Dükandan oğurluq edənləri bağışlayaq

Dükandan oğurluq edənləri bağışlayaq
4 aprel 2016
# 09:00

Ev dustaqlığına məhkum olunmuş rejissor Cəfər Pənahi “Taksi” filmində İran kinosunda geniş yayılmış “yoxsul uşağın çətinliklərə rəğmən vicdanlı davranışı” brend motivini bir epizodla heçə endirir, bu kinoillüziyanı dağıdır.

11 yaşlı qızcığaz dərs tapşırığına uyğun olaraq müəyyən şərtlər daxilində film çəkməlidir: müsbət qəhrəman qalstuk taxmamalı, personajlar islam adı daşımalı, zorakılıq, siyasət, iqtisadiyyat motivi olmamalıdır.

Onun kamerasına təsadüfən zibillikdən şüşə butulka yığan yaşıdının bir kişinin cibindən düşən pulunu götürmə anı tuş gəlir. O, oğlandan pulu geri qaytarmağı xahiş edir, əks halda filmin tapşırığa uyğun olmayacağını deyir: “Əgər pulu geri versən, filmin qəhrəmanı olarsan. Mən fədakarlığı və xeyirxahlığı göstərmək istəyirəm”. Oğlanın cavabı isə sərtdir: “Mən qəhrəman olmaq istəmirəm, pulu isə atama verəcəyəm”.

Pənahi mesaj verir: hər şey göstərildiyi kimi ideal, poetik deyil, sosial ədalətsizlik, insanların yaşamaq uğrunda mübarizəsi xırda cinayətlərə yol aça bilər. Zira o, xırda cinayətkarları hədəf seçmir, onun hədəfi sistem, insanları buna sürükləyən idarəetmədir.

...Həmişə xəbər portallarında, informasiya proqramlarında, filmlərdə xırda oğurluq edən adamları görəndə, onların polis tərəfindən yaxalanmasını istəmirəm. Çünki mənim səbəblərim Pənahinin səbəbləri ilə eynidir.

Bu mövzuda çoxdan “Fokus” kino jurnalında yazmışdım. Bir neçə gün öncə sosial şəbəkədə həmkarım Aytən Məmmədovanın paylaşımını oxuyanda “xırda cinayətkarlıq” məsələsini yenidən xatırladım:

“Göyçayın kəndində evdən un kisəsi və soyuducudakı ərzaqları oğurlayıblar. Ev sahibi də "Azadlıq"a şikayət məktubu göndərib ki, oğru tapılmır. Bilirəm, oğurluq yaxşı iş deyil, amma bu oğrunun tapılıb tutulmasını istəmirəm”.

Son bir ayda ictimai-siyasi sahədə fəaliyyət göstərən bır qisim tanınmış adam azadlığa buraxılır. Onların taleyi cəmiyyətin də, beynəlxalq təşkilatların da daima diqqət mərkəzindədir və bizi də həmişə narahat edib.

Bir də var, diqqətimizdən kənarda qalan, xatırlamadığımız, sadəcə xəbərlərdən oxuyub gördüyümüz, dərhal da unutduğumuz, sosial bərabərsizlikdən əziyyət çəkən xırda cinayətkarlar... Məmləkətin az qala hər küncü o adamlarla doludur.

Dükandan mobil telefon oğurlayan ahıl kişi, həbsdə yatan atasını yoluxmaq üçün yol pul tapmadığından dükandan oğurluq edən gənc və s.

İş o yerə çatıb ki, hər gün qohumunun, qonşusunun evindən oğurluq edənlər haqda bol- bol xəbərlərlə rastlaşırıq.

Çoxumuz üçün sıradan xəbərdir, halbuki, o xəbərlərin arxasında böyük insan dramları dayanır. Yəqin ki, onların buna vadar edən səbəblər təkcə sosial deyil, ailədəki nizmasız münasibətlər, hansısa gərgin psixoloji yük və s. də ola bilər.

Daha kədərlisi cəmiyyətdə həmin adamları gözüyumulu qınayanların da olmasıdır.

Əlbəttə ki, nəsə oğurlamaq cinayətdir, amma dövlət qurumları sosioloji araşdırma aparmadan, insanları buna vadar edən problemləri aradan qaldırmadan onları ittiham eləmək, cəzaya məhkum eləmək nə qədər ədalətlidir? Ədalət həqiqətlə həmişə üst-üstə düşməyə bilər və mövcud vəziyyətdə ədalət həqiqətdən daha vacib görünür.

Mövzunu dəfələrlə araşdıran, xırda cinayətkarlığa filmlərində insani yanaşan Vittorio De Sikanın “Şuşa” filmində qeyri-qanuni yolla pul qazanan uşaqlara “sizin valideynləriniz kasıb, amma vicdanlı, təmiz adamlardır” deyilir. Eyni cümləni əsərlərdə çox oxumuşuq, adi danışıqda, filmlərdə çox eşitmişik: ”Kasıb, amma ləyaqətli adamlardır”. İfadədə həqiqi fikir budur ki, kasıblıq hər şeyə yol aça bilər: oğurluğa, qətlə, amma adamlar var ki, buna dözüb ləyaqətlə yaşayırlar. Məsələn, belə fikir adətən yayğın deyil: ”Varlı, amma ləyaqətli adamlardır”.

Sosial status kütləvi cinayətlərin motivinə çevrilə bilər və çevrilirsə, deməli, çox şeylər cəmiyyətdə yanlışdır.

Dünya kinosunda xırda insan dramlarını ekrana gətirən, Avropa klassik sosial kinosunun atası sayılan, britaniyalı Ken Loaç “Kes” kinoəsərində balaca qəhrəmanını ideallaşdırmır, süjeti təkcə sırf sosial məsələ üzərində qurmur. O, hər şeydən əvvəl personajının mənəvi tənhalığını, anlaşılmamasını ön plana çəkir və bunun səbəblərini araşdırır. Loaç deyir: “Mən sadəcə, yoxsulluq haqda film çəkmirəm. Məqsədim dərinin hansı sümükləri gizlətdiyini göstərməkdir”.

Yaşadığımız şərtləri nəzərə alsaq, bizdə də kiçik insan dramlarına fokuslanan və bu fonda dərinin hansı sümükləri gizlətdiyini göstərən əsərlərə daha böyük ehtiyac var. Kinodan fərqli olaraq, qismən ədəbiyyatda yazıçılar-Mirmehdi Ağaoğlu, Şərif Ağayar, Seymur Baycan, Qan Turalı bunu edir. Amma məsələni sırf sosial kontekstdən çıxarıb geniş müstəviyə çıxarmaq, Loaçın dediyi ki, dərinin hansı sümükləri gizlətdiyini göstərməyə ehtiyac var.

# 2080 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #