Ədəbiyyata necə gəlirlər, necə gedirlər? - Sorğu

 Ədəbiyyata necə gəlirlər, necə gedirlər? - Sorğu
28 fevral 2019
# 10:26

Kulis.az tanınmış yazıçıların “Ədəbiyyata necə gəlirlər? Ədəbiyyata gəlmək, ədəbiyyatdan getmək necə olur?” sualına cavablarını təqdim edir.

Nəriman Əbdülrəhmanlı: "Ədəbiyyata, məncə, iki cür - bir təbii yolla, bir də zorla gəlirlər. Birinci qismə aid olanların ədəbiyyatla nikahı göydə kəsilir, yəni Söz talelərinə yazılır, yazmağa necə başladıqlarını heç özləri də hiss eləmirlər, bir də gözlərini onda açırlar ki, daha yazmaya bilmirlər. Digər yol da ədəbiyyata şöhrət tramplini kimi baxanların, zorən yazanların, cürbəcür əməllərlə az-çox şöhrət, mövqe qazananların yoludu. Belələri nə qədər yazıb-pozsalar da, daxilən ömrü havayı xərclədiklərini hiss eləyirlər. Ədəbiyyatdan getməyin də iki yolu var: həyatla vidalaşmaq və yaza bilməmək. Qalan nümayişkaranə gedişlər uşaq başı aldatmaqdan başqa bir şey deyil".

Murad Köhnəqala: "Fikrimcə, ədəbiyyata gəlmək, yaxud ədəbiyyatdan getmək professional yazıçı-şair üçün xarakterik olan ifadə deyil. Lakin istisnalar da var. Məsələn, məşhur fransız modernist-simvolist şairi Artur Rembo dünya ədəbiyyatını iyirmi yaşına qədər yazdıqları ilə naxışladı. Yaxud Selincer əlli yaşlarından sonra insanlardan öz həyət darvazası arxasında gizlənməyi, yalnız özü üçün yazmağı üstün tutdu. Ədəbiyyat andırdan getməyin intihar və ya intihara bənzər vasitələrini də gördük. Edqar Po, Cek London, Akutaqava kimi məşhurlar isə bu və ya digər formada intihar edərək ədəbiyyatdan getmişlər. Ədəbiyyata gəlməyən adamın ədəbiyyatdan getməsi heç vaxt bilinməzdi. Əgər bir yazıçının ədəbi söz dünyasından getməyi məlum olarsa, demək, o, nə vaxtsa ədəbiyyatda var olub. Belələri ağac gövdəsində bıçaq tiyəsi ilə yazılmış "burda mən olmuşam" kəlamını xatırladır. Çox da uzaqlaşmayaq, elə özümüzün Əli Kərimimiz də dediyim məxməri intiharla ədəbiyyatdan və həyatdan gedib. Qaldı ki, ortaya dəyərli ədəbi nümunə qoyan əsl yazıçını ədəbiyyat heç vaxt unutmaz".

Kənan Hacı: "İnsanın həqiqət axtarışları onu ədəbiyyata gətirib çıxarır. Bu "gəlmək-getmək" məsələsi ədəbi araşdırmaçılara lazımdır ki, nəsillərarası bölgünü təsnifatlandıra bilsinlər. Ədəbiyyat gözləmə salonu deyil ki, kimsə gəlsin, kimsə getsin. Yazıçının işi mətn yazmaqdır. Ədəbiyyatda qalmaq və ya qalmamaq məsələsi əsasdır. Get-gəllər həmişə olur".

Mirmehdi Ağaoğlu: "Bilmirəm nə cavab verim. Məncə, ta əvvəldən ədəbiyyat sənin içində olur, ya da olmur. Hara gəlməyindən, hardan getməyindən asılı olmayaraq o yanğı, o sevgi içində varsa, özünlə aparacaqsan. Lap dağ başına da getsən ədəbiyyat səninlə olacaq".

Alpay Azər: "Ədəbiyyata adamı ifrat müşahidə hissindən doğan söz gətirir, müşahidənin və sözün yaratdığı enerji gətirir, - şəxsi hisslərimdən çıxış edib bunları deyirəm, və nə qədər içində o enerji varsa, yazıçı yorulmadan yazır. Enerji və mövzu tükənəndə, qələmin qapağını yerinə taxıb ədəbiyyatdan gedirsən. Bu, birdəfəlik getmək də ola bilər, müvəqqəti də ola bilər o gediş".

Günel Natiq: "Ədəbiyyata istedadla gəlirlər. Yəni ədəbiyyata istedadla, yaradıcı təfəkkürlə gəlmək lazımdır. Dəb xatirinə bunu edənlər var. Məsələn, indi yazıçılıq dəbdədir. Ona görə çox vaxt yaradıcılıqdan çox yazarın imici aktual olur. Ədəbiyyatda iz qoyan adamın ədəbiyyatdan getməsi mümkün deyil. Artıq heç nə yazmasa belə ustad kimi yeri qalıcıdır. Məsələn, Ramiz Rövşən bundan sonra heç nə yazmasa da, onun yeri ədəbiyyat aləminin ən yüksək qatlarındadır". /"Ədəbiyyat qəzeti"/

# 1772 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
#
#
# # #