçələrə. Nərimanovu bir gün ac-susuz gəzdik. Ofis tapammadıq istədiyimiz şərtlərlə. Sonra ayrı-ayrı axtardıq. Emin bu gün işlədiyim ofisi tapdı. Əvvəl ofisin ən sonundakı, görünməz yerdəki otağı götürdük, bir müddət Emin həm şərikim, həm tələbəm oldu. Sonra ayrıldıq, o getdi Masazıra, mən qaldım. Yavaş-yavaş otaq dəyişə-dəyişə, ofisin düz girişində kompüter stolu qoyub, işləməyə başladım.
“50 manat da toy şəkillərinə görə əlavə elədi”
İş vaxtı başına gələn maraqlı hadisələrdən danışır:
- Bir dəfə müştəri gəlib, kompüteri formata verib. Format eləyib təhvil vermişəm, bir neçə saat keçdi, tövşüyə-tövşüyə, qışqıra-qışqıra gəldi ki…
Aralarında belə bir dialoq olub:
- Bu nə formatdı eləmisən? Fırıldaqçı. Eləyə bilmirsən, denən, bilməm də…
- Birincisi, ey yox, Elxan bəy, ikincisi, açın görək nə olub?
- Youtube-a girirəm, girmir.
- Girin görüm, hələ, nə problem olacaq?
- Görürsünüz? Bu yazı gəlir! Girmir!
- Qışqırmayın! Oxumusunuz orda nə yazılıb?
- Xeyr! Mən rusca bilmirəm!
- Orada yazılıb ki, youtube-a girmək üçün ilk öncə internetə qoşulmaq lazımdır!
Başqa bir əhvalat:
- Bir dəfə çox mədəni bir bəy gəlir, Elxana deyir ki, hard diskimdə fayllar itib, qaytarmaq lazımdır. Özü də qiyməti aşağı salmaq üçün tanış bir xanımın adını çəkib. Elxan da nə qədər xatırlamağa çalışsa da yadına belə bir xanım düşməyib, ancaq yenə də bəyin xətrinə dəyməmək üçün qiymətdə endirim edib.
Sözü verək Elxana:
- Həmin xanıma görə 25 manatdan 20 manata düşdü. Təsəvvür edin, 1-2 ay əvvəl silinmiş faylları qaytarmaq lazım idi, dirəşib ki, qaytara biləcəksiz. Deyirəm ki, bəy, vallah-billah, proses bitmədən heç nə deyə bilmərəm. İzahatını da verirəm ki, niyə proses bitmədən demək olmur. Nəsə, birtəhər başa saldım, getdi. Düz 9 il əvvəl silinmiş toy şəkillərinə qədər fayllar qayıtdı. Hələ heç nə deməmişəm, demişəm, dediyiniz fayllar qayıdıb, yaxınlaşın. Açdım, göstərdim, əvvəl istədiklərini. İndi dua-zad edir, dedim, tələsməyin, sürprizim var. Göstərdim, indi ofisdə uşaq kimi sevinir evli kişi (gülür). Qucaqlayır, öpür ki, çox sağ ol, həyat yoldaşım çox sevinəcək, bu şəkillər bizim üçün çox şey demək idi. Təsəvvür edin ki, 25 manat verməyib, 20 manat vermək üçün 15-20 dəqiqə dirəşən adam, çıxartdı 25 manat verdi, 50 manat da toy şəkillərinə görə əlavə elədi. Çıxana qədər də dua edib mənə.
Hava qaralır. Elxanın iş yerindən çıxanda yağışa tuş gəlirəm. Pəncərədən onun gülümsəyən üzünə düşən kompüter işığı qaranlıqda gözümün qabağına gəlir.
Ayxan Ayvaz