Toya hazırlaşan Nicat Xəzərdə necə boğuldu?

Toya hazırlaşan Nicat Xəzərdə necə boğuldu?
6 avqust 2024
# 13:40

Kulis.az Eminqueyin yeni yazısını təqdim edir.

“Dənizdə naçalnikin oğlu dedi ki, səni balıqlara yem edəcəm. Sonra batırdılar onu dənizdə. İndi, yəqin, balıqlar didişdirirlər Əlabbası”.

Əlabbasın papağını qucaqlayıb ağlayan uşağın kədəri o vaxtlar mənə o qədər toxunurdu ki. Amma bu, film idi. Film olduğunu anlayacaq qədər böyümüşdüm artıq.

İndiki yaşımda isə nə Əlabbas var, nə onun pişikgöz sevdalısı, nə də onun papağını qucaqlayan o saf uşaq.

İndi apreldə nişanı olan, oktyabrdakı toyuna hazırlaşan gənc Nicat dənizdə batır və barmağındakı nişan üzüyü Xəzərin dərinliklərinə qərq olur. O üzük özü ilə Nicatın nişanlısı Aytacı, anasını, atasını, neçə-neçə doğmalarını öz yanına aparır, hər gün Xəzərin dərinliklərinə dartır, boğur, boğur və Nicatsız suyun üzünə çıxarır, az da olsa, nəfəs almağa imkan verir.

Xəzərə hüznlü şeirlər qoşulur, adına söz çıxarılır, “amansız” deyilir, “qəddar” deyilir. Xəzər isə illərdir öz gərdişində dalğalanır, yeni qurbanlarını çırpına-çırpına ağuşuna alır.

Həqiqətənmi günahkar Xəzərdir? Onun qoynunda boğulub məhv olan adamların heç birində zərrə qədər də günah yoxdurmu? Yer üzündə həm ən böyük axmaz göl, həm də ölçülərinə görə dəniz olan Xəzərdə niyə batasan ki? Xəzərdə batmaq üçün necə insan olmalısan? Hər il Xəzərdə çimən, beş ildən çox üzgüçülüklə məşğul olan biri kimi deyirəm, Xəzərdə batmaq üçün yekəxana olmaq lazımdır, başqa heç nə. Adamların əksəriyyəti hikkə ilə kəllə vururlar deyə, Xəzər onları bağışlamır. Bağışlamayacaq da!

İllərdir bar-bar bağırırlar ki, Xəzərin dibi adday-buddaydır, üzdüyün yerdə qəfil boşluğa düşə bilərsən, ehtiyatlı ol, çox dərinə getmə, burda üzmə, orda üz - xeyri yoxdur. Hər il nə qədər insan batır Xəzərdə.

Bu azmış kimi, rayonlarda da azyaşlı uşaqlar kanalda, çayda boğulub məhv olur. Valideynin “oğlan uşağı gözü açıq böyüyər” deyib, başlı-başına buraxdığı uşaqların bir gün o çayda, bu kanalda gözüaçıq nəfəsi kəsilir, həyata başlamamış həyatdan köçüb gedirlər. Əlbəttə, başa düşürəm, Aranın mığ-mığalı, ağcaqanadlı quru istilərinə dözmək çətindir, amma başqa yollar da var. Uşaqlarınız üçün həyət-bacada hovuz düzəldə bilərsiniz. Olmasın bahalı kafeldən döşəməsi, olsun balaca, qumlu, lilli, palçıqlı. Guya o uşaqların çimdikləri çay, kanal bundan təmizdir? Uşaqlar sinov gedir palçıqdan ötrü.

Nə edək ki bu məmləkətin insanları haqq yoluna qayıtsın? Kimi dindirsən, deyir, nə edək, uşaqlarımız əylənməyə yer tapmır. Tapmır? Düzəlt də! Maşallah, kənd, rayon yerlərində həyət-baca boldur. Həyətsiz ev, demək olar ki, yoxdur. Dediyim kimi, həyətində yarat! Səs-küyü, qıy-qışrığı səndən min ağac olsun deyə, evdən çölə buraxdığın uşaqların cəsədi qayıdır üstünə. Bəzən heç qayıtmır da. İlim-ilim itir. Elə itir, elə itir ki, üstündə ağlamağa olsun, övlad tapa bilmirsən.

O uşağın çayda, kanalda çimmək azadlığını əlindən alıb başqa cür təqdim edə bilərsən. Etsən, böyüyəcəklər, Nicat olmayacaqlar. Azərbaycanlıların başına nə iş gəlirsə, yekəbaşlıqlarından gəlir. Qarpız yeyə-yeyə seyr elədiyiniz Xəzərdə yekə-yekə oğlanların bir-birinə “duxun var, ora qədər üz” deyib, özlərini göstərdiklərini görmürsünüz? Buna Xəzər neyləsin? Görmürsünüz ki, Xəzərdə xilasedici yoxdur?! Yoxdur da. Varsa da, yox kimi bir şeydir. Sizi xilas edən olmayacaq! “Duxun var, mənimlə sür” deyib, maşınla birgə əzik-büzük olan, cəsədi ələ gəlməyən nə qədər adam var, görməmisiniz? Hər gün metroda qatarın gəlişinə boylanan, qapı bağlananda özünü vaqona atan, özlərini apara bilməyən, axırda da başı qapı arasında qalan nə qədər adam var. Hamısı yekəbaşlıqdan və özünü apara bilməməkdən irəli gəlir. Görmüsünüz, amma “əşşi, əcəl gələndə baxmır qocadı, cavandı” deyib, ömrünüzə davam etmisiniz. Bunun özü də bir yekəbaşlıqdır. Ölümə yekəbaş yanaşmaqdır. Hələ bir gileylənirsiniz ki, Xəzərə niyə hasar çəkirlər?!

Ölüm onsuz da qəfil yaxalayır adamı. Bir də görürsən, öz maşınında harasa getdiyin vaxt hansısa yekəbaş maşını ilə gəlib çırpıldı sənə. Bir də gördün, qəfil dəm qazından boğuldun. Bir də gördün, qəfil hansısa mərdiməzar səni nə qədər də mərd olsan, məzara apardı. Niyə dörd bir yanın ölümlə dolu olduğu halda, özün də yekəbaş-yekəbaş ölümə tərəf qaçırsan? Üzmə o kanalda, ay bədbəxtin balası. Getmə uzağa dənizdə, ay zalımın oğlu. Üzməsən, getməsən, ölməzsən!

Bu xalqın qulağına qışqırmaq lazımdır - dərinə getmə! Başqa məsələlərdə dərinə getmədiyin kimi, Xəzərdə də dərinə getmə! Bu xalqın evinə girmək lazımdır - öz hikkənə yiyə çıx! Başqa məsələlərdə nələrinsə naminə hikkəni boğduğun kimi. Bu xalqı harada gördün, qolundan tutub üzünə demək lazımdır - səhlənkar olma!

Yuxudan oyatmaq lazımdır məmləkəti, yuxudan.

Hamı Əlabbas deyil.

Ki, arxasınca üzən adamları azdırıb Xəzərin o tayında çıxa.

Hərbi formada qayıda nənəsinin yanına.

# 3598 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
#
#
# # #