“Şərikli çörək”lə qazanılan şöhrət - Sağlığında unudulan adam

“Şərikli çörək”lə qazanılan şöhrət  - Sağlığında unudulan adam
5 dekabr 2023
# 19:00

Bu gün görkəmli rejissor Şamil Mahmudbəyovun doğum günüdür.

Kulis.az Şahanə Müşfiqin "Sağlığında unudulan adam" yazısını təqdim edir.

Həyatın yazılmamış qanunlarından biri də sağlığında hədsiz təvazökarlığı ilə özünü gözdən, diqqətdən uzaqda saxlayan, heç bir işini təbliğ etmək ehtiyacı duymayan insanların adlarının yalnız işlərinin altındakı xırda məlumat çərçivəsində qalmasıdır.

Onları az adam tanıyar, az adam xatırlayar, amma onlar da gözəl xatırlayar, haqqında böyük ehtiram və sevgi ilə danışarlar. Xalq isə adını belə xatırlamadığı o sənətkarların miras qoyduqları əsərlərdən zövq almağa davam edər.

40-dan çox filmin yaranmasında əvəzsiz xidmətləri olmuş, gərgin əməyi sayəsində Azərbaycan kinosuna bir-birindən dəyərli əsərlər bəxş etmiş, görkəmli rejissor, aktyor Şamil Mahmudbəyov da əsərləri özündən daha çox tanınan, sevilən sənətkarlardandır.

Müasirlərinin sadə, təvazökar, “qaradinməz” biri kimi xatırladıqları sənətkarı “sağlığında unudulan adam” kimi də xarakterizə edirlər. Təəssüf ki, bu unutqanlıq hələ də davam etməkdədir.

Bu mənada tək deyil Şamil Mahmudbəyov, heç son da olmayacaq. Torpağın üzü soyuq, tarix vəfasız, səhnə etibarsızdır. İnsanlar isə onlardan dəfələrlə unutqan...

Diqqət, müharibə!..

Onun yaradıcılığından bir müharibə xətti keçir ki, bu xətt öz başlanğıcını uşaqlığından götürür. Müharibənin qanlı əlləri qapını o, məktəbi bitirən il döymüşdü. Hələ uşaqlığından ayrılmamışdı, həyatdan baş çıxara bilmirdi ki, müharibənin nə olduğunu da dərk edəydi. Cəmi 16 yaşı vardı...

Çox çətinliklə könüllülər sırasına yazıldı, Qroznıda hərbi-texniki məktəbi qurtardı. Artıq düşmənlə üzləşməyə tam hazır idi. İlk döyüş məkanı isə Ukrayna Cəbhəsi oldu. Müharibə illərində haralardan keçmədi ki onun cəbhə yolu! Dəfələrlə ölümlə burun-buruna gəldi, qulaqlarının dibində ölümün səsini, boynunda nəfəsini duydu, bir səngərdə çiyin-çiyinə döyüşdüyü, bir qabdan yemək yediyi, arzularını, xatirələrini bölüşdüyü döyüş yoldaşları gözünün qarşısındaca düşmən gülləsinə qurban getdi. Müharibəyə o qədər nifrət edirdi ki, bu barədə mümkün qədər danışmaz, döyüş yolu haqqında suallara ötəri cavab verərdi. 1945-ci ildə isə çox ağır yaralanmış, bir müddətlik cəbhədən uzaq düşsə də, sağalar-sağalmaz, yenidən hərbi hissəyə qayıtmışdı. Bundan sonrakı bütün ömründə izlərini, ağrılarını daşıyacağı mənfur müharibənin başa çatmasından bir neçə il sonra - 1948-ci ildə, geri dönə bilmişdi.

Həyatdan ekrana...

Hərbidən qayıdandan sonra qapısını döydüyü Bakı kinostudiyası (sonralar C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) onun ilk və son iş yeri kimi ömür tarixçəsinə yazılıb. Sonra onu Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində oxumağa göndərirlər. Sovet kinosunun Sergey Gerasimov, Lev Kuleşov kimi kino xadimlərindən, aktrisa T.Makarovadan dərs alır. Moskvada mükəmməl təhsil almış Ş.Mahmudbəyov oradan dönəndən sonra hər fürsətdən istifadə edə, özünü göstərərək dövlətdən film sifarişləri ala bilərdi. Amma hələ cavan olduğunu, ondan öncə Moskvada təhsil almış Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov kimi rejissorların varlığını nəzərə alıb özünü arxa planda saxlayırdı. Az qala on il, arzuladığı məqamı gözlədi: düzdü, bu illərdə boş oturmamışdı, “Görüş” (1955), “Qara daşlar” (1956) filmlərində ikinci rejissor işləmişdi, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqqında sənədli lentlər çəkmişdi. Bu səpgili filmlərin çoxsunu sonralar yaradıcılıq bioqrafiyasından silib atmışdı, heç adlarını da xatırlamırdı. Elə quruluş verdiyi ilk bədii lenti də həmin illərə aiddir: “Sol gediş” adlı bu qısametrajlı televiziya filmi çətin ki, indi kiminsə yadında qalmış ola...

Ş.Mahmudbəyovun kinoda ilk işlərindən biri də 1960-cı ildə çəkdiyi “Əyri yolla qazanc” adlı qısametrajlı film olub. Sonrakı illərdə “Romeo mənim qonşumdur” lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş “Qaraca qız” kinonovellasını, müxtəlif janrlara aid “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dörd bazar günü”, “Dərviş Parisi partladır” (K.Rüstəmbəyovla birlikdə), “Bayquş gələndə”, “Od içində”, “Tənha narın nağılı” (H.Turabovla birlikdə) və başqa filmləri çəkib.


Şərikli filmlərdən “Şərikli çörək”ə

Bir çox filmlərdə digər həmkarları ilə birgə işləyən rejissor, nəhayət, yaradıcılığının ən böyük zirvəsinə 1969-cu ildə “Şərikli çörək” filmi ilə çatdı. Azərbaycan kinosunun Qızıl fonduna daxil olan bu filminə görə 1970-ci ildə Dövlət Mükafatına layiq görüldü. Bu qədər böyük uğurlar qazanmış, rejissorunun adını tarixə yazmış “Şərikli çörək” filmi haqqında son zamanlar çıxan maraqlı fakt isə uzun illər hər kəsdən gizli saxlanılıb. Belə ki, film Bakıda elə bir kateqoriyada qiymətləndirilib ki, bu nəticədən sonra quruluşçu rejissor Şamil Mahmudbəyov ən azı 10 il bədii film çəkməkdən məhrum olunacaqmış. Bu barədə filmin hazırlıq prosesi dönəmində “Azərbaycanfilm” kinostudiyasında işləyən məsul şəxslərdən biri məlumat verib. Adının açıqlanmasını istəməyən şəxs bildirib ki, SSRİ dönəmində çəkilən bədii filmlər 5 kateqoriyada qiymətləndirilirmiş; “4-cü”, “3-cü”, “2-ci”, “1-ci” və “Əla” kateqoriyalar. Senzuradan “Əla” kateqoriyasında keçmiş filmin rejissoru əlahiddə məziyyətlər qazanır, istədiyi mövzunu seçə, istədiyi ssenarini yaza və filmin çəkiliş prosesini düşündüyü istiqamətdə apara bilərdi. Qiymətləndirmə kateqoriyası aşağı düşdükcə həmin filmin rejissorunun dərəcəsi də azaldılırmış. Əgər bir rejissorun çəkdiyi kino “4-cü” kateqoriyaya aid olunurdusa, artıq həmin filmin rejissoruna təxminən 10 il bədii film çəkmək həvalə olunmur, digər qısametrajlı və sənədli materiallarla nüfuzunu bərpa etmədikcə bədii film çəkilişlərinə təyinat ala bilmirmiş.

1969-cu ildə çəkilmiş “Şərikli çörək” filmi də ilkin baxışdan sonra Azərbaycanda “4-cü” kateqoriyada qiymətləndirilmiş və uğursuz film müəllifi kimi quruluşçu rejissor Şamil Mahmudbəyov böyük risk qarşısında qalıbmış. Lakin film Moskva senzurasından “Əla” alır, Azərbaycanda aldığı qiymət ləğv edilir, film geniş tamaşaçı kütləsinə təqdim olunur. Filmin nümayişindən sonra da Moskva qiymətləndirilməsi təsdiqini tapır, “Şərikli çörək” təkcə 70-ci illərin deyil, ümumən Sovet dönəmində İkinci Dünya Müharibəsilə bağlı yaradılmış ekran işləri arasında ən yaxşı şəhər filmi kimi qiymətləndirilir. Təsadüfi deyil ki, 2009-cu ilin oktyabrında Moskvadakı “Bakı” kinoteatrında “Şərikli çörək” filminin ekranlara çıxmasının 40 illiyinə həsr olunan tədbirdə çıxış edən kinossenariçi Alla Axundova bu filmin onun həyat və yaradıcılığında müstəsna yeri olduğunu söyləmişdi.

“Şərikli çörək” hər cəhətdən, yəni həm ssenariçi və rejissor işi, həm aktyor ifası və musiqisi, eləcə də başqa xüsusiyyətlərilə yüksək səviyyədə dayanır. Mütəxəssislərin “Şamil Mahmudbəyov kino içərisində kino yaradan rejissordur” fikri bu filmlə bağlı çox yerinə düşür. Maraqlı bir fikir var ki, filmdə böyük aktyor Fazil Salayevin yaratdığı Qırçı Məmməd obrazı ilə bağlı səhnələr, onun taleyi əslində, ayrıca bir ekran əsəri kimi də götürülə bilər.

Müəllifinə bənzəyən “Adam”

Bədii filmlərindən əlavə, Ş.Mahmudbəyov vaxtilə çox məşhur olan “Mozalan” satirik kinojurnalı üçün də film-süjetlər də yaradıb. Onun özünəməxsus yumor hissi bu əsərlərdə aydın görünür. “Yazmaqla düzəlsəydi”, “Varlığa nə darlıq” kimi film-süjetlər buna parlaq misaldır.

Ş.Mahmudbəyov aktyor kimi də kino tariximizdə imzasını qoyub. Onun bir sıra filmlərdə oynadığı rollar bu gün də tamaşaçıların sonsuz sevgisini qazanır. “Yenilməz batalyon”da Əlimərdan, həmçinin, son çəkildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş “Fəryad” filmində yaratdığı erməni həkim obrazı yaddaqalan işlərindən cəmi bir neçəsidir.

Ömrünün sonuna qədər öz yaradıcı işinə sadiq qalan rejissor 1997-ci ildə Bakıda vəfat edib. Onun ölümündən uzun müddət sonra tamamlanan və cəmi bir il öncə tamaşaçılara təqdim edilən “Adam” filmi Şamil Mahmudbəyovun son işidir. Balaş Abbaszadənin hekayələrinin motivləri əsasında ekranlaşdırılan filmin prodüseri Rasim Həsənov, quruluşçu-operatoru Nizami Abbasdır. Hələ 21 il öncə çəkilmiş ekran işi rejissorun vaxtsız vəfatı və maliyyə vəsaitinin çatışmazlığından yarımçıq qalmışdı. 2010-cu ildə “Yeni Dalğa” Prodüser Mərkəzində filmin quruluşçu operatoru Nizami Abbas tərəfindən Şamil müəllimin rejissor ssenarisi əsasında montaj olunaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tamamlanıb.

“Adam” yalnız, daxili təlatümündən başqa həyatında heç bir səs olmayan, dostları, yoldaşları tərəfindən etinasızlıqla qarşılaşan, çox darıxan Əhmədin yaşamından söz açır. İstedadlı aktyor Arif Kərimovun böyük məharətlə canlandırdığı Əhməd orta yaşlarda, heç zaman ailə qurmamış, ömrünü tənhalığına bürünüb sözün əsl mənasında yola verən bir kişidir. Hələ ilk kadrlardan, ora-bura şütüyən maşınların, harasa tələsən insanların arasında məqsədsizcə özünün də bilmədiyi bir yerlərə gedən, ətrafı acgözlüklə seyr edən adamın baxışlarındanca insanı iliklərinə qədər üşüdür bu tənhalıq.

Filmi izlədikcə gözlərimizin önündə bütün ömrü boyu əzabların, ağrıların əlindən yaxasını qurtara bilməyən, hələ sağlığında unudulmağa məhkum edilən, öncə özünün, sonra isə həmkarlarının gözdən uzaqda saxladığı Ş.Mahmudbəyov canlanır.

Rəngsiz, texniki baxımdan olduqca məhdud imkanlarla çəkilmiş film peşəkarlığın texnikadan, maddiyyatdan güclü olduğunu bir daha sübut edir. Azərbaycan kino tarixinin dəyərli sənətkarlarının rol aldığı ekran işi az sözlə çox mətləbin ifadəsinə bariz nümunədir. Bir sözlə, 21 il ekran həsrəti çəkmiş “Adam”ın topluma kino dilində 38 dəqiqəlik “adamlıq dərsi” verə bildiyini söyləmək olar.

Amma etiraf etmək lazımdır ki, “Adam”ın təqdimatı sağlığında filmi yekunlaşdırıb publikaya təqdim etməyə ömrü yetməyən unudulmaz rejissor Şamil Mahmudbəyovun ruhunun artıq rahatlıq və sevinc tapdığına xoş bir inam hissi yaradır.

Film, özünün ekran taleyiylə də, şöhrətə, mükafatlara, təltiflərə gecikən müəllifini xatırladırdı. Azərbaycan və keçmiş Sovet tamaşaçısının diqqətini hələ 30 yaşında ikən cəlb edən Şamil Mahmudbəyov Respublika Dövlət mükafatına 50 yaşı ərəfəsində, Əməkdar incəsənət xadimi adına ondan da gec layiq görülmüşdü. Şübhəsiz ki, son dərəcə xeyirxah, təvazökar və özünə qarşı tələbkar insan olan rejissor Şamil Mahmudbəyov öz filmlərilə daha bəxtəvər bir ömür - yaradıcı sənətkar ömrü yaşayır.

# 867 dəfə oxunub

Oxşar xəbərlər

BMU-da “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olundu

BMU-da “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olundu

14:02 30 noyabr 2024
Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı sərgi açıldı

Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı sərgi açıldı

13:29 30 noyabr 2024
Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

12:54 30 noyabr 2024
Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

12:32 30 noyabr 2024
Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı

Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı

11:15 30 noyabr 2024
Türkiyədə Əli Çağlanın kitabı çap olundu

Türkiyədə Əli Çağlanın kitabı çap olundu

10:35 30 noyabr 2024
#
#
# # #