Şəhid xanəndə - Şahmalı Kürdoğlu

Şəhid xanəndə - Şahmalı Kürdoğlu
12 aprel 2024
# 14:00

Bu gün tanınmış xanəndə Şahmalı Kürdoğlunun doğum günüdür.

Kulis.az Mina Rəşidin "Şəhid xanəndə - Şahmalı Kürdoğlu" yazısını təqdim edir.

Lap uşaqlıqdan bir səs qalıb yaddaşımda. Ağdamın Qiyaslı kəndində qonşu həyətdən gələn səs. Allahın insana bəxş etdiyi gözəl səslərin mənim üçün ən şirini, ürəyəyatanı. Əlbəttə, uşaq vaxtı qeyri-ixtiyari dinlədiyim bu canlı ifanın əzəmətini anlamırdım və bu, mənə olsa-olsa xoş gələrdi. Amma zaman keçdikcə bu səsin şirinliyi tutdu məni. Yaman tutdu!..

Və ömrüm boyu o kənd yollarının doğmalığı, həyət güllərinin ətri və həsrətində olduğum qonşularımızın bir-birinə məhəbbəti, sədaqəti kimi bu səs də mənimlə yaşayacaq. O qeyri-adi səs əsl istedaddan xəbər verən, Allah vergisi olan bir səsdi...
Düşünürəm ki, görəsən, bu gün səsgücləndiricilərin, xüsisi texnikanın hesabına yaranan bu «müğənni ordusu» o səsi ağılla, başla dinləsəydi, özünə nə ad verərdi? Cır, kal səsləri ilə tamaşaçıdan alqış istəyən, özünə əndrəbadi titullar verənlər o əzəmətli səsdən diksinməzdilərmi?
O səsin rəngi, ürəyi, canı vardı sanki. Başqa cür demək olmur. Mərhum xanəndə Şahmalı Kürdoğlu ilə yaxın dost olmuş musiqişünas-alim Vəli Məmmədov yəqin ki, onun səsini və özünü daha yaxşı xarakterizə edər, deyə onun qonağı oldum. Bir vaxtlar özü də xanəndəlik etmiş Vəli müəllim Şahmalı Kürdoğlu haqda az şey söyləmədi.

Seyid Şuşinskinin layiqli tələbəsi

…Mən Şahmalını 1957-ci ildən tanıyıram. Yaxşı insan, danışıb-gülən bir oğlan idi. Uca boyu, qapqara saçları vardı. Hələ Şahmalıdan əvvəl onun qardaşı Əlişlə dost idim. Biz yuxarı sinifləri Ağdamın 1 saylı məktəbində birlikdə oxumuşuq. O vaxt Əliş deyirdi ki, qardaşım Türkmənistandadı. Şahmalı orada ali hüquq təhsili almışdı. O, Türkmənistanda həm də musiqiçilərlə dost olmuşdu. İsbi adlı bir tarzən ilə daha yaxşı münasibəti olan Şahmalı sonralar onunla məni də tanış elədi. Şahmalı xarici görünüşü ilə xoş bir adam, dostcanlı, istiqanlı bir insan idi. Tutaq ki, ona bir irad bildirəndə, məsləhət verəndə xətrinə dəyməzdi. Gülüb məni qucaqlayardı. O başqaları kimi deyildi. Həm də bilirdi ki, onu çox istəyirəm. Onda adamı tanımaq bacarığı var idi. Mən onu hələ professional səhnəyə çıxmamışdan əvvəl tanıyırdım. O Seyid Şuşinskinin sinfini bitirdikdən sonra çox gözəl xanandə oldu.

Filarmoniyanı lərzəyə gətirən səs

Şahmalı şəxsiyyət idi. Onun şirin, məlahətli səsi adamı mat qoyurdu. 1957-ci il idi, Bakının «Tarqovı» deyilən küçəsində gəzişirdik. Birdən rəhmətlik Bülbül qarşımıza çıxdı. Dedi ki, sabah gəlin sizi bağa aparım, bir az dincəlin. Mən utancaq idim. Amma Şahmalı adama yovuşan, istiqanlıydı və Bülbüllə getdi.
Şahmalının zil, şaqraq səsi vardı. Bir onun filarmoniyadakı konsertlərini görəydiniz. O, muğamlar - «Şur»u, «Rast»ı, «Heyratı»nı, «Çahargah»ı elə oxuyardı ki, filarmoniya lərzəyə gələrdi. Xəyalpərəst, fantaziyalı adam idi. Ancaq o boyda istedad Opera və Balet Teatrında ancaq epizodik rollar oynayıb. Halbuki ona Məcnun, Şah İsmayıl obrazları yaraşırdı.
Şahmalı çox istedadlıydı. Həm də rəssamlığı - gözəl əl qabiliyyəti vardı. O, bir xanəndə kimi mükəmməl dərs almışdı. Seyidin özünün ayrı öyrətmə metodu vardı. Şahmalı da sözü, qəzəliyyatı yaxşı bilirdi və ürəkdən oxuyurdu. Oxumağı da özünə oxşayırdı. Özü incəqəlbli olduğundan, oxumağı da incə idi. Bir xanəndə kimi Şahmalı dinləyicini düşündürürdü. Onun səsinə Qarabağ havası hopmuşdu. Bu səsdə Xan əminin səsinin çalarları var idi. Oxuyan kimi bilirdin ki, qarabağlıdı.

Şahmalı öz adını qoyduğu körpə oğlu ilə şəhid oldu

Ağdamda sən gördüyün kimi, onun gözəl evi, həyəti, limon bağı vardı. Həmişə dostlarına deyirdi ki, gəlib bizdə dincəlin. Amma ailəsinə əziyyət vermək istəmirdim. Bir dəfə müəllimini - Seyid Şuşinskini aparmışdı evinə. O vaxt ağaya (Seyid Şuşinskiyə belə deyirdik) yaxşı baxmışdı. Şahmalı sonralar Ağdam Musiqi Məktəbtində müəllim işlədi. Özünə baxan deyildi. Yoxsa başına belə işlər də gəlməzdi. Şahmalı şəhid oldu...
Vəli müəllim sözünün davamını gətirə bilmir, qəhərlənir və mən o dəhşətli günü xatırlayıram.

O tükürpədici səhnə bu gün də yadımdan çıxmır

1992-ci ilin payızı. Hər anımız təhlükədə, hər an ölüm qorxusu. Düşmən istənilən vaxt kəndimizi mərmi atəşinə tuturdu. Heç kəs bir an sonra başına nələr gələcəyini bilmirdi. Kəndə qəfil atılan mərmilər neçə ailəyə bədbəxtliklər gətirmişdi. Mərmilərdən nə qədər ölən vardısa, ondan bir o qədər də artıq şikəst olan insanlar var idı. İndi o günləri düşünəndə dəhşətə gəlirsən ki, axı o vaxt biz kimi, nəyi gözləyirdik? Bax belə dəhşətli günlərin birində mərmi uğultusu və partlayış səslərindən sonra qorunmaq üçün biz evimizin alt mərtəbəsinə sığınmışdıq. Ara səngiyəndən sonra mən darvazanı açıb yola çıxdım. Şahmalı Kürdoğlunun günbəzlərlə bəzənmiş daş hasarlı və limon bağçalı həyəti ilə bizim darvazamızın arası bircə addım idi. Elə yola çıxmağımla Şahmalının həyat yoldaşının dəhşət içərisində qışqıra-qışqıra yola çıxdığını gördüm. Və qucağında al qana bulaşan balaca Şahmalı. O tükürpədici səhnə bu gün də yadımdan çıxmır...
Həmin gecə biz başqa kənddə gecələməli olduq. Eşitdik ki, Şahmalı Kürdoğlu həyətində öz oğlu Şahmalı ilə birgə nar yeyərkən yanlarına qəfil düşən mərmidən həlak olub. Ata-bala birgə, nar yeyə-yeyə ömürləri yarıda qalıb. Nar rəngində bir ölüm alıb onları öz ağuşuna...

# 1517 dəfə oxunub

Oxşar xəbərlər

“Sandıq”  Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

17:37 26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə”  plastik tamaşasını təqdim edir

“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir

16:48 26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

15:16 26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

15:04 26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində

Filippinli qonaq Ədəbiyyat Muzeyində

13:47 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

12:54 26 noyabr 2024
# # #