Tut ağacı haqqında ballada

Tut ağacı haqqında ballada
9 yanvar 2024
# 12:00

Kulis.az Ülvi Bahadırın "Tut ağacı haqqında ballada" yazısını təqdim edir.

Bir dəfə bir dostum soruşmuşdu ki, niyə bizim korifey sənətkarlar haqqında bioqrafik filmlər çəkilmir?

Məsələnin maddi tərəfini bir qırağa qoyub demişdim ki, biz sənətkarımıza həyat yoldaşımız (arvadımız) kimi yanaşırıq: onu eləyə bilməz, bunu eləyə bilməz, elə geyinə bilməz, belə danışa bilməz…

Ona görə də sənətçilərimiz bir qəlibə girir.

Nəticədə, sənətləri olur, amma lentədəyən həyatları olmur.

Olsa belə, ailəsi cəmiyyətin təzyiqindən qorxub həmin hadisələrin ssenariyə salınmasına razılıq vermir.

Aygün…

Aygün Bəylər…

O isə bütün bunları aşmaq istədi…

Ürəyi istəyəni geyindi…

Ürəyi istəyəni oxudu…

Ürəyi istəyən kimi…

Səd əfsus ki, onu rahat yaşamağa qoymadıq…

Ona da ayamalar qoşduq…

Qəbul eləyə bilmirdik bu azadlığı, sərbəstliyi, uçarılığı…

O da geyindi bizim “aldığımız” paltarları çıxdı qarşımıza…

O da bizim istədiyimiz kimi oxudu mahnılarını…

Ancaq narahat idi… Çox narahat…

Bu o deyildi…

Bu geyimlər, bu oxumalar onu O olmaqdan çıxarıb hər hansısa birinə çevirirdi…

Biz “həəə, bu başqa məsələ” deyibən xoşhallandıqca o əriyirdi, çürüyürdü, buxarlanırdı…

Və bir gün…

Hələ yara təzədir, kimi itirdiyimizi tam dərk eləyə bilmirik.

And olsun Üzeyir bəyin barmaqlarına ki, Aygün Bəylər kimi bir fövqəl səs heç vaxt olmayacaq.

Ona gah "el qızı" obrazını dürtüşdürmək istədik, gah mikrafon tuta bilməməyinə söz dedik.

O isə öz işində idi.

Bu bombalamboz dünyaya, bu yetim məmləkətə bir tütya idi Aygün və səsi.

Ona səs demək də doğru deyil e.

Nəsə başqa ad tapmaq lazımdır.

Nə isə, onu deyirdim axı.

Aygün ki oxuyanda özündən-sözündən çıxıb mikrofonu qeyri-ixtiyari ağzından çəkir ha, mikrofon da əlində kağız gəmi kimi həzin-həzin yırğalanır, bax, həyat da haradasa oralardadır.

Arabir bilinəndən, görünəndən, gözləniləndən kənara çıxmaq lazımdır.

Qəbul olunmağı vecinə almadan.

Bəzi adamlar var ki, onlar, sadəcə, fiqurdur.

Şişirdilib.

Kiminsə himayəsi ilə ölkə-ölkə gəzirlər.

Saxta "altruist" həyat, geydirmə davranışlar... Guya oxuyanda başqa aləmə keçir, özündən çıxır...

Bildiniz də, uzatmayım.

Geydirmə olduğunu necə bilirəm?

Çünki mənfi, neqativ tərəfləri rəndələnir, təbiilikdən uzaqlaşırlar, trol ordusu yaranır və s.
Aygün isə özü idi.

Pisi ilə də, yaxşısı ilə də.

Onu qəbul eləməyən böyük çoxluq var.

Çünki oynamırdı, həyatın iti tərəfi yaralamışdı onu, o da dinləyicilərini yaralayırdı.

Hələ mikrofonu özündən uzaqlaşdıranda...

Onun tərcümeyi-halı da elə ağzı ilə mikrofonunun arasındadır - həyatın tən ortasında.

# 8987 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion yenidən səhnəyə qayıdır

Selin Dion yenidən səhnəyə qayıdır

13:00 25 mart 2026
42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

11:30 25 mart 2026
Abbas Kiarostaminin evi ABŞ-ın hava hücumları nəticəsində zərər gördü

Abbas Kiarostaminin evi ABŞ-ın hava hücumları nəticəsində zərər gördü

11:10 25 mart 2026
Qaranlıq gecədən soruş... - Günün şeiri

Qaranlıq gecədən soruş... - Günün şeiri

10:30 25 mart 2026
İlham Əzizin ilk romanı çap olundu

İlham Əzizin ilk romanı çap olundu

22:00 24 mart 2026
"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj

16:30 24 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər