Gül toxuyan Elçin: “Evlənmək üçün Xoşqədəmin verilişinə çıxdım” – Reportaj

 <span style="color:red;">Gül toxuyan Elçin:  “Evlənmək üçün Xoşqədəmin verilişinə çıxdım” – <span style="color:red;">Reportaj
16 aprel 2019
# 09:02

- Rəngləri xatırlayırsan?

- Uşaq vaxtı rəngləri görmüşəm.

- Hansı rəngi çox sevirdin?

- Qırmızı, yaşıl, göy...

Keçiddə dayanmışıq. Gülsatan Elçinlə. Əsası əlimdə qoluna girmişəm. İşıqforun yaşıl işığını gözləyirik.

- Hansı rəngdədir?

- Qırmızı.

- Keçə bilmərik, hə?

- Hələ yox.

Qara eynəyi həbsə salıb gözlərini. Gəlib-keçənlər ona rəhm hissi ilə baxır.

- Mənə baxırlar?

- Hə, məşhursan artıq – zarafat etmək istəyirəm.

- Çox verilişə çıxmışam. Xoşqədəmin verilişinə də.

- “Səni axtarıram”a?

- Hə, ailə həyatı qurmaq istəyirəm.

Yaşıl işıqdı. Ehtiyatla keçirik. Qarşımızdakılar Elçini başdan-ayağa süzürlər, bəziləri təəssüflə başını yelləyir, dayanıb uzaqdan onu seyr edənlər də var.

- Xanım namizəd var?

- Nə bilim? Fikir bildirirlər. Gərək özüm də seçəm axı...

Səməd Vurğun heykəlindən keçirik. Əlindəki toxuma güllər boz heykəli fırça kimi boyayıb yanından ötür. Mənə elə gəlir ki, ətrafımızdakı hər şey öz rəngini itirib, Elçinin əllərindəki toxuma güllərdən başqa.

Elçinin ayağı dəyən yerlər rənglənməyə başlayır: səki boza çalır, ağaclar yaşıla, skamyalar qəhvəyiyə...

Adamların gözlərinin həbsində qala-qala boş bir oturacaqda əyləşirik. Elçin gülləri şax saxlayır, əsa da böyrümüzdə dayanıb susur.

- 5 yaşıma kimi ağı-qaranı seçirdim. Mən Lerikdə doğulmuşam. Göz təzyiqindən əziyyət çəkirdim. 82-ci ildənəm.

İndi onun üçün adamların və ağacların səsi var. Mən də özümü Elçin kimi hiss edirəm. Ətrafımı qaranlıq bir duman bürüyüb, yalnız tələsən ayaq səslərini, bir də hərdən əsən küləyin uğultusunu eşidirəm.

Təəssüf nidaları da ötüb keçənlərdən bizə çatır:

“Yazıq”

“Heyf”

Qulaqlarını çəkənlər, barmaqlarını skamyanın taxtasına döyəcləyənlər, yaxına gəlib üzgün baxışlarını ona tuşlayanlar...

Elçin öz dünyasındadır. O dünyadan danışır elə. Gözləri ilə vidalaşdığı günlərə yelkən açır:

- Bir gözümü əməliyyat elədilər. 6 yaşında yıxıldım. Əməliyyat olunan gözüm stulun kəlləsinə çırpıldı. Həmin göz sıradan çıxdı. Təsiri keçdi o biri gözə. Heç biri görmədi.

- Əlində tutduğun güllərin rənglərini hiss edə bilirsən?

Gülləri sığallayır.

- Qırmızı?

- Hə...

- Bənövşəyi?

- Düzdü...

- Ağ...

- Hardan bilirsən?

- Öyrəşmişəm artıq.

Bayaq bizə səs-səs yaxınlaşanların indi rəngləri ortaya çıxır. Sarı paltolu bir qız gülümsəyir. Şlyapalı bir qadın dayanıb bir anlıq bizə baxır. Ağacların yaşılı özünə qayıdır.

- Adamlar nə rəngdədir?

- Çoxusu qara geyinib. Niyə soruşursan ki?

- Heç, maraqlı gəldi.

- Bayaq bir qız sarı geyinmişdi.

- Sarı gözəl rəngdi. Qadına yaxşı yaraşır.

Elçini çoxlarımız o məşhur oğurluq hadisəsi ilə tanıyır. Gecənin bir vaxtı evə girəndə qapının qıfılının açıldığını hiss edib. Təsəvvür edin ki, işıq yanmır və siz bütün əşyaların varlığına əllərinizlə əmin olmalısınız. Elçin həyatı əlləri ilə tanıyır. Oğurluğu da əlləri ilə kəşf edib. Əlləri ona bədbəxt hadisəni danışıb: 800 manata yaxın pul, qızıl üzük, gümüş boyunbağı yoxdur.

Qara eynəyinin arxasından bəlkə də göz yaşları töküb. Bilmirəm, gözləri görməyənlərin göz yaşları olurmu? Elçin o günü xatırlamaq istəmir. Necə polisə gedib, şikayətçi olub. Bütün bunlar ona rəngsiz yuxu kimi gəlib.

Polis bir az da ironiya ilə ona deyib:

- Əgər 37-ci ildə öldürülənlər dirilsə, sənin pulların tapılacaq.

Kor-peşman evə qayıdıb. Qaranlığa...

- Noldu axırı?

- Heç nə, tapılmadı. Hələ mənə sələmçi adı qoydular. Borc istəyənə cibimdə olanda verirəm. Ürəyim yumşaqdı. And-aman eləyir, mən də verirəm. Mən dilənçi deyiləm. Sələmçi də deyiləm. Elə olsaydım, yoldan keçib mənə pul verənləri geri qaytarmazdım. Hamısını götürərdim. Hələ elə olub borcumu qaytarmayıblar. Allaha tapşırmışam onları.

- Elan verilmişdi oğurluq haqda. Sənə kömək edilmədi?

- Adi vətəndaşlar sələm söhbəti ortaya çıxanda çəkildi. Amma Heydər Əliyev Fondu dəymiş zərəri ödədi.

Hekayə bitsə də Elçin oğrunun tapılmamağına heyrət edir. Kameraların olduğunu deyir. Bu kameralar onların məhəlləsinin gözüymüş. Bəlkə o gün onların da gözü tutulmuşdu? Heç cür bunu beyninə yeridə bilmir və təəssüflə deyir:

- Ogünkü acını unuda bilmirəm!

Elçin o gündən sonra gül toxuya bilməyib. İki gün çörək də yeməyib. Evdə qaranlıqlarla baş-başa qalıb.

- Gül toxumaq çətin deyil ki?

- Yox, öyrənmişəm. Çətin gəlmir mənə.

- Necə öyrənmisən?

- 11 yaşımdan öyrənmişəm. Bacılarımdan. İncə iplərdən öyrənə bilmirdim deyə qalınları götürüb eləyirdim. Bildim ki, ilmənin yekəliyindən öyrənə bilərəm. Əlimlə hiss edirəm hər şeyi. Yaddaşım yerindədir.

- Günə nə qədər toxuyarsan?

- 10. Çox toxuyanda yoruluram

- Neçəyə verirsən birini?

- 5 manat.

Elçinin rəngsiz dünyasından bir neçə kadrı izləyək.

Yer “28 May” metrosunun çıxışı. Cəfər Cabbarlı heykəlinin önü...

- Bu yalançıdır, qaqa! Kor deyil!

- A kişi, görmür də. Nə istəyirsən?

- Vallah, qaqa, düz deyirəm. Bu Şabanın kinosundakı kimi yalandan eləyir.

“Tarqovı”. Fəvvarələr meydanı...

- Buna bax! Gül satır. Gözünə də qara eynək taxıb. Haahha...

- Ayıbdı, ala. Səndə o vəziyyətə düşərsən e... Niyə lağ eləyirsən?

- Zarafatdı da...

“Vağzal.”

- Gül neçəyədir ?

- 5 manat.

Elçin hiss edib ki, kişi birinin pulunu verib, amma fürsətdən istifadə edib toxuma güllərdən ikisini-üçünü götürüb.

Elçin həyatını iki hissəyə bölür: Xeyr və şər. Deyir ki, bunların hamısı həyatımın şər tərəfinə düşür. Biz buna “rəngsiz hissə” də deyə bilərik.

- Mən əl açıb dilənmirəm, kimdənsə təmənnasız nəsə istəmirəm. O deyilənlər məndə olsaydı, onda kimsə desəydi ki, kor deyil, yalandan eləyir, vallah xətrimə dəyməzdi. Deyədim, kişinin oğlu düz deyir. Məndə olmayanı deyəndə isə pis oluram. O adamları xatırlaya-xatırlaya əzab çəkirəm.

İndi isə gəlin keçək Xeyr tərəfə... Yəni rəngli hissəyə...

İçərişəhər. Qala qapısının önü...

- Gül neçəyədir?

- 5 manat.

Qadın pulu verib və gülü yerinə qoyub.

“Gənclik” metrosunun çıxışı...

- Neçəyədi?

- 5...

Xanım pulu verib qaçmağa başlayır. Elçin əlindəkini yoxlayır: 20 manat.

Vağzal.

- Ala qardaş, götür.

- Çox sağ olun.

Elçin pulu pula tutmaqla nə qədər olduğunu anlayır. Bu dəfə yoxlayanda şoka düşür: əlində 100 manat diri balıq kimi çırpınır...

Həyatının rəngli və rəngsiz hissələrini danışdıqdan sonra köks ötürür:

- O qədərdi ki belə şeylər.

- Amma axırıncı danışdıqların işıqlıdır. Gözəl şeylər də olur demək.

- Hə, çox olur.

Biz onunla sağollaşırıq. Mən getdikcə qaralan, rəngini itirən şəhərin adamlarına qarışıram, o isə skamyada oturub rəngsiz şəhərə tamaşa edir.

# 8282 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #