“İxtisasım üzrə bir gün də işləməmişəm”

“İxtisasım üzrə bir gün də işləməmişəm”
16 dekabr 2012
# 08:30

“Köhnə tüfəng” layihəsinin qonağı Lent.az İnformasiya Agentliyinin baş direktoru, bu gün 44 yaşı olan Qabil Abbasoğludur. Kulis.Az Qabil bəyi ürəkdən təbrik edir, ona uzun və mənalı ömür arzulayır.

- Gəncədə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmisiniz. İxtisasca jurnalist deyilsiniz, ancaq ilk iş yeriniz səhv etmirsəmsə, “Yeni Müsavat” olub.

- Rauf bəylə tanışlıqdan və “Yeni Müsavata” gəlməzdən öncə - tələbə olanda – akademiyada hərəkatın fəallarından idik. O vaxt ölkə miqyaslı qəzetlərin birində hərəkatın ideya və prinsiplərinə zidd olan bir yazı dərc olunmuşdu. Yazının müəllifi tanınmış imzalardan biri - Rəhim Əliyev idi. Çox sanballı yazılarla çıxış edirdi. Amma o yazı ideoloji baxımdan bizi qane etməyən məqalə idi. Həm də bir gənclik çılğınlığı vardı, ona cavab vermək ehtiyacı hiss elədim. Onda ilk yazımı yazaraq həmin qəzetə göndərdim. Çap elədilər, ancaq xeyli dəyişiklik etmişdilər. Sonra Rauf bəylə tanış olduq. “Yeni Müsavat”da qeyri-rəsmi şəkildə işləməyə başladım. 1992-ci ildə AzərTAc-ın Gəncəbasar İnformasiya Mərkəzinin baş redaktoru təyin edildim, bu, mənim ilk rəsmi iş yerim idi.

- Burada təcrübə azlığı sizə mane olmadı ki?

- Tələbə Gənclər Hərəkatının öncüllərindən sayılırdıq. Mətbuatın içərisində olduğumuzu da bilirdilər. Sonra məni “Yeni Müsavat”dan tanıyırdılar, daha doğrusu bilirdilər ki, qəzetin işinə köməklik edirəm. Gəncədə hərəkatın informasiya məsələləri ilə məşğul olan bir neçə gənc vardı, onlardan da biri mən idim. Görünür, bu sahədəki bacarıqlarım cəlb etmişdi, bu vəzifəyə təyin etdilər, işlədik, heç bir narahatlıq olmadı. Onda 24 yaşım vardı. AzərTAc-da cəmi 8 ay işlədim.

- Və yenidən “Yeni Müsavat”a qayıtdınız...

- 1993-cü ilin martında AzərTAc-da işdən çıxıb Bakıya gəldim. Sözün düzü, rəsmi trafaret xəbər istehsalı məni yorurdu. Ordan çıxdım, “Cümhuriyyət” qəzetində işlədim. Sonra Xalq Cəbhəsinin informasiya mərkəzində çalışdım, eyni zamanda “Yeni Müsavat”dakı fəaliyyətimi bərpa elədim. 1996-cı ildə “Müxalifət” qəzetinin şöbə redaktoru oldum. 1998-ci ildə yenidən “Yeni Müsavat”a qayıtdım.

- 2005-ci ildə “Gün səhər” qəzetinin baş redaktoru oldunuz. Bu gedişiniz əvvəlki iş yerinizdə narahatlıq yaratmışdı deyəsən...

- O vaxt Rauf bəy həbsdə idi. Qəzet faktiki olaraq mənim rəhbərliyimlə işləyirdi. 2004-cü il sonunda qəzetin fəaliyyətində müəyyən problem yarandı. Problemlər nəşri davam etdirə bilməyəcək səviyyədə idi. Kollektivə elan elədik ki, qəzetin taleyi bəlli deyil, kim istəyirsə özünə iş tapsın. Həmin vaxt artıq mən də bəzi məsələlərə görə qəzetdən getmək qərarı vermişdim. Həbsxanada Rauf bəylə görüşdük, məsləhətləşdik, məlum oldu ki, hər halda “Yeni Müsavat”da problem olmayacaq. Ora yeni rəhbər təyin olundu, mən də rahat şəkildə iş yerimi dəyişdim, heç bir narazılıq olmadı.

- Yerli media ekspertləri “Gün səhər”i ən yaxşı qəzetlərdən hesab edirdilər. Amma qəzet uzunömürlü olmadı. Qəzetin uzun ömürlü olmamağının günahını kimdə axtarmaq lazımdır, oxucuda, yoxsa fərqli qəzet çıxarmaq istəyən rəhbərlikdə?

- Mətbuatın taleyini bazar həll edir. Bu, təbiidir, çünki media qurumunun özü də bir müəssisədir, müəssisənin isə yaşama şərtləri var. “Gün səhər” əsasən beynəlxalq təşkilatların qrantı hesabına fəaliyyətə başlamışdı. Ancaq sonradan bir ilə yaxın öz hesabımıza nəşr olunduq. O vaxtlar rəqabətə dözməyin çox ciddi şərtləri vardı: mövcud siyasi gərginliyin fonunda hansısa tərəfi seçməli, mütləq kiminsə tribunası olmalı idin. Biz də çalışırdıq olmayaq. Həm də o vaxt reklam bazarı indiki kimi deyildi. İndi qəzetlərə dövlət vəsaiti ayrılır, o vaxt belə şey yox idi. İndi orta tirajlı qəzetlərə ayrılan vəsait o vaxt bizə ayrılsaydı, “Gün səhər” yəqin ki yaşayırdı.

“Gün səhər”in böyük kollektivi vardı, bu, kollektivi saxlamaq çox çətindi. Sınıq-salxaq qəzet çıxarmaq olardı, ancaq biz yığışdıq və belə qərara gəldik ki, biz bu çətinliyi niyə çəkməliyik ki? Mümkündürsə, yaxşı qəzet çıxaraq, mümkün deyilsə, gedək başqa işlə məşğul olaq. Qərarımızı verdik. Və bir müddət sonra Lent.az baş redaktor gəldim. O gündən burdayam.

- Çox maraqlı məqama toxundunuz. Son illərdə elə bir qəzet oldumu ki, siyasi qüvvəyə söykənmədən uğur qazana, yaşaya bilsin?

- Yaşayan təbii ki olmadı. Hansısa siyasi qüvvəyə bağlılığı olmayan “Gündəlik Azərbaycan” qəzetinin belə aydın siyasi mövqeyi vardı.

- Ümumiyyətlə, media qurumlarının hansısa siyasi təşkilata yaxın və yaxud bağlı olmasına necə baxırsınız? Məsələn, Türkiyədə belə bir təcrübə var və buna normal yanaşırlar.

- Normal şəraitdə partiyalı qəzet çıxa bilər. Ancaq ümummilli qəzetə çevrilmək istəyirsənsə, bunun konsepsiyası başqadır. Taleyini özün müəyyən etməlisən. Əsas iradlar onun üzərindədir ki, partiya qəzetisənsə, özünə ümummilli qəzet demə.

- Jurnalistin özünün siyasi partiya üzvü olmasına necə baxırsınız?

- Əslində jurnalist siyasi partiya üzvü olmasa yaxşıdır. Ancaq olmağını da jurnalist fəaliyyəti üçün problem hesab etmirəm. Bir şərtlə ki, işinə vicdanlı jurnalist kimi yanaşsın. Öz mövqeyini materialda əks etdirməsin. Ancaq bu bir arzudur, bunun mexanizmi bir az çətindir. Partiya vicdanı ilə qəzetçilik vicdanı toqquşanda nəyi seçmək lazımdır, bu müşkül məsələdir.

- Bir az da konkretləşdirsək, partiyalılıq Azərbaycan jurnalistlərinin fəaliyyətinə mane olurmu?

- Təcrübəli, qabiliyyəti insanlara çox mane olmur. Onlar partiyalılığı problem də saymırlar. Onlar üçün bir missiya var və bunu həyata keçirmək üçün də rəhbərlik etdiyi, çalışdığı qəzet bir vasitədir. Prinsipcə o insanları qınamaq da doğru deyil. Qəzet kommersiya müəssisəsi kimi fəaliyyət göstərib, vergisini ödəyir, hesabatlarını verir, dövlətlə münasibətlərini tənzimləyirsə, deyəcək bir söz yoxdur. Alıcı onu istəməsə, qəzet bir aydan sonra dayanacaq. Qəzet rəhbərliyi də başa düşəcək ki, bu cür fəaliyyət göstərmək mümkün deyil.

- Əvvəlki illərlə müqayisədə yaradıcılıq baxımından hansı inkişafı, hansı geriləmələr var?

- Son illərdə mediada xeyli irəliləyişlər var. Həm maddi-texniki bazanın yaxşılaşdırılması üçün dövlətin atdığı addımlar, həm də obyektiv inkişaf qeyd edilməlidir. Əvvəllər məmurlarımız çox dözümsüz idilər, getdikcə öyrəşməyə başlayıblar. Bundan başqa, dünyanın inkişaf etmiş ölkələrində olan yanaşmalar, baxışlar bizə də yansıyır. Azərbaycan elə bir məkandır ki, daha çox Avropadır, nəinki Asiya. Avropanın bir parçası olmağı istəyən ölkə qanunvericiliyində də dəyişikliklər edir. Azərbaycanda mətbuatla bağlı qanunvericiliyi mükəmmələ yaxın hesab edirəm. İcra ilə bağlı problemlər isə indi də mübahisə mövzusudur, ancaq belə problemlərin sayı getdikcə azalmaqdadır.

Başqa bir məqam. O vaxt internet yox idi, indi xəbər mənbələrinin sayı müqayisə olunmaz dərəcədə artıb.

Onlayn fəaliyyət jurnalistin peşəkarlıq vərdişlərini artırmağa kömək edir. Əvvəl jurnalist bir reportaja gedirdi, gəlib axşama qədər çay içirdi, reportajı axşam yazırdı. İndi reportajı hadisə yerində yazmasan, uduzursan. Belə şərait məcbur edir ki, jurnalist öz üzərində işləsin. Redaktor da jurnalistin peşəkarlığının günü-gündən artmasında maraqlı olur. Obyektiv inkişaf və məcburi addımlar medianın irəli getməsini şərtləndirir.

- Belə bir fikri tez-tez səsləndirirlər ki, o vaxtkı jurnalistlərin ümumi səviyyəsi indiki jurnalistlərin səviyyəsindən bir neçə dəfə üstündür.

- Mən bu fikirlə qəti razı deyiləm. Bir mühüm məqamı nəzərə almaq lazımdır: söhbət xəbər jurnalistikasından gedirsə, bu, Azərbaycanda indi yaranır. Gözəl qələm adamları, usta jurnalistlərimiz olub ki, onların zərrəsini belə tapmaq çətindir. Bununla razıyam, amma bu adamlar publisist olublar. Xəbər jurnalistikası olmayıb. İndi xəbər jurnalistləri yetişir. Mənə elə gəlir ki, qarşılıqlı uyğunlaşma prosesi zəruridir, getməlidir. Əks halda, nəsillər arasında anlaşılmazlıq yaranacaq.

- Jurnalistika fakültəsinin səviyyəsinin dəyişdiyi ilə bağlı da fikirlər var. Bu fikirlərə necə yanaşırsınız?

- İstedadlı adam mətbuata jurnalistika fakültəsindən gəlibsə, çox gözəl. İstedadsız adamın hardan gəlməyinin heç bir fərqi yoxdur. Jurnalistika fakültəsini bitirən onlarla insan əlimizdən, yanımızdan gəlib-keçib, xəbər yaza bilməyiblər. Ancaq elə istedadlı adamlar var ki, jurnalistikanı qurtarmayıb. Jurnalistikanı qurtarmayan, amma uğur qazanan insanların böyük əksəriyyəti köhnə nəsildəndir. O vaxt jurnalistikaya 25 nəfər qəbul vardı. Azərbaycanda isə qələm tutmaq istəyənlərin sayı həmişə çox olub. Jurnalistika nüfuzlu fakültə idi, qələm tutmaq istəyənlərin hamısı bura daxil ola bilmirdi. Ona görə başqa təhsil almağa məcbur idilər. Sovet təhsil sistemi stereotipi onları başqa yerlərdə oxumağa məcbur idilər. Mən öz ixtisasım üzrə bircə gün də işləməmişəm. Üçüncü kursdan jurnalistikaya başlamışam. Özü də ixtisasımı da vicdanlı şəkildə mənimsəmişəm, akademiyanı qırmızı diplomla qurtarmışam.

- Lent.az-ın baş direktoru olaraq qəzetləri özünüzə rəqib görürsünüzmü?

- Bütövlükdə sahədə olan media qurumlarının hamısı bir-birinin rəqibidir. Amma fəaliyyət formasına baxsaq, bizə yaxın rəqib saytlardır. Qəzet hər dəqiqə xəbər qoya bilmir, amma qəzet elə gözəl araşdırma, reportaj edə bilər ki, səndən fərqlənər. Bu məqamda qəzetləri rəqib kimi nəzərə almalısan və daim nəzərimizdədir. Bir maraqlı müşahidəm var: sanki Azərbaycanda bir media qurumu fəaliyyət göstərir, biz onun xəbər səhifələriyik, qəzetlər isə şərh və araşdırma səhifələri... Bunun özü də maraqlı və çox yaxşıdır. Qəzet fərqli cəhətlərini göstərməli, inkişaf etdirməlidir. Düzgün planlaşdırma olmalıdır, bilməlisən ki, saytlar oxucuya nə verdi, sabah sən nə verməlisən.

- Bu günlərdə Türkiyədə internet media qurumları bir deklorasiya imzaladı ki, hətta istinadla olsa da bizim xəbərləri verməyin. Azərbaycanda belə bir addım atılsa, vəziyyət necə olar?

- Qəzetlər imzalasalar, saytlara o qədər problem yaranmaz. Amma etiraf edək ki, saytlar imzalasalar, qəzetlər üçün çətinlik yaranar. Doğrudur, saytlar olmayanda da qəzetlər işləyirdilər. Ancaq indi xəbər işində bir az geri qalacaqlar. Qəzet rəhbərləri olan dostlarımız etiraf edirlər ki, saytların olması işimizi yüngülləşdirib, bəzi əməkdaşlara ehtiyac qalmayıb. Mən də qəzetlərdən hansındasa xoşuma gələn materialı istinadla saytımıza qoymuşam. Biz də bu materialları itirə bilərik. İtki qarşılıqlı ola bilər, biz az itirəcəyik, onlar çox. Belə şeyi arzulamıram. İnformasiya mexanizmi formalaşmayıb ki, qəzet özü informasiya agentliyi kimi fəaliyyət göstərsin. Hələlik saytlar qəzetlər üçün informasiya mənbəyi rolunu oynayır. Azərbaycan səviyyəsində olan ölkələrdə mənbələri azaltmağa yox, artırmağa ehtiyac var.

- Bütün dünyada internetə marağın artdığı, çap mediasına marağın azaldığı bir durumda qəzetlərin gələcək taleyini necə görürsünüz?

- Belə bir fikir var: “Televiziya radionu öldürə bilmədiyi kimi, internet də qəzeti öldürə bilməyəcək”. Avstriya alimi Ripli yazırdı ki, yeni media növü özündən əvvəl gələnin auditoriyasından yararlanmır, yeni media növlərinin hər biri üçün bu çətinlik mövcuddur. Bu, çox maraqlı və dürüst ifadə olunmuş bir fikirdir. Televiziya radionun auditoriyasını götürmədi, özünəməxsus auditoriya yaratdı. Təcrübə göstərdi ki, internet media qəzetin oxucusunu tam şəkildə götürə bilmir. Bir qismini, hər şeyi oxuyanları götürə bilər. Biri deyir ki, mən ümumiyyətlə qəzet oxumuram. Bunu ona görə demir ki, qəzet pisdir, onun ümumiyyətlə qəzet oxumaq vərdişi yoxdur. O, yazını saytdan oxuyur. Saytlar bu oxucunu çox çətinliklə, əziyyətlə qazanıb. Bütün bunları nəzərə alaraq, birinin digərini öldürəcəyini zənn etmirəm. Ancaq bir şey də var: media növlərinin içərisində ənənəsi, fəlsəfəsi olan yalnız qəzetdir. Ənənəsi, fəlsəfəsi olan şeylər heç vaxt ölmür. Bəşər üçün yazının əhəmiyyəti nədir, bu, artıq təsdiqini tapıb. Texnika bu gün var, amma sabah olmaya bilər. Adama demirlər ki, sənin alnına veriliş yazılıb, deyirlər ki, yazı yazılıb. Yazının fəlsəfəsi çox böyükdür.

- Aydındır ki, planlaşdırmada qəzetlərə diqqət yetirirsiniz. Ancaq əksər səhifələrini oxuduğunuz qəzet varmı? Hansısa qəzeti bu şəkildə oxumağa vaxtınız çatırmı?

- Dediyiniz kimi qəzetlərə hər gün baxıram və diqqətimi çəkən materialları bütövlükdə oxuyuram. Bu cür məqalələri qəzetlərin saytlarından oxumağa üstünlük verirəm. Belə vərdiş etmişəm və bu vərdişi tərgitmək istəmirəm. Əslində mümkün də deyil.

- Bir az Lent.az-dan danışaq. Lent.az qıraqdan daha çox internet qəzet təsiri bağışlayır. Siz necə düşünürsünüz?

- Biz yaranan vaxt Azərbaycanda internet qəzet söhbəti gündəmdə idi. Sonra get-gedə bu söhbət öldü. Bizə bu anlayış Rusiya və Türkiyədən gəlmişdi, onlara isə Avropadan. Artıq bizə çatanda Avropada bu anlayış yox idi. Sonra Rusiyada və Türkiyədə də bu anlayış itdi. Bizdə qalmışdı, ancaq iki il ərzində yoxa çıxdı. Yəni bu, daha çox keçmişə aid olan anlayışdır, ancaq yaxşı ifadədir. Biz portalıq, ancaq internet qəzet ifadəsi mənə daha yaxındır. Lent.az-ı yaradanda da Vüsalə xanımla məqsədimiz bu olub. Bu illər ərzində də buna çalışmışam. Biz yarananda sonuncu tanış olduğumuz oxucu qəzet oxucusu idi.

- Lent.az həcm etibarilə çox böyük yazılara yer verir. Bəzən narazılıqlar eşidirik: yazını oxuyanacan adamın nəfəsi kəsilir. Bu narazılıqlarla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...

- Bu cür yazıların verilməsi üçün bir şərt var: material çox maraqlı, oxucuya yaxın olmalıdır. Sulu yerləri çıxarmaq, materialın ən yaxşı yerlərini vermək lazımdır. Elə bir hissə qalmalıdır ki, oxucular ayrıla bilməsin. İnsanlar o vaxt narazılıq edirlər ki, iş-gücləri çox olur. Deyirlər ki, işimizin-gücümüzün bu vaxtında bu boyda materialı necə oxuyaq? Ancaq əmin olun ki, evdə o materialı çay içə-içə oxuyur. Bizim məqsədimiz zorla kiməsə nəsə oxutdurmaq deyil. Məqsədimiz oxuyan adama maraqlı material təqdim etməkdir. Bunun bir müsbət cəhəti də var ki, insanlarda oxu vərdişi yaradır.

- Başqa saytlar isə bunu etməməyə çalışır.

- Bəli, çalışırlar ki, təkrarlamasınlar. Meydan oxumaq kimi çıxmasın, bir az özünə arxayın olmalısan. Bir az həssas vəziyyətdə olan saytlar həcmi çox böyük olan materialları verməyə risk etmirlər. Bizim ayağımız yerə bərk basılıdır, arxayınıq. Arxayınıq ki, maraqlı olmaq şərtilə verdiyimiz istənilən materialı oxuyacaqlar. Başqa saytlar fikirləşir ki, böyük həcmli material verməyim, oxucu qaçar, amma Lent.az-ın belə bir problemi yoxdur. Həm də təkcə özümüzə yox, həm də oxucuların səviyyəsinə arxayınıq. Biz bilirik ki, Lent.az-ı ciddi adamlar oxuyurlar, onlar üçün həcmin əhəmiyyəti yoxdur. Mən böyük materialın bölünüb verilməsinin tərəfdarı deyiləm. Bir hissəsini qoyursan, ondan sonra nə qədər material gedir, bu qədər informasiya verirsən və sonra yenə yadına salırsan ki, o biri hissə də var. Çalışıram ki, materialı bölməyim, bu, nadir hallarda ola bilər. İlk vaxtlarda bunu edirdik, oxucunun Lent.az-ı gözləməsi ehtiyacı vardı. “Ardı var”ın bu cür faydalı tərəfi var. Amma bir şərtlə ki, oxucu sadiq olsun. Məncə, bir maraqlı materialı təqdim edib, digər maraqlı material haqqında fikirləşməlisən, nəinki bir maraqlı materialı üç dəfə təqdim etmək haqqında.

- Azərbaycan mətbuatında bəyəndiyiniz beş imzanın adını çəkin lütfən.

- Qeyri-obyektivlik kimi görünməsin deyə Lent.az-a yazan, bizimlə əməkdaşlıq edən dostların adını çəkməyəcəyəm. Çünki bəyəndiklərimin çoxu onların içərisindədir. Ancaq kənardan Xalid Kazımlı, Azər Qaraçənli, Şahvələd Çobanoğlu, Hikmət Sabiroğlu və Seyfəddin Hüseynlinin yazılarını bəyənirəm.

- Fərqləndirdiyiniz saytlar və qəzetlər hansılardır?

- Nisbətən gənc olsa da Qafqazinfo.az-ı yaxşı başlanğıc hesab edirəm. “Yeni Müsavat” əbədi favoritdir. “525-ci qəzet” daim diqqətimdədir. Özümüzdən danışmayım. Vəssalam, bu qədər.

# 3500 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #