Bu gün görkəmli fransız yazıçı, Nobel mükafatı laureatı Andre Jidin anım günüdür.
Kulis.az onun məşhur "SSRİ-dən qayıdış" əsərindən bir hissəni təqdim edir.
Yaşım ötdükcə təbiət mənzərələrinə nə qədər gözəl olsalar da, marağım azalır. İnsanlara qarşı marağım isə artır. SSRİ-də insanlar möhtəşəmdir. Gürcüstanda, Abxaziyada, Kaxetiyada, Ukraynada (ancaq gördüklərim haqqında danışıram), xüsusilə də Krım və Leninqraddakı insanlar.
Moskvada Qırmızı Meydanda gənclər bayramında iştirak etdim. Kremllə üzbəüz eybəcər bir bina bitkilərlə və plakatlarla maskalanmışdı. Hər şey çox gözəl və hətta mükəmməl bir zövqlə qurulmuşdu (yaxşı zövq məsələsini səbirsizlənərək burda qeyd edirəm, çünki daha irəlidə bu haqda danışmağa çox da bəhanəm olmayacaq). Şimaldan cənuba, şərqdən qərbə qədər hər tərəfdən gəlmiş gənclər Qırmızı meydandakı paradda iştirak edirdi. Parad bir neçə saat davam etdi. Bu cür heyrətamiz mənzərəni təsəvvür edə bilməzdim. Əlbəttə, parad iştirakçıları əvvəlcədən seçilmiş, hazırlaşdırılmışdı. Amma yenə də, bu cür gənclik yarada bilmiş bir ölkəyə, bir rejimə necə heyran olmayasan?
Qırmızı meydanı paraddan bir neçə gün öncə, Qorkinin dəfnində də görmüşdüm. Paradda gördüyüm xalqın eynisi – eyni, amma həm də fərqli, daha çox çar rejimindəki rus xalqına bənzəyən – Qorkinin dəfnində sonsuz bir izdihamla Sütunlu zaldakı matəm katafalkasının yanından ötüb keçirdi. O zaman bu xalq heç də ən gözəl, ən güclü, ən şən insanlardan ibarət deyildi, əksinə, iztirab çəkən bir insan toplumu idi. Qadınlar, xüsusilə uşaqlar, bəzən də yaşlılar, demək olar ki, hamısı pis görkəmdə, hətta bəziləri dərin səfalət içində görünürdülər. Susqun və qəmgin kütlə mükəmməl nizam içərisində sanki keçmişdən gəlirdi. Uzun müddət dayanıb baxmışdım o izdihama. Bütün bu insanlar üçün Qorki kim idi? Bilmirəm. Müəllim? Yoldaş? Qardaş? Və hər kəsin, hətta uşaqların belə üzündə kədərli təəccübün vurduğu möhür, dərin iztirabın ifadəsi vardı. Nə qədər yoxsul insan gördüm ki, yanımdan keçərkən onlarda fiziki gözəlliyin fövqündə, daha heyranedici bir şey hiss etdim. Hər birini bağrıma basmaq istəyirdim!
İnsanlar arasında ünsiyyət heç harda SSRİ-dəki qədər rahatlıqla, könüllü və səmimi şəkildə qurulmur. Qarşılıqlı rəğbət duyğusunun yaranması üçün bəzən bircə baxış kifayət edir. Bəli, düşünmürəm ki, SSRİ-dən başqa hardasa insan cəmiyyətinə xas duyğuları bu qədər qüvvətli və dərindən yaşamaq mümkün olsun. Dil fərqinə baxmayaraq, heç harda və heç vaxt özümü bu cür əsl yoldaş kimi, qardaş kimi hiss etməmişəm. Və mən məhz bu duyğulardan ötrü dünyadakı ən gözəl təbiət mənzərələrini verməyə hazıram.
Təbiət mənzərələri haqqında irəlidə söhbət açacağam, lakin əvvəlcə komsomolçular dəstəsi ilə ilk görüşümüzdən danışım.
Bu görüş bizi Moskvadan Orconokidzeyə (keçmiş Vladiqafqaz) aparan qatarda baş tutmuşdu. Yol uzundu. Sovet Yazıçılar Birliyi adından Mixail Kolsov bizim üçün xüsusi, çox rahat bir vaqon təşkil etmişdi. Biz altı nəfər – Cef Last, Qilyu, Erbar, Şifrin, Dabi və mən, yerimiz çox rahat idi, belə olacağını gözləmirdik. Bələdçimiz və tərcüməçimiz – etibarlı Bolya da bizimlə idi. Kupelərdən başqa bir dənə də vaqon vermişdilər ixtiyarımıza, həmin vaqonda yemək üçün süfrə açılmışdı. Bundan daha yaxşısını təsəvvür etmək olmazdı. Amma xoşumuza gəlməyən bircə şey vardı – qatarın digər sərnişinləri ilə ünsiyyət qurmaq imkanımız yox idi. Növbəti stansiyada platformaya düşəndə qonşu vaqonda çox yaxşı bir dəstənin yol getdiyini öyrəndik. Komsomolçular idi, tətil vaxtı yığışıb Kazbek dağına dırmanmağa gedirdilər. Vaqonlar arasındakı qapıları açdıra bildik nəhayət və tez bir zamanda bu gözəl yol yoldaşlarımızla tanış olduq. Parisdən özümlə müxtəlif bilməcə oyunları gətirmişdim, SSRİ-də oynanılanlara oxşamırdılar. Bu oyunlar dilini bilmədiyim insanlarla daha tez ünsiyyətə girmək imkanı verir, adətən. Oyunlar komsomolçular arasında əldən-ələ gəzirdi. Oğlanlar və qızlar bilməcələri çözənə qədər sakitləşmirdilər. “Komsomolçular heç vaxt təslim olmur”, gülə-gülə söyləyirdilər. Onların getdiyi vaqon dar və isti idi, bürküdən adam boğulurdu. Amma mühit gözəldi.
Onu da deyim ki, bu gənclərin əksəriyyəti üçün yad deyildim. Bəziləri kitablarımı oxumuşdular (əsasən, “Konqoya səyahət”i). Qırmızı meydanda Qorkinin dəfni zamanı etdiyim çıxış qəzetlərdə şəklimlə birlikdə dərc olunduğuna görə məni dərhal tanıdılar. Tezliklə uzun müzakirələr başladı. Rusca yaxşı danışan və anlayan Cef Last bizə izah edirdi ki, mənim verdiyim bilməcə oyunları gənclərin çox xoşuna gəlib, amma onları bir sual maraqlandırır: doğrudanmı, Andre Jid kimi bir adam bu oyunlarla əylənir? Cef Last, bunun sadəcə yorğunluğu çıxarmaq üçün kiçik bir əyləncə olduğunu onlara başa salmağa çalışırdı... Əsl komsomolçular həmişə işə xidmət edirlər və hər şeyə faydalılıq nöqteyi-nəzərindən yanaşırlar. Ancaq deyib-gülməklə keçən bu müzakirənin özü də əyləncəli bir oyun idi. Onların vaqonunda artıq nəfəs almaq çətinləşdiyindən, on nəfərə yaxın gənci öz vaqonumuza dəvət etdik. Gecənin qalan hissəsi xalq mahnıları ilə, vaqonun ölçülərinin imkan verdiyi qədər də xalq rəqsləri ilə keçdi. O gecə mənim və yoldaşlarımın yaddaşında səfərimizin ən gözəl xatirələrindən biri kimi qalacaq. Və biz o gecə əmin olduq ki, dünyanın başqa hansısa ölkəsində belə bir həqiqi səmimiliyə, belə bir heyrətamiz gəncliyə rast gəlmək çətin olardı.
Artıq dediyim kimi, təbiət mənzərələri məni o qədər də cəlb etmir... Lakin Kaxetiyanın girişindəki, Batumi ətraflarındakı, xüsusilə də Bakurianidə, Borjomi ətraflarındakı möhtəşəm Qafqaz meşələri haqqında danışmaq istəyirəm. Bunlardan daha gözəl meşə görməmişdim, hətta təsəvvür belə etməmişdim. Meşə bitkiləri nəhəng ağacların budaqlarını örtüb gizlətmir; meşə boyunca qarşıya çıxan əsrarəngiz talalarda gün bitməmiş alatoranlıq başlayır. Adama elə gəlir ki, buralıqda haradasa bir cırtdan yolunu azıb. Bu nağılvari meşədən keçib dağ gölünə tərəf getdik və bu yerlərə indiyə qədər əcnəbi ayağının dəymədiyini bizə fəxrlə söylədilər. Amma söyləməsəydilər də, fərq etməzdi, onsuz da bu yerlərin gözəlliyinə vurulmuşdum. Gölün sahilində balaca qəribə bir kənd vardı (Tabatskuri) - ilin doqquz ayı qarla örtülü olurdu – məmnuniyyətlə bu kəndi təsvir edərdim... Eh, niyə mən bura sadəcə turist kimi, ya da bir naturalist kimi gəlməmişəm? Çox böyük həzz içində burda yeni bitkilər kəşf edərdim... Amma SSRİ-yə gəlmək səbəbim bu deyildi. Burda mənimçün ən vacib şey insandır, insanlardır; bu insanlardan nə düzəltmək olar və artıq nə düzəldiblər. Məni bura gəlməyə sövq edən, ürküdücü dərəcədə keçilməz olan və hazırda içində itib-batdığım meşə - sosial problemlər meşəsidir. SSRİ-də isə sosial problemlər dil açıb insana yalvarır, təzyiq göstərir, hər tərəfdən insanın üstünə gəlir.
***
Leninqradda yeni mənzil kvartallarını nadirən gördüm. Leninqradda heyran olunası tək şey Sankt Peterburqdur. Bundan daha gözəl, metal, su və daşların bundan daha uyumlu olduğu bir şəhər tanımıram. Şəhər sanki Puşkinin, ya da Bodlerin təxəyyülündən yaranmışdı. Mənə Kirikonun rəsmlərini xatırladırdı. Binalar Motsart simfoniyalarının temaları kimi, mükəmməl mütənasiblik yaradır. “Oradakı hər şey gözəl və harmoniya içərisindədir”. İnsanın könlü gözəllikdən zövq alır, beyni dincəlir.
Ermitajın heyrətamizliyindən danışmağa söz tapmıram...
Leninqraddan sonra Moskvanın qarışıqlığı, xaotikliyi xüsusilə nəzərə çarpır. Bu xaos insan üzərində basqı yaradır, ruhunu əzir. Çox xırda istisnalarla, binaların əksəriyyəti eybəcərdir (həm də yalnız yeni binalar deyil, köhnələr də), bir-biriləriylə uyuşmur. Başa düşürəm, Moskva yenidən qurulur, şəhər böyüyür. Hər tərəfdə bunun şahidi olursan. Hər şey gələcəyə yönəlib. Lakin qorxuram, bu prosesə çox pis başlanılıb. Tikirlər, dağıdırlar, qazırlar, bir yerdən başqa yerə köçürürlər, yenidən tikirlər – və bütün bunların hamısı sanki təsadüflə həyata keçirilir, ümumi bir ideya olmadan. Amma hər bir halda, Moskva ən cazibədar şəhər olmaqda davam edir – bu şəhər möhtəşəm bir həyat yaşamaqdadır. Gəlin diqqətimizi evlərin üzərinə cəmləməyək – kütlə məni daha çox maraqlandırır.
Yayda demək olar ki, hamı ağ paltarda gəzir. Hər kəs bir-birinə bənzəyir. Sosial bərabərləşdirmənin Moskva küçələrindəki nəticələrini başqa heç harda görmək mümkün deyil – tam sinifsiz bir cəmiyyət, hər kəsin eyni ehtiyacı. Ola bilsin, şişirdirəm, amma o qədər də deyil. Paltarlarda müstəsna bir eynilik var. Şübhə etmirəm, əgər gözlə görmək mümkün olsaydı, o insanların düşüncələrində də bu eyniliyi aydın şəkildə müşahidə etmək olardı. Qarşına çıxan hər kəs həyatından məmnundur (uzun müddət o qədər ehtiyac içində yaşayıblar ki, indi əllərində olan az şeydən də məmnundurlar). Əgər qonşusunda ondakından daha çox deyilsə, insan malik olduğu şeylərdən məmnun olur. Amma yenə də, diqqətlə baxanda fərqlilikləri hiss etmək mümkündür. İlk baxışdan adama elə gəlir ki, burada fərd tamamilə kütləyə qarışıb, onun şəxsən özünə aid çox az şeyi var, hətta “insanlar” sözünü istifadə etməyə ehtiyac yoxdur, bircə “kütlə” sözünü işlətmək kifayətdir.
İzdihamın içinə dalıb kütləyə qarışıram. Bu insanlar mağazanın önündə neyləyirlər? Növbəyə dayanıblar. Növbənin bir ucu o biri küçəyə qədər uzanır. İki yüz-üç yüz insan var növbədə, hamısı sakit, təmkinli – gözləyirlər. Hələ tezdir, mağaza bağlıdır. Qırx dəqiqədən sonra qayıdıram – həmin insanlar gözləməkdə davam edirlər. Mənə qəribə gəlir, sual edirəm – nə ehtiyac var mağaza açılmadan belə tez gəlməyə? Tez gəlməklə nə qazanırlar? – Necə yəni nə qazanırlar? Kim tez gəlibsə, mağazada birinci ona xidmət göstərirlər.
Və mənə məsələnin nə yerdə olduğunu izah edirlər: qəzetlərdə mağazalara xeyli mal gəldiyi elan edilib...bilmirəm, gələn mal nədir (səhv etmirəmsə, söhbət balışlardan gedirdi). Təxminən dörd yüz, beş yüz ədəd. Müştərilərinsə sayı səkkiz yüz, min, yaxud min beş yüz nəfər. Axşama qədər bu mallardan bir ədəd də qalmayacaqdı. SSRİ-də ehtiyaclar o qədər böyük, müştəri kütləsi o qədər çoxdur ki, hələ uzun müddət tələb təklifdən artıq olacaq, həm də əhəmiyyətli dərəcədə artıq. Bu problemin öhdəsindən gəlməksə çox çətindir.
Bir neçə saatdan sonra mağazaya daxil oluram. Böyük bir məkan, amma içərisi təsəvvüredilməz dərəcədə qələbəlik. Satıcılarsa sakit və təmkinlidirlər, çünki ətrafdakı insanların heç birində zərrə qədər də səbirsizlik hiss olunmur. Hər kəs ayaq üstə, yaxud oturaraq öz növbəsini gözləyir, hətta qucağında uşaq olanlar da az deyil. Növbəni kimsə tənzimləmir, ancaq zərrə qədər nizamsızlıq yoxdur. Burda insanlar bütün bir sabahı, bütün bir günü keçirə bilərlər – belə bir boğanaqda, ağır havada. Adama elə gəlir ki, nəfəs almaq mümkün deyil, lakin sonra insanlar öyrəşirlər, hər şeyə öyrəşdikləri kimi. Əvvəlcə “vəziyyətlə barışırlar” yazmaq istədim, amma bu, “barışmaq” məsələsi deyil – deyəsən, rus insanı gözləməkədən zövq alır, hətta o əyləncə xatirinə sizi də gözləməyə məcbur edə bilər.
Qələbəliyin ortasından keçərək (həm də onlar tərəfindən itələnərək) mağazanı eninə-uzununa, aşağı-yuxarı dolaşdım. Nadir istisnalarla, mallar tamamilə yararsız görünürdlər. Hətta insanda belə düşüncə yaranırdı: bu parçaları, əşyaları bilərəkdən mümkün qədər cazibəsiz, görkəmsiz yaradırlar ki, insanlar onları ən çox ehtiyacları olduqları halda alsınlar, sadəcə xoşlarına gəldiklərinə görə yox. Dostlarıma nəsə suvenir-filan almaq istəyirdim, amma hamısı çox əcaib görünürdü. Lakin mənə dediklərinə görə, son aylarda malların keyfiyyətinin qaldırılması üçün ciddi tədbirlər görülür, əgər bir az vaxt itirib yaxşıca axtarsan, kifayət qədər xoşagəlimli nələrisə tapmaq olar. Lakin keyfiyyət məsələsi ilə məşğul olmaq üçün tələb olunan kəmiyyətə çatmaq lazımdır. Uzun müddət burada hər şey qıt olub. İndi-indi vəziyyət bir az düzəlir, amma çox çətinliklə... Belə görünür, SSRİ-də insanlar onlara təklif olunan hər şeyi almağa meyillidirlər, hətta burda – Qərbdə bizə eybəcər görünə biləcək şeyləri də. Ümid edirəm, tezliklə istehsalatın böyüməsi ilə yaxşı malların sayı da artacaq, insanların seçim imkanı olacaq, paralel olaraq da keyfiyyətsiz malların buraxılışı azaldılacaq.
Keyfiyyət məsələsi qida məhsullarına xüsusilə aiddir. Bu sahədə hələ görüləsi çox iş var. Amma biz bəzi ərzaq məhsullarının keyfiyyətsizliyindən şikayətləndiyimiz zaman, iki illik fasilədən sonra artıq dördüncü dəfə SSRİ-də olan Cef Last, əksinə, bu sahədə əldə olunmuş uğurlardan ağız dolusu danışmağa başladı. Tərəvəzlər, xüsusilə də meyvələr o qədər də pis deyil. Yemiş çoxdu, amma dadsızdı. Şərab, ümumilikdə, yaxşıdır (özəlliklə, Kaxetiyadakı gözəl Sinandali şərabını xatırlayıram). Pivə, babatdır. Hisə verilmiş balıq çox yaxşı idi (Leniqradda), amma daşınmağa tab gətirmirdi.
Ehtiyac olmadığı halda israfçılıq etməmək ağıllı addımdır. SSRİ-də ağız dadına, qurman zövqünə xidmət edən ərzaqların hazırlanmamasının əsas səbəbi, elementar ehtiyacların hələ də qarşılana bilməməsidir.
Zövq seçim və müqayisə imkanlarının olduğu yerdə inkişaf edə bilər yalnız. Seçim imkanı olmadığı zaman nə təklif edirlər, məcburən qəbul edirsən. Çıxış yolu yoxdur – sənə veriləni ya götürməlisən, ya da rədd etməlisən. Dövlətin eyni zamanda həm istehsalçı, həm alıcı, həm də satıcı olduğu yerdə keyfiyyət mədəniyyətin səviyyəsindən asılı olur.
Bunları gördükcə, antikapitalist düşüncələrimə rəğmən, bizdəki böyük sənayeçilərdən tutmuş xırda tacirlərə qədər o insanları düşünürəm – bütün günü düşünməkdən yorulurlar: başqa, daha yeni nə icad edək ki, insanları məmnun edə bilək? Onların hər biri bu cür güclü yaradıcılıq duyğusu ilə rəqiblərini sıradan çıxarmağın yollarını axtarır. Dövlətin isə bu məsələdə işi çox asandır - çünki rəqibi yoxdur. Keyfiyyət? “Əgər rəqabət yoxdursa, nəyə lazımdır keyfiyyət?” – bizə belə cavab verirlər. SSRİ-də istehsal olunan hər şeyin keyfiyyətsizliyini və eyni zamanda, cəmiyyətin zövqsüzlüyünü məhz bu cür, belə açıq-aşkar, hiyləgərlik göstərmədən izah edirlər bizə. Hətta əhalinin zövqü olsaydı da, nə dəyişəcəkdi? Xeyr, burada tərəqqi artıq rəqabətdən asılı olmayacaq, artmaqda olan tələbkarlıqdan asılı olacaq. Tələbkarlıq isə, öz növbəsində, mədəniyyətin artması ilə daha da güclənəcək. Şübhəsiz, Fransada bu proses daha sürətli gedərdi, çünki tələbkarlıq artıq mövcuddur.
Başqa bir məsələ: hər bir sovet respublikasının öz xalq mədəniyyəti vardı. Nə baş verdi onlarla? Eqalitarist yanaşma ucbatından uzun müddət o mədəniyyətləri yox saydılar. Amma indi xalq incəsənətinə yenidən maraq oyanıb, onları yenidən üzə çıxarırlar, təşviq edirlər, deyəsən, artıq bu mədəniyyətlərin əbədi dəyərliliklərini anlayırlar. Məgər ağıllı və uzaqgörən bir addım olmazdımı ki, xalq mədəniyyətlərinin nümunələrinə yenidən müraciət edilsin, məsələn, parça üzərindəki qədim rəsmlər bərpa edilsin və satış üçün əhaliyə təklif olunsun?! Hazırkı məhsullardan daha meşşan, daha səfeh-burjua istehsalını təsəvvür etmək çətindir. Moskva mağazalarının vitrinlərindən ümidsizlik, çarəsizlik yağır. Rəsmli, əl işi qədim parçalarsa gözəldir. Bu, xalq sənətidir, amma həm də incəsənətdir...
Tərcümə: Rəşad Səfər