Kulis.az Şərif Ağayarın Aprel şəhidi, polkovnik leytenant Raquf Orucova həsr etdiyi “Komandir” romanı haqqında gənc yazar Cavid Qədirin yazdığı “Şəhid komandirin obrazı bədii əsərdə” yazısını təqdim edir.
Hərdən yuxum gecəylə gündüzün suqovuşanına yol alanda ağlımdan keçməyən mövzu qalmır: elə ölüm də.
İstənilən halda ölüm qəribədi. "Ölümdən qorxuram", yaxud "ölümdən qorxmuram" klişelərindən danışmaq istəmirəm. Mənim işim ölümlərlədi. Ətrafımızda, yaxınımızda dolaşan doğma ölümlərlə. Addım-addım yaxınlaşır, sevdiklərimizə diş qıcayır.
"Ölüm" sözündə vahimə olduğu qədər doğmalıq da var. Fikir vermisiz? Heç kəsin yaxını, əzizi vəfat etmir - ölür.
Sevdiklərimiz bir-bir ölümün səfinə keçir. Biz təkləndikcə ölüm güclənir, çoxalır. Yaxınlarımızı yenir. Razılaşmaq, inanmaq istəməsək də, ölüm həmişə qalib gəlir.
Əvvəllər ölüm xəbərləri çox da sarsıtmırdı. Nə də olmasa, ölən başqaları, başqalarınınkıdır. Yaş irəlilədikcə vəziyyət dəyişir.
Ölümün kölgəsi daha yaxında hiss edilir. Böyür-başda dolanır. Hənirtisi adamın boynunu dalayır, nəfəsini tıncıxdırır.
Daha çox təşviş, daha çox qorxu, daha çox dua, daha çox intizar və daha çox itki... Anlayırsan ki, ölən həmişə başqası olmayacaq.
Adamı özündən çox, əzizlərinin, doğmalarının, yaxınlarının ölümü, ölə bilmə ehtimalı ağrıdır. Bu ağrı, qorxu böyüdükcə, yaxınlaşdıqca ölüm də ağrılı, qorxulu və doğma olur.
Bir də göz açırsan ki, ölümlə birevli olmusan. Ya da leysandan qaçıb gizləndiyin mağara qurd kahası çıxmış kimi hiss olur içində. Yeyəndə də, yatanda da bir gözün açıq olur. Amma çifayda, ölüm həmişə bizi qabaqlayır. Arzularımızı, planlarımızı, həyatımızı - bizi dəyişir.
Ölüm demişkən, Şərif Ağayarın "Komandir" romanının sorağını çapından çox qabaq almışdım. Üstəlik, müəllifə digər romanlarıyla bağlı yazı sözüm vardı. Vaxt, bir az da məsuliyyətsizlik ucbatından hələ də qalıb.
Sözügedən əsərin heç üzünü görməmiş haqqında yazmaq fikrim vardı. Həm sözümü gec də olsa, başqa bir formada tutacaqdım, həm də “Murov qartalı”na təşəkkürümü bu şəkildə çatdıracaqdım. Yəqin "Murov qartalı" ifadəsi mövzunun nə, kim olduğunu açıq şəkildə izah edir.
Mətləb aydın olmayan kəslərə də, Molla Nəsrəddin demiş, bilənlər öyrətsin. Ağayar son romanında əfsanəvi kəşfiyyatçı, əfsanəvi zabit Raquf Orucovdan danışır. "Danışmaq" bir az quru sözdü, bir az yox, çox qurudu.
Kitabı oxuduqca adam Murovu qarış-qarış gəzir, açılan hər güllə burnunun dibindən şütüyür, partlayan hər mərmi qulaqlarında guruldayır. Əsərin qəhrəmanıyla çiyin-çiyinə döyüşürsən sanki, ürəyin yerindən atlanır hər adrenalin dolu cümlədə.
Kitabı hələ açmadan nələrlə qarşılaşacağımdan xəbərim vardı. Həmişəki kimi, ordan-burdan vərəqləyib göz gəzdirdim. Cümlələri, mətni gözümün tərəzisiylə dartdım. İlk təəssüratım gözləntilərimi doğrultmurdu. Üstəlik, roman sanki Orhan Pamukun "Mənim adım qırmızı"sını çağırışdırırdı. Üslub eyniydi - personajlar öz hekayələrini danışırdılar. Amma Pamukda tamam başqa mövzu, ayrı dövrdü, Ağayarda başqa...
Ümumiyyətlə, Şərifin bütün əsərlərində irfanilik çalarları var. Hekayələrindən tutmuş, romanlarına qədər müəyyən sirr pərdəsi yaratmağa çalışır müəllif.
Və bu davamlılıq hərdən oxucuda "toxluq", boyun borcu hissi yaradır. Sanki hansısa ilahi qüvvə, sirli əl olmasa, qəhrəmanlar azıb qaranlıqda qalacaqlar, qırxıncı qapını aça bilməyəcəklər, yollarını azacaqlar, ağ qoça yox, qara qoça minəcəklər. "Komandir"də də bu var. Bəzən elə təəssürat ortaya çıxır ki, o qüvvə olmasa, komandir bu qədər qəhrəman ola bilməz, hələ sağlığında əfsanəviləşməzdi.
Eyni məsələ Çanaqqala savaşı üçün də deyilir. Elə təəssürat yaradılıb ki, iman gücü olmasaydı, Çanaqqala zəfəri olmazdı. Amma həqiqət başqadı. Həqiqət on minlərlə şəhidin adına, onların kürəklərini yox, ürəklərini güllə yuvası seçmələrinə bağlıdı.
Qarabağ müharibəsi də Çanaqqala müharibəsindən çox fərqlənmir. Silah-sursatsız, yeməksiz, geyimsiz, dəstəksiz bir ovuc adamın üzərinə yüzlərlə tam təchizatlı peşəkar yeriyirdi. Və o silahsız adamlar bir qarış torpağı bir saat artıq qorumaq üçün özlərini fəda edirdilər.
... Kitabı evdən işə, işdən evə gedəndə, marşrutdaca bitirdim. 315 səhifəlik romana uzağı 3 saat vaxt sərf etdim. Vaxtın azlığı sizi perikdirməsin. Başdangetdi oxudan irəli gəlmir bu, axıcılıqdan irəli gəlir.
Şərif Ağayarın ən çox bəyəndiyim tərəfi yazı dilidir. Dilə yaxşı vaqifdir, cümlələri pinti olmur. Artıq sözlərə çox az yol verir. Bu məsələdə müasir türk ədəbiyyatının izi də aydın sezilir. Xüsusən, Ahmet Altan ritorikası və üslubu gözəçarpandır. Amma bu, Ağayarın yaxşı yazıçı olmasına kölgə salmır. Müasir Azərbaycan nəsri üçün Şərif Ağayar çox ciddi imzadır, onu xəfifə almaq ədəbi peşəkarlıqdan, jurnalist etikasından kənar olar.
Türk ədəbiyyatı demişkən, daha bir paralel aparaq. Pamukun son romanı "Qırmızı saçlı qadın" kifayət qədər səs-küy doğursa da, əsər yazıçının yaradıcılıq şkalasında eniş kimi qiymətləndirilir. Araşdırma, çoxqatlılıq, sosial və siyasi mesajlar, mifologiyadan ustalıqla yararlanma - hamısı yerli-yerindədir. Amma yenə də Orhan Pamuk qələmi üçün dayazdır, üzdəndir, tələskənliklə yazıldığı hiss olunur. Eləcə də Şərif Ağayarın "Komandir"i. Dil qatı, mətn, yanaşma, ədəbi priyomlar, hamısı qənaətbəxşdir. Amma "Arzulardan sonrakı şəhər" romanıyla müqayisəyə gəlməyəcək qədər tələsik və üzdən yazılıb. Düşünürəm ki, Raquf Orucov kimi qəhrəmanın daha sanballı romana, araşdırmaya haqqı çatır.
Bütün bunlara rəğmən ürək rahatlığıyla "əsər alınıb" demək olar. Müəllifin səmimi olmaq kimi öhdəliyi yoxdur. Yazdıqları, yaratdığı obrazlar onunla müqayisə olunmamalıdır. Amma "Komandir" çox səmimi yazılıb. O qədər səmimi yazılıb ki, sanki özün Şərif Ağayarla söhbətləşirsən, ya da Raquf Orucovun komandanlığı altında kəşfiyyata çıxırsan, onun kövrək qayğısını, dəmir intizamını hiss edirsən, döyüş yoldaşlarının, komandirlərinin, əsgərlərinin öz dilindən dinləyirsən baş verənləri.
Dinlədikcə də kövrəlirsən, gözlərin dolur, bəbəklərin acışır, göz yaşı həlqələnib-həlqələnib geri qayıdır.
"Yeddi oğul istərəm" filminə yəqin çoxları baxıb. Sovet təbliğat maşını ordakı mənfi qəhrəmanları müsbət, müsbətləri mənfi qələmə verib. Amma öz el-obasını işğalçıdan qorumağa çalışan Gəray bəyi nə qədər xalq düşməni kimi qələmə verməyə çalışsalar da, bacarmayıblar. Açığı, bunda Həsənağa Turabovun da böyük rolu var. Onun canlandırdığı istənilən obraz müsbət çalarlar qazanırdı çünki.
O filmə hər baxanda Gəray bəyin son gülləsini özünə yox, bolşevizmə, qırmızı terrora çaxacağı ümidi oyanır içimdə. Amma hər dəfə də o kövrək ümid puç olur. Gəray bəy hər dəfə, təkrar-təkrar son gülləsini ürəyinə sıxır.
"Komandir"in sonuna yaxınlaşdıqca ürəyimdə eyni kor-koranə ümid korun-korun işarırdı. Sonluğu bilsəm də, komandirin ölməyəcəyinə inandırmağa çalışırdım özümü. Necə ki, "Sizi dünyalar qədər sevirdim" filmində Həzi Aslanov sonda düşmən üzərinə hücuma keçir ha-a-a, bax o cür... Amma həyat başqa, film tam başqa. Həyatda bir saniyə 24 kadrdan ibarət olmur, axı. "Yeddi oğul istərəm"dəki güllə səsiylə qırılan ümidim "Komandir"də mərmi gurultusuyla təntidi...
"Komandir" sənədli romandır. Bütün əhvalat, süjet xətti xatirələr, şahidlərin danışığı, sənədlər əsasında formalaşıb. Amma qəribədir ki, sənədli roman/filmlərdən fərqli olaraq əsərdə imzalı, möhürlü, bir az da qalstuklu ab-hava hiss olunmur. Bu, əlbəttə, müəllifin uğurudur. Amma bu uğurla yanaşı, Şərif Ağayar sanki tələsib, son nöqtəni tez qoymağa çalışıb elə bil. Hələ bitməmiş Qarabağ müharibəsinin dəhşətlərinə də az yer verilib. Doğrudur, bu cür yanaşma müəllifin boynunun borcu deyil. Sadəcə olaraq "o illərdə baş verənləri daha ətraflı əks etdirmək olardı" düşüncəsi adamdan əl çəkmir. O ağrıları, o vəhşəti yaşayanlar çəkdikləri zillətdən daha çox adam xəbər tutsun, istəyirlər. Bir məsələ var ki, müəllif də o yollardan, o məşəqqətlərdən keçib. Mətni oxuduqca fəhmlə bunu hiss etmək olur. Çünki sözlərlə hislər birləşəndə mətn, həqiqətən, alınır. Müəyyən tələskənlikləri, sadaladığım nüansları nəzərə almasaq, "Komandir" çox uğurlu romandır. Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, eləcə də torpaqlarımızın işğalda qalması faktını geniş ictimaiyyətə, dünyaya çatdırmaq baxımından uğurlu əyani vəsait ola bilər.
Çox təəssüf ki, Raquf Orucovu nə şəxsən, nə də qiyabi şəkildə tanıyırdım. Ölüm xəbərini oxuyanda bir az araşdırdım. Bircə adam haqqında mənfi nəsə demədi, bircə qaynaq olmadı ki, barəsində xoş olmayan cümlə yazılsın. Tanıyanlar ondan ağız dolusu, ürəklə danışırdı. Hamının öz doğmasıydı sanki. Atasıydı, qardaşıydı, dostuydu, səngər yoldaşıydı elə bil. Elə əsərdə də bu üslub, bu yanaşma çox aydın şəkildə sezilir. Yazılanlar tərif, şişirtmə, pafos deyil. Olsa, olsa heyranlıq, qibtə demək olar. Qəhrəmanlar da ki, elə qibtə olunmaq üçündür. İndiyə qədər mənim üçün "komandir" müraciəti zarafatyana xitab, hətta özündə bir balaca da istehza çalarları daşıyan sözdü. Amma kitabı oxuyandan sonra bütün bu yanaşmalar bilmərrə çəkilib getdi. Raquf Orucova, nə polkovnik-leytenant, nə briqada komandiri müraciətləri yapışmır. Sanki "komandir" sözü onunçün biçilib, onunçün dilimizin lüğət tərkibində yer alıb.
Səni qoruya bilmədik, komandir, barı adını qoruyaq!