Səbuhi, bircə ona sevinirəm ki...

Səbuhi, bircə ona sevinirəm ki...
17 yanvar 2024
# 11:50


Kulis.az Ulucay Akifin bu gün vəfat edən məşhur jurnalist Səbuhi Məmmədli haqqında yazısını təqdim edir.


Səbuhi Məmmədli öldü.

Belə də olur. Bir də görürsən ki, adam ölür.

Ölüm haqqında fəlsəfi cümlələr qurmağa ehtiyac yoxdur. Dünyadakı ən təbii, ən mütəmadi baş verən və ən qaçılmaz hadisə ölümdür.

Ölüm var olan hər şeylə yanaşı addımlayır.

Bir ağaca baxanda yanındakı ölümü də görmək lazımdır.

Bir çiçəyə baxanda yanındakı ölümü də görmək lazımdır.

Bir quşa baxanda yanındakı ölümü də görmək lazımdır.

Və bir insana baxanda yanındakı ölümü də görmək lazımdır.

Başımız həyatın qaçhaqaçına o qədər qarışır ki, bizlə qoşa addımlayan ölümü unuduruq, görmürük.

Amma Səbuhidə belə olmadı...

Biz Səbuhinin yanında dayanan ölümü daha tez gördük.

Əvvəl gözümüzün qabağında Səbuhinin bir ayağını apardı ölüm.

Xəstəxanaya yanına getmişdik. Gördüm ki, ölüm düz yanında əyləşib. Biz içəri girəndə heç ayağa da qalxmadı ölüm. Belə olur ölüm. Heç kimi saymır.

Sonra Səbuhinin ikinci ayağı...

Birinci ayağından sonra ikinci ayağı da öldü.

Əlil arabasında işə gəlirdi.

Hər dəfə mənə zəng edirdi ki, "gəl məni siqaretə apar".

Tez keçirdim otaqlarına, görürdüm, Səbuhi əlil arabasında oturub mənə baxır, başının üstə də ölüm dayanıb.

Ölümü Səbuhinin başının üstündən kənara itələyib özüm sürürdüm əlil arabasını.

Hər dəfə də soruşurdu ki, "Sənin "pravan" var da, Ulucay?"

Deyirdim, hə, elə sənin arabanı sürmək üçün almışam.

Gülürdü.

Görəndə ki, dəhlizdə heç kim yoxdu, sürətlə sürürdüm arabanı. Səbuhi də ağzıyla maşın səsi çıxarırdı.

Pəncərənin yanında dayanıb siqaretimizi çəkirdik.

Hər şey haqqında danışırdıq. Ağlınıza gələcək ən mənasız şeylər haqqında da danışırdıq. Təkcə ölüm haqqında danışmırdıq. Deyib-gülməyi sevirdi.

Çəkdiyi siqaretin külü olmayan ayaqlarının üstünə tökülürdü. Təmizləyirdim.

Sonra "sür getdik eee" - deyirdi.

Həəə...

Səbuhi, ruhun şad olsun.

Sən yaxşı dost idin.

Bircə ona sevinirəm ki, yəqin, ayaqlarına qovuşmusan, o əlil arabasından xilas olmusan.

...masmavi səmanın altında, sapsarı taxıl zəmilərində necə qaçdığını görürəm...

# 6725 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər