Kulis.az “Stand Up Baku”nun standapçıları ilə silsilə müsahibələrə başlayıb. Budəfəki qonağımız ssenarist, yumorist Çingiz Mütəllimovdur.
- Çingiz bəy, sizin bir standapınız var idi. Orda öz həyat hekayənizi danışmışdınız... Mümkünsə, o həyat hekayətini danışardınız.
- 1992-ci ildə anadan olmuşam. Hamı kimi orta məktəbdə təhsil almışam. Orta məktəbi bitirdikdən sonra öz istəyim olmadan Texniki Universitetə daxil olmuşam. Mənə evdən şərt qoyulmuşdu ki, universitetə girməliyəm. İncəsənətə getmək istəyirdim, qoymadılar. Dedilər ki, mütləq “ciddi” universitet olmalıdır. Bizdə əsas olan ştatdır da. Ona görə narahat idilər. Texniki Universitetə təsadüfən qəbul oldum. Onda xəyal qurmuşdum ki, universitetə girəcəm, qızlar filan olacaq. Getdim gördüm ki, orda qız yoxdur. Mən də əyləncəmi KVN-lə tapdım. “Şən və hazırcavablar” klubuna yazıldım. İndi Xəzər TV-də işləyirəm, tanıdığım adamların 90 faizi “Şən və hazırcavablar” klubunun köhnə üzvləridir.
- Həmin həyat hekayətini danışdığınız standapınızdakı içki söhbəti nə dərəcədə həqiqət idi?
- Standaplarda danışdıqlarımın əksəriyyəti həqiqətdir. İçki ilə aram normaldır. Məncə, insanın baxış bucağı içkiyə icazə verirsə, ondan az-az istifadə edə bilər. Cavanlıqda daha yaxşı idi, indi azaltmışam.
- “Stand Up Baku”ya gəlmək tarixçəniz necə oldu bəs?
- Mən “Stand Up Baku”ya çoxdan getməli idim. Xəzər TV-də ssenarist işləyirdim deyə, gedə bilmirdim. Bizim kanallarda bəyənmədiyim belə bir şey var ki, Xəzərin işçisisənsə, ATV-də görünmürsən, ATV-nin işçisisənsə, başqa bir kanala getmirsən. Əvvəl düşünürdüm ki, ATV-dədir, getməyim, məni qınayarlar. İndi isə dərk edirəm ki, kaş o vaxt gedərdim. Standap təcrübə tələb edir.
- Sizə ora getməyinizi təklif etdilər?
- Xeyr. Mən bu il Xəzər TV-dən ayrıldım. Ondan sonra qərar verdim ki, artıq özüm üçün çalışacam. Layihə rəhbərimiz Mürsəllə danışdım. Dedi ki, tükənməyəcəksənsə, gəl. Birinci çıxışımı etdim, yoxladıq. Artıq beşinci çıxışıma hazırlaşıram.
- Standapa hazırlıq prosesi necə baş verir?
- Zarafatlarım başıma gələnlərdən, yaşadıqlarımdan gəlir. Zarafat elə bir şeydir ki, bitə bilməz. İstənilən mövzu haqda danışsaq, heç olmasa 3-4 dəqiqə o mövzu üzərindən zarafat etmək mümkündür. Ssenaristlərin hamısı bunu yaza bilirlər. Sadəcə olaraq, aktyorluq da əlavə edilməlidir. İşin çətin tərəfi budur.
- Siz öz aktyorluğunuzu bəyənirsiniz?
- Tamaşaçı onu daha yaxşı bilər. Standap tərzə baxır. Dostumuz Alim Cəfərin zarafat stilini çox xoşlayıram. Mən özüm də Alimi tanımazdan əvvəl onun zarafatlarına gülürdüm. Zarafat var yazı üstündə, zarafat var oynamaq üstündə.
- Sizcə, hansı daha çox üstünlük təşkil edir?
- Əgər Alim Cəfər kimi oynamadan güldürə bilirsənsə, güldür, yox alınmırsa, sən bu işi bacarmırsan.
- Standapda ruslar, türklər bizdən daha irəlidədir. Siz hansından yararlanırsınız?
- Mən türklərlə maraqlanıram. Rus dilinə çox da hakim deyiləm. Təbii ki, Cem Yılmaza baxıram. 1995-ci ildən Beyazıt Öztürkü izləyirəm, o vaxtdan bu günə kimi “Beyaz Şou”da nə olubsa, hamısını bilirəm.
- Niyə Beyazıt Öztürklə bu qədər maraqlanırsınız?
- Aramızda oxşarlıq çoxdur. “R” hərfini o da deyə bilmir, mən də deyə bilmirəm. Cəlb edib baxmışam, zarafat anlayışı mənim çox xoşuma gəlib. Bu dəqiqə bizim standapla onları müqayisə etməyə də düzgün baxmıram. Tolqa Çevikin xəstəsiyəm. Türkiyədə elə standapçıları izləyirəm ki, adlarını desəm tanımazsınız.
- Standap haqda deyirlər ki, Cem Yılmaz zirvədir, ondan yuxarı qalxmaq mümkün deyil. Buna necə baxırsınız?
- Təbii ki, Cem Yılmaz zirvədir. Amma belə yanaşaq, onda niyə Türkiyədə başqa standapçı var ki? Bizim tamaşaçı adamı aldadır hərdən. Cem Yılmaz Bakıda standap şou göstərirdi, həmin vaxt Fərda da edirdi. Mən Fərdaya canlı baxdım, dostum isə Cem Yılmaza baxmağa getmişdi. Tam səmimi deyirəm, mən güldüyüm qədər o gülməmişdi. Çünki onun öz tamaşaçı kütləsi var, çox savadlı adamdır, bu işin pikidir. Bəlkə də elə əcnəbi standapçı var ki, ona baxsaq Cem Yılmazdan güclü olduğunu görərik. Adını xatırlamıram, amma Cem Yılmazın da zarafatlarını götürdüyü adam var. Mən onun haqqında bir söz deyə bilmərəm, özümü heç standapçı saymıram. Amma bu o demək deyil ki, heç kim standap danışmasın.
- Stəndapda özünüzə rəqib gördüyünüz kimsə var?
- Yox, heç kimə rəqib kimi baxmıram. Güldürə bilən güldürür, güldürə bilməyən də uzaqlaşır. Bunu zaman göstərir. Mən özüm haqda da heç bilmirəm ki, nə olacaq. Hələlik yaxşıdır. Bəlkə iki ildən sonra düşündüm ki, standapçılığın əvəzinə aktyorluğa davam edim? Bilmək olmaz. Cem Yılmaz deyir ki, mən ən güclü standapçıyam. Mənim elə bir məqsədim yoxdur.
- Axıra qədər getmək fikriniz yoxdur?
- Təbii ki, yoxdur. Bir işlə məşğul olmaq istəməmişəm heç vaxt. Ssenaristəm, səhnəyə də çıxıram.
- Hansı serialların ssenarisini yazmısınız?
- “Həyat sən nə qəribəsən”, “Bir ailəm var” serialları var idi. Onların birinci sezonunun axırına yaxın “Qələm” komandasına daxil olmuşam.
- Niyə bizim seriallara baxılmır? Ssenarinin problemidir?
- Yox, ssenari hər yerdə eynidir. Türk dilində “seni seviyorum” deyirsən, bizim dildə isə “səni sevirəm”. Dilimiz drama yatqın deyil. “Səni sevirəm” sözü deyiləndə adamın əti tökülür. Bizdə teatrdan çıxan aktyor pafosla oynayır. Türkiyədə isə Almaniyaya, Amerikaya göndərib məktəb keçirlər. Oranın bazarı bizimlə müqayisə ediləcək səviyyədə deyil. Bizdə türk seriallarını göstərməsələr, bizim seriallar çox yaxşı baxılar. Güclünü görürük deyə zəif bir qıraqda qalır.
- Aydındı. Standapa qayıdaq. Bizim standapda auditoriya sizi qane edir?
- Məhz “Stand Up Baku”da yox. Çünki adamların əksəriyyəti yeməyə gəliblər. Düzdür, gülürlər, amma gələn tamaşaçı sırf sənə baxmağa gəlməlidir. Televiziyada işləyən adam auditoriyanın nə istədiyini bilməlidir. Televiziyaya kim baxır bu dəqiqə? Rusdilli adamlar bizim kanallara baxmır axı, onlar üçün niyə işləyək? İctimai TV çox səviyyəli işlər görür, amma reytinq vermir. Bu o deməkdir ki, tamaşaçı onu istəmir.
- Günah televiziyadadır?
- Burda günah filan yoxdur. Zövq məsələsidir.
- Bizim standapda niyə söyüş yoxdur? Axı standap azad bir sahədir.
- Televiziyadadır deyə senzura var. Biz söyüşü sevirik. Səhnədə söyüşü küçədəki kimi söymək lazım deyil. Lazımi yerdə söymək olar. Çərçivələr bizi sıxsa da, öyrəşmişik. Serial çəkiləndə bacısına söz atılan oğlanın söyə biləcəyi cəmi iki söyüş var: əclaf, şərəfsiz. Televiziyada olan adam bunlara öyrəşir. Mentaliteti qorumaq lazımdır, televiziya izləyən adam söyüş eşitməməlidir. Standap azaddır, amma televiziyada yox. Bir də ki biz beldən aşağı zarafatlara çox gülürük.
- Sizcə, stəndapda obraz olmalıdır?
- Məncə, yox. Özün olmalısan. Obraz olsa, onu monoloq hesab edirəm. Mənim də ona getdiyim olub.
- Xanım standapçılara münasibətiniz necədir?
- Zalda oturanda çox yaxşı gülürlər. Qadınların standapına qarşı deyiləm. Qadınların yumor hissi zəifdir. Zarafat etmək qabiliyyətləri yoxdur. Elə qadınlar var ki, zarafatı ilə kişiləri tapdalayıb keçər, “Stand Up Baku”da olan xanımların çıxışları isə, məncə, yaxşı alınmayıb.
- Kimsə sizi tənqid edəndə qıcıqlanırsınız?
- Normal tənqiddirsə, təbii ki, qıcıqlanmaram. Hələ ki mənə təhqir yazmayıblar. Təhqir edən adamlar məncə ora gülmək üçün girməyiblər. Normal adamlar bəyənmədiyi şeyin üstündən keçər, dislike qoyar. İşi-gücü olan adam belə şey etməz.
- Qonorar sizi qane edir?
- Ölkədəki qonorar məni qane etmir. Sənətçiyə dəyər verilmir. Çox azdır.
- Çox sağ olun, müsahibəyə görə.
- Çox sağ olun ki, çağırdınız.