"Sizi o işə mən düzəltməmişəm..." - Kassirlər günümüzü necə zay edir?

"Sizi o işə mən düzəltməmişəm..." - Kassirlər günümüzü necə zay edir?
30 avqust 2024
# 17:00

Kulis.az Həmid Piriyevin "Aqressiv pulsayanlar" köşəsini təqdim edir.

Yolumun üstündə bir market var (şəbəkə marketlərdən biridir). Hər gün səhər işə gələndə o marketdən bazarlıq edirdim (bazarlıq deyəndə, yəni su, siqaret kimi bəzi şeylər).

Ordakı kassir qızların üzündən zəhirmar yağırdı. Əvvəl-əvvəl fikir vermirdim, sonra gördüm ki, bu, nədirsə, xroniki şeydir. Hər gün, hər gün eyni şey.

Hesab edin, səhər təzə açılıb, xoş əhvalla yola çıxırsınız (sizi bilmirəm, mən həmişə çalışıram əhvalım yaxşı olsun, bu gündəlik işimə də yaxşı təsir edir, ətrafımdakı adamlara da), lazım olanları yığıb kassaya yaxınlaşırsınız və kassir qızın turşumuş sifətiylə qarşılaşırsınız. Bütün gününüz zay olur, yaxşı əhvalınız da bədəninizi tərk edib, gedir işinin dalınca.

Hələ kassirlərin "paket"i üstünə atmağını demirəm. Hərdən istəyirdim, kassirlərdən soruşum ki, mənim sizə nə qədər borcum var? Çünki bu münasibət səbəbsiz olmamalıdır, ola bilməz. Amma sonra fikir verdim ki, tək mənə yox, hamıya qarşı belədilər.

Daha o marketə getmirəm. Yolumu uzadıb paralel küçənin o biri başındakı marketə gedirəm. Ordakı qızlar da, təxminən, eyni münasibət göstərir alıcıya, amma bir oğlan kassir var. Gülümsəyir, şirin dillə danışır. Mən onun kassasına yaxınlaşıram.

Yəni, hələlik o marketlə yola gedirik. Harda qırıldı, qırıldı.

Əslində, o qızları başa düşürəm. Yəqin, kassir işi heç birinin uşaqlıq arzusu ilə üst-üstə düşmür. Axı heç kim qırçı olmaq istəmir. Maaş azdı, bunu da bilirəm. Gündə hər xasiyyətdə adamla ünsiyyət qurmalı olurlar. Müştərilərin hərəsi bir cürdü də. Bunu da çox yaxşı başa düşürəm. Üstəlik, hay olmamış administrator da acılayır işçiləri.

Bu şəraitdə işləmək, doğrudan, çətindir.

Amma və lakin!

Bunların səbəbkarı mən deyiləm.

Mənə (öz timsalımda bütün müştəriləri nəzərdə tuturam) belə münasibət göstərməyin. Nə üçün sürücüyə, kassirə, maşinistə və ya dəxlisiz adamlara görə mənim kefim pozulmalıdı? (Əslində, ictimai nəqliyyatdan istifadə etməməyə çalışmağımın bir səbəbi də budur – istər sürücülərin, istərsə də digər sərnişinlərin kobud münasibəti.)
İnanın ki, sizin acı rəftarınız qarşınızdakı adamın əhvalına birbaşa təsir edir. Siz mənim kefimi korlayırsınız, mənim iş yararlılığım aşağı düşür, mən də ətrafımdakıları acılayıram... Və bu, beləcə, zəncirvari davam edir.

Hamının problemi var. İndi hamımız duraq bir-birini acılayaq?

Nə üçün, əsasən, kassirləri deyirəm? Çünki hamımız hər gün, ən azı, bir dəfə marketə giririk.

Bəlkə də, fikirləşirlər ki, hər gün əlimdən bu qədər pul keçir, ancaq ayın axırı qəpik-quruş alıram...

Yenə də deyirəm. Sizi o işə mən düzəltməmişəm, heç məcbur da etmirəm kassir işləyəsiniz. Alternativiniz varsa, işləməyin. Alternativiniz yoxdursa, heç olmasa, bir az mehriban olmağa çalışın.

Çox yox, bir az. Mənə bu da bəs edər...

# 2391 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər