Şahbaz Xuduoğlu: “Sabir Rüstəmxanlıdan aylarla küsülü qaldım” – MÜSAHİBƏ

<span style="color:red;">Şahbaz Xuduoğlu:  “Sabir Rüstəmxanlıdan aylarla küsülü qaldım” – <span style="color:red;">MÜSAHİBƏ
25 iyun 2018
# 09:00

Kulis.az “Qardaşımın üzü köməyim olsun” layihəsindən Xalq şairi Sabir Rüstəmxanlının qardaşı, tanınmış naşir Şahbaz Xuduoğlu ilə müsahibəni təqdim edir.

- Şahbaz bəy, evdə neçə uşaq olmusunuz?

- Biz çox olmuşuq. 15 uşaq. Uşaqlıqda erkən yaşlarında bir bacım rəhmətə gedib. On dördümüz qalmışıq. 5 bacı, 9 qardaşıq.

- Siz neçə yaş kiçiksiniz Sabir bəydən?

- 22 yaş. Sabir bəy ən birinci qardaşdı. Mən isə uşaqlardan 11-ciyəm.

- Şahbaz bəy, Sabir Rüstəmxanlıyla bir yerdə videonuzu paylaşmışdınız. Diqqət etdim ki, Sabir bəyə “siz” deyə müraciət edirsiniz. Həmişə belə olub, yoxsa videoda eləydi?

- Bizə uşaq vaxtı deyirdilər ki, Sabirin canına and iç ki o hərəkəti eləməmisən. Yalandan Qurana, Allaha and içə bilərdik. O zaman inanmırdılar. Amma gəlib o yerə, Sabirə and içməyə çıxanda, artıq hamı inanırdı. Ona görə də biz həmişə onun adına and içmişik. Böyük qardaş kimi...

- Aha...

- Tək biz yox, hətta anam da ona böyük qardaş kimi baxırdı. Buna görə də özümdən asılı olmur, həmişə ona “siz” deyə müraciət edirəm. Heç vaxt yanında siqaret çəkmirəm. Elə şeylər var ki, orda sərhədi keçmirəm.

- Xüsusi bir müraciətiniz olubmu Sabir bəyə?

- Qağa deyərdik çox vaxt...

- Şahbaz bəy, siz yeniyetmə olanda Sabir bəy artıq populyar şair idi?

- Hə, çox populyar... Hamı tanıyırdı. 70-ci ildə ilk kitabı çıxmışdı. O vaxt bir kitabla yazarı tanıyırdılar. “Gəncə qapısı” onu daha da məşhurlaşdırdı. 90-ci illərdə gənclər arasında artıq məşhur imzaydı. Nüsrət Kəsəmənliydi, Sabir Rüstəmxanlıydı, Çingiz Əlioğluydu – bunlar çox məşhur idilər.

- Sabir Rüstəmxanlının o dönəmdəki məşhurluğu evdə necə qarşılanmışdı? Necə bir münasibət vardı ona? Təbii ki, məşhur bir qardaşla eyni evdə yaşamaq fərqli hissdir...

- Xatırlayıram ki, Sabirin kəndə gəlişi həmişə bayram olardı. Əvvəlcədən kəndə xəbəri gəlirdi. Özü də gələndə tək gəlmirdi, dostlarıyla gəlirdi. İllər boyu bizim üçün qəhət olan yeməklər onun və dostlarının qabağına düzülərdi. Əslində, yeməklər deyəndə heyvan kəsib kabab bişirərdilər. Bir də qatıq, səhərlər içməyə süd xoşlayardı. O da gələndə limon və bəzən alma alardı. Anam o almaları hardasa gizlədərdi. Deyərdi ki, toxunmayın Sabirin Qağası (atam) xəstə yanına gedəndə aparacaq. Limon isə heç bizlik deyildi. Dağ adamı şirniyyat xoşlayar.

Bir dəfə onların kababından – deyəsən ciyər idi - mənə də verdilər. O vaxta qədər heç ət yeməmişdim. Ürəyim bulandı və qusdum. Biz tərə, kartof pendir, soğansu, belə yeməklərə öyrəşmişdik. Ət qəhət idi. Anam yeməyi həmişə bir əllə bişirərdi, o biri əli mütləq başqa bir ev işilə məşğul olardı. Hər dəfə onun həyatını xatırlayanda dəhşətə gəlirəm. Həyatının 14 ilini bətnində uşaq gəzdirib. Bu başqa mövzudu...

Nədənsə, həmişə böyük qardaşın gəlişini hamı bir gün əvvəldən bilərdi. Ev onu qarşılamağa hazırlaşardı. Atam soruşmazdı kimlə gəlirsən, amma bilərdi ki, mütləq qonaqları olacaq. Qapısındakı heyvanı dəyişərdi. Onun gəlişinə kəsməyə heyvan alardı. Atam heç zaman qapısında saxladığı heyvanı kəsməzdi. Mütləq başqa birisini tapardı. Qulluq etdiyi, bəslədiyi heyvana bıçaq qaldırmazdı.

- Əməlli-başlı dəm-dəsgah olurmuş ki...

- Hə... Evin baş otağı hazırlanardı. Təmizlənərdi. Qorunub saxlanılan yorğan-döşəyin üstü açılardı. Anam sandığından təzə süfrə çıxarardı. Qağamız həmişə ya tək, ya da qonalarıyla ayrı otaqda qalardı. Biz isə döşəyi eninə sərib kollektiv şəkildə yatardıq. Qışda sərçə balaları kimi yorğanın altından yalnız başımız görünərdi.

Həyətimizdə su yox idi, bulaqlardan daşıyardıq. Hamı durmamış gedib su gətirərdik. Qardaş duranda onun əlinə su tökək deyə arada dava düşərdi. Kim onun əlinə su tökəcək deyə. Bir dəfə Vladimir adlı dostu ilə gəlmişdi. O, Moskvadan gəlmişdi, Sabir bəyin ruscaya tərcüməçisi idi. Mənə onun əlinə su tökməyə icazə verdilər. Yadımdadır, təbiətin oyanan vaxtıydı, günəş hələ tam qızmamış Vladimirin əlinə su tökürdüm. Ondan sabun iyi gəlirdi. Nədənsə o vaxtlar şəhərdən gələn hər kəsdən sabun iyi gəlirdi.

- Şahbaz bəy, Sabir Rüstəmxanlının evi idarə etməsi olurdumu? Ağsaqqallıq missiyası...

- O təbiətən ağsaqqal idi. Nadir hallarda bütün qardaş-bacılar bir araya yığışırdıq. Onda Sabir deyirdi ki, ağsaqqal mənəm, amma məndən sonrakı ağsaqqalı öz aranızdan seçin. Doğrudan da çox ciddi şəkildə seçki keçirilirdi və aramızdan bir ağsaqqal seçilirdi. Bu yarışlarda həmişə ya Əlövsət qalib gələrdi, ya da mən.

Ümumiyyətlə, sizə deyim ki, Sabir bizə həmişə əlçatmaz olub. Onu gec-gec görmüşük. Bizdən uzaqda olub həmişə. Yadıma gəlir ki, 4-cü sinifdə oxuyanda Bakıya yarışa gətirmişdilər məni. Kirov prospektində Həmkarlar İttifaqının rəngli balkonları olan binasında qalırdıq. Atam demişdi ki, Qağana zəng edərsən, bilsə ki, ordasan mütləq gəlib səni görəcək. Mən 15-20 gün, bəlkə daha çox orda qaldım. Hər dəfə Sabirə zəng edirdim. Deyirdi, işdən çıxandan sonra gəlib səni görəcəm, icazə versələr, bəlkə səni evə apardım. Onda “Yazıçı” nəşriyyatında işləyirdi. Öyrəndim ki, iş saatı 6-da bitir. 9-cu mərtəbədə qalırdım. Mən 6-dan sonra qaranlıq düşənə qədər balkonda gözləyirdim, Karl Marks heykəlinin yanından hər qırmızı maşın bizə tərəf gələndə qaça-qaça pilləkənləri enib çıxırdım yolun qırağına. Lifti gözləməyə səbrim çatmırdı, həm də liftdən daha sürətli idim. Beləcə qırmızı maşınlar gəlib keçirdi yanımdan, amma Qağam gəlmirdi. Heç sona qədər də gəlmədi.

- Dediniz ki, gec-gec görürdük Sabir bəyi. Qardaş kimi necə biri idi? Xasiyyəti tünd idi, yoxsa mülayim? Uzaqlığı sizi soyutmurdu ki?

- Ümumiyyətlə, Sabir bizi həmişə özünə lazım olanda axtarıb. Nəsə bir işi aşırmaq üçün. Məsələn, stolu daşımağa (gülür). Belə hallara görə bizi axtarırdı və ona lazım olurduq. “Qardaş, gəl söhbət edək, bir çay içib dərdimizi danışaq” – bu cür hal olmayıb. Təbii ki, biz də bunu normal qarşılamışıq. O, böyük qardaşdı və bizi müəyyən buyruğa çağıra bilər.

- Maraqlıdır, bəs onunla dostlaşa bildinizmi?

- Heç zaman. Biz Sabirlə dost deyilik. Sabir bəylə bizim dostluğumuz olmayıb, elə indinin özündə də yoxdur. Çünki dostluq mümkün deyil. Hansısa səfərə bir yerdə getmək, söhbətləşmək dostluq sayılmaz.

- Yəqin düşüncə fərqlərinə görədir. Siz modern, Sabir bəy mühafizəkar biridir...

- Bilirsiniz, bu dostluq bir az başqa şeydir. Natiq Səfərovla da aramızda 20 yaş fərqi vardı, ancaq biz dost idik. Onu özümə dost hesab edə bilirdim. Sabirə isə dost kimi baxa bilmirəm. Düşünürəm ki, qardaşla elə qardaş olmaq lazımdır. Dost olmaq gərək deyil. Qaldı düşüncə fərqimizə, o cür deməzdim. Sabir bəy sadəcə məsələlərə başqa istiqamətdən baxır, mən başqa. Sabirin yolu həddindən artıq düz yoldur. Yazdıqları çox səliqəli, danışığı çox məntiqlidir. Heç zaman yazanda, yaxud danışanda səhv etmir. Məsələn, mən bu şeyləri o qədər də bəyənmirəm. Adam bu qədər düz olmamalıdır. Həmişə səliqə-sahmanla yazmamalıdır, hərdən səhvlər də buraxmalıdır. Bu baxımdan Sabir bəydə həddindən artıq mühafizəkarlıq var.

- İmzalarınız da fərqlidir. Sabir Rüstəmxanlı - Şahbaz Xuduğolu...

- Mənim içimdə xüsusi bir qardaşlıq missiyası yoxdu. Bilmirəm, bu nə ilə bağlıdır.

- Heç Sabir bəydən küsdüyünüz, incidiyiniz olub?

- Hə, çox olub. Məktəbi bitirmişdim, universitetə qəbul olunmuşdum, təzə kostyum almaq lazım idi. Ancaq evdəkilərə bunu deyə bilmirdim. Çünki o boyda uşağa baxırdılar, onlara çətin idi. Sabirin yanına getdim. Hər dəfə gedəndə deyirdi filan vaxtı gəl. Daha qapısına getməkdən və orda, qəbul otağında oturub gözləməkdən yoruldum, daha doğrusu utanırdım. Elə bilirdim artıq o nəşriyyatda hamı bilir ki, mənim paltar almağa ehtiyacım var, ona görə Sabir müəllimin “qanını qaraldıram”. Bəzən həqiqətən də belə olurdu, dostları ya bəlkə də iş yoldaşları ilə zarafat edə-edə gələndə birdən məni görürdü və sifəti dərhal dəyişirdi. Elə həmin günlərin birində mənə dedi ki, gələrsən, gedərik sənə kostyum alarıq. Mən dedim, yox, kostyum istəmirəm, elə bir şalvar, bir köynək olsun yetər. İnternat paltarını geri qaytarmalı idim. Dövlətin idi əynimdəki paltar. Dedi, sən indi get, 25-dən sonra gəl - yəqin maaş alacaqdı – univermaqdan sənə yaxşı kostyum alaq. Günləri qova-qova dediyi vaxtda gəldim. Təbii ki, o yox idi. Üstündən bir neçə gün keçdi, təkrar işində yaxaladım. Dedi, sənə nə lazımdır? Unutmuşdu... Təzədən vəziyyəti ona danışdım. Dedi, gedək univermağa, otağına keçib nəsə götürdü – yəqin maaşını – və tələsik univermağa getdik. İkinci mərtəbədə başda uşaq şöbəsi idi, ora girib paltarları sınadıq, birini götürüb boyuma tutdu. Birdən dedi ki, sən ki, böyümüsən. Əynimə uyğun paltar olmadı. Sonra böyüklər şöbəsinə keçdik. Deyəsən, bir kostyum boyuma uyğun gəlirdi. Onun qiymətinə baxdı, satıcı ilə nəsə danışdı. Sonra mənə dedi, gedək. Elə başa düşdüm ki, cibindəki pul paltarın qiymətinə yetmədi. O, işinə qalxdı, dedi, axtar bir şey tapsan mənə xəbər edərsən.

Əslində, mənə artıq aydın idi ki, nəsə tapmağım nəticəyə təsir etməyəcəkdi, deyək ki, gedib bir dükanda münasib bir paltar tapdım, bəs Qağamı necə tapacaqdım? Mümkün deyildi. İşinə getmək limitim bitmişdi, univermağa getməyi vəd etmişdi, onu da etdi... Hər dəfə ondan ayrılandan sonra ora dönməyəcəyimi özümə şərt qoyurdum, amma bir müddətdən sonra başa düşürdüm ki, yenə çarə ondandır.

- Axır kostyumu aldı?

- Bir dəfə “Azərnəşr”in qarşısında elmi kitabxananın yanında telefon “butkası”ndan ona zəng etdim. Elə oldu ki, dərhal danışa bildim. Özümü toparlamışdım, bilirdim ki, bu mənim sonuncu müraciətimdir. İndi nə dediyimi dəqiq xatırlamıram. Amma bilirdim ki, çox kövrəlmişdim, ona nəsə dedim və ağladım. O da bir az susdu, bəlkə fikrə getdi, ya bəlkə yanında olan kiminləsə söhbət edirdi, onu bilmirəm, sonra bir az əsəbi halda, həm də şikayət dolu bir səslə: “Axı mən nə edim, siz çox olmusuz, mən isə az!” - dedi.

Sonra yenə də nəsə dedi, deyəsən uşaqların çoxluğu ilə bağlı bir az gileyləndi, valideynlərimizi qınadı. Elə bil ondan sonra məndə dəyişiklik baş verdi. Bu söhbətdən sonra xeyli müddət onunla əlaqə saxlamadım.

- Maraqlıdır, nə qədər çəkdi bu küskünlük?

- Aylarla. Tam xatırlamıram. Sonra unuduldu. Ümumiyyətlə, bizdə qardaşların bir-birinin paltarını geyinməsi ənənəsi vardı. Qardaşım Əlövsətin ayağı çox böyük idi, heç kimin ayaqqabısı buna olmurdu. Bir dəfə məktəbdən çıxıb sinif yoldaşlarımla pilləkənləri enirdik. Aşağıda Əlövsət dayanmışdı, məni görməyə gəlmişdi. Əlövsəti görcək çox sevindim. Görüşdük, qucaqlaşdıq. Sinif yoldaşım olan bir qız da ordaydı. Gördüm diqqətlə Əlövsətin ayağına baxır. Sonra qəribə bir tərzdə üzümə gülümsədi və getdi. Əlövsət 44 ölçüdə ayaqqabı geyirdi. Mədətin - Sabirdən kiçik qardaşım – köhnə 42 ölçüdə bir ayaqqabısını geymişdi, ayaqqabısının burnu yırtılmışdı, üstəlik bağ yerləri sökülmüşdü...

Sonra nə o qız məni danışdırdı, nə də mən onu. Bir sinifdə oxuduq, bir məktəbi bitirdik, amma heç zaman bir-birimizlə danışmadıq.

Əlövsətin çox məşhur ağ “Merkuri” köynəyi vardı. Havalar soyuyan kimi pencəyin altından geyərdi. Çoxları ondan soruşurdu ki, Əlövsət bu bahalı köynəyi hardan almısan, nə yaxşı yaraşır sənə. Həqiqətən, Əlövsətə babat yaraşırdı, həm də qırmızı nazik qalstukla yaxşı tuturdu.

Novruz bayramına kəndə gedəndə anam onu yuyub həyətdə ipdən asmışdı. Sağına gələn inək köynəyin qollarını və arxa tərəfini çeynəyib qoparmışdı. Xoşbəxtlikdən ön tərəfi və yaxalığı salamat qalmışdı. Bəzi mötəbər tədbirlərə Əlövsət onu geyməkdə yenə davam edirdi. Əslində, başqa seçim də yox idi.

Bir dəfə Əlövsət tələbə yoldaşlarından birinin ad gününə getmişdi, BDU-nun yeni yataqxanasına. Əlövsət, Faiq və mən BDU-nun köhnə yataqxanasında qalırdıq, 5 saylı çörək zavodunun ... Əlövsət evə gəlmək istəyəndə uşaqlar buraxmırlar, getmə qalaq burda, yer də var, yemək də, oturmuşuq da, hara tələsirsən. Əlövsət təkidlə qalxıb otaqdan çıxanda uşaqlardan biri yapışır onun pencəyindən ki, otur da, niyə tərslik edirsən. Əlövsətin pencəyi əynindən düşür...

Əlövsət bir dəfə Sabirin pencəyini geyinib universitetdə Məmməd İsmayılla görüşə getmişdi. Yadımdadır ki, yaxşı da görüş olmuşdu. Bəlkə araşdırsan o pencəyi indi kənddə, uşaqların çoxu geyinir hələ də.

- Şahbaz bəy, Sabir Rüstəmxanlını şair kimi nə vaxt kəşf etdiniz?

- Bizim evdə çox gözəl bir ənənə vardı. Hamı növbəylə kitab oxuyurdu. Sabir bəyin kitabxanası vardı, ordan kitabları götürüb oxuyurduq. Onun yazıları çıxanda ilk atam tanış olurdu. Gözləri görmürdü, amma uşaqlardan kiməsə verib oxutdurur, oturub qulaq asırdı. Mən isə uşaqlıqdan şeir sevməmişəm. Amma yenə də oxuyurdum. Qardaşım olduğu üçün oxumalıydım. Daha yaxşı, ya pis olduğunu deyə bilmərəm (gülür). İndi də elə hesab edirəm ki, onun bədii yaradıcılığı haqda nəsə deməmişəm və deyə də bilmərəm. Deyə bilərəm, ancaq hesab edirəm ki, lüzumu yoxdu. Mənə elə gəlir, yaradıcı adama ən yaxşı dəyəri onun özü verir.

- Məşhurluğu sizə mane olmayıb ki?

- Bizə Sabir böyük motivasiya idi. O vaxt kənddə iki yol seçməliydin: ya heyvandarlıqla məşğul olmalıydın, ya da Sabirin yolu ilə getməliydin. Yəni Sabir kimi oxumalıydın. Bu mənada onun məşhurluğu müsbət təsir edirdi bizə. Təbii ki, hər şeyin yaxşı və pis tərəfi var. Ancaq onun məşhurluğu mənə mane olmayıb.

- Sizin aranızda yaş fərqi də çoxdur. Yəqin hansısa sirrini sizinlə bölüşməzdi...

- Mənim bir fotom var. Sabir bəyin qucağında. O fotonu bizim gözəl yazıçımız Fərman Kərimzadə çəkib.

Qaldı Sabirin sirr saxlamağına... Onun sirr saxlamağına ehtiyac da yox idi. O nə edirdi, hamısı görünürdü, gəlib bizə çatırdı (gülür). Bizim onunla məhrəm söhbətlərimiz olmayıb. Sevgi-məhəbbət mövzusu-filan.

- Sabir bəy həm də mübarizə adamıdır. Gəncliyində dalaşqan idimi? Necə xatırlayırsınız? Kiminləsə davası olduğu yadınıza düşürmü?

- Natiq Səfərov danışmışdı ki, bir dəfə Mövlud Süleymanlıyla nə üstdəsə davaları düşmüşdü. Ancaq davanın motivləri haqda heç nə bilmirəm.

Yadıma düşür, Sabirin maşınında yol gedirdik. Onun ailəsi idi, mən idim. Bir maşın gəlib onun maşınını keçdi. Bir neçə dəfə təkrarladı bunu. Elə bil ki, sataşırdı. Sabir təkid elədi ki, maşını saxlasınlar. Düşdü maşından. Gedib o adama çatan kimi birini vurdu. O da cavan adam idi. Amma belə dalaşqan biri deyil, yumşaq adamdı Sabir.

- Evdə daha çox kiminlə ünsiyyət qurardı? Kimi öz məclislərinə aparardı?

- Deyim ki, bizimlə çox ünsiyyət saxlayan biri deyildi. Bircə Mədət qardaşımı özü ilə gəzməyə aparardı, şair-yazıçılarla görüşdürərdi. Onlar özlərinə “A” qrupu deyirdilər (gülür). Bizə isə öz aralarında “B” qrupu... Sabir bəy bəzən ağsaqqalıq missiyasından istifadə edərək hansısa “B” qrupunda olan qardaşını “A” qrupuna keçirirdi.

- Bu gün necədi sizin münasibətiniz? Dəyişən bir şey varmı? Sabir bəyin kitabları sizin nəşriyyatda da çıxır. İndi iş otağı da burdadır. Yəqin tez-tez görüşüb söhbət edərsiniz...

- Məncə, münasibətimizdəki ən balanslı münasibət indidir. Mən bilirəm ki, müəyyən şeyləri ona demək olmaz, o da eynən. Əvvəllər tək mənim yox, bütün qardaşların həyatına daha çox müdaxilə edirdi. İndi azalıb. Yəqin görür ki, artıq bunlar da atadırlar, övlad sahibidirlər.

- Belə başa düşdüm ki, münasibətiniz yenə məsafəlidir.

- Əlbəttə. Və mənə elə gəlir ki, belə olmağının səbəbi Sabir bəydən qaynaqlanır. Təməli belə qoyub. Bəlkə də bütün qardaşlarda münasibət bu cürdür, ya da bu cür olmalıdır. Qardaşlıq münasibətində həm doğmalıq var, həm də çox qəribədir ki, yadlıq da var. Elə məqamlar olur ki, sən qardaşına tamam yad bir adam kimi baxırsan.

- Sonda Sabir bəyə nəsə demək istəyirsiniz?

- Mən həmişə fikirləşirdim ki, “Ömür kitabı”ndan sonra Sabir oturub ancaq yazıçılıqla məşğul olacaq. Ümumiyyətlə, ancaq yazıçılıqla məşğul olmalıydı. Bu ictimai-siyasi proseslərdə iştirak etmək, deputatlıq-filan lazım deyildi, məncə. Ancaq yaşanana bir sözə deyə bilməzsən. Bu, bir yaşam idi. Mən Sabir bəyi çox enerjili görürəm. Onun enerjisi tükənməzdir. Həm şeir yazır, həm nəsr, həm ictimai-siyasi hadisələrdə aktivlik göstərir. Qohumlarla da görüşür, yas-toy məclislərində də fəal iştirak edir. Hamısına da çatdırır. Mən birini eləyəndə, o birisini eləyə bilmirəm (gülür). Bu mənada mən Sabir bəyin enerjisinə heyran qalıram. Düşünürəm ki, bütün bunlarla bərabər, qardaşlıqda da Sabir yaxşı qardaşdır. İşə gələndə mütləq gəlib görüşür, gedəndə də “mən getdim” deyir. Yəni çox diqqətlidir, qayğıkeşdir...

# 2834 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #