Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi

Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
14 iyun 2025
# 22:05

Şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin “Türkün şərəfli oğlu”, “Göyüzünə yazılanlar”, “Göyüzüylə söhbətlər” və “Biblioqrafiya” kitablarının təqdimatı, eləcə də “Ölənədək sevmək azdır” adlı konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə görkəmli qələm sahibləri, incəsənət və ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə tədbirin aparıcısı və ssenaristi, şair Fərid Hüseyn tədbir haqqında iştirakçılara məlumat verib və bu günkü tədbirin Vaqif Bayatlı Odərin 75 illik yubileyinə həsr olunduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar deyib:

“Vaqif Bayatlı Odər mənim ən sevdiyim şairlərdəndir. Vaqif müxtəlif təxəllüslərlə yazsa da, mənim yaddaşımda Vaqif Cəbrayılzadə kimi qalıb. Onun yaradıcılığının ən gözəl tərəfi odur ki, o, oxucuyla təkcə özünün deyil, həm də başqasının sevincini bölüşür.”

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, yazıçı Kamal Abdulla isə bildirib:

“Vaqiflə mənim 45 illik tanışlığım var. Onu ilk dəfə tanıyanda diqqətimi çəkən ilk şey səsi oldu. Öz şeirini avazla səsləndirə bilən çox az şair var, onlardan biri də Vaqifdir. Mənim üçün o, ən metafizik şairdir – onun şeirlərində ‘iki üstəgəl iki’ heç vaxt dörd etmir, hər dəfə fərqli nəticə doğur.”

Millət vəkili Aqil Abbas çıxışında qeyd edib:

“Vaqif Bayatlı Odər qeybdən gələn istedaddır, səsi də elə qeybdən gəlir. O, mənim gənclik və ədəbiyyatda inqilab dostumdur.”

Xalq şairi Sabir Rüstəmxanlı isə deyib:

“Vaqif dəyişməyib, sadəcə yaşa dolub. Onun içindəki saf uşaq hələ də yaşayır. Şeirləri göylə yeri birləşdirir.”

Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında vurğulayıb:

“Vaqif Bayatlı Odərin şeirləri hər zaman mənim yol yoldaşım olub. Onun ilk şeirləri çap olunanda bizə həm qəribə, həm də maraqlı gəlirdi. Bu gün də həmin şeirlər oxuculara ilk gündəki kimi təsir edir.”

Tədbirdə, həmçinin, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Mədəniyyət Nazirliyi adından Vaqif Bayatlı Odər üçün tərtib olunan diplomu şairin həyat yoldaşı Tamam xanıma təqdim edib.

Tədbirdə çıxış edən şair Şəhriyar del Gerani Vaqif Bayatlı Odərin özündən sonrakı ədəbi nəsillərə həm yaradıcılıq, həm də xarakter baxımından örnək olduğunu deyib. O bildirib ki, Vaqif Bayatlı müasir Azərbaycan ədəbiyyatında məktəb yaratmış şəxsiyyətdir və bu illər ərzində usta qələm adamı kimi əsl mətnlərlə, qiymətli sətirlərlə oxuculara xitab edib. Şair çıxışının sonunda Vaqif Bayatlının “Qardaşımın üzü köməyim olsun” şeirini deyib.

Sonda Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam xanım çıxış edərək qonaqlara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Mərasim zamanı müxtəlif ifaçılar tərəfindən şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

# 1411 dəfə oxunub

Oxşar xəbərlər

Sevgimin duet iddiası yalan çıxdı – Mahsun Kırmızıgülün menecerindən açıqlama

Sevgimin duet iddiası yalan çıxdı – Mahsun Kırmızıgülün menecerindən açıqlama

15:55 31 yanvar 2026
İbrani Bibliyasının ilk nüsxəsi, axirətə keçmək üçün sehrli mətnlər toplusu... - Dünyanın 7 qədim əlyazması

İbrani Bibliyasının ilk nüsxəsi, axirətə keçmək üçün sehrli mətnlər toplusu... - Dünyanın 7 qədim əlyazması

15:00 31 yanvar 2026
Bakıda Xalq artistinin oğlunu  döyən saxlanıldı

Bakıda Xalq artistinin oğlunu döyən saxlanıldı

12:37 31 yanvar 2026
"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi

"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi

12:00 31 yanvar 2026
Bakıda Xalq artistinin oğlunu döydülər

Bakıda Xalq artistinin oğlunu döydülər

11:18 31 yanvar 2026
Onlar da narkotikə görə saxlanıldılar

Onlar da narkotikə görə saxlanıldılar

11:00 31 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər