İkona sənəti sərgisi açılacaq

İkona sənəti sərgisi açılacaq
24 iyul 2019
# 13:15

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Rusiya Dövlət Tretyakov Qalereyası və Rus ikonası Muzeyindən toplanmış ikona sənəti inciləri və dini heykəltəraşlıq nümunələrindən ibarət sərginin açılışı olacaq.

Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzi, Rusiya Dövlət Tretyakov Qalereyası, Rus ikonası Muzeyinin təşkilatçılığı, İmperator Pravoslav Fələstin Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq sərgi mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, eyni zamanda milli bədii irsin gözəlliyini və unikallığını çatdırmağa imkan verən mədəni dialoqa da öz töhfəsini verəcək.

“Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov Qalereyası və Rus ikonası Muzeyindən XVIII – XX əsrin əvvəllərinə aid abidələr” adlı sərgidə izləyicilərə 100-dən çox əsər - ikonalar, heykəltəraşlıq nümunələri, Pasxa yumurtaları təqdim ediləcək.

Sərgilənəcək əsərlər rus ikona sənətinin son dövrlərinə aiddir. Həmin vaxtların əsərləri xüsusi dəbdəbəliyi ilə seçilir: qızıl işləmələrə üstünlük verilir və detallar incəliklə işlənirdi. Sərginin eksponatları bu sahənin əsas regionları - Moskva, Tver, Povoljye, Vladimir vilayətinin Palex və Mstera kəndlərini, Ural regionundakı qədim Nevyansk şəhərini əhatə edir.

Ekspozisiyada Rusiya Dövlət Tretyakov Qalereyasından 14 tarixi abidə, layihənin əsas təşkilatçılarından olan Rus ikonası Muzeyindən isə 86 ikona, eləcə də Pasxa yumurta nümunələri təqdim ediləcək.

Sərginin seçilən eksponatları sırasında XIX əsrin son iki on illiyində - XX əsrin əvvəlində Moskvada öz emalatxanalarını yaradan və yeni paytaxt üslubunun yaradıcılarından olan Mstera ikona sənətinin görkəmli nümayəndələrinin əsərləri də yer alacaq.

Ənənəvi metal üzərində oyma texnikası ilə hazırlanmış çekankalar, emalla, mirvari və digər qiymətli daşlarla bəzədilmiş çərçivələr, eləcə də modern epoxasında yaradılan çərçivələr ziyarətçilərin marağına səbəb olacaq.

Beləliklə, ziyarətçilər XVIII–XX əsrin əvvəllərində yeni dövrün ən yaxşı ustaları tərəfindən yaradılan, XV-XVI əsrlərin zəngin təcrübəsini əks etdirən ikona sənətinin parlaq nümunələri vasitəsi ilə unikal rus bədii mədəniyyətinin zənginliyi ilə tanış olmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, “Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov qalereyasından və Rus ikonası Muzeyindən XVIII-XX əsrin əvvəllərinə aid abidələr” layihəsi Şərqdə ilk dəfə Bakıda təşkil olunur.

Sərgi Heydər Əliyev Mərkəzində dekabrın 15-dək davam edəcək.

# 2829 dəfə oxunub

Oxşar xəbərlər

“Bennett” Mükafatının qalibi açıqlandı

“Bennett” Mükafatının qalibi açıqlandı

17:00 22 avqust 2025
Məmməd İsmayılın ağ buludu, yaxud şairin vida mərasimində - Azər Turan

Məmməd İsmayılın ağ buludu, yaxud şairin vida mərasimində - Azər Turan

16:25 22 avqust 2025
Kino müəssisələrinin idarə edilməsinə nəzarəti ARKA təşkil edəcək

Kino müəssisələrinin idarə edilməsinə nəzarəti ARKA təşkil edəcək

16:15 22 avqust 2025
1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq

1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq

15:45 22 avqust 2025
Türk ədəbiyyatının hüznlü şairi - Turqut Uyar hərbçilikdən niyə uzaqlaşmışdı?

Türk ədəbiyyatının hüznlü şairi - Turqut Uyar hərbçilikdən niyə uzaqlaşmışdı?

15:00 22 avqust 2025
"Təbrizə bilet almalıyam, mən qayıtmalıyam!" - Həmid Herisçinin yeni şeirləri

"Təbrizə bilet almalıyam, mən qayıtmalıyam!" - Həmid Herisçinin yeni şeirləri

15:00 22 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər