(esse)
“Nə nur olaydı, nə zülmət”
(H. Cavid)
Mən koram!
Tez-tez eyni yuxunu görürəm: “Böyük bir lövhənin önündə dayanmışam. Qarşımda oturanı dümsükləyirəm ki, başını sağa əy, qoy görüm. Hələ gözümə düşən gün işığını demirəm. Ara-sıra müəllimimə də deyirəm ki, bir az belə durun, görmürəm. Müəllim üstümə qışqırır:
- Korsan?
Lövhə dolur.
Görmürəm...
Hərflər sözlərin qabırğalarıdır. Onları yerinə qoymasan, sözlər qamətlərini dik tutub ayaq üstə dura bilməzlər. Mən qabırğaları sayıram...
Və oxumaq üçün sözləri ətə-qana dolduran hərflərin hamısını görmək lazım deyilmiş...
Bir hərf – bir işarə də yetənəkli imiş...
Bir işarə!
İnsanlar məni ona görə kor ediblər ki, işarələri oxuyum...
Deyəsən, görmək üçün kor çağlarıma qayıtmalıyam...
Həm də görməkdə bir məziyyət yoq,
Kədər, işkəncə var; məsərrət yoq.
Gərçi görmək də başqa nemətdir,
Görməmək ən böyük səadətdir.
(“Şeyx Sənan”)
“Nə eşq olaydı, nə həsrət”
(H.Cavid)
Eşq və həsrətdən keçənlərin Yolu bir qapı ilə sonuclanır: Əzab qapısı!
“Eşq” “əzab”ın sinonimidir.
“Həsrət” “əzab”ın surroqat anasıdır.
H.Cavid təhrif olunmuş sözlər arasındakı assosiativ əlaqələri bərpa etməyə cəhd edir. O, ədəbi camemizə özgür təfəkkürün bağımsız intonasiyasını, səsbilim dəyişimlərini və doğal qrammatikasını gətirdi. Bu çabada ona ezoterik nitq yardımçı oldu. “Peyğəmbər”də bu, açıq-aşkar sezilir. Mövzumuzdan aralanmadan israrla deyirik: Kor obrazlar H. Cavid üçün dekonstruksiya – gələnəkləri dağıdıb yenisini qurmaq şansı verir. “Yeni” isə burada fikir, məfkurə qavramında götürülməlidir.
Dünyaya açıq gözlə baxmaq aynaya baxmaq kimi bir şeydi. Ayna qədim tabudur. Və qadındır... Qadın gizlinlər ehramıdır. Sən öz əyriliyini qadında görə bilməyəcəksən. Aynada yalnız görüntülərin havası dolaşır. Sənin aynadan çıxmağın gərəkir. Və bunun üçün gözlərini aynadan çəkməlisən – gözlərini nəfəsin kimi içinə çəkməlisən. Gözlərini yumub özünə dalanları xatırla! Onlar gerçək dünyadan baxışlarını yığıb iç dünyalarına gediblər. Bu, bir metaforadır. Onun tərs üzü isə gerçəkdən kor olmaqdır. Korların real dünya ilə əlaqəsi bitdiyindən onların qarşısıalınmayan ehtiraslı savaşları içdə gedir.
“Şeyx Sənan”dakı iki kor... Biri anadangəlmə kordur. İkincisi isə sevdiyi qadın üçün o qədər ağlayıb ki, gözləri tutulub.
Hər səfalət doğar qadınlardan,
Baş verir hər fəlakət onlardan.
(“Şeyx Sənan”)
Hər iki kor Şeyx Sənandan imdad istəyir. Şeyx buyurur ki, gözləri açan ecazkar insanı hələ Allah yaratmayıb. Təkrar kömək istərkən Şeyx Sənan birmənalı olaraq bəyan edir:
Nəyi görmək dilərsiniz, bilməm?
Yanıyor zülm içində həp aləm!
Görməməkçün şu çirkin işləri siz,
Yalvarıb haqqa həmdü şükr ediniz.
(“Şeyx Sənan”)
“Yalvarıb haqqa həmdü şükr ediniz” Məsələn, bax, bu cür: “Şükür sənə, İlahi, mən koram! Şükür sənə, İlahi, mən ağacları, çiçəkləri, quşları, sevdiyim qadının üzünü, bir sözlə, Yerüzü və Göyüzünü görmürəm”
Dünyada bundan acı, paradoksal şükranlıq ola bilərmi? Zülm işərisində yanan aləmlərin, inkivizasiya tonqallarından qalxan tüstülərin fonunda olar, olar, olar!
Belə bir analogiya aparaq: Korlar tamaşa zalı ilə üz-üzə dayanıblar. Tamaşaçılar isə onları “eyninə almadan” arxa fondakı dəhşətli müharibə səhnələrini, ağrı-acıları, məşəqqətləri görüb heyrət içərisində donublar. Real dünya ilə korlar arasında dəhşətli bir uçurum vardır. Ya onlar uçuruma atılmalı, ya da gəldikləri kimi səssizcə çıxıb getməlidirlər.
İkinci yolla gedin, ey əziz korlar!
NİYƏ?
NƏ ÜÇÜN?
“Lakin mən “Nə üçün?” sualına cavab verənlərin cərgəsinə aid deyiləm”
(F.Nitşe: “Zərdüşt belə deyirdi”)
“Nə xəlq olaydı, nə xaliq,
Nə əşki-həsrət olaydı”
(H.Cavid ”Şeyx Sənan”)
Tanrı “Ol”unun önünə “nə” inkar bağlayıcısını çıxarmaq nə demək?
Sən nəyi nəyə bağlayırsan, ey bağlayıcı?
Məgər bütün bağlar qırılmayıbmı?
Biz Bağlardan gəldik!
Göyüzü suallarının ölümsüz uyğuya daldığı yerdən...
Biz uyğuları sındırdıq...
Məgər axar suyun üzü buz bağlayarmı?
Hər şey bitib... Hər şey...
Başlıcası, intonasiyalar bitib...
Nəqli intonasiyalardan başqa...
“Azər”dəki Kor Neyzən də nəql edir. Keşmişdən gələn nağıl indidə olan Şərqi də keşmişə dartır. “Biri varmış, biri yoxmuş”un arxasınca qoşub gedir Şərq! Mahiyyət baxımından “heç”in... Və bu uzun yolçuluğun sonunda qazancı üç alma olur – üçcə alma... Gülüncdür, hə?
“Azər” Doğu ilə Batının sintezini həm fiziksəl, (Azərin səyahətlərini xatırlayın!) həm də ruhsal qavramda (Gördüklərinin və eşitdiklərinin fonunda) ortaya qoymaqla yepyeni düşüncə konsepsiyasını bəyan edir. Bu əsər janr modelini də dağıdır. Onu ənənəvi poema meyarları ilə sözügedən janr hesab eləmək olmur. Ən azından, əsərdəki teatral özəllikləri görməyimiz gərəkir. Analogiya qüsurlu olsa da deyəcəyəm: “Azər”i dahi Nizaminin “Sirlər mənbəyi” ilə, bəli, doğru eşitdiniz, “Sirlər xəzinə”si yox, məhz “Sirlər mənbəyi” ilə müqayisə etmək olar. Nizami təkcə bu əsəri yazsaydı belə, ölümsüzlüyünü təmin etmiş olardı. Çünki sirlərlə aşıb-daşan bu əsərin havası, həniri bütün əsrləri vurur. Və bu alov dilimlərindən sonrakı dörd poema doğuldu. “Azər” də dahi Hüseyn Cavidin sonrakı əsərləri üçün bir uçuş zolağıdır. Böyük alman filosofu K.Yaspers kimi H.Cavid də “varlığın şifrələri”ni açmaq istəyir. Onun bütün axtarışları buna yönəlib. Kor Neyzənin də “Azər”də - bu mürəkkəb konstruksiyalı əsərdə “görünməsi” bu amacla ilişkilidir.
Ərəb əsilli böyük Amerika yazıçısı Cübran Xəlil Cübran yazırdı: “Allah ağılda dincəlir, ehtirasda hərəkət edir” “Azər” ağıl və ehtirasın vəhdətini qeyri-adi polifonik səslə izhar edir.
Dahi Nitşe deyirdi: “Allah ölüb!”
Hüseyn Cavid deyirdi:
Allahın burda, əzizim, işi nə?!
O sürülmüş ki, vətən xaricinə.
(“Azər”)
Cavid Nitşedən daha bəşəridir. O, ölmüş Allahın nəşinə nəfəs verərək sürgünə yollayır. Allahın sürgün həyatı “acılar”la mütləq sinonimdir. Vətən xarici Qərbdir. Fəqət nə yazıq ki, orada da səadət yoxdur. Var, amma:
İştə Qərbin azğın səadətləri
Alır qida Şərqin fəlakətindən.
(“Azər”)
Kor Neyzən Şərq duallığını təcəssüm etdirir. Şərq həm kordu, həm də qəmli neyin aludəçisidir. Şərq öz korluğu haqda oxuyur. Bu, daha dəhşətlidir. Ən dəhşətlisi isə dinləyənlərin onu “incəsənət” adlandırmalarıdır. İncəsənət “keçmiş”, yəni ötüb keçən olmalıdır. Necə ki, müsibət üz vermişlərə “Keçmiş olsun!” deyirik. Kor Ərəb öz şərqisi ilə əsərin bütün mahiyyətini içəriləyir. Kor Neyzən elə Kor Şərq deməkdir. Ağlamaqdan savayı əlindən heç bir iş gəlməyən Şərq...
Bədbəxt adam hönkür-hönkür
Cocuq kibi ağlıyordu;
Azər dedi: “Pək gülüncdür,
Şu ağlamaq Şərqi yordu”
(“Azər”)
Mübarək Pryğəmbərimizdən: “Şərq ilə Qərb arasındakı məsafə nə qədərdir?” – deyə soruşularkən buyurdu: “Günəş üçün bir günlük yoldur.”
Günəş məfkurəli H.Cavid də minlərlə yolun içərisindən həmin bir günlük yolu arayıb axtarırdı...
Dünya mayasının kor, şüursuz iradədən yoğurulduğunu deyən Şopenhaur sonacan pessimist olaraq qaldı. Kor Ərəbin oxuduğu şərqi də pessimist ruhu ilə adamı sarsıdır. Kor Ərəbin səsi ilə Şeyx Sənanın qəlbi oxuyur. Bu qəlb həm keçmişdə, həm indidə, həm də gələcəkdədir:
Nə öncə öylə səadət,
Nə böylə zillət olaydı.
(“Şeyx Sənan”)
“Nə”, inkar bağlayıcısına çevrilməyin əzabını yaşayır bu mahnıda. Əski zamanlarda o, “Təsdiq” dağlarında yaşayırdı və çox xoşbəxt idi. Bir gün o, dağın ətəyinə endi. Hər cür gözəl nəsnələri inkar edən bir qövm onu əsir edərək öz dillərinə sürgün etdi. Və o vaxtdan “nə” inkar etsə də, bağlantı yaratmaq missiyasını özündə saxlaya bildi. Və biz “nə”yə baxıb deyirik: Bütün inkarlar nə zamansa təsdiq olub!
“Ədalət! Ah, ədalət!”
Kor Ərəb oxuyur və qaranlıq tunel uzandıqca uzanır. Bütün tunellərin başlanğıcı və sonu işıqdır. Lakin Kor Ərəb tunelə işıqdan daxil olmur. Adama elə gəlir ki, mətn elə qaranlıqdaca qalacaq. Və qəfil tunelin sonunda “Ədalət! Ah, ədalət!” sözləri bərq vurur. H.Cavid də bu sözlərin asıldığı divara söykənib. Ədalət axtarışından usanmayan bu dahi Kor Ərəbin dili ilə bütün çıxılmazlıqların sadə bir cavab-iksirini təkrarən bəşəriyyətə səslənir: “Ədalət! Ah, ədalət!” “Gözlülər” ədaləti görməyəndə dahilər üzünü korlara tutur:
Mənim gözüm yoxdur, gözü neylirəm,
Büdrədim, yıxıldım gözlü olanda.
Gözüm görə-görə azdım yolumu,
Necə də qəribə yaranıb insan:
Sərvətdir hər zaman kor edən bizi
Ehtiyacdır açan gözlərimizi.
(V.Şekspir ”Kral Lir”)
“Bibliya”da oxuyuruq: (Yəhya, fəsil 9) 1. İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. 2. Şagirdləri Ondan soruşdu: “Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?” 3. İsa cavab verdi: “Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün-deyə belə oldu.”
Bu sözlər Şekspir qəhrəmanı – qeyri-qanuni doğulmuş oğlu tərəfindən gözü çıxarılan Qloster haqqında deyilib sanki. Və ümumbəşəri nəticə budur: Kor olmazdan əvvəl Allah işlərini öz həyatımızda görməliyik.
Nobelçi məşhur türk yazarı O.Pamuk “Mənim adım qırmızı” romanında Şərq rəssamlarının ömürlərinin sonunda kor olması səbəblərini mistik realizmlə çözərək bu qənaətə gəlir ki, bu, onların sənət zirvələrinə çatması göstəricilərindən biri sayılırdı.
Tanınmış Ukrayna yazıçısı Vladimir Korolenkonun (1853-1921) “Kor musiqiçi” povestini 1960-cı ildə kinolentə köçürən rejissor Tatyana Lukaşeviç də biganəliyi fiziki korluqdan daha dəhşətli hesab edərək ədalət duyğusunu təbliğ edir. Filmin qəhrəmanı qeyri-adi istedadı ilə mövcud tabuları dağıdır və insan iradəsi önündə zaman istəmlərinin çöküşünü ustalıqla göstərir.
Çağdaşımız, kor Amerika rəssamı Liza Fittipaldi də (1948) bu sonsuz göylərin altında “fiziki qüsurlar” deyilən nəsnələrin nə qədər boş, mənasız və keçici olduğunu öz fırçası ilə sübut etməkdədir.
XX əsr dünya ədəbiyyatının ən müəmmalı yazarlarından biri olan X.L.Borxes də Argentina Milli Kitabxanasında direktor görəvini yerinə yetirərkən gözləri tutulmuşdu. O, həm də “Kor kitabxanaçı” kimi tanınır.
“Mən yalnız bir sənətin sahibiyəm – göründüyümdən pis olmağa çalışıram”-deyən Kral Lir dünyada ədalətin çox rahat deformasiyaya uğradığını deməklə yanaşı, insanda qəddarlıq, dərd və günahı formalaşdıran tarixi reallığın sınırlarını da bəlirləyir.
Dahi H.Cavidin kor obrazları da real ortamda nə qədər olağan görünsələr də, gələnəksəl düzənləri devirərək bizə - XXI əsr insanına ilginc olağanüstü ismarıclar ötürür və bizləri özgün özətlərlə üz-üzə qoyur. Ən ilginc ismarıc isə budur: Mətnə daxil olub öz yerlərini çox rahat tutan “korlar”la H.Cavidin “korlar”ı arasında sirli bir əlaqə vardır.
“Şeyx Sənan”dakı iki Kor Ərəb, zənnimizcə, təkcə adi, epizodik obraz deyil, həm də metoforikləşərək ümumiləşdirilmiş obrazlardır! Bu günün siyasi səhnəsində baş verən olaylar və bunun fonunda ərəb dünyasının ziqzaqlı çöküşü istər-istəməz kiplənmiş dodaqlarımızdan bu sözü alıb qaçırır: “Kor ərəb!” “Ərəb baharı” adı ilə Qərbin dünyaya sırıdığı qəddar gerçəkliyin anatomiyasında da bir zamanlar dünyanı unikal təfəkkürləri ilə heyrətləndirən ərəblərin korluğu durmurmu? Əfsus! Min əfsus ki, bu, belədir! Və bu yerdə dahi Hüseyn Cavidin öncəgörənliyi önündə donub qalmaya bilmirsən...