Nasir, dramaturq Andrey Dmitriyeviç Kuternitski 28 iyul 1948-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. Onun povest və romanları müxtəlif Avropa dillərinə tərcümə edilmiş, pyesləri Rusiyanın və xarici teatrların səhnəsində tamaşaya qoyulmuşdur. Rusiya Yazıçılar Birliyinin üzvüdür.
Andrey Kuternitskinin “Xanım Qəribə Fikir” roman-nağılı zəngin illüstrasiyalarla bəzədilmiş ayrıca kitab şəklində “Neva” Nəşrlər Evində 2006-cı ildə işıq üzü görmüşdür.
Oxucuların Andrey Kuternitskinin romanında görüşəcəyi qara fraklı yaşıl pişik, heç də yeganə qəribə qəhrəman deyil.
Qeyri-adi şəxslər orada həddindən artıqdır! Macəralar isə o qədərdir ki, “son” sözünə çatmamış kitabdan qopmaq olmur (“Kostyor” – məktəblilər üçün Ümumrusiya aylıq ədəbi-bədii dərgi, 2006, № 3).
“Xanım Qəribə Fikir” roman – nağılından parça
(rus dilindən tərcümə)
Pişik Apollon De Bras, kiçik liman şəhərlərinin birində - bəzi məlumatlara görə, Qara dənizin, başqa məlumatlara görə, Ağ dənizin sahillərində doğulmuşdur. Pişik özü Qırmızı dəniz sahilində dünyaya göz açdığını bildirir və yaşıl pişiklərin yalnız oralarda doğula biləcəyini iddia edirdi. Bu mükaliməni pişiyin vicdanına buraxaq, lakin gerçək budur ki, onu lap cumbulu ikən, küçədə bir oğlan tapıb göturmüşdü. Pişiyin rəngi oğlanı cəlb etmişdi. O, heç vaxt yaşıl pişik görməmişdi. Evdə oğlan tapdığı pişik balasını vannada yaxşıca sabunlayıb liflədi, amma yaşıl rəng dəyişmədi. Oğlan mərhəmətli idi; pişiyə süd verir, gecələr öz yatağına qoyurdu. Bala pişik qəm çəkmədən böyüyürdü. Çox keçmədən dördayaqlı məxluqun ecazkar bir qabiliyyəti üzə çıxdı: o, istənilən şeyi – dəhlizdə döşəmənin taxtalarını, divar kağızındakı gülləri, evin pəncərələrini saymağı bacarırdı. O, öz istedadını elə cilalamışdı ki, riyaziyyat dəftərlərindəki damaları bir dəqiqəyə sayıb müəyyənləşdirə bilirdi. Hər şey yolunda, qada-baladan uzaq ikən oğlanın ailəsi qəflətən başqa şəhərə köçdü, böyüyüb irilənmiş pişiyi isə özləri ilə götürmədilər, yəni atdılar.
...Bir axşam pişik limana çıxarkən ay işığına qərq olmuş dənizin sahilinə yaxın yerdə böyük yelkənli bir gəminin qaraltısını gördü. O, üsulluca gəmiyə dırmaşdı və elə o andaca gəminin bütün qoxusu canına hopdu: gəmi dəniz küləyi, polad troslar (dənizçilik, texnikada troc, buraz) və mis qoxuyurdu. Göyərtədə üç hündür ağac bitmişdi. Hündür ağaclar – dor ağacı, onun budaqları isə rey (dənizdə yelkənin asılması üçün üfüqi ağaclar) adlanır. Gəminin gövdəsinin önündə, suyun üzərində yonulmuş şalban – buşprit (dənizçilik termini: gəminin burnunda uzanan tir) dikəlirdi. Pişik onun üzərinə addımını qoyan kimi aşağıda, gəminin lap burnunda gizlənmiş, rəngli-boyalı bir su pərisi gördü. Su pərisi: “Aha!” – deyib, göz vurdu. Pişik ikicə sıçrayışla göyərtəyə qayıtdı. O: “Sayıq olmaq lazımdır. Kim bilir burada daha kimə rast gələcəyəm?” – deyə düşündü. Dor ağaclarını seyr edərək gəmini dolaşdı. Reylərin arasından bozumtul buludlar görünür, kapitan körpücüyünün yanında asılmış mis zəng asta-asta uğuldayır və bunların hamısı pişiyə əsrarəngiz, qorxunc gəlirdi.
Səhər tezdən onu kanatın (yoğun ip, yoğun kəndir) üstündə yatmış vəziyyətdə əynində telnyaşka (dənizçilərin geyindiyi ağ-qara zolaqlı köynək), kitel (hərbiçilərin və dəniçilərin geyindiyi pencək) və üzərində dəniz xərçəngi şəkili olan furajkalı zorba bir adam tapdı. Nəhəng adam qəliz söyüş söydü. Pişik bunun söyüş də olsa, kinsiz deyildiyini hiss etdi. Lakin qüvvətli əl gözlənilmədən onun peysərindən tutaraq yuxarı qaldırdı və yazıq pişik anladı ki, o, indi göyərtədən soyuq suya şappıldanacaq. O, qorxudan hər iki gözünü yumub, quyruğunu qısdı.
Adam xırıltılı səslə: –Məni diqqətlə dinlə, hiyləgər lotu! – dedi. – Üstündə yatdığin kanat bras adlanır. Bu andan sənin də adın Bras olacaq. Burada o pişiyi əməlli-başlı silkələdi. – Yadında saxla, çağıranda hay ver!
Heyvanı gəmidən suya tullamaq əvəzinə, o, sərt Jamayka romu qoxan nəfəsini ona necə verdisə, pişiyin gözü qaranlıq çaldı.
– Amma sən harada belə yaşıl rəngə batmısan? – pişiyi havada çevirib diqqətlə gözdən keçirən adam davam edirdi. – Məndə Hamburq istehsalı əla məhlul var. Səni yuyub təmizləyərik.
O, pişiyi götürüb gəminin lap dərinliklərinə apararaq, onu təpə-dırnaq yandırıb-göynədən məhlulun içinə saldı.
- Məni yumaq lazım deyil! Mən yaşılam! – deyə pişik fəryad edirdi.
Lakin bunların hamısı faydasız idi.
Bir saat davamlı əmək sərf etdikdən sonra adam anladı ki, pişiyi yuyub-təmizləmək qeyri-mümkündür.
- Canın cəhənnəmə! Necə varsan, elə qal.
Pişiyə təzə ad verən gəminin bosmanı idi. Onun boynundan mis zəncirdə fıştırıq asılmışdı. Həmin fıştırıqla o, matrosları göyərtəyə çağırırdı, onlar da cəld və yeyin hərəkətlərlə dor ağacına dırmaşırdılar. Bu həngamənin adı “hamını yuxarıya fitlə!” adlanırdı. Bosman pişiyi öz kayutunda yerləşdirdi və ona telnyaşka hədiyyə etdi.
Beləliklə, pişik Bras dünyanı səyahət etməyə çıxdı. Tezlikə o, dor ağacındakı reyləri, kanatdakı düyünləri və bütün ekipajın telnyaşkalarındakı zolaqları sayıb qurtardı. O, hətta gəminin qarşısına cuman dalğalarıda saymağa cəhd etdi, lakin bir həftədən sonra əldən düşüb, bunun bekara iş olduğunu yəqin etdi. Lakin hər şeydən çox pişiyi kompas valeh etmişdir. Saatlarla kompasın yanında əyləşib onun işinə tamaşa edirdi. Pişik heyrətlənirdi: külək gəmini necə fırladırsa fırlatsın, cihaz daima şimal və cənub istiqamətlərini göstərməkdə davam edirdi. Hollandiyada o, özünə əl kompası aldı və hətta yataqdada ondan ayrılmadı. O, Çində oldu, Azov adalarını və Meksikanı ziyarət etdi, lakin gördüyü bütün ölkələrdən Fransa onda daha çox təəssürat buraxdı. Fransız qraflarının öz soyadları qarşısında “De” ön şəkilçisini istifadə etdiklərini öyrəndikdən sonra o, təcili halda onu öz soyadına əlavə etdi və həmin andan o, özünü cənab De Bras adlandırdı.
Lakin fəlakətin qara yeli doğma sahildən ona tərəf çapmaqda idi. Tutqun payız günlərinin birində gəmi yanıb külə döndü. İşsiz qalmış qoca bosman, səhərdən axşama qədər pivəxanalarda düşüb qalaraq dərdindən rom içirdi. Pişik hələ çox cavan idi və həyat eşqi duyurdu.
Bir gün axşamçağı, günəş üfüqün arxasına yuvarlandığı zaman o, körpüdə oturub, qürub edən günəşdən qızıla çalan gözləri ilə dənizə tamaşa edirdi. Gedəcək yeri yox idi.
“Kaş məni kimsə yanına çağıraydı!” – suyun üzərində, sanki, alışan işıq zolaqlarını müşahidə edən pişik düşünürdü. – Uzun səyahətdən sonra dərhal kotlet, ya da kolbasa təklif edilən rahat evə qayıtmaq çox xoşdur. Sonrada kiminsə dizlərinin üstündə qıvrılaraq öz hünərindən, uzaq ölkələrdən nağıl edəsən və başının üstündə: “O nə gözəl oxuyur! Eşidirsiniz, o necə şövqlə oxuyur!” – deyə heyranlıqla pıçıldayacaqlar.
Bu zaman o, uzun paltolu, papaqsız, boynuna sarı şərf dolamış, hündür boylu bir kişinin yanında durduğunu gördü. Şərfin bir ucu onun sinəsinə, o biri ucu kürəyinə sallanmışdır. Yad adamın mavi rəngdə, dalğavarı saçları vardı. Özüdə fənər şalbanı udmuş kimi dümdüz idi.
Əllərini batan günəşə tərəf uzadaraq kişi söylədi:
- Dünya həyatını yarı edib, mən qaranlıq bir meşəyə düşdüm.
- Mən də, - söhbəti canlandırmaq məqsədilə pişik ah çəkdi.
- Siz Danteni oxumusunuz? – kişi heyrət içində bağırdı.
- Biskay körfəzinin losiyalarını (gəmi səfərləri üçün, dənizlərin və sahillərin coğrafi təsviri) o yazıb? – pişik soruşdu.
Kişinin losiyalardan heç bir anlayışı olmadığından tələsik cavab verdi:
– Dantedən başqa kim bu fövqəladə əsəri yaza bilər! – deyərək şərfin ucu ilə kövrəlib yaşaran gözlərini sildi. – Mənim çox incə təbiətim var. Mən şairəm.
– Şair? – deyə pişik təəcübləndi.
–Mən, hətta şairlər kralı deyərdim, bunu məndən başqa heç kəs bilməsə də, – kişi əlavə etdi. – Hər axşam mən buraya ilhamlanmaq üçün gəlirəm. İlhamlanan kimi evə qayıdaraq mizin arxasına keçirəm.
– Şeir qoşmağa? – deyə pişik dərin ehtiramla soruşdu.
–Niyə ki! – şairlər kralı təəcübləndi. – Şam etməyə. Oturaq halda necə şeir yaratmaq olar!
O, öz sarı rəngli şərfini qaydaya salıb, körpüdə pişiyin yanında əyləşdi.
– Əcəb rəngdir! – bir qədər qibtə ilə söyləyərək o, pişiyin quyruğundakı tüklərə toxundu. – Çox orijinaldır! Bizim sizinlə ümumi cəhətlərimiz var.
– Mən yaşılam, – pişik söylədi.
– Məndə saçlarımı boyayıram, – şairlər kralı boynuna aldı. – Gəlin bizə qonaq gedək. Mən sizə öz şeirlərimi oxuyaram.
– Sizdə süd var? – deyə o soruşdu.
–Quru süd, – şairlərin kralı cavab verdi.
– Necə yəni quru? – pişik br qədər incik soruşdu.
– Çox sadə, - deyə şairlər kralı cavab verdi.
– Amma süd yaş olur, – dedi pişik. – Mən bunu yəqin bilirəm.
– Əvvəllər mənim də südüm yaş idi – şairlər kralı anlatmağa çalışdı. – Ancaq sonra onu toza döndərdilər. İndi də əgər tozun üstünə su töksən, o, yenə də yaş olacaq.
– Sudan süd əmələ gəldiyini heç vaxt görməmişəm, – dedi pişik.
- Bax indi görərsiz! – deyə şairlər kralı ucadan qışqırdı. – Bu gün sizin bəxtiniz yaman gətirib. Şeiri onun yaradıcısından eşitmək yalnız seçilmişlərin qismətidir.
– Deməli, mən seçilmişlərdənəm? – deyə pişik sual etdi.
- Şübhəniz olmasın.
– De Bras! – pişik özünü təqdim edərək, şairlər kralına pəncəsini uzatdı.
– Sezar! – şairlərin kralı pişiyin pəncəsini sıxaraq cavab verdi.
–Həmin o? – heyrətləndi pişik.
Şairlərin kralı utancaq görkəmlə:
– Bilirsiniz... Onu çoxdan öldürüblər. Elə də demək olar. Amma bizim zamanda poeziya, necə deyərlər, elə bil. Tam da o deyil. Yəni elə bil o deyil. Amma qəlbin dərinliyində, elə bil odur.
Pişiyin deyilənlərdən heç nə anlamadığını görcək, əlavə etdi: – Bu, mənim təxəllüsümdür. Siz, yəqin, bilirsiniz, şairlər özlərinə təxəllüs götürürlər.
– Qabaqlar mən şairlərlə oturub-durmamışam. Mən dəniz pişiyiyəm.
– Dəniz pişiyi! – şair mütəəssir halda ucadan dedi.
– Xeyr. Dəniz pişiyi tamam başqa heyvandır, – pişik anlatdı.
– Aydındır, – heç nə anlamasa da şairlər kralı söylədi.
Onlar bir-birini anlamayaraq eyni vaxtda qalxıb dəniz kənarı ilə şairlər kralının evinə qonaq getdilər.
Şəhər axşamçağı səsli-küylü idi. İşıqlar yanır, reklamlar sayrışır, avtomobillər parıldaşırdı. Pişik bir anda hiss etdi ki, onun həyatında yeni dövr başlayır.
– Orada! – nəhayət, şairlər kralı əli ilə dördmərtəbəli evin çardağını göstərdi. – Lakin mən sizdən soruşmaq istəyirdim... Amma səmimi cavab verin! Söz verirsiniz?
– Barıt çəlləyində partlayım! – and içdi pişik. – Qoy mənim pəncələrim Qrenlandiyaya, quyruğumsa Argentinaya uçsun! Qoy mənim bığlarımdan rəngsaz fırçası düzəltsinlər!
– Siz çox həssassınız? – şairlər kralı soruşdu.
– Xeyr, – pişik cavab verdi. – Mən, əksinə, çox sərtəm.
– Bu, çox gözəldir, – şairlər kralı söylədi. – Bir halda ki, mən özüm çox həssasam, yəqin anlayırsınız, bir damın altında iki həssas çox olardı.
Onlar daş pillələrlə lap yuxarıya qalxdılar.
Şairlər kralının otağı çoxda böyük deyildi, lakin orada xeyli kitab var idi. Küncdə dayanan qədim dərin və yumşaq kürsü isə pişiyin xüsusi sevincinə səbəb oldu.
– Mənim həmkarlarım! Ovidiy! Homer! Şiller! Dante! – şairlər kralı təntənəli tərzdə adları səsləndirərək, rəflərdən kitabları götürüb pişiyə göstərirdi. – Nə vaxtsa mənimdə kiçik foliantım (Böyük həcmli qalın kitab) bunların arasından boylanacaq.
– Sezar! Yaxşı səslənir, elə deyilmi? – və soruşdu, – sizin adınız fransız, ispan, yoxsa holland adıdır?
– Gəmi adıdır, – deyə pişik cavab verdi: – Bras – dor ağacının üstündəki reyləri çevirmək üçün istifadə edilən kanatdır.
– Kanat? – şairlər kralı məyusluğunu gizlədə bilmədi: – Yəni sadəcə yoğun ip?
– Amma bu, çox əhəmiyyətli bir ipdir, – deyə pişik başa saldı. – Onsuz gəmi düzgün istiqamət götürə bilməz.
– Heç nəyə yaramır! – deyə şairlər kralı qətiyyətlə bəyan etd: - Sizin üçün təxəllüs fikirləşək.
– Mən şair deyiləm axı, – təəcübləndi pişik.
– Siz mənim yanımdasınız, – dedi şairlər kralı. – Bu sizin boynunuza öhdəçilik qoyur. Siz indi seçilmişlərdənsiniz.
– Belə olan tərzdə, mənə boyun olunan südü istərdim, – söylədi pişik.
– Əvvəl təxəllüsü tapmalıyıq, – şairlər kralı razilaşmadı.
Lakin pişik də bu məsələdə öz fikrində qətiyyətli olmağı qərara aldı.
– Əvvəl süd, – deyə o, tərsliklə təkrar etdi.
– Bağışlayın! – şairlər kralı təslim olmurdu. – Südü kimsə içməlidir. İp nə qədər əhəmiyyətli olsa belə süd içə bilməz. Herakl təxəllüsünü təklif edirəm! – Fu-u! – deyə pişik iyrənmişcəsinə cavab verdi.
– Hefest! – deyə şairlər kralı üstünə gəlirdi.
– Xoşuma gəlmir, – deyə pişik kəskin cavab verdi.
– Apollon! – şairlər kralı ucadan qışqırdı. – Budur ləyaqətli ad! Mən – Sezar, siz isə Apollon olacaqsınız.
– O, kimdir elə? – deyə pişik şübhəylə soruşdu.
– İncəsənət hamisi. Çox gözəldir, – şairlər kralı izah etdi. – Apollon, hansı tərəfdən baxsan, elə Apollondur. Razılaşın! Bundan yaxşısını tapa bilmərik.
Pişik düşündü: “Mən, əlbəttə, kifir deyiləm. Hər halda, mən yaşılam.”
Şairlər kralı: – Gördüyüm qədər, siz razısınız, – dedi. – Apollona, bəli, razıyam, – deyərək pişik başını tərpətdi. – Çox gözəl! Bu andan siz dor ağacındakı reyləri çevirən hər hansı bir ip deyil, siz – Apollonsunuz!
– Beləliklə, düşünürəm ki, südün əsl zamanıdır, – dedi pişik.
– Bəs mənim şeirlərim! – şairlər kralı inciyərək dedi, – başa düşün, Apollon! Əgər siz onları mənim dilimdən dinləməsəniz, siz seçilmişlərdən olmayacaqsınız, bunun nəticəsi kimi Apollon da olmayacaqsınız və siz öz axmaq adınızı qaytarmalı olacaqsınız.
Pişik əvvəlki adını heç də axmaq ad saymırdı, lakin onu heç vaxt Apollon da çağırmamışdilar və o, belə gözəl addan bu tezliklə ayrılmaq istəmirdi.
– Gəlin belə edək, – deyə pişik təklif etdi. – Şeirləri dinləyə-dinləyə süd içmək olar. Bir iş o birinə mane olmur. Ağız içir, qulaqlarsa dinləyir. Qulaqlarım heç bir şeylə məşğul olmayacaq. Əgər mən südü qulaqlarımla içsəydim, bu başqa məsələ. O zaman, əlbəttə, mən onlarla eyni vaxtda sizin şeirlərinizi dinləyə bilməzdim.
– Şərti qəbul edirəm, – deyə şairlər kralı razılaşdı. Burada məntiq var.
Sonra pişiyin qarşısına bir banka quru süd qoydu.
Pişik bankanin içinə boylandı, bığlarını tərpətdi və asqırdı. Elə o an ağ bulud pişiyi bürüdü.
– Yox-yox, elə yox! – şairlər kralı duman dağıldıqdan sonra ucadan bağırdı və qarşısında pişiyin ağappaq qar kimi, üzündə qırpmadan baxan sarı gözlərini gördü. – Tozun üstünə su tökmək lazımdır.
O, dolçadan bankaya su tökdü.
– İndi buyurun için. Mən isə poemamı oxumağa başlayıram.
Şairlər kralıbaşını arxaya atıb, gözlərini yumaraq, ciyərlərinə dərindən hava alıb pauza etdi və otağı başına götürən səsinin var qüvvəsi ilə ucadan oxumağa başladı:
– Bö-bö-bö!
Bə-bə-bə!
Dö-dö-dö!
Də-də-də!
Dü-dü-dü!
Ve-ve-ve!
Vü-vü-vü!
De-de-de!
Pişik üzdən südə oxşayan ağ mayenin yarısını yalamışdı, lakin maye daha çox suyu xatırladırdı. “Əsl südlə müqayisə edilə bilməz,” – deyə pişik fikirləşdi.
Şairlər kralı, sanki, gözə görünməyən divara dəyib, qəfil susanda gecə yarıdan keçmişdi. O, yaşla dolu gözlərini açaraq soruşdu:
– Hə, necədir? Təsir edir?
– Dahiyanə! – əsnəməyini zorla saxlayan pişik cavab verdi.
– Siz səmimi deyirsiniz? – deyə ürəksiz sual verən şairlər kralının rəngi açıldı.
– Yalansa, mən daha heç vaxt quru süd içməyim! – deyə pişik and içdi.
– İnanıram, inanıram! – deyə şairlər kralı onun sözünü kəsdi. – Elə isə, mənə bir də təkrar edin, zəhmət olmasa, təfərrüatı ilə mənim poemam sizdə necə təəssürat yaratdı? Mən sənətə həqiqi dəyər verənlərin fikrini çox qiymətləndirirəm!
– Dahiyanə! – deyə pişik təkrar etdi. – Dahiyanə və möhtəşəm! Hətta daha çox möhtəşəm, nəinki dahiyanə!
Burada o, sairlər kralının qulaqlarından nəyinsə xəfif axdığını gördü. Bir neçə saniyə pişik bunların onun gözünə göründüyünü və ya həqiqətdə baş verdiyini anlamayaraq təəccüblə bu möcüzəni seyr etdi. Nəhayət, o qərara gəldi ki, bunlar, hər halda, həqiqətdə baş verir.
–Sizin qulaqlarınızdan nə isə axır, – deyə o, ehmalca şairlər kralına söylədi.
– Ah, narahat olmayın! – deyə üzündən sevinc yaşlarını silən şairlər kralı söylədi.
– Bu, çiyələk şirəsidir. Haqq etdiyin tərifi eşitmək necə də xoşdur!– İndi isə gəlin əməlli-başlı yemək yeyək, – deyə pişik təklif etdi.
– Soyuducudan nə tapsanız götürün, – deyə şairlər kralı cavab verdi.
– Bəs siz?
– Mən yeməcəyəm.
– Nə üçün? – deyə pişik soruşdu.
– Çünki orada heç nə yoxdur. Mən dahi olsam da, qətiyyən şübhə yoxdur ki, hələ tanınmamışlardanam.
Pişik, hər halda, soyuducunun qapısını açdı və onu şaxta vurdu. Soyuducu boş idi.
Bu gecə ona küncdə dayanan ecazkar, qədim,yumşaq kürsü təklif olunsada, pişik yatmadı. Su ilə həll olunan quru südün tozu, onda vəhşi iştaha yaratmışdır. Ancaq yeməyə heç nə yox idi. Səhərə yaxın pişiyin ağlına parlaq ideya gəldi.
Təzəcə qalxmış günəş otağa bir ovuc qırmızı şüa səpələdi. Pişik şairlər kralını oyadaraq, onu masa arxasına əyləşdirib, başını əyməyi xahiş edərək qulaqlarının altına iki boş banka qoydu.
– Bu, nə üçündür? – şairlər kralı yuxulu-yuxulu sual etdi. – Bu nə axmaqlıqdır!
– Yaman yemək istəyirəm, – deyən pişik birdən mehriban və şirin səslə danışmağa başladı: – Ah, bu şeirlər! Sizin bu şeirlər!.. Onlar mənim ruhumu tərpətdilər! Onlar mənim qəlbimi fövqəladə bir heyrətə gətirdilər.
Bu zaman, çiyələk şirəsinin ilk damcıları bankanın dibinə düşdü.
– Dahiyanə şeirlərdir! Bunlar dünyada ən gözəl şeirlərdir! – deyə pişik riqqətə gəldi. – Bunlar nə vaxtsa dahilər tərəfindən yazılmış ən dahiyanə şeirlərdir! (Şirə şırnaqla axmağa başladı.) Bu şeirlər qədir bilən nəsillərin yaddaşında onlarla, yüzlərlə, - pişik rəqəmlərə xəsislik etməməyi qərara aldı, – milyonlarla, milyardlarla illər yaşayacaqdır! Bütün ölçüyə gəlməz əbədiyyətdə, uçuşan qalaktikaların arasından sizin səsiniz ucalacaq: “Bö-bö-bö! Ve-ve-ve! Bə-bə-bə! Vü-vü-vü!
Bankalar ağzına qədər dolmuşdu. Pişik onları qapıb, yaxındakı şirə mağazalarının birində çox sərfəli qiymətə sataraq, puluna süd və kolbasa aldı.
Yarım saat sonra bütün bunlar mizin üstündə, təəcüblənmiş şairlər kralının qarşısında idi.
Şairlər kralı kolbasanı aşıraraq vəcdlə deyirdi: – Siz mənimçün əsl tapıntısınız, əzizim Apollon!
– Siz də mənim üçün, əziz Sezar, – pişik təpili-tıxılı qarnından gələn səslə mırıldandı.
Onlar gözəl həyat sürməyə başladılar. Şairlər kralı pişiyə öz şeirlərini oxuyur, pişik var qüvvəsi ilə onları tərifləyir, şair şirə verir, pişik onu mağazada satıb, əldə etdiyi pula ərzaq alırdı.
Lakin heç bir dünyəvi səadət nə uzunömürlü, nə də ki mötəbər olmur. Heç kim sabah nə baş verəcəyini bilmir.
Günlərin birində tox və məmnun pişik öz kürsüsündə uzanıb rahatlığın dadını çıxartdığı zaman birdən şairlər kralı sürətlə və qəribə bir təlaşla otağa girdi. O heç danişa da bilmirdi, yalnız ağır-ağır nəfəs alır və əli ilə alnını döyəcləyirdi. Pişik çox qorxdu, görəsən, bədbəxtin ağlı qaçmayıb ki? Sonra şairlər kralı qaçaraq kitab rəflərinə sarı cumdu və onları döşəməyə şappıldadaraq tapdalamağa başladı.
– Siz nə edirsiniz? Bu Ovidiydir! – deyə pişik bağırdı.
– Al, bu sənin Ovidiyin! Al, bu sənin Homerin! Al, bu sənin Şillerin! – şairlər kralı kitabların üstündə rəqs edərək çığırırdı.
– Axı siz bu böyük şairləri çox sevirdiniz! – deyən pişik onun ağlını başına qoymağa çalışırdı.
– Bu necə səfehlik! Bu nə cəfəngiyyat! – deyə şairlər kralı qışqırdı. – Pul olan yerdə şeirlər nəyə gərəkdir? Çoxlu pul! Pul mədəni! Pul – hər şeydir! Tanınmaq! Sevgi! Hörmət! Şərəf! Baş verdi! Baş verdi! – deyə təkrarlayırdı.
– Mən əmlak sahibiyəm! Heç kimə gərək olmayan hər-hansısa şeirlərin deyil!
– Birdən-birə bu pullar sizə haradandır belə? – çaşıb qalan pişik soruşdu.
– Mənim çox dəyərli xalam öldü! – şairlər kralı sevinc və faciə dolu səslə söylədi. – Nəhayət ki! O, mənə miras qoyub!
Bu yerində o, heyrətdən donub qalmış pişiyə sərt nəzər saldı.
– Bir də heç vaxt mənə şeirdən söz açma! Heç bir Homer-filan! İndi mən hər nə istəsəm əldə edə bilərəm! Mənsə, çox şey istəyəcəyəm!
– Bəs yüksək incəsənət... – pişik nələri isə deməyə çalışırdı.
– Mən onu dilənçilərə saxlayıram! Mənsə bu andan başqayam! Mən təzəyəm! Mən əhəmiyyətliyəm! Mən hörmətliyəm! Pulcığazlar! Mən yatandada sizi görürdüm! Mən sizin üçün sayıqlayırdım! Pulcığazlar! J-j-j! Arzularım həyata keçdi! Pull-a-a-ar! J-jjj! Pulla-a-ar! – o kitabların üstündə atlanıb-düşərək bağırırdı. Birdən o, böcəyə çevrildi və üç dəfə taqqıltı ilə divara çırpılıb, pəncərədən uçub çıxaraq, birdəfəlik öz çardaqdakı otağını tərk etdi. Pişik heyrət içində idi.
Bir müddət havada kiçik qara nöqtə qaraldı və uzaqlaşaraq: –“ Pull-a-a-a-r! Pull-a-a-a-r!” – sədası gəlirdi. Nəhayət, nöqtə də yox oldu. Açıq pəncərədən ağaclardakı quşların nəğməsi eşidilirdi.
Pişik döşəməyə səpələnmiş kitabları yığıb oxumağa başladı. Onun başqa yolu qalmamışdı.
Bir həftə sonra bütün ərzaq, hətta quru südün qalıqları da tükəndi.
Pişik acından qarını kürəyinə, quyruğu isə başına yapışacağını zənn etdiyi an məsələnin həllini tapdı.
O, axırıncı qəpik-quruşunu toplayıb, şəhər qəzetinin redaksiyasına elan vermək üçün yollandı:
ŞAİRLƏRİ QARŞILIQSIZ TƏRİF EDİRƏM.
APOLLON DE BRAS
O, iki adı – köhnəni və təzəni birləşdirərək müdrik hərəkət etdi. Apollon De Bras – bu qulağa xoş gəlirdi!
Pişik evə qayıdıb gözləməyə başladı.
İlk şair elə o axşam yanına gələrək, şeirlərini söyləməyə başladı. Pişik diqqətlə qulaq asdı və sonra şairin başını mizin üstünə əyərək, qulaqlarının altına iki ədəd litrlik banka qoydu və mədhiyyəsini açaraq mənalı ifadə ilə söyləməyə başladı.
O, həyəcan keçirirdi: “Görəsən, bütün şairlərin şirəsi var? Təki onların hamısı eyni quruluşda olsun!”
Nəhayət, mədhiyyə sona çatdı və pişik bankaları nəzərdən keçirdi. Onlar şirə ilə dolu idi, hətta daşıb qıraqlarından tökülürdü.
Pişik tələsik bankaları mağazaya aparıb satdı.
Şirənin puluna aldıqlarından yüngülcə də olsa, yeməyə macal tapmamış ikinci şair gəldi. Ardınca üçüncü, sonra dördüncü. Beşinci şairdə pişiyin bankaları qurtardı və o, fasilə elan etdi.
Xeyli sayda bankalar alındıqdan bir gün sonra pişiyin yanına müxtəlif şairlərdən, artıq böyük bir növbə sıralanmışdı. Növbə pillələrdən, ta dörd mərtəbənin hamısına, hələ qonşu küçəyə qədər də uzanırdı. Şairlər də əsasən, ya çiyələk, ya da moruq şirəsi olurdu. Təkcə ikisində quşüzümü şirəsi idi. Yalnız sonralar məlum oldu ki, onlar ağ şeir yazırmışlar. Müəssisə o qədər uğur qazandı ki, pişik tezliklə öz xüsusi “Apollon De Bras. Şirələr” dükanını açdı. Özünə qara frak, “Erikson” firmasından mobil telefon və çoxdankı arzusunu həyata keçirərək qılınc aldı. Əlbəttə, bu günlərdə heç kəs küçələrdə belində qılınc gəzmir. Üstəlik, pişik heç qılınc oynatmağı da bacarmırdı. Lakin “qılınc” sözünün özü ona xoş gəlirdi. Sanki, bu sözün “telefon”, ya da “frak” sözlərindən daha gözəl məzmunu vardı.
Rus dilindən tərcümə edən: AYB-nin üzvü, yazıçı-publisist Səkinə Sadiq