Kulis.Az Zülfüqar Rüfətoğlunun "Ölüm xəbəri bir az şişirdiləndə..." məqaləsini təqdim edir.
Dünyada yazıçı üçün öz nekroloqunu oxumaqdan böyük bir həyat hədiyyəsi ola bilməz. O da hər adama qismət olmur.
Bunu, həm də bu mövzunu mənə vermiş dostum Cavanşır Yusifliyə böyük bir təsəlli kimi deyirəm. Bu günlərdə Kulis onun vəfatını elan etdiyi üçün üzr istəyib.
Nə qədər qəddar səslənsə də, əslində Kulis (əlbəttə istəməyərək) bir az da savab işdə bulunub.
Bu fani dünyada nə Kulis, nə də Cavanşir Yusifli nə birinci, nə də axırıncıdırlar.
Uzaq Perunun kiçik bir qəsəbəsində çıxan qəzetdən tutmuş, bütün dünyada 300 milyon tamaşaçısı olan BBC-yə qədər minlərlə media qurumu, sonradan neçə-neçə dostları sevindirmək üçün, əvvəlcə neçə-neçə dostları ağladıb.
Əldə bir qədəh şərab məni əvəz eləmir
Məşhur Ernest Heminqvey xanımı Meri Uolşla 1954-cü ildə nə az, nə çox – iki təyyarə qəzasına düşüb.
Qəzetlər hər ikisinin həlak olduqları barədə gen-bol reportaj dərc ediblər.
Amma ağır xəsarət almalarına baxmayaraq ər-arvad hər iki qəzadan salamat çıxıb. Doğrudur, Heminqueyin bu qəzalarda aldığı zədələr ömrünün qalan hissəsində ona olmazın fiziki ağrılar verib, amma deyirlər ki, hər səhər əlində bir qədəh şampan, o reportajları ləzzətlə oxuyarmış.
Ya səhərlər şampan içməkdən, ya da ustalıqla yazılmış nekroloqların təsirindən böyük yazıçı 1961-ci ildə intihar edib. Ya da başa düşüb ki, indən belə nə qədər yaşasa da, həmin o nekroloqlarda deyilənləri ona deməyəcəklər.
Meri Uolş bu hadisədən sonra hələ 25 il də yaşayıb.
Ölən əmisi oğlu imiş
Dahi Mark Tveni də iki dəfə rəhmətlik elan ediblər. 1897-ci ildə onun ağır xəstə yatdığını bilən bir qəzet redaktoru müxbirini yazıçının evinə göndərib. Müxbir də gəlib görüb ki, can üstdə olan Mark yox, onun əmisi oğludur. Təbiidir ki, heç bir nekroloq-filan dərc edilməyib, amma əvəzində Mark Tven özü, 1907-ci ildə ikinci dəfə “hoqqa” çıxarıb. O, dəniz gəzintisinə çıxdığı yaxta ilə bir müddət itib və qəzetlər onun güman ki, öldüyü barədə xəbərlər dərc edib.
Yalnız bundan sonra, sahilə sağ-salam qayıdan yazıçı elə həmin gün “Nyu York” jurnalında məzəli əhvalatını dərc etdirib. Məşhur “mənim ölümüm barədə xəbərlər bir qədər şişirdilib” ifadəsi də həmin yazıdandıır.
Tven 1910-cu ildə, ciddi şəkildə vəfat edib.
Mərhuma da şər atarlarmı?
Peruda çıxan “La Republika” qəzeti 2000-ci ildə Qabriel Qarsiya Markesə xərçəng diaqnozu qoyulandan bir müddət sonra onun “Əlvida” şeirini çap edib.
Markes xəstəliyinə baxmayaraq qəzetin redaktoruna zəng edib, ona dişinin dibindən çıxanı deyib.
Yox, yazıçını məqalə yox, ona əlavə edilmiş həmin o, “Əlvida” şeiri özündən çıxarıbmış.
Yazıçı redaktordan soruşub: “Sən doğrudanmı inanmısan ki, bu vecsiz, zəif, axmaq və ipləmə şeiri mən yazmışam?”
İndi təsəvvür edin ki, Markes doğrudan da öləydi (o, bu ilin aprelində dünyasını dəyişib) və bütün dünya həmin o “cılız” şeirin dahi yazıçının qələmindən çıxdığını düşünə-düşünə qalaydı.
Bu səhər oxudum ki, ölmüşəm...
Məşhur Mauqlinin yaradıcısı Redyard Kiplinq daha yumşaq adammış. Onun nekroloqunu, vaxtaşırı şeir və hekayələrini dərc edən jurnal səhvən çapa verib.
Ertəsi gün Kiplinqdən məktub gəlib:
“Hörmətli redaksiya!
Elə indicə oxuduğum xəbərə görə mən vəfat etmişəm. Acizanə xahiş edirəm ki, məni abunəçilərinizin siyahısından çıxarasınız...”
Amma yazıçılar da müxtəlif olur və onların heç də hamısı öz ölüm xəbərinə yumor hissi ilə yanaşa bilmir.
Samuel Teylor Kolric 1816-cı ildə bir oteldə yaşayarkən, yanında qəzet oxuyan və əlbəttə onu tanımayan bir kişi deyir ki, qəzetdə yazıçının ölüm xəbərini veriblər:
- Adamın heç ağlına gələrdimi ki, “Tövbə” kimi uğurlu bir pyesdən sonra onu yazan özünü assın?
- Bəli, heç adamın ağlına gəlmir ki, o, belə bir iş tutsun, ələlxüsus da, hal-hazırda bunu sizinlə müzakirə edirsə... - deyib Kolric.
Sonradan bəlli olub ki, parkda özünü asmış şəxsin köynəyində “Samuel Teylor Kolric” yazılıbmış. Yazıçı onda başa düşüb ki, itirib-tapa bilmədiyi həmin o andır köynək əslində oğurlanıbmış.
Fidelə Reyqan mərsiyəsi
Qəribə zəmanədə yaşayırıq. Bizi əhatə edən maşınlar, dəzgahlar, əlimizdəki, cibimizdəki cihazlar kamilləşdikcə öz beynimiz kütləşir.
“Vaxtsız” və ya “erkən” nekroloqlar təkcə sənət adamlarının yox, dövlət rəhbərlərinin də başına gəlir.
Çoxu da ona görə olur ki, elektron əsrimizdə Röytersdən tutmuş CNN-ə qədər bütün özünə hörmət edən iri media qurumlarının hazır “nekroloq bankı” var. Bunlar çox vaxt redaksiya kompüterlərində əvvəlcədən hazırlanmış “elektron qəliblərdə” olur.
Bunu ona görə edirlər ki, məsələn, bir də gördün hansısa dövlət başçısı bu dünyadan getmək qərarını, bazar günü və ya bayram vaxtı verdi. Redaksiyalarda da həmin vaxt aşağı ranqlı işçilər çalışır. Elə ki, filan prezidentin ölüm xəbəri gəldi, həmin qəlibi verirlər çapa və ya efirə. Bəzən heç qəlibin içindəkinə də baxmırlar.
Məsələn, CNN-nin Kuba lideri Fidel Kastronun nekroloqunu o sağ ola-ola verməsi bir yana qalsın, onun haqqında hətta belə ifadələr də işlədib: xilasedici, idmançı və kino ulduzu...Sən demə Fidel Kastronun nekroloqunu Ronald Reyqanın “qəlibində” saxlayırmışlar.
Mərhuməyə şərab verin
Bu münvalla, Britaniyanın demək olar, bütün baş nazirləri hələ ölməmişdən nə qədər rəhmət qazanıblar. Çünki sağlıqlarında onlara nifrət edən daha çox olur.
Üstəlik, Erdoğan demişkən bu “avara” Tvitter, Facebook çıxandan, belə yalanların da sayı artıb.
Xəstə vaxtlarında Marqaret Tetçer katibindən soruşur ki, “baxın görün Facebook-da nə yazırlar?” Katib bir qədər tutulur, lakin gözləri keçmiş baş nazirin hələ zəhmini itirməmiş nəzərələri ilə toqquşanda “hmm, mem, yazırlar ki, siz guya Allah eləməmiş, vəfat etmisiniz” deyir.
-Boğazım lap quruyub. Zəhmət olmasa, mərhuməyə bir qədəh şampan verin – deyir Tetçer. Dəmir ledi ki, dəmir ledi...
Pişiyə də nekroloq (rəhmət) düşür
Hələ baş nazirlər bir yana qalsın, görün bir Britaniyanın hökumət evi sayılan Dauninq Strit 10-da yaşayan pişiyin başına nə oyun açıblar.
Britaniya baş nazirlərinin iqamətgahında tarixən ənənəvi olaraq həmişə pişik olur ki, xalq qəzəblənsə kimisə ağaca dırmaşdırmaq mümkün olsun.
Bu pişiklərdən birinin adı Hamfrey imiş. Bir gün Londona küy düşür ki, binəva Hamfreyi yola verməyən birinci ledi, daha doğrusu keçmiş baş nazir Toni Bleyerin xanımı Şeri onu xəlvətcə öldürtdürüb.
Mətbuat bu məsələni o qədər çürüdür ki, 1995-ci ilin sentyabrında baş nazirin sözçüsü xüsusi bəyanatla çıxış edir və bildirir ki, Hamfreyi iyun ayından bəri görən olmayıb və o, “ölmüş hesab edilib”.
Lakin bundan az sonra, Hamfrey qəflətən ölmək və xəcalətindən yerə girmək əvəzinə, qəflətən hökumət iqamətgahında peyda olur. Sən demə qonşuluqdakı xəstəxanada ona o qədər üz göstəriblər ki, evə qayıtmaq yadından çıxıb.
Hökumət “qır-saqqız” mətbuatdan qisas kimi, Hamfreyin adından acı istehza dolu bir bəyanat verir: “Mən Kral Hərbi Tibb Kollecində yaxşı bir məzuniyyət keçirdikdən sonra qayıtmağımdan hədsiz məmnunluq duyur və parlamentin yeni sessiyasının açılışını səbirsizliklə gözləyirəm”.
Bu sırtıq bəyanat parlamentə elə bir od qoyur ki, adətən “it oynadan” kimi tanınan millət vəkili, keçmiş müdafiə naziri Alan Klark hökumətdən pişiyin sağ olduğunu rəsmi qaydada təsdiq etməsini tələb edir.
Beləcə, qəzetlərin birinci səhifəsində, həmin gün dərc olunmuş qəzetlərin üstündə (ayın tarixi görünsün deyə) oturmuş Hamfreyin mübarək və qədərindən tox portreti dərc olunur.
Nobeli müdrikləşdirən nekroloq
Amma kütbeyinliyin nəticəsi olsa da, vaxtsız nekroloqlar bəzən qəhrəmanlarını müdrikləşdirir və onları sanki ikinci dəfə dünyaya gətirir.
1888-ci ildə silah istehsalçısı və Nobel mükafatının təsisçisi Alfred Nobelin qardaşı Lüdviq vəfat edəndə, bir neçə qəzet səhvən onun üçün nekroloq yazmışdı.
Qəzetlərdən birində dərc olunmuş məqaləyə “Ölüm taciri öldü” sərlövhəsini qoymuşdular.
Alfred dəhşətə gəlir: “İlahi, öləndən sonra məni beləmi yad edəcəkmişlər”.
Hadisə ona o qədər təsir edir kİ, varidatının böyük bir hissəsi ilə dünyada elmi və əmin-amanlığı inkişaf etdirənlər üçün böyük pul mükafatı təsis edir.
Deyilənlərə görə, Nobel o vaxtdan sonra tamam başqa bir adam imiş... Müdrikləşibmiş.
Epiloq
Bəs mən necə, müdrik ola bilmişəmmi? Düşünürəm ki, hər halda bir az ola bilmişəm. Ötən fevralda ağır xəstələnib iki həftə komaya düşəndən sonra bu dünyanı tanıya bilməmişdim.
Demək olar, əksər həmkarlarım, əksər qəzetlər narahatlıq keçiribmişlər. “Tanınmış jurnalist ölüm ayağında” kimi başlıqları oxuyanda bir az da Heminqueyin feyziyab olduğu hissləri yaşamışdım. Bu xəbərlərin içindəki fotolarımı da tanıya bilmirdim. Nə qədər kövrək, nə qədər nakam... və romantik. Adamı lap ağlamaq tutur.
Amma xəcalət də çəkmişdim. Qapısını illərlə vəfasız və insafsızcasına açmadığım, Allahın zəngini belə eləmədiyim nə qədər qohum, dost-tanış mən ölüm yuxusunda olanda yuxusuz qalıbmış.
Amma müdriklik də gəlib. İndi doğrudan öləndə, dəfnimə kimlərin gələcəyini az-çox bilirəm. Kimlərin gəlməyəcəyini də... İllərdən bəri ürəyimin kitabından sildiyim elə “dost”larım da oldu ki, haradansa peyda olub, yada saldılar, zəng elədilər. Bu vəfasız dünyaya baxıb bir daha vəfasız olmamaq vədi də verdik bir-birimizə. İndi hələ ki, sağam. O dostları yenə də görmürəm.
Kiminsə əlindən kövrək bir nekroloq yazmaq xoşbəxtliyini almışam.