Sovetin ölü doğulmuş övladları

Sovetin ölü doğulmuş övladları
27 mart 2023
# 20:00

Kulis.az Aqşin Yeniseyin "Yaratdığımız mədəniyyətin özü deyil, maketidir" adlı yazısını təqdim edir.

Bu gün Azərbaycanın harasına getsən, üstünə "Mədəniyyət evi" yazılmış xudmani və kimsəsiz bir bina görəcəksən. Bu evlər bizim mədəniyyət anlayışına olan münasibətimizi simgələyir, desəm, yəqin ki, suyu bulandırmış olmaram. Evimizə girib hər işimizə burnunu soxmasın deyə mədəniyyəti, sanki, böyük oğul kimi evləndirib ayırmışıq ata ocağından, ev-eşik sahibi etmişik ki, a bala, evin ayrı, qəmin ayrı, get nə işin var, öz evində gör.

Bizə mədəniyyətin özü yox, maketi lazımdır. Deyim niyə?

Mədəniyyət dedikdə günümüzün Azərbaycan xalqının beynində Stalinin 1930-cu illərdə açdığı, dövlət proqramına uyğun olaraq bir ucdan əmək məhsuldarlığını qoruyaraq sənət istehsal edən mədəni "zavodlar", "fabriklər", "sexlər" canlınır. Məsələn, özüm də, deyilənə görə, ədəbiyyat adamı olduğum üçün əminliklə deyə bilərəm ki, bizim Yazıçılar Birliyini şeir, hekayə, roman istehsal edən və daxili tələbatı ödəyən zavod kimi qoruyub saxlayan Anar müəllim ciddi müdir görkəmi ilə bir zavod rəhbəri olaraq hökumətləri dalbadal inandıra bilir ki, istehsal dayansa, batdıq, qəzəli xaricdən ixrac etməkdənsə, bizim zavodun "podvalındakı" qəzəl sexində istehsal etmək daha ucuz başa gəlir. Yaxud gəraylı, dodaqdəyməz, təcnis kimi məhsulları istəsək belə, xarici ölkələrdən ala bilmərik. Mütləq yerli istehsal olmalıdır.

Azərbaycan insanı da hələ insanlığın inanan mərhələsindədir, o, hələ şübhə edəsi, sonra şübhə etdiyini inkar edəsi, sonra inkar etdiyini məhv edəsi, sonra məhv etdiyinin yerinə yenisini yaradası... o vaxta bizim sivilizasiya çoxdan başa çatmış olacaq və biz məcbur olub yeni sivilizasiyanın rəhbərlərini inandırmağa çalışacaq ki, yenə də özünüz bilərsiz, amma məsələn, müxəmməs istehsalı dayansa, batdıq.

Ona görə də bizdə Stalinin ucaltdığı mədəniyyət "zavodları” Misir piramidaları kimi hələ o biri sivilizasiyaları da xirtdəyəcən "etkiləyəcək”.

Şərqli yeznəsi fransız şərqşünas Renan üzünü samilərə tutub Şərq haqqında deyir: "Onlar əcaz doğulmuş bir uşağın çox çətin böyümüş halına bənzəyirlər”. Renan Şərqə gələndə bu torpaqlarda heç bir Qərb mədəniyyinin izi yox idi. Yalnız bəzi Qərb mövzuları gəlib bu tərəflərə çıxmışdı ki, o mövzuları da xalq evinə buraxmırdı. Çünki bu mövzuların hamısı modern çağın dini, əxlaqi doqmaları sarsıdan məsələlər idi.

Qərb mədəniyyətinə münasibətin ənənəsi bu şəkildə qoyuldu: Küçədə olar, amma evə girməsi qadağandır!

Bu ənənəyə uyğun olaraq, hətta bu gün də mədəniyyətimizdə bəzi Qərb elementləri olsa da maket, yamaq xarakterlidir. Məsələn, Qara Qarayevin simfoniyalarına hansı rayonda, yaxud Bakının, Gəncənin neçə mənzilində qulaq asan var?

Özümüz üçün simfonik musiqi maketi qurub gözləyirik ki, qəfildən simfonik musiqinin vətənindən qonağımız gəlsə, zurnanın gözünə qataq.

Bizi bu hala salan də mədəniyyəti məhsuldarlaşdıran, zavodlaşdıran sovet idelogiyası oldu. Ümumiyyətlə, Nəsimi, Seyid Əzim, Axundov, Hacıbəyov üsyankarlığından güc alan bir mədəniyyət yaradıcılığı tərənnümçülükdən, təsvirçilikdən ibarət olan, zamanın tələblərinə uyğunlaşan, mövzularını "Kommunist” qəzetinin pafoslu məqalələrindən götürən qısır bir nəsil yetişdirməməli idi.

Etik, estetik prinsipləri ruslaşmış gürcü oğrusu tərəfindən təyin edilən sovet sistemi sənətin tarixdən gələn üsyankarlıq məktəbini məhv etdi. Layiq olanları deyil, sadiq olanları qorudu. Bu gün də eyni yolu gedirik, yolumuz köhnə, çəkmələrimiz təzədir.

Buna görə də heykəli üsyankar ruhlu, Azərbaycanın istiqlal şairi, himnimizə yazdığı sözlərlə bizi daim azadlığa müştaq olmağa səsləyən Əhməd Cavada deyil, istiqlalımıza, azadlığımız heç bir dəxli olmayan SSRİ-nin hansısa "Xalq artisti”nə qoyuruq. Sovetizmi yenidən daşda dirildir, daşda yeniləyirik.

O adamlara ki, görün özü də dünyada neomarksist kimi tanınan məşhur filosof Slovaj Zizek onlar haqqında nə deyir: "Kommunist rejimlərdə sənət adamları rejim rəhbərlərinin hərəmləri rolunu oynayırlar”.

Sovet sistemi dağıldı, mədəniyyəti ilə birlikdə. Yeni mədəni dəyərlər yaratmağa fürsət tapmışdıq ki, bu dəfə Qərb bazar dəyərlərinin tələsinə düşdük.

Bugünkü kütlələri neoliberal bazar yaradır. İdeologiyası isə budur: Dünyada hər şey satıla biləndir! Satıla bilməyən, satılmaq istəməyən, satılmayan ölümə məhkumdur. İstər dini dəyər olsun, istər elmi icad, istərsə də sənət əsəri.

Kitabını oxuyan kütlələr yoxdursa, yazıçı deyilsən, ölməlisən! Tamaşana axışan kütlələr yoxdursa, teatr deyilsən, ölməlisən! Filminə baxan kütlələr yoxdursa, rejissor deyilsən, ölməlisən! Və s.

Sovet hökuməti ziyalını, alimi proletariatın arasında deyil, qarşısında tribuna bütünə çevirməklə özündən sonrakı nəsillərə misilsiz pislik etdi.

Gözünü açıb ziyalını xalqın yarımallahı kimi görən sonrakı elm, sənət adamları bu ölçünü aşa bilmədilər.

Onlar sosial şəbəkələrdə xalqla ağız-ağıza verməyi ziyalıya, elm, sənət adamına yaraşmayan davranış kimi dəyərləndirdilər.

Yeni xalq isə kolxoz klublarında, universitet auditoriyalarinda, partiya iclaslarında yox, sosial şəbəkələrdə yetişdı; burada, öz arasında kimi gördüsə onu ziyalı, alim dedi.

İndi isə diqtə edən tərəfdir, sosial gücdür. Vaxtında yarımallah olmaq istəyənlər indi onun hüzuruna qurbanlıq quzu şəklində daxil ola bilərlər ancaq.

Həm də bir şərtlə, kütləni arxasınca aparmaq missiyasını yadından çıxaracaq, özü kütlənin arxasınca sülənəcək. Bu dəfə kütlə ona "otur" deyəndə oturacaq, "qalx" deyəndə qalxacaq.

Ya da mədəniyyətin tərk edilmiş xarabalıqlarında unudulmuş ölü ruhu kimi gəzib-dolaşacaq. Dostlarından başqa kimsənin tanımadığı bir müqəddəs olacaq.

Bizim indiki ədəbi, mədəni nəslin bir adı var: Sovet xalqının ölü doğulmuş övladları.

Bu gün əsl sənət adamlarını qorxudan, kütlə tənqidçisinə çevirən də bu haqsız ölüm qorxusudur. Amma unutmayaq ki, tarixin bütün dövrlərində sənət gələcək üçün həmişə öz dövrünün şərtlərinə satılmayan, öz dövründə ölümü könüllü seçən adamları diri saxlayır.

Gələcəyin diriləri bu günün ölüləridir. Necə ki, XXI əsrə XX əsrdə faşist və kommunist kütlələrin tələsinə düşməyib "ölənlər” sağ çıxdı.

qaynarinfo.az

# 2893 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #