Bu gün məşhur güneyli yazıçı Qulamhüseyn Saidinin anım günüdür.
Kulis.az Savalan Fərəcovun "Təbrizdən Parisədək ömür və sənət yolu - Qulamhüseyn Saidi" adlı yazısını təqdim edir.
XX əsrin ikinci yarısında İran ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən müəlliflər arasında Qulamhüseyn Saidi də var. O, İran Yazıçılar Cəmiyyətinin yaradılmasında yaxından iştirak edib.
Qulamhüseyn Əliəsgər oğlu Saidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olub. 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Hökumət qurulur. Soydaşlarımızın ana dilində danışmaq qadağası aradan qaldırılır. Məktəblərdə dərslər Azərbaycan türkcəsində keçilir, qəzetlər ana dilində nəşr edilir. Lakin bu sevincli günlərin ömrü çox az olur. İmperialist güclərin təsiri ilə şah rejimi Milli Hökuməti devirir...
Ədəbi yaradıcılığa maraq göstərən Q.Saidi 1951-ci ildə həbs olunur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilir. 20 yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dost olur. 1961-ci ildə ali təhsilini başa vurur, psixoloq ixtisasına yiyələnir.
Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalır. “Dilguşə” adlı tibb mərkəzi açır. Tədricən səhiyyə ocağı Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilir.
Araşdırmalarda qeyd edilir ki, ədəbiyyata şeirlə gələn Q.Saidi publisistika, nəsr, dramaturgiya və tərcümə sahələrində də qələmini sınayır. 1965-1975-ci illərdə pyes, hekayə, roman yazır və tərcümələr edir. “Keyhan”, “İttilaat”, “Ayəndeqan”, “Azadi”, “Rəhayi” və s. qəzet və jurnallarda məqalələri dərc olunur. Özü isə “Əlifba” adlı jurnal nəşr etdirir. Calal Al-Əhməd 1964-cü ildə onu rəhbərlik etdiyi İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində çalışmağa dəvət edir. Buradakı işi ilə bağlı səfərlərə çıxır. Xarici ölkələrdə olur, səfər təəssüratlarını “İlxıçı”, “Qaradağ”, “Körfəz kənarında xoş bir kölgə”, “Sadə havaşünaslıq”, “Ah-nalə” adı altında kitabça şəklində çap etdirir. “Qorxu və səksəkə”, “Dəndil” və s. hekayələrində dastanlardan, mifik yaddaşdan peşəkarlıqla bəhrələnir.
Hekayələri 1965-ci ildə Tehranda “Bəyəldə yas” adı altında çap edilir. Kitab İranın xüsusi xidmət orqanlarının diqqətini çəkir. Onları kitabdakı hekayələrin yeni üslubu deyil, mövzusu daha çox narahat edir. Gənc yazıçının cəmiyyətdəki nöqsanları tənqid etməsi dövlət əleyhinə aparılan təbliğat hesab edilir. Uzun sürən işgəncəli istintaq nəticəsiz başa çatsa da, bu ədalətsizlik yazıçını bərk sarsıdır.
Q.Saidinin pyesləri də oxucuların marağına səbəb olur. Çünki o, bu dram əsərlərini pantomima üslubunda qələmə almışdı. Səhnələşdirilən bu əsərlər ölkənin böyük şəhərlərinin teatrlarında oynanılır. Tənqidçilərin fikrincə, müəllifin bədii əsərləri arasında ən uğurluları pantomima janrında yazdıqları olub. O, şah rejiminin ölkədəki xalqlara tutduğu divanı pantomima vasitəsilə verməyə çalışıb. Q.Saidi sonralar yazırdı ki, əhalisinin əksəriyyəti ana dilindən məhrum olan xalqın danışığı bir növ pantomima oyununa bənzəyir. Müəllifin “Vərzil qolu çomaqlıları” pyesi əsasında rejissor Cəfər Vali film çəkir. Daha sonra İranın məşhur rejissoru Dariyuş Mehrcuyi “Bəyəldə yas” hekayələr toplusu əsasında “Öküz” adlı film ekranlaşdırır. Bu film İranın kino sənətində əsaslı dəyişikliyə səbəb olur. “Öküz” filmindən sonra İranda ictimai-siyasi məzmunlu filmlərin sayı artır.
İranda şah rejiminə qarşı mübarizə başlananda Q.Saidi onu alqışlayanlardan və öndə gedənlərdən olur. 1979-cu ildə İranda islam inqilabı qələbə çalır. Lakin inqilab onun ümidlərini doğrultmur. Q.Saidi 1982-ci ildə Fransaya gedir. Parisdə olarkən Bədr Lənkərani adlı bir xanımla ailə qurur. Burada “Otello qəribə məmləkətdə”, “Nurlu qəlblər”, “Doktor Əkbər” və “Renessans” ssenarilərini və rejissor D.Mehrcuyi ilə birlikdə “Ev təmiz olmalıdır” hekayəsi əsasında “Molus-Korpus” ssenarisini yazır. Parisdə “Şəhərdə bir qərib”, “Top”, “Gülərüzlü tatar” adlı romanlarını qələmə alır, “Ölüm yeri”, “Sınıqçı” əsərlərini isə tamamlaya bilmir.
Qulamhüseyn Saidi 23 noyabr 1985-ci ildə, 49 yaşında Parisdə dünyasını dəyişib, Per-Laşez qəbiristanlığında dəfn edilib.