İspan qızını sevmiş AzTV diktoru

İspan qızını sevmiş AzTV diktoru
28 noyabr 2012
# 11:44

İlk tanışlıq

17 il əvvəlin söhbətidi. Dövlət televiziyasına diktor müsabiqəsi elan olunmuşdu. Mən də özümü sınamaq üçün müsabiqənin keçirildiyi teleteatra getmişdim. Demək olar ki, zal TV-də işləmək həvəsində olan gənclərlə "ağzına qədər" dolu idi. Münsiflər hamını qapıda tutulan siyahı ilə səhnəyə çağırır, suallarını verir (şeir dedirdir, yazı yazdırır və s.) və buna uyğun qiymətləndirirdilər.

Növbə mənə çatanda nə bir suala düzgün cavab verdim, nə dedikləri mövzuda yazı yaza bildim, nə də şeir deyə bildim. Müsabiqə dörd-beş saat davam etdi. Qırx beş dəqiqə fasilədən sonra nəticələr elan olundu və adımı "kəsilənlər" siyahısında eşitdiyim üçün binadan çıxdım. Bu vaxt arxadan bir pirani səs "oğul, bir dəqiqə gözlə" dedi. Dayandım, arxaya çevrilib baxanda yerimdə donub qaldım. “Nazim Hikmət” qarşımda dayanıb mehriban-mehriban gülümsəyirdi.

Sabir müəllim, Nazim Hikmət...

Sonralar onun Sovet vaxtı uzun müddət Türkiyədə yaşayıb-işlədiyini bildim, türk-osmanlı ədəbiyyatının mükəmməl bilicisi (buna görə AzTV-də çoxu ona zarafatca türk diktoru deyirdilər), xüsusən də Nazim Hikmət sevdalısı olduğunun şahidi oldum. Moskvada, Bakıda dəfələrlə görüşdüklərini öyrəndim. Nazim heyranlığı bu KİŞİnin bütün varlığında hiss olunurdu. Həmişə təmiz, zövqlə geyinən USTAD saçını da ölməz şair kimi darayırdı.

P.S. Sonralar hardasa onların talelərindəki ayrılıqların da oxşarlığını öyrəndim...

Şəcərə

Bu yaşlı kişi hərdən babasından danışır, onun qəzəllərindən, şeirlərindən deyərdi. Bir dəfə məni evinə dəvət etdi. Onun kitabxanası haqqında çox eşitdiyim üçün bu mənimçün "göydəndüşmə" idi. Həmin gün onun hələ 19-cu əsrdə "Fövcül ül-füsaha" (Gözəl danışanlar) ədəbi-məclisinin başçısı, Lənkəranda ilk "üsuli-cədid" məktəbini açmış, "Qanuni-Mirzə İsmayıl Qasir" əlifba dərsliyinin müəllifi Mirzə İsmayıl Səlim oğlu Axundovun (Qasir) nəvəsi olduğunu öyrəndim.

Maraqlı xatirələrdən

Televiziyada kiçik bir iş otağı var idi. Masasının üstü kağız-kuğuzla dolu olsa da, heç vaxt xüsusi səliqəsini itirmirdi. Bu otaqda qonaqlar da çox olardı. Yadımdadır, televiziyada işlədiyi vaxtlarda Səlim Babullaoğlunun kitabı çıxmışdı. Sabir müəllim, Rafiq Haşımov, Səlim və mən bunu otaqda kitabı bir balaca "yuduq” da. Səhəri gün mən işə gələndə Sabir müəllimin kitabı oxuya-oxuya kövrəldiyini gördüm. Səbəbini soruşduqda, mənə kitabdakı "İspan qızı" şeirini oxudu. Öyrəndim ki, Sabir müəllimin ilk sevgisi ispan qızı olub, evləniblər də. Bir uşaqları da olub. Ayrılmalarının səbəbini deməsə də televiziyada çalışan oğlu Fəridin həmin nikahdan dünyaya gəldiyini, amma anasının onu özü ilə aparmadığını danışdı. Oğlunu müəyyən yaşa qədər özü saxlayıb, heç kimin yanında qoymaq imkanı olmadığından əlindən tutub özü ilə bərabər neçə illər işə gətirirmiş. Sonralar bildim ki, Sabir müəllim ikinci dəfə çox gec evlənib. O nikahdan da bir oğlu, bir qızı var.

Biz həm də dost idik

Bir dəfə mənə sözü olduğunu bildirib, otağa çağırdı. Cibindən bir qadın şəkli çıxarıb mənə göstərdi və gözləri doldu. Mən çaşıb qalmışdım, bu televiziyaya mənimlə bir yerdə gələn, xanım yoldaşlarımdan birinin şəkli idi. Sonra öyrəndim ki, foto həmin ispan qızının şəklidi və tələbələrindən biri ona bənzədiyindən sirrini mənə ürəyini açıb "sakitləşmək" istəyirmiş.

P.S. Sabir müəllim, mən Sizin sirrinizi heç kəsə açmadım... Amma bunu o xanımın özü də hiss eləmişdi...

Ustad məktəbi

Sabir müəllim, diktor məktəbinin bünövrəsini qoyanlardan biridir. Hətta, bir müddət bərabər çalışdığım korifeylər - Roza Tağıyeva, Rafiq Hüseynov, Ofeliya Sənani, Sabir Ələsgərov və adını çəkmədiyim digər sənətkarlar özlərini onun tələbəsi sayır, həmişə ondan nəsə soruşurdular. Onun son "məzunları" biz olduq: Aynur Məmmədzadə, Zamirə Dadaşova, Şəfəq Qarayeva, Aynurə Həsənova, Elxan Əliyev, Vüqar Poladov və mən. Hazırda hansımızın harada yaşamasından və çalışmasından asılı olmayaraq SƏNİN RUHUNUN qarşısında baş əyirik USTAD...

Vida

Mən görüşəndə Sizin əlinizdən öpürdüm həmişə USTAD. Mənə çox şey verdiniz həyatda, çox borcum var Sizə. Heç vaxt gecikməmişdim Sizin dərsinizə. Bağışlayın, bu gün gec öyrəndim, gələ bilmədim Sizinlə vidalaşmağa. Siz bizə sənəti təmənnasız öyrətdiniz. Heç olmasa vida hədiyyəmizi qəbul edin...

Bütün tələbələriniz adından, Nəsimi Nəbizadə.

Hoşça kalın dostlarım benim hoşça kalın!
Sizi canımda canımın içində, kavqamı kafamda götürüyorum.
Hoşça kalın dostlarım benim hoşça kalın...

Resimlerdeki kuşlar gibi dizilip üstünə kumsalın, mendil sallamayın bana
İstemez...
Ben dostların gözündə kendimi boylu görüyorum...
Hoşca kalın...

# 2159 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #