Nə qədər ki, pərdələr bağlanmayıb

Nə qədər ki, pərdələr bağlanmayıb
6 oktyabr 2017
# 13:15

Mintac Elsevər

Dünya böyükdü, hərdən sitəmlənib dünya mənə dar gəlir desək də. Hər halda mənə görə bu belədi. Dünya yekədi və onun yekə-yekə də dərdləri var. Bəzən onun dərdlərindən çox yekəliyindən acığım gəlir. Adamlar çoxalır...

Onlar çoxaldıqca arada məsafələr də çoxalır. Millətlər, dillər, dinlər, irqlər, düşüncələr və sairə sairələr araya fərqlər, sərhədlər, hətta hədlər çəkir. Sən qalırsan dünyanın bu başında o qalır o başında. Kaş ki, bəlkə deyirəm dünya ufacıq olaydı. Hamı bircə dildə danışaydı, hamı bir-birini tanıyaydı, hamı kimin nəçi olduğunu anlayaydı, harada yaşadığını biləydi.

Bu ufacıq dünyanın adamları burda sevib, nifrət edib, yaşayıb sonra da ölüb gedəydilər. Sonra yenə başqa adamlar gələrdi bu dünyaya. Onlar da özlərindən əvvəlkilər kimi eyni qaydada yaşayıb gedəydilər. Nə olursa-olsun, nə yaşanırsa-yaşansın, amma yekə yox, eləcə bu ufacıq dünyada olsun, burda yaşansın və bitsin.

Məni bu birtəhər hisslər keçirməyə, başıma girən nataraz, naqolay dünya formasını düşünməyə sövq edənsə bir məsələ oldu. Əziz dostum Ruslan Mollayevin doğum günü. Bu gün dostumun dünyaya gəldiyi gündür. Ürəyimdən keçən ilk hiss buydu ki, kaş onu hamı tanıyaydı, kaş elə lap bütün dünya tanıyaydı!..

Amma heyhat, dünya mən deyən dünya deyil axı, o çox yekədi. Hamı hamını tanıya bilməz. Amma adamlar da var ki, onu doğrudan bütün dünya tanıyır. Hansısa istedadına, əməlinə, nə bilim hər nəyinə görə...

Yekədən xırda dünyaya dair dəxilsiz düşüncəmi kənara qoyub öz sevimli məmləkətim çapına və gerçəkliyinə qayıdıram. Sevdiciyim məmləkətdə tanınan, sevilən, istedadına inandığımız adamlar çoxdu. Onlar adına çox şadam.

Amma Ruslan Mollayev adına, imzasına görə dərin bir dost kədəri var içimdə.

Ruslan Mollayev rejissordur. Əsl rejissor. Bəli, əsl və sözün tam mənasında sənədli və bədii filmlər çəkəcək istedadda və gücdə olan rejissor! Amma onu tanıyan, dəyərləndirən azdı. Adam özü də elə gözəl susur ki, sükutunda belə özünün yarada biləcəyi böyük sənət əsəri var.

Təbii ki, Ruslan kimi onlarla kənarda qalan istedadlı adamlar var cəmiyyətimizdə. Mən onlardan birini, Ruslan Mollayevi tanıyıram. Amma təəssüf ki, bu gün, çəkdiyi televizor ekranının çərçivəsindən qırağa çıxa bilməyənlər meydandadır. Bu, çox kədərli və ümidsiz bir hisdir. Mən bilmirəm bunun əsl günahkarı kimdir, amma bu hal heç yaxşı hal deyil.

Əziz dostum!

Doğum gününə yaraşmayan, pessimist bir yazı oldu, bilirəm. Fəqət, illər ötür. Həm də böyük sürətlə ötür! Mən bu böyük dünyadan əl üzüb, qandığım qədər quruluş verdiyim bu ufacıq dünya səhnəsində sənin boş qalan yerini görürəm. Onlar istəsələr də sənin yerini doldura bilməyəcəklər. Hərənin öz yeri. Amma bilsən səni tanıdığıma görə şəxsən mən nə qədər məmnunam!

Bu məmnuniyyəti birgə hazırladığımız bir neçə sənədli filmlərdə, televiziya verilişlərində dəfələrlə yaşamışam. "Cəhənnəm mələkləri", "Romantik kommunist Nazim Hikmət", "Rezonans" tele-layihəsi və neçə belə məmnuniyyət.

Mən o əsl sənət həzzini yenidən hiss etmək istəyirəm. Bəlkə də bayaqkı cümlə kiçik redaktəylə indi yazılmalıydı: mən bu ufacıq, amma həm də böyük dünya səhnəsində sənin boş qalan yerini görürəm.

Nə qədər ki, pərdələr bağlanmayıb, qayıt səhnəyə.

# 1903 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
# # #