Gənc blogger: “Təkamülü islam alimləri də təsdiq edir”

<span style="color:red;">Gənc blogger:  “Təkamülü islam alimləri də təsdiq edir”
17 oktyabr 2016
# 16:27

Kulis.Az blogger Taryel Abdullayevlə müsahibəni təqdim edir.

- Taryel, əvvəl imzan Solomon kimi gedirdi, Facebookda da o adla statuslar yazırdın. Niyə Solomon? Bu adın nə manası var?

- Solomon adını özümə ləqəb götürmüşəm. Solomon hər şeyin dilini bilən, canlıları anlayan anlamındadır. Simvolik mənada götürmüşəm bu adı.

- İxtisasınız nədir?

- Mən hüquq təhsili almışam, ancaq marağım elm sahələrinədir. Hüquq mənim üçün həddindən artıq maraqsız oldu, özümü bu sahədə tapa bilmədim. Elə ona görə də arxasınca düşüb özümü bu sahədə inkişaf etdirmədim.

- Hüquq təhsili maraqsız gəldi və elmlə maraqlandınız. Necə oldu bu?

- Elmə marağım əslində əvvəldən var idi. Ancaq sonradan mən dini inancımı sorğuladığım zaman, xüsusən də ateistlərlə dindarların müzakirələrini izləyirdim. Bu müzakirələr mənə maraqlı gəlirdi, ateistlərin elmi yanaşması diqqətimi çəkirdi. Onlar elmi araşdırın, soğrulayın, elmi kitablar oxuyun deyərək yönləndirmə edirdilər. Mən də bu söhbətləri görüb öz-özümə dedim ki, bunları öyrənməliyəm, elmlə daha ciddi şəkildə maraqlanmalıyam.

- Belə demək olar ki, ateizm sizi elmə gətirdi?

- Demək olar. Daha doğrusu ateistlərin elmi öyrənin, sorğulayın, araşdırın kimi yanaşmaları məndə daha çox həvəs yaratdı. Ancaq mən özümü ateist hesab etmirəm. Nə dindaram, nə ateist. Sadəcə mən kainatın üstündə digər metafizik varlıqlar olduğuna inanmıram. Metafizika müasir elmdə qəbul edilmir. Çünki fəlsəfi və elmdən kənar anlayışdı. Elm fizikadan kənar şeyləri atıb kənara və adını da metafizika qoyub. Mənim üçün həqiqət elmin bizə təqdim etdikləridir. Çünki elm təcrübə, test və müşahidəyə əsaslanır. Metafizikaya girdiyiniz zaman istədiyiniz şeyi iddia edə bilər, ancaq sübut edə bilməzsiniz, çünki təcrübəyə əsaslanmır. Təcrübə olunsaydı metafizika adlanmazdı. Sizə bir şey deyim. Qravitasiya dalğalarının mövcud olması 11 fevral 2016-cı ildə "Laser Interferometer Gravitational Wave Observatory" çalışma qrupunun alimləri tərəfindən təsdiq edildi. Halbuki 100 il əvvəl Eynşteyn bunu qeyd etmişdi və bu gün daha bir mövzuda haqlı olduğu bilinsə də, 100 il ərzində bu idda qəbul edilmirdi, çünki bu Eynşteyin olsa belə, elmdə müşahidə, test, təcrübə edilməyən iddialar qəbul olunmur. Çünki elm obyektiv reallıqdı.

- Maraqlıdır, özünü sorğulayanda nələr oxudun?

- Ən çox oxuduğum elmi kitablar oldu. Təkamül nəzəriyyəsi və Astrofizika ilə bağlı. Davkinsin, Kraussun müzakirələrini izləyirdim. Türkiyədə baş tutan Təkamül müzakirələrinə baxırdım. Xüsusən də “evrimağacı” saytını həmişə izləyir, orda yazılan elmi məqalələri oxuyurdum. Elə indi də oxuyuram. Maraqlı gəlirdi mənə. Qarşıdurma var idi, bu mənim diqqətimi çəkirdi. Sonra düşündüm ki, Təkamülü əsaslı şəkildə öyrənməliyəm. Doğrusu bu elə də asan olmadı, çünki mən kresionist idim. Yəni Təkamül nəzəriyyəsinə qarşı olmuşam. Çünki mən “Çağ öyrətim” məktəblərində yatılı sistemdə təhsil almışam. Orda bizə bununla bağlı sənədli filmlər izlədib, oxumağımız üçün kitablar verirdilər. Bu adətən Harun Yahyanın kitabları olurdu. Sonra Təkamül nəzəriyyəsini ətraflı, geniş şəkildə bütün mexanizmalarını, növləşməni öyrənəndən sonra bildim ki, əslində insan müasir meymun növünün heç birindən yaranmayıb. Təkamül nəzəriyyəsinin işləmə prinsiplərini ətraflı və geniş şəkildə öyrəndim.

- Təkamülü bir insana necə sadə dildə izah edərdin?

- Ümumiyyətlə, Təkamülün bir çox mexanizmaları var. Bunları bir insana sadə dildə, 5-10 cümləylə izah etmək çətindir. Burda bir məsələni vurğulamaq istəyirəm. Kresionistlər məlumatı olmayan insanları ən çox bu tip yanaşmalarla aldadır ki, bəs Təkamül nəzəriyyəsi hər şeyin təsadüf nəticəsində baş verdiyini deyir. Əslində isə bu tamamilə səhvdir. Çünki Təkamülün işləmə mexanizmaları arasında səbəb-nəticə əlaqəsi qurulur və elmi tərəfdən izah olunur. Bu işlər hamısı təcrübələrə əsaslanır. Bununla bağlı yüzlərlə elmi məqalələr və kitablar yazılır. Təkamül nəzəriyyəsi ilk canlı haqqında heç bir təsəvvür ortaya qoymur. Darvinin kitabının adına diqqət edin: “Növlərin mənşəyi”. Burda mövcud olan növlərdən söhbət gedir. Növlərin də müəyyən zaman kəsimində iqlimə, mühitə adaptasiya olunmağı var. Buna da təbii seçmə deyilir. Təbii seçmə - fenotipdəki fərqliliklərlə əlaqədar yaşadığı mühitə daha uyğun olan canlıların həyatda qala bilməsi, oxşar şəkildə uyğun olmayanların məğlub olaraq yox olması deməkdir. Bioloji təkamülün əsas mexanizmlərindən biridir. Təkamül haqqında onlarca kitab var, bunları oxumaq lazımdır. Kiməsə beş dəqiqəyə Təkamülü izah etmək qeyri-mümkündür. Və insanlar Təkamül nəzəriyyəsini özləri oxuyub öyrənmədiyi üçün elmi terminlərdən istifadə edib, bu nəzəriyyədən və nəzəriyyənin iş prinsiplərindən bilgisi olmayan insan kütləsini ələ keçirib, kresionist edə bilirlər.

- Həm də yaradılışa inananlara lap çətin olar…

- Hə. Məsələn, biri gəlib deyəcək ki, insan meymundan necə yarana bilər. Elədisə, bəs yaxşı indiki meymundan niyə insan yaranmır? (gülür). Təkamül nəzəriyyəsinə görə, meymunun və insanın ümumi əcdadları olub. Həmin ümumu əcdadın populyasiyalarından biri müasir insana, digəri müasir meymun növlərinə çevrilib. Təkamül həyat şərtlərindən asılı olaraq baş verir. İnsan və meymunun ümumi əcdadından müasir insanın yaranmasına qədər 6,5–7 milyon il vaxt keçib. Yalnız Afrika savannalarında yaşayan populyasiyalar həyat şərtlərindən asılı olaraq bu təkamülə məruz qalıblar. Eyni canlı növünün meşələrdə yaşayan populyasiyaları tamam fərqli istiqamətdə təkamül edərək, müasir şimpanze və bonobolara çevriliblər. Bunu bilməliyik ki, insan günümüzdəki heç bir meymun növündən gəlməyib. Heç bir elm bunu iddia etməmişdir və belə bir düşüncə, gülünc olmağıyla yanaşı Təkamül Nəzəriyyəsi baxımından elm ilə ziddiyyət təşkil edir. Çünki yaşayan meymun növləri də bizim qədər müasir canlı növləridir. Hal-hazırda var olan bütün canlıların heç biri digərindən meydana gəlməmişdir, gəlməyəcək də. Çünki bu canlıların hamısı, eyni zaman kəsimində varlıqlarını davam etdirən canlı növləridir. Müasir növlər bir-birlərindən təkamül edə bilməzlər. Yalnızca ortaq bir ataya sahibdirlər. Buna görə də insan müasir meymun növlərinin heç bir növündən gəlməyib. Şimpanzelər, gələcəkdə bəlkə bizlər qədər ağıllı ola bilərlər. Ancaq o zaman belə “insan” olaraq adlanmayacaq. İnsandan fərqli, yeni bir növə təkamül keçirmiş olacaqlar ki, bu vəziyyətdə “artıq insan kimi ağıllı iki cür növ var” deyiləcək. “Şimpanzelər artıq insan oldu” deyilməyəcək. Bunu bilməliyik ki, insan və meymun adları, daxilində canlı növlərini saxlayan qrup adlarıdır. Tarixdə, insana olduqca yaxın zəkaya sahib bir çox növ tapılmışdır (Neandertallar, Heidelberg insanı, Erectus, Ergaster vs.). Ancaq bunların heç biri Homo Sapiens deyildi. Homo Sapiens də onlar deyil, onların nəvələri və ya əmisi uşaqlarıdır. Bu atasal növlər də “İnsan” olaraq xatırlanarlar, ancaq “İnsan” sözü eynilə “Meymun” sözü kimi bir qrupa işarə edir: Homo cinsinin hamısı insandır. Bizlər, var olmuş tək insan növü deyilik. Onlardan yalnız biriyik. Bir zamanlar digər insan növləri, xüsusilə, Neandertallar Denisovalar və Heidelberg insanı ilə bir yerdə yaşadıq, məlumat ötürdük, mübarizə də etdik. Ancaq onlar, tamamilə fərqli insan növləriyidi. Məsələn, Neandertallar 230.000-30.000 il əvvələ qədər yaşamış, beyin həcmi müasir insanlardan bir az daha böyük olan (orta hesabla 1450 cc) bir növdür. Kəllə sümükləri müasir insanlarınkına görə uzun və alçaqdır. Kəllənin arxasında da bir çıxıntı var. Çıxıntılı bir çənəsi və içə çökük bir alnı var. Üzünün mərkəzi hissəsi digər insan növlərində olmayan bir şəkildə çıxıntılıdır və bu da soyuq mühitə adaptasiya ola bildiyinin göstəricisidir. Müasir insanlara görə bəzi kiçik anatomik fərqləri də var. Bunların ən maraqlısı çiyinlərindəki çıxıntılar və çanaq sümüyündəki cinsi orqana yaxın sümüklərdir. Ancaq Homo Sapiens, yəni müasir insanlar bizim bildiyimiz qədəriylə 195.000 il əvvəl meydana gəlmişdirlər. Beyin həcmləri 1350 cc ətrafındadır. Alınları dik bir şəkildə yüksəlir, qaş çıxıntıları çox naməlumdur ya da yoxdur. Skeletləri çox narındır. Son 100.000 il içərisində belə təkamülü daha kiçik kök dişlərinə və daha zəif və yüngül skeletə doğru sürüşmüşdür. Mezolit dövründə yaşayan insanların (bundan 10.000 il əvvəl) sümükləri bizimkilərdən 10% daha qüvvətlidir. Son Paleolit dövründəki insanların (30.000 il qədər əvvəl) sümükləri isə 20-30% daha qüvvətlidir. Bu dövrdə yaşamış olan insanlara müasir deyilsə belə, primitivlik əlamətləri də göstərməkdədirlər. Avstraliyada yaşayan Aborigenlərdə hələ də “Archaic Sapiens”ə aid diş strukturları müşahidə edilir. Bu da Təkamülün hələ də müşahidə edilə biləcək dəlilləri olduğunu göstərir.


Həmçinin axı indiki hər hansısa bir meymun növü niyə insana çevrilməlidir? Təkamülün belə bir məqsədi yoxdur. Məsələn; pişiklər dəstəsinə aslanlar, pələnglər, bəbirlər, ev pişikləri və sair daxildir. Bəs indi biz niyə sual vermirik ki, indiki ev pişikləri niyə dönüb pələng və ya aslan olmurlar? Təkrar edirəm; eyni zaman kəsimində yaşayan canlının başqa bir canlıya çevrilməsini demək Təkamül nəzəriyyəsinə ziddir.

- Təkamülü bəlkə də insanlar anlamaqda ona görə çətinlik çəkirlər ki, böyük bir zaman məsafəsi var. Bu qədər zamana canlının keçdiyi təkamülü qavramaq şübhəsiz, çətindir….

- Əlbəttə, zaman məsələsi də var. Onların anlamağında çətinlik yaradan faktorlardan biri də budu.

- Qarşı çıxanlar da var…

- Hə, onlar özlərinə yaradılışçı deyirlər. Mən bunun qısa tarixini danışmaq istəyirəm. Deməli Amerikada Evangelist - Provoslav dini zəminində Yaradılış Araşdırma İnstitutu yaradılıb. Bu cərəyanı “Yaradılış elmi” adlandırmışlar. Amma Təkamül nəzəriyyəsindən başqa elmin heç bir sahəsi ilə məşğul olmurlar. Yeganə hədəfləri Təkamül nəzəriyyəsinin etibarını sarsıtmaqdı. Çoxlu kitab yazılaraq pulsuz paylanılır, TV proqramlarda yaradılışçılar öz sübutlarını ortaya qoyur və s. Həmçinin Yaradılış İnstitutu Türkiyədə indi Harun Yahyanın idarə etdiyi Elm Araşdırma Vəqfini yaratdı. Bir müddət sonra isə yaradılış cərəyanı yeni dövrünə qədəm basdı. Bu dəfə “Ağıllı dizayn” adını aldı. “Yaradılış elmi”nin bir neçə mənfisi vardı. Çünki elm adı altında maskalansa belə tanrı, yaradıcı, yaradılış ifadələrini istifadə edirdilər və bu elm anlayışı ilə uyğun deyildi. Yeni cərəyanda bu sözlər ağıllı dizayn, ağıllı dizaynerlə əvəz edildi. “Ağıllı dizayn” cərəyanının təsirlərini öz ölkəmizdə belə hiss edirik. Təbii ki, bu cərəyanın ölkəmizə olan idxalının mənbəyi Türkiyədir. Türkiyədə bu cərəyanı idarə edən isə bir zamanlar kitablarını oxuduğum Harun Yahyadı. Elm dünyasında yaradılışçılığın ciddiyə alınmama səbəbi elmi olmaması ilə yanaşı, tamamilə politik bir cərəyan olmasıdır. Bütün dünyada yaradılışçıların istifadə etdiyi mübarizə üsulları, yazılar, metodlar demək olar ki eynidir və Evangelist - Provoslav qaynaqlarından qidalanır. Bu gün ölkəmizdə bir xeyli məşhur olan Harun Yahyanın “yazdığı” kitablar bu qaynaqların regiona adaptasiya edilmiş halıdır. Bu kimi şərtlər altında bu prosesin əksinə dönəcəyini gözləmək, yəni Təkamül nəzəriyyəsinin geniş kütləyə izah edilməsi və öyrədilməsi bir qədər təəccüblü olar. Çünki ölkəmizdə elmi kitablar tərcümə edilmir. Harun Yahyanın ölkəmizdə təbliğatının başında oturan ilahiyyatçı Ramiq Vəliyevdir. Onların facebookda bir necə səhifələri var. Googledə Təkamül yazın, yaradılışçıların yazıları çıxacaq. Çünki onlarca blog, sayt, səhifə yaradıblar ki, təkamül sözünü yazan olduğu zaman onlara doğru yönəlsin. Onlar sonra nə edirlər? Saxta profillər açılır, bunlar daha çox qadın adları ilə olur. Və başlayırlar böyük qruplarda hazırladıqları videoları paylaşmağa. Dəniz kənarı parkda, şəhərin müəyyən yerlərində, universitetlərdə guya fosil sərgiləri edirlər. Bütün günü bu işlərlə məşğuldurlar, yəqin yaxşı qrant alırlar (gülür.)

Kresionizmin Avropada, dünyada qeyri-ciddi bir yanaşma olduğunu bilmək istəyənlər, məsələn, dünyanın ən böyük universitetləri var, Harvard, Oxford, Yale və Cambridge universitetlərin hər birinin Təkamül şöbələri və bu şöbələrin hər birinin saytları var. Təkamüllə bağlı yeni araşdırmaların nəticələrini bu saytlarda və elmi jurnallarda çap edirlər. Avropa Şurasının Assambleyası 1580 saylı qətnaməsiylə Təkamülün tədrisinə dair deklarasiyası var. Avropa və Amerikanın aparıcı universitetlərində və orta məktəblərində Təkamül nəzəriyyəsi tədris olunur. Mən burdan oxuyub öyrənmək, araşdırma etmək istəyən insanlar üçün özlərinə müəyyən variantlı sualları vermələrini təklif edirəm. Biz hansı yazarı oxumağımızı dəqiq müəyyən etməliyik. Ümumiyyətcə siz bir şəxsi oxuyub onun ciddi bir elm adamı olduğunu bilmək istəsəniz, həmin şəxs haqqında bu sualları özünüzə verib, test edə bilərsiniz:

- Bu yazar məqsədlərinə çatmaq üçün sistematik, test edilə bilinən, təkrarlanan üsullara müraciət edirmi?

- Şəxsin məqsədi, elmi məlumatın yayılmasıdırmı?

- Yazılarında oxucularını araşdırmaya yönləndirirmi?

- Müdafiə etdiyi görüşlərin meydana gəlmə metodları elmi olaraq açıqlana bilərmi?

- Müdafiə etdiyi mövzuları araşdıran universitet şöbələri və ya elmi akademiyalar mövcuddur?

- Müdafiə etdiyi mövzularla əlaqədar məqalələrin nəşr olunduğu yüksək elmi jurnallar varmı?

- Yazılarındakı məlumatlar elmi olaraq test edilə bilərmi?

- Aldığı elmi dərəcə həqiqi akademik işlər nəticəsində olub?

- Elm ətrafında tanınan biridirmi?

- Akademik bir həyatı varsa, bu həyatında etdiyi işlər və araşdırma mövzuları elmidirmi?

- Müəllifin yazılarına dəstək təmin edən digər elmi şəxslər varmı?

- Bu müəllifdən elm dünyasında və ya elmi məqalələrdə sitatlar yazılıb, nümunələr verilirmi?

- Bu şəxslə ortaq fikirdə olan tanınmış elmi mərkəzlər varmı?

Bu kimi sualları özünüzə verərək, kimi və nəyi oxuduğunuzu müəyyən edə bilərsiniz. Unutmamaq lazımdı ki, əlinə qələm alıb yazan çoxdu, ancaq həqiqəti yazanlar çox nadir insanlardı.

- Yəqin sən həqiqətləri deyəndə təzyiq edirlər…

- Əlbəttə, elə yaradılışçı tərəfdarları edirlər. Ancaq mən heç bir şeyi təbliğ etmirəm. İnsanlar var ateizmi təbliğ edir, yaxud da başqa bir sahəni. Mənim bunlarla işim yoxdur. Mən elmlə məşğulam. Ən çox oxuduğum astrofizika ilə, Təkamüllə bağlıdır və oxuduqlarımdan gəldiyim nəticələri ümumiləşdirib paylaşımlar edirəm. Çalışıram sadə dildə insanlara çatdırım bildiklərimi. Mən kiminsə inancına müdaxilə etdiyimi düşünmürəm. Yazdıqlarımda istinad elədiyim elmi mərkəzlər var. Mən bu cür elmi məqalələr yazıb paylaşıramsa kiminsə inancına toxunuram? Axı burda mənim günahım yoxdur. Kimsə deyə bilər ki, denən ilk insanın 7 min yaşı var, mən bunu deyə bilmərəm. Çünki milyon il əvvəlin fosilləri var ortada. Mən elmə əsaslanıram.

- Bir dəfə bu haqda yazmışdın deyəsən. Təkamülün tarixi… Yəni Darvindən əvvəl də Təkamül haqqında fikirlər var idi?

- Bu gün sosial şəbəkədə Darvinin Təkamül nəzəriyyəsinə qarşı böyük bir hücum var. Onun adına təhqirlər belə yazırlar. Əlbəttə, bu məni qətiyyən narahat etmir, çünki bu onların subyektiv seçimləridir. Ancaq bilməliyik ki, Təkamül haqqında düşüncələr antik dövrdən bu zamana qədər irəli sürülmüşdür. Məsələn, Empedoklesə görə canlılar cansızlardan yaranmışdır. Öncə ayrı-ayrı cansız bədən üzvləri yaranmış, sonra sevginin hakimiyyəti gücləndikcə onlar birləşmiş və beləliklə, canlılar yaranmışdır. Sonra canlılar arasında qarşıdurma olmuş, bunun sonu olaraq ən güclüləri yaşamış, zəiflər isə məhv olmuşdur. Təkamül haqqında düşüncələri islam mütəfəkkirləri də müdafiə etmiş və öz yanaşmalarını irəli sürmüşdülər. Əlbəttə, bu alimlər ətraflarına yarıçılpaq qadınları cəlb edib, onlarla rəqs edərək deyil, araşdırma apararaq öz düşüncələrin ortaya qoymuşdular. İslam düşüncəsində təkamül mövzusunu ciddi bir şəkildə ilk işləyən şəxslərdən biri İslam fəlsəfəsi mövzusunda kitabları olan əl-Cahizindir. Əl-Cahizin “Kitabi əl-heyvan” (Heyvanlar Kitabı), 350-dən çox heyvan növünü poetik izahatlarla, lətifələr və atalar sözləri ilə açıqlayan və təyin edən ensiklopedik bir əsərdir. Kitabda əl-Cahiz təbiətin ətraf mühitin heyvanlar üzərindəki təsirindən söz etmiş və təkamülün olmasından bəhs etmişdir. Əl-Cahizin daha çox elm baxımından ələ aldığı təkamül mövzusunu məşhur müsəlman filosof İbn Miskevey tərəfindən fəlsəfi planda araşdırılmışdır. İbn Mskevey, “əl-Fevzü’l-Asgar” adlı əsərinə görə, yüksək aləmdən enən nəfs (ruh) müxtəlif dünya varlıqlarında özünü göstərə-göstərə təkamül etmiş, nəhayət insanlıq mərtəbəsinə gəlmişdir. Ruh bitkidən sürünən heyvanlara, oradan meymunlara və insanlıq mərtəbəsinə qədər yüksəlmişdir. Ərzurumlu İbrahim Haqqı “Mərifətnamə”də təkamül haqqındakı fikirləri var. İslam aləmində “ikinci ustad” kimi tanınan Fərabi “Ara' Bhi el-Medinet el Fədüet” kitabı kainatın təkamülü və dərəcələndirilməsi üzərinə yazılmışdı. İbn-i Sina, İbn-i Haldun, İbni Tufeyl, İbn Nefisin, Biruni kimi islam filosofların təkamül mövzusuna dair araşdırmaları var. Və mən sosial şəbəkədən Təkamülə qarşı aqressiv reaksiya sərgiləyib Darvini təhqir edənlərə sual vermək istəyirəm; niyə təhqir etməyə bu islam filosoflarından başlamırsınız? Axı onlar Darvindən əsrlərcə öncə yaşamışdılar.

- Demək olar ki, Darvin İslam alimlərini oxuyub ilhamlanmışdı?

- Demək olar. Niyə də olmasın? Darvindən öncə Təkamül fikirləri vardı. Darvin sadəcə bunu sistemləşdirib və təbii seçmə mexanimasını öz müşahidələriylə sübut etmişdi. Darvinin də səhvləri vardı. Darvin DNT nədi bilmirdi. DNT-ni hələ son 50-60 ildə kəşf etmişik. Darvinin yaşadığı zamanda dünyanın yaşını 100 milyon il hesab edirdik. Amma bu gün aparılan araşdırmalar nəticəsində tapılmış ən qədim zirkonun yaşına görə planetimizin yaşını 4.5 milyard il olduğunu bilirik. Bu Darvinin nəzəriyyəsinə ziddirmi? Xeyr, zidd deyil, əksinə təsdiq edir. Çünki təbii seçmə üçün böyük zaman kəsiminin olması mütləqdir. Ümumiyyətlə, Təkamül nəzəriyyəsinin daxilində elm adamlarının müzakirəsi gedir. Ancaq bu ümumən Təkamül nəzəriyyəsinin doğru və ya yanlış olması üzərində deyil, təkamülün işləmə mexanizması üzərində edilən araşdırmaların nəticələrinə edilən yanaşmalar üzərindədi. Onların təsdiq edib, etmədikləri tərəflər var. Elmin də yaxşı tərəfi elə budur; yanlışlamaq və doğrulamaq. Elm müzakirəyə açıqdır. Ən çox da müzakirə olunan Təkamüldür. Təkamül eyniylə cazibə kimi bir təbiət qanunundu. İnsanlar bu gerçəyi qəbul edə bilmir. Kütlə bir zamanlar yerin düz olduğunu düşünürdü və bunun əksini iddia edən elm insanlarına qarşı çıxmışdılar. Ancaq günümüzdə yerin düz olduğu yanaşmasını ciddiyə alan yoxdu. Və Təkamüldə hər gün daha öyrənildikcə, insanlar yerin düz olmadığına adaptasiya olduğu kimi bunu da mənimsəyəcək. Bir zamanlar hücum edilən Kopernik, Qaliley olub, indi isə Darvin. Başa düşmək olur, çünki həqiqət ortaya çıxanda tabuların yıxılmasını istəməyənlər üçün bir az çətin olur. Onlar çırpınma dövrünü yaşayırlar və inanıram ki, adaptasiya olacaqlar.

- Taryel, sən astrofizika ilə maraqlanırsan. Astrofizika elmdir. Çoxları astrologiyanın da elm olduğunu iddia edir. Sən necə düşünürsən?

- Astrologiya elm sahəsi deyil. Göy cisimlərini araşdıran elm budaqları astronomiya və astrofizikadır. Astrologiya, heç bir elmi üsul istifadə etməz, idarəli təcrübələrlə əldə etdikləri nəticələri yoxdur. Astrologiya, dünyanın düz olduğuna və kainatın mərkəzində olduğuna inanılan zamanlarda ortaya çıxmış bir inancdır. Hesablamalar Zodyaka görə edilir. Bununla məşğul olan insanlar qazanc məqsədiylə bu işi edirlər. Fərqli ölkələrdə eyni astroloji proqnozlar görə bilməzsiniz. Hələ kvantçılar çıxıb ortaya. Kitablar yazırlar və insanları inandırmağa çalışırlar ki, siz bu kitabda yazılan üsullara əməl etdikdə istənilən arzularınıza çatacaqsınız. Kitablarını satmaq üçün elmdən istifadə edirlər, ondan qazanc əldə eləmək üçün uydurma izahlarla uydurma bir şeylər yaradırlar. Heç kəs deyə bilməz ki, mən Ronda Bernin “Sirr” kitabın oxuyub ona əməl edərək 10000 dollar qazandım. Ancaq inanıram ki, kitabını dünyada 20 milyondan çox satmağı bacaran Ronda Bern yaxşı pul qazana bilib.

- Sən Facebookda çox vaxt sorğular keçirirsən. Elmi suallar verirsən və cavabı tapana kitab hədiyyə edirsən…

- Əslində, kitabı kiməsə hədiyyə etmək istəsəm, edərəm. Burda məqsədim var. Əgər mənim sualımın cavabını bir nəfər doğru biləcəkdisə, on nəfər sualın cavabını müxtəlif mənbələrdən axtaracaqdı. Məqsəd sualın cavabını axtaranları yaratmaqdı.

- Nə qədər qazanan olub?

- O qədər kitab vermişəm ki... (gülür)

- Maraqlı orasıdır ki, Facebookda daha çox əyləncəvi paylaşımlar diqqət çəkir. Bununla belə sənin aktivliyin var və yazdığın elmi fikirləri oxuyurlar...

- Çünki ətrafımda olan dostlar maraqlı insanlardır, araşdıran, öyrənmək istəyən insanlardır. Mən onları, onlar da məni tapıblar. Amma istədiyim qədər aktivliyim yoxdur. Çünki irihəcmli statuslar oxunmur. Mən nə qədər qısaldıram ki, bəlkə oxuyalar. Uzun olanda keçirlər, oxumurlar. İnsanlarımız üçün əyləncə həmişə daha maraqlıdır, nəinki elmi məqalələr. Özlərini sorğulamaq istəmirlər. Lakin elm də əyləncəlidir.

- Taryel, elmi kitablar oxuyursan, amma deyəsən ədəbiyyatla aran yaxşı deyil...

- O qədər yox. Mirzə Cəlili və bir də feminist yazarlar olanda oxuyuram. Maraqlanmamışam ədəbiyyatla amma.

- Niyə? Səbəb nədir?

- Mən ona görə ədəbiyyat oxumuram ki, ondan nəyi öyrənəcəyimi bilmirəm. Tarix boyu Tolstoyla, Dostoyevski ilə irəliləyəcəyimizi də düşünmürəm. Bəlkə də səhv edirəm…

- Amma Eynşteyn Dostoyevskidən təsirləndiyini deyirdi…

- Ola bilər. Mən Dostoyevskini də, Tolstoyu da, ümumiyyətlə digər yazıçıları da oxumağın tərəfdarıyam. Ədəbiyyata qarşı deyiləm. Bu öz subyektiv fikrimdir. Sadəcə, bədii ədəbiyyat oxuya bilmirəm. Mən burdan nəyi qazanacam? Bax onu bilmirəm. Bunu bilmək mənim üçün önəmlidir.

- Bu gün elm çox sürətlə inkişaf edir. Yeni elmi kəşflər ortaya çıxıb. Hətta elm ölümsüzlüyü belə kəşf edib. Daha sonrakı kəşfdə isə insan beynini oxuya biləcəyimizi deyirlər... Bu təhlükəli deyil? İnsanın gələcəyi hara gedir?

- Təhlükəlidir deməzdim. Baxır elmdən kimlər və nə üçün istifadə edəcək. Eynşteyin atomu parçalayanda Xirosima və Naqasakiyə atom bombasının atılması üçün etməmişdi. Bunu pis niyyətləri olan siyasətçilər həyata keçirdi, yəni elmi öz məkirli siyasətlərinə alət etdilər. Süni intellekt Hokinqin sözləriylə desək, insan irqi üçün təhlükəlidir və insan irqini yox edə bilər. Ancaq buna görə elmin inkişafını axsada bilmərik. Planetimizin vəziyyəti günü gündən pisə doğru gedir. Günəşimizin enerjisi bitəcək və sonunda yer planetin udaraq məhv edəcək. Lakin ona qədər böyük bir istiləşməylə üz-üzə qalacağıq ki, bu insanlığın yaşaması üçün əlverişli olmayacaq. Bunun üçün də elmi daha çox inkişaf etdirib bu planetdən insanlıq köçməlidir. Həmçinin biz Günəş sistemiylə bərabər öz qalaktikamızdan da çıxmalıyıq. Çünki Andromeda qalaktikası çox böyük sürətlə üzərimizə gəlir və hesablamalara görə 3.7 milyard il sonra bizim qalaktikayla toqquşacaq. Əlbəttə ki, bizim buna görə narahat olmağa səbəbimiz yoxdur. Lakin elmə təkan verməliyik ki, gələcək nəsillər bu bəlalardan qurtula bilsin.

- Sonda bilmək istəyərdim, sənin üçün ən böyük elm adamı kimdir?

- Hər sahənin dahisi var. Albert Eynşteyn fizik dünyasının dahisidir. Yaxud da Darvin. Ancaq elmi sadələşdirib insanlara, onların başa düşəcəyi dildə çatdıranlar olub. Başa düşəcəyim tərzdə kosmosu mənə izah edən alimlərdən gedir söhbət. Bu mənada Karl Saqanı deyərdim. Çünki o mənə bir ulduz tozu olduğumu çox sadə bir dildə izah edə bilib.

# 2986 dəfə oxunub

Oxşar xəbərlər

“YARAT” “Özüm ilə təklikdə”  plastik tamaşasını təqdim edir

“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir

16:48 26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

15:16 26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

15:04 26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində

Filippinli qonaq Ədəbiyyat Muzeyində

13:47 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

12:54 26 noyabr 2024
"Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" - Xeyriyyə axşamı

"Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" - Xeyriyyə axşamı

11:56 26 noyabr 2024
# # #