Şükufə Yusupova: "Axı kim deyir ki, aktyorluqda pul yoxdur?" - Müsahibə

Şükufə Yusupova:  "Axı kim deyir ki, aktyorluqda pul yoxdur?" - Müsahibə
20 fevral 2025
# 12:21

...o gün Bakının yağışlı havası sevgililərə görüş üçün bəhanə olmuşdu. Küçələrdə bir-birinin əlindən möhkəm tutmuş cütlüklər nə yağışa, nə də soyuğa məhəl qoyurdular. Yaş asfalta inci kimi yayılmış şəhər işıqları isə bu romantik havaya mistik rəng də qatırdı. Mən isə tələsirdim... Bakı Marionet Teatrına… Onunla görüşmək üçün... İçimdə qarşısıalınmaz həyəcanla... Bu görüş adi görüş deyildi. Günlərdir gözlədiyim andı...

Kulis.az Xalq artisti Şükufə Yusupovanın APA-ya müsahibəsini təqdim edir.

- Sizdən bu yağışlı havada müsahibə götürmək görüşümüzü daha da romantik edir.

- (Gülür) gələn kimi kompliment?!

- Sizi görəndə ağlıma gəldi... Yəni əvvəldən hazırlamamışdım.

- Onda hazırladığın sualları da kənara qoy.

- Yaxşı, onda ağlıma gələn ilk sualı verəcəyəm. Otuza yaxın filmə çəkilmisiniz, bunlardan hansı sizə daha çox məşhurluq gətirib?

- Həmişə demişəm ki, aktyor bir rolla da uğur qazana bilər. Bunun üçün keyfiyyət olmalıdır, kəmiyyət yox. Çoxlu filmə çəkilmək o demək deyil ki, məşhuram. Mən hələ də bu ümidlə yaşayıram ki, nə vaxtsa tam ürəyimcə olan rola çəkiləcəyəm. Əgər rejissor öz fikrini aydın izah etsə, iki sözlük rolu da ən yüksək səviyyədə yaradaram.

- Sonuncu oynadığınız “İnanıram” monotamaşasında Ana obrazını canlandırmısınız. Həmin obrazı canlandırmadan əvvəl şəhid anaları ilə təmaslarınız olub, onlarla bağlı müşahidələr aparmısınız?

- Əvvəla tamaşaya görə pyesin müəllifi Ülviyyə Heydərovaya təşəkkür edirəm. Mən bu rolumu şəhid analarımıza ithaf edirəm. Qaldı ki müşahidə məsələsinə, yox, mən mətni oxuyanda kiməsə fikir vermirəm. Çünki mətni hər adam özü bildiyi kimi qavrayır və mən də içimdən gəldiyi kimi oynayıram. Kiməsə baxmaq başqa bir şeydir. Məsələn, Əli Əmirlinin “Tağıyev” haqqında tamaşasında mən Sona xanımı oynamışam və həmin tamaşadan əvvəl Sona xanım haqqında bir çox yazını oxumuşam. Yazıların çoxunda ona qarşı münasibət pul, dövlət münasibəti idi. Mən elə bir şey oynamaq istəmədim və yazıda başqa şeylər duydum. Sona xanımın Tağıyevə ata kimi baxdığını hiss etdim və özünəməxsus canlandırdım. Mən üçüncü kursdan səhnəyə gələndə Barat Şəkinskaya, Leyla Bədirbəyli kimi sənətkarlardan rola özünəməxsus yanaşma ilə yanaşı, xanımlığı da öyrənmişəm və onlarla çox yaxın olmuşam. Bilirsiniz, necə gözəl yeməklər hazırlayırdılar? Doğrudan hamısının dadına baxmışam.

Aktrisalar olub ki, ailəsi olmadığına görə ömrünün sonunda heyfsilənib

- Keçmiş aktrisaların əl qabiliyyətindən, evdarlığından danışdınız. Özünüz də övladınız birinci sinfə gedəndən doqquzuncu sinfi bitirənə qədər səhnə fəaliyyətinizi dayandırıb onun təhsilinə diqqət ayırmısınız. İndi bəzi aktrisalar ailəni sənətə qurban verirlər. Bunu tənzimləməyin yolu nədir?

- İnsan bir şeyi istəsə, çox gözəl tənzimləyər. Kimsə mənə deyəndə filan iş üçün vaxtım olmadı, ona inanmıram. Heç inanmaram da, çünki insan istədiyi şeyə nail olur. Onu da deyim... Elə ustad aktrisalar olub ki, ailəsi olmadığına görə, ömrünün sonunda heyfsilənib. Hərdən görürəm deyirlər, mən ailə qurmasaydım, böyük müğənni olardım. Yox, heç nə olmayacaqdın. Nə olmalısansa, olmusan. Sonra deyirlər bir-iki il səhnədən uzaqlaşdım, çox şey itirdim. Əksinə, kənarda olanda, baxırsan nəyi oynamaq lazımdır, hara getmək lazımdır.

- Şükufə xanım sizi həmişə həyat dolu görmüşük. Xəbərim var, nəvəniz də yanınızdadır. Onunla da çoxlu vaxt keçirirsiniz. Həyat enerjisini, eşqini başqa nədən alırsınız?

- Mütləq deyil ki, o sevinci səndə kimsə yaratsın. Tez-tez deyirlər ki, Novruz bayramı əvvəlki kimi keçirilmir. Bayram əhvalını biz yaradırıq. Əgər sənin içində sevinc yoxdursa, nə istəyirsən et, bəyənməyəcəksən. Həyətdə üç ağac əkmişəm. Onların ikisi gül açdı, biri yox. Mənsə onu yenə sulayırdım, qızım deyirdi ki, niyə sulayırsan, onsuz da quruyub. Mən inanırdım ki, o çiçək açacaq və açdı da.

- Biz söhbət edəndə işıq bir neçə saniyəliyə söndü. Həyatda da bəzən əhvalımızın işığı sönür. Bəs o halda nə etməliyik?

- Şam yandırmaq lazımdır. Bir dəfə “Qılınc və qələm” tamaşasında işıqlar söndü. Fuad Poladovla ikimiz sakitcə dayanıb işığın yanmasını gözlədik. Başqaları ora-bura qaçdılar, fərqli reaksiya verdilər. Həyatda da bəzən sadəcə sakit dayanıb işığın yanmasını gözləmək lazımdır.

Kinoda sən rejissorun montajından asılısan

- Səhnə fəaliyyətinizə teatrda başlamısınız. Daha sonra bir çox filmlərə çəkilmisiniz. Kamera və tamaşaçı qarşısında oynamağın əsas fərqi nədir?

- Əslində mən onu ayırmıram. Düzdür, səhnə mənim üçün kosmosdur. Ora addım atanda mən sonsuzluğa gedirəm. Birinci tamaşada buraxdığın boşluqları ikinci, üçüncü tamaşada düzəldirsən. Kinoda isə bu mümkün deyil. Kinoda sən rejissorun montajından asılısan. Ona görə də filmlərimə baxmıram. Düşünürəm ki, əsas fərq birində etdiyin səhvləri düzəltmək imkanının olması, digərində isə olmamasıdır.

- Kaş çəkilməzdim dediyiniz film olub?

- Yox, mən çəkildiyim filmlər haqqında sonradan düşünmürəm. Bu qismətdir və mən ona inanıram. Əgər bir şey sənin qismətində varsa, gəlib səni tapacaq. Bir anlıq “kaş” deyə bilərəm, amma onu özümə dərd eləmirəm. Həyat qısadır, nəyinsə dərdini çəkməyə dəyməz.

- Bu gün rejissorlar təbii aktrisa tapa bilmirlər. Aktrisaya baxırsan, burun estetik, yanaq botoks, dodaq... Aktrisalarımız sürətlə təbiiliklərini itirirlər. Niyə?

- Onu edən aktrisa aktrisa deyil, özgüvəni yoxdur. Məsələn, aktrisa elə bilir, məsələn, özünü arıqlatsa, yaxşı olacaq. “Dəli yığıncağı” tamaşasında oynayan Əminə Nağıyeva var idi. Onun çəkisi çox idi. Amma səhnədə çox rahat hərəkət edirdi. Elə arıq aktrisalar var, səhnədə gəzəndə elə bil bomba atırlar. Daxildən gələn yüngüllük olmalıdır. Təbiilik onda yaranır. Rejissorların da teatrda işləyən aktyor, aktrisalardan xəbəri yoxdur. Bir adamı görürlər və elə bilirlər ki, vəssalam, budur. Başa düşürəm, aktyor, aktrisa çoxdur. Hamısına diqqət göstərmək olmur. Amma yaxşını tapmaq üçün axtarmaq lazımdır.

Kimlərin dərs dediyini gördüm və həvəsdən düşdüm

- Rejissorların yaxşı aktyor, aktrisa tapması üçün onları yetişdirmək lazımdır. Yəni məktəb lazımdır. Bir müddət öncə pedaqoq kimi fəaliyyətinizi dayandırmısınız. Axı siz öyrətməyi sevirsiniz. Bəs niyə fəaliyyətinizi dayandırdınız?

- Hə, sevirəm. Əvvəla universitetin yeri dəyişdi. Mənə uzaq oldu. Mən bu işi o qədər sevirdim ki, hətta işləməkdən xəstələnirdim. İllər keçdikcə kimlərin dərs dediyini, qəbul olunduğunu gördüm və həvəsdən düşdüm. Məsələn, Rəssamlıq Akademiyasında dərs deyəndə pulsuz işləyirdim. Mənə akademiyada bölmə açacaqlarını demişdilər. Amma bu proses uzanırdı, mən də işdən uzaqlaşdım. Əgər tələbənin istəyi varsa, onsuz da öyrənəcək, fərq etmir bir ay, yoxsa dörd il. Sevgi yoxdursa, sənət də yoxdur.

- Axı sənətdə təkcə sevgi axtarışı gətirib ona çıxarır ki, yekunda pul da olmur.

- Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi sənətkarların pulu var idi? Əsas məsələ sevgidir. O olmasa puldan danışmayın. Bir də axı kim deyir aktyorluqda pul yoxdur?. Həsənağa Turabovun “Mercedes”i, Həsən Məmmədovun qara “Volqa”sı var idi. Əminə Yusifqızı yalnız dublyajla məşğul olurdu, onun da maşını var idi. Bütün sahələrin həm varlısı, həm də kasıbı var. “Mən ailə saxlayıram” deyən aktyor getsin daha pullu sahə ilə məşğul olsun. Pul azlığı, çoxluğu peşədən asılı deyil.

- Sevdiyiniz yazıçı kimdir?

- Bilirsiniz, mən çox oxuyuram. Son vaxtlar Aydın Talıbzadənin iki romanını oxumuşam, bir də Kamal Abdullanın “Sehrbazlar dərəsi”ni. Bir də mən əhval adamıyam, ona gör nəyi oxumağım əhvalımdan asılıdır. Hərdən mənə hansısa romanı, hekayəni oxumağı təklif edəndə birinci əhvalıma baxıram, sonra qərar verirəm, oxuyum, yoxsa, yox.

- İndi əhvalınız necədir?

- Yaxşı (gülür). Kitabın varsa, ver oxuyum.

- Yox, hələ çıxmayıb.

Şükufə xanımla səmimi başlayan söhbətimiz belə qəfil sonluqla yekunlaşır. Onunla görüşün üstümdə bihuşedici ətir kimi qalan ovqatı ilə Bakı Marionet Teatrından ayrılıb işə qayıdıram. Yolboyu ağlımda bircə fikir var: Təcili kitab çıxartmalıyam!

Söhbətləşdi: İlkin Naib

Foto: İlkin Nəbiyev

# 1357 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda aktyoru və arvadını öldürən hakim qarşısında: 8 maddə ilə...

Bakıda aktyoru və arvadını öldürən hakim qarşısında: 8 maddə ilə...

17:44 21 fevral 2025
Kuryer:  "Heç kim bizi fikirləşmir" - Qarlı Bakıdan reportaj

Kuryer: "Heç kim bizi fikirləşmir" - Qarlı Bakıdan reportaj

16:17 21 fevral 2025
Bu universitetdə dərslər təxirə salındı

Bu universitetdə dərslər təxirə salındı

14:51 21 fevral 2025
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam

13:16 21 fevral 2025
Bu, bir zaman səyahətidir - Türk törələri

Bu, bir zaman səyahətidir - Türk törələri

13:00 21 fevral 2025
Tel-Afərdə şeir festivalı

Tel-Afərdə şeir festivalı

12:40 21 fevral 2025
# # #