Xalq yazıçısı Elçin: "Mən Mehriban Ələkbərzadəni tərifləmirəm, onu..." - Müsahibə

Xalq yazıçısı Elçin

Xalq yazıçısı Elçin

8 aprel 2025
# 17:05

Kulis.az Əkrəm Qaflanoğlunun Xalq yazıçısı Elçın Əfəndiyevlə müsahibəsini təqdim edir.

- Sizi Qubada xoş gördük, Elçin müəllim.

- Təşəkkür, Əkrəm. Bilirsən, Quba mənin çox sevdiyim diyarlardan biridir. Sən də ki, Quba patriotu! (Gülür.) Yox, qoy lap doğrusunu deyim: Azərbaycan patriotu.

- Mən istərdim ki, sizin bu dəfəki Quba səfərinizdə, fürsətdən istifadə edib, ədəbiyyat, sənət barədə, ümumiyyətlə, həyat barədə söhbət edək. Necə bilirsiz?

- Mən hazır.

- İstəyirəm bu söhbəti teatrla başlayaq. Mən bilirəm ki, siz də böyük ədibimiz, rəhmətlik İlyas Əfəndiyev kimi teatra çox bağlısınız...

- Bu, Əkrəm, irsi bağlılıqdan da artıq, təbii bir bağlılıqdır. Yəni mən lap uşaqlıqdan teatr ab-havası ilə böyümüşəm. Bu ab-havanı hiss etmişəm desəm, daha dəqiq olar. 1948-ci ildə mənim neçə yaşım var idi? Beş yaşım. Azdramada Ədil İsgəndərov İlyas Əfəndiyevin "Bahar suları"nı hazırlayırdı, atam da məşqlərə gedəndə məni özü ilə aparırdı. Nə qədər il keçib, hə? O məşqlər, ən əsası isə, bir az gurultulu çıxmasın, o səhnə sehri mənim hissiyatımdadır. Elə o vaxtlar Karyagin (Füzuli) teatrında baxdığım "Əsli və Kərəm" tamaşasında Mürşüd Həşimovun oynadığı Keşiş Qapon məni elə qorxutmuşdu ki, o unudulmaz və gözəl "teatr qorxusu" da indiyə kimi mənim hissiyatımdadır. Mürşüd kişi sonralar Əməkdar artist oldu, hər dəfə Bakıya yolu düşəndə, bizə gəlirdi, atamla nənəm Bilqeyis xanımla görüşürdü, nənəmin böyük qardaşı, tanınmış teatr xadimi Cəlil bəy Bağdadbəyovu xatırlayırdı.

- Elçin müəllim, sizin pyesləriniz Azərbaycandan başqa, bir çox başqa ölkə teatrlarında tamaşaya qoyulub. Türkiyədə, İngiltərədə, İtaliyada, Cənubi Koreyada, Rusiyada, Ukraynada, Orta Asiya respublikalarında… Mən yadıma düşən ölkələri sadalayıram. Hətta "Şekspir" pyesiniz ABŞ-da, özü də Brodveydə tamaşaya qoyulub. Ona görə bunları yada salıram ki, sizə bir sualım var.

- Buyur.

- Siz istərdiniz ki, bir pyesiniz də Quba Dövlət Dram Teatrında tamaşaya qoyulsun?

- Quba Dövlət Dram Teatrında?

- Bəli. Vaxtıyla Qubada Dövlət Dram Teatrı fəaliyyət göstərib. Ancaq çox təəssüf ki, 1962-ci ildə bağlanıb.

- Hə, bilirəm. Abbasqulu Ağa Bakıxanov adına olub. Rəhmətlik Səyavuş Aslan elə oradan başlayıb, ağız dolusu da o tneatrdan danışırdı. Səhv etmirəmsə, Məcnun da (Hacıbəyov) orda çalışıb. Sənin sualın da, belə başa düşürəm ki, o teatrı yenidən bərpa etmək arzusudur, hə?

- Elədir.

- Əlbəttə, çox yaxşı olardı. Teatr nə qədər çox olsa, bir o qədər də mədəni-mənəvi zənginlik deməkdir. Ancaq bir şərtlə, dostum Əkrəm! Elə teatr ki, belə bir zənginliyi yaratmaq gücündə olsun. Yəni teatrın elə yaradıcı kollektivi olsun ki, Şekspiri, Çexovu, Şounu, bizim Mirzə Fətəlini, ya da Mirzə Cəlili, Cabbarlını, Cavidi layiqincə təqdim edə bilsin. Ciddi məsələ budur. Ciddi və çətin.

- Elçin müəllim, yaxşı olardı ki, elə bu çətinlik barədə danışasız.

- İlk növbədə aktyorlar və rejissorlarla bağlı problemlər. Bizim böyük aktyorlarımızın, mən səhnədə gördüklərimi xatırlayıram: Mirzəağa Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Gəraybəyli, Sona Hacıyeva, Fatma Qədri, Barat xanım, Hökumə xanım, Leyla xanım, Mustafa Mərdanov, Ağahüseyn Cavadov, Sənani, Osmanlı, Dağıstanlı, Əfqanlı… bu klassiklərin siyahısını hələ xeyli davam etdirmək olar. Hətta ikinci dərəcəli, bəzən də lap epizodik rolları ifa edən Qafqazlı, Sadıq Saleh, Cabbar Əliyev, Qafar Həqqi, Məcid Şamxalov kimi aktyorlarımız… Bu gün bu rəhmətliklərimizin sənətini onlara layiq şəkildə davam etdirən aktyorlarımız da var. Mən Hacı İsmayılovu, Rafiq Əzimovu, nisbətən sonrakı nəsldən Nürəddin Mehdixanlını, yaxud Bəsti xanımı, Firəngiz xanımı, Cəfər Namiq Kamalı, onlardan da sonrakı nəslin, misal üçün Füzuli Hüseynov kimi nümayəndəsini səhnədə görəndə, elə bil həmin klassiklərin nəfəsini, teatr eşqini hiss edirəm, görürəm. Nürəddin bir tərəfdən "Natəvan"da Xasay xanı, "Mahnı dağlarda qaldı"da Boyük bəyi oynayırsa, dediyim həmin teatr eşqi ilə Şeyx Nəsrullahı, yaxud "Almaz"da Hacı Əhmədi oynayır, çünki yaradıcılıq diapozonu genişdir, roldan rola girə bili rvə inandırır. Ümumiyyətlə, deyim ki, mən Azdramaya gedib-gələn adamam və bu teatr eşqi oradakı aktyorların hamısı üçün, ümumiyyətlə, direktor İlham Əsgərov da, bədii rəhbər Mehriban Ələkbərzadə də daxil olmaqla bütün kollektiv üçün səciyyəvidir. Ümumidə belədir, ancaq iş burasındadır ki, istedadın da dərəcəsi var. Fərdi və prinsipial yanaşsaq, adını çəkdiyim aktyorlar kimi sənətkarların sayı çox deyil. Nə üçün belədir? Ona görə ki, bu rəqəmsal dünyada yalnız istedadla, yalnız "teatr eşqi" ilə böyük nəticələr əldə etmək müşkül məsələdir. Sənin dünyagörüşün, sənin fikrin elmin, texnologiyanın inkişafı ilə ayaqlaşa bilməlidir. Bunu necə əldə edə bilərsən? Təzədən fizikanı, ya kibernitikanı mənimsəməlisən? Yox, əlbəttə. Sən aktyorsan. Sənin dünya teatrından xəbərin olmalıdır, dünya dramaturgiyasını mənimsəməlisən və onu qiymətləndirməyi bacarmalısan. Sən gərək sosial şəbəkə ilə kifayətlənməyəsən. Mütaliə və mütaliə, Hamlet demişkən, "budur məsələ". Tamaşanın sahibi isə rejissordur, tamaşanı yaradan rejissorun zövqü, savadı, prinsipiallığı, estetik cəsarəti, fantaziyasıdır. Bu gün bizim Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli… kimi teatr rejissorlarımızın sənətini müasir dövrdə bu müasirliyə layiq şəkildə davam etdirən rejissorlarımız varmı? Var, ancaq burada da say məsələsi ortaya çıxır. Rejissor qıtlığıdır. Var, ancaq azdır. Bizim teatr tariximizə və ənənələrimizə nisbətən azdır.

- Maraqlıdır, misal üçün, kimləri nəzərdə tutursuz?

- Kimləri? Misal üçün, indi adını çəkdiyim Mehriban Ələkbərzadənin yaradıcılığını yada salaq. Vaxtıyla biz "Poçt şöbəsində xəyal"ı, "Qatil"i onunla bir yerdə işləmişik və mən onun istedadı, "teatr eşqi" ilə bərabər sənətkar məsuliyyətinin, zəhmətinin, dünyagörüşünün yüksək olduğunu da elə o vaxtlardan görmüşəm. Mehriban bir müddəğ "YUĞ" teartında çalışdı və orda o tamaşaları hazırladı ki, rəhmətlik Vaqif İbrahimoğlundan sonra oranın, indi dəbdə olan sözlə desəm, "imicini" bərpa etdi. O tamaşalar yurdsuz-yuvasız "YUĞ"u yenidən müasir mədəniyyət mərkəzlərindən birinə çevrildi. Mehribanın Atuqavanın məşhur novellası əsasında hazırladığı tamaşa mənin son on-on beş ildə Azərbaycan səhnəsində gördüyüm ən uğurlu, səviyyəli tamaşalardan biri, birincilərdən biri idi. Sonra yenə "YUĞ"da Mehriban İlqar Fəhminin Nəsimi haqqındakı istedadlı və bunu xüsusi qeyd etmək istəyirəm, hay-küylü, patetik yox, mətləbli pyesini tamaşaya qoydu. Bax, orta əsrlərin çılğın Şərq koloriti və fəlsəfəsi hara, uzaq Yaponiyanın elə bil ki, başqa bir sivilizasiyaya aid olan rasional mühakimələr dünyası hara – gör söhbət nə qədər müxtəlif qütblərdən gedir. Ancaq hər iki tamaşa alındı, ikisi də hadisə oldu. Nə üçün? Çünki rejissor bədii mətnin dərinlərinə – əgər bu dərinlik varsa – getməyi bacarırsa, əsərin fəlsəfəsi onu tutursa, modern tərtibat da, modern işıq da, polifonik musiqi də ona kömək edəcək, bu rejissorun istədiyini edəcək. Dərinə gedə bilmirsənsə, yaxud mətndə də, sənin düşüncələrində də o dərinlik, o fəlsəfə yoxdursa, estetik modern – modern yox, əllaməçilik olacaq. Mehriban dərinə, mahiyyətə varmağı bacarır və onun estetik bir kateqoriya kimi, müasirliyini də bu bacarıq yaradır. Mehribanın Gənc Tamaşaçılar Teatrındakı "Kod adı VXA" tamaşasına baxdım. Dörd saat çəkdi, bəlkə, bir az da çox. Təsəvvür edirsən? Fundamental tamaşadır. Vaxta görə yox, mətləbinə və dərinliyinə görə. Teatrın, məncə, bütün yaradıcı kollektivi səhnədə idi. Faciə göstərirdilər, ancaq Əkrəm, mənə elə gəlirdi ki, aktyorların "teatr eşqi" o faciə içində onları xoşbəxt etmişdi, çünki özlərini ifadə edə bildilər, rejissor buna nail oldu. Mehriban Ələkbərzadənin Azdramadakı "Əsrə bərabər gün"ü də eləcə. O, mahiyyətə varmağı bacardığı üçün Koktonu, yaxud Sartrı da Cavid kimi uğurla tamaşaya qoyur. Başqa rejissorlarımız da var. Mərahim Fərzəlibəyov Bələdiyyə Teatrında rəhmətlik Amalya Pənahovanın irsini bu irsə layiq şəkildə davam etdirir. Yaxud, "Şekspir" pyesimin premyeraları çox olub, Azərbaycan səhnəsində də, kənarda da bu tamaşaların bir şqisminə özüm də baxmışam, amma sənə deyim ki, bu tamaşaların arasında ən yaxşılarından biri Bəhram Osmanovun vaxtıyla "ÜNS" teatrında hazırladığı tamaşa idi. Yaxud Loğman Kərimovu deyim. Şuşa Dövlət Teatrının baş rejissoru, indi eşitmişəm ki, ordan gedib. Niyə gedib, bilmirəm, ancaq istedadlı rejissordur, güclü potensial imkanları var və o cür rejissorların imkanlarına teatrımızın da ehtiyacı çoxdur. Cənnət Səlimova uzun illərdir Azərbaycan teatrına effektlə xidmət edir. Bunu da deyim ki, Mehriban Ələkbərzadə indi "Azdrama"da mənim "Baş" romanım əsasında tamaşa hazırlayır. Belə çıxmasın ki, mən buna görə bu rejissoru tərifləyirəm. Əvvəla, mən tərifləmirəm, onu bir teatr rejissoru kimi səciyyələndirirəm. İkincisi də, səninlə uzun illər bir yerdə işləmişik, mən elə adam deyiləm.

- Mən də bunu yaxşı bilirəm, Elçin müəllim..

- Daha bir məsələ də var, Əkrəm. Biz qısaca da olsa, aktyorlardan, rejissorlardan danışdıq, ancaq bir vacib məsələ də var: teatr tənqidi. Bu gün biz professional, yəni ixtisaslaşdırılmış teatr tənqidi deyəndə fikrimizə üç-dörd imza gəlir: İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə… Daha kim? Bəzən Sevda Sultanovanın, Aliyənin maraqlı məqalələri olur, ancaq təəssüf ki, adda-budda, yəni təsadüfdə-təsadüfə… Az deyil? Aydın məsələdir ki, söhbət primitiv həvəskar mülahizələrindən yox, səriştəli sözdən gedir. O biri tərəfdən də İlham Rəhimli daha çox teatr tarixi ilə məşqul olur və bu sahədə çox iş görür, Məryəm xanım, İsrafil pedoqogika ilə, Aydın bədii ədəbiyyatla məşquldur, görünür bunlar da çox vaxt alır. 1964-cü ildə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsərini Tofiq Kazımov Azdramada tamaşaya qoydu və rəhmətlik Cəfər Cəfərov bu tamaşa haqqında "Təklik faciədir" adlı məşhur məqaləsini yazdı. "Sən həmişə mənimləsən" Azərbaycan dramaturgiyasında, Tofiqin quruluşu müasir teatr tariximizdə necə bip mərhələ oldusa, Cəfər müəllimin həmin məqaləsi də teatr tənqidimizdə elə bir mərhələyə çevrildi. Unudulmaz Yaşar Qarayevin teatr tamaşaları haqqıneda yazdığı ardıcıl məqalələri xüsusi qeyd etmək istəyirəm. Hətta Abbas Zamanov, ya da Gülrux Əlibəyova, Cəlal Məmmədov kimi müəlliflərdə də təzə nəfəs və teatr tənqidinə həvəs yaranmışdı, yeni tamaşalar haqqında yazmağa başlamışdılar. Bu gün isə teatr tənqidimiz durğunluq içindədir. Halbuki teatr estetikasının inkişafı, yəni klassik irsdən qidalanan və faydalanan modern teatrın uğurlar əldə etməsi baxımından teatr tənqidi mühüm rol oynaya bilər və burasını əmrvari deyirəm: oynamalıdır. Belə bir vəziyyətin səbəbləri barədə ayrıca danışmaq, onu ayrıca təhlil etmək lazımdır.

- Elçin müəllim, sizin özünüzün də teatr haqqında, dramaturgiya haqqında çoxlu məqalələriniz var. Yaxşı xatırlayıram, hələ Siz Yazıçılar İttifaqında işlədiyiniz vaxtlar idi, Aktyor Evində sizin Moskvadakı "Teatr" jurnalında dərc olunan məqalələrinizin müzakirəsi keçirildi, bu barədə Teatr Xadimləri İttifaqının sədri Şəmsi Bədəlbəyli məruzə etdi, bütün zal aktyorlarla, rejissorlarla dolu idi.

- Hə, mənim də yadımdadır. Gözəl günlər idi… (Gülür.) Öz cavalığıma görə demirəm, teatr tənqidinin şıdırğı günləri idi. Rəhmətlik Rza Təhmasibin də sanballı çıxışı yadımdadır. "Literaturnaya qazeta"dan Henrix Mitin, "Teatr" jurnalından Şvıdkoy da gəlmişdi, sonralar Rusiyanın Mədəniyyət naziri oldu. İndi də hərdən Bakıya gəlib-gedir. Nə isə… Bir cəhəti də demək istəyirəm: dramaturgiya. Dramaturgiya teatrı yaradır, teatr da dramaturgiyanı. Bu, zəncirvari bir düzümdür. Şekspir "Qlobus" teatrını yaratdı, "Qlobus" da Şekspiri yaratdı. "Şekspiri yaratdı" - yəni ona yeni-yeni pyeslər yazdırdı, onun daxilindəki "teatr eşqini" sönməz etdi. 500 ildir ki, bu proses davam edir: yüz dəfələrlə, hətta min dəfələlə tamaşaya qoyulmuş "Hamlet"də, "Otello"da, "Kral Lir"də yeni-yeni rejissor kəşfləri, rejissor özünüifadələri və rejissor özünütəsdiqləri yalnız teatr aləmində yox, bəşəri mədəniyyətdə hadisəyə çevrilir. "Qlobus" Şekspiri yaradır və yaşadır. Milli dramaturgiyasız milli teatr yoxdur. Biz milli teatrımızdan danışırıqsa, bu – həmin Şekspirlə, Molyerlə, Şillerlə bərabər "Müsyö Jordan"dır, "Ölülər"dir, "İblis"dir… İndi bizim müasir dramaturgiyamıza baxaq. Professional dramaturqlarımız kimdir? Əli Əmirov? Bəli, istedadlı və artıq tamaşaçıların yaxşı tanıdığı və sevdiyi dramaturqdur. Firuz Mustafa, bəli, səhnəni hiss edən istedadlı dramaturqdur. Sonra? Biz sırf dramaturqlardan danışırıq, elə deyil? Daha kim? İlqar Fəhminin adını çəkdim, ancaq o bir çox sahələrdə fəaliyyət göstərir və mən istəməzdim ki, bu sahələr onun dramaturgiyasını kölgədə qoysun, çünki, məncə, Fəhmi fitri dramaturqdur. Sonra kim? Professional dramaturgiya ilə bizdə daha kim məşqul olur? Adam bu siyahını uzatmağa çətinlik çəkir, düzdür? Və bu, çox pisdir. Nisbətən cavanlar gəlir: Cavid Zeynallı, Pərvin, Ülviyyə Heydərova… Ancaq onların dramaturgiyada özlərini təsdiq etməsi yəqin ki, hələ gələcəyin hadisəsidir. Bir sözlə, Əkrəm, lap qısaca desəm, teatrla bağlı mənim gördüyüm mənzərə belədir. Bizdə yeni teatrların açılması ilk növbədə bu mənzərəni zənginləşdirməklə şərtlənir. Hərdən şikayətlənirik ki, teleekranlarda teatr adıyla şit, primitiv, hətta eybəcər tamaşalar göstərirlər və tamaşaçıların da zövqü korşalır. Bunun qarşısının alınması üçün, təkrar edirəm, gərək mənzərə zənginləşsin. Teatr canlı bir orqanizmdır, umu-küsü də, bu gün küsüb, sabah barışmaq da bütün zamanlarda teatrla bir yerdə olub. Çünki bu fədakar insanlar səhnədə necə qəhramandırlarsa, həyatda bir o qədər kövrək, türklər demişkən, nazikdirlər. Mənə elə gəlir ki, hər umu-küsü də ictimailəşdirməyə ehtiyac yoxdur. Yenə Şekspirin ölməz bənzətməsi yada düşür: "Həyat teatrdır, insanlar da onun aktyorları!". Beləliklə, Əkrəm, biz səninlə bu söhbəti Qubada başladıq, gəl, Qubayla da qurtaraq.

- Ancaq bu şərtlə ki, gələcəkdə Qubada da davam etdirəcəyik …

- Oldu, ardını saxlayaq sonraya. İndi yadıma bilirsən nə düşdü? İlyas Əfəndiyevin bacısı Məhbubə müəllimə də, onun həyat yoldaşı Hədis müəllim də, qızları Atlas, oğlanları Oqtay və Fikrət də Qubadakı 12-ci sovxozda, sonralar Zərdabi adına oldu, müəllim işləyirdilər. Beş nəfərdən ibarət ailənin beşi də eyni məktəbdə! Repressiya qurbanı Hədis müəllim Sibir sürgünündən qayıdandan sonra, ora göndəriş almışdı, axıracan da elə orda qaldılar. Biz də tez-tez onlara dəyirdik. Nə isə, 60-cı illərin lap əvvəlləri idi, mən universitetdə oxuyurdum, yenə Qubaya getmişdik. İlyas Əfəndiyev də, sən yaxşı bilirsən, nə qədər mülayim idisə, hərdən o qədər də codluğu var idi, sözü üzə deyirdi. O vaxt Qubanın partiya rəhbərinin adı-familyası indi yadımda deyil, ancaq heç vaxt yadımdan çıxmır ki, İlyas Əfəndiyev onunla birlikdə Qubada gəzişərkən: "- Bu, Fətəli xanın tikdiyi Qubadır,- dedi.- Bəs, sizin timkdiyiniz Quba hanı?". Bu gün Quba Fətəli xanın tikdiyi Quba ilə bərabər, yeni Qubadır. Hara baxırsan yeni müasir tikintilər, yeni yollar görürsən. Qubaya və sən də içində olmaqla bütün qubalılara bir daha salam deyək. Arzu edək ki, vaxt yetişəndə, Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrı da yenidən fəaliyyətə başlasın.

# 17306 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
#
#
# # #