Kulis.az Əlisəttar İbrahimovun "Sabir haqqında xatirələr" yazısını təqdim edir.
Oxucularımıza Əlisəttar İbrahimov tanış deyil. Əslən balaxanılı olan Əlisəttar İbrahimov hələ məktəbdə oxuduğu illərdən riyaziyyat və ədəbiyyata böyük maraq göstərib, “Yeni füyuzat” jurnalında verilən riyaziyyat suallarının bir çoxuna doğru cavab verməyi, müxtəlif mətbu orqanlarda şeirlərinin, məqalələrinin nəşr edilməsi ilə həmyaşıdlarından fərqlənən bir gənc olub. Dövrün abu-havası onu siyasətin burulğanına atıb. Əvvəlcə sol eser “Əkinçi”, sonra isə bolşevik “Hümmət” partiyasının üzvü olub. Mənsub olduğu partiyanın mətbuat işlərində fəal surətdə iştirak edib. Riyaziyyata hələ məktəbli olduğu dövrdən böyük maraq göstərən Əlisəttar İbrahimov 1926-cı ildə qısa müddətlik Azərbaycan SSR-in xalq maliyyə komissarı olub. Mirzə Ələkbər Sabirin Balaxanıda dərs dediyi tələbələrindən olan Əlisəttar İbrahimov Sabirin digər tələbələri olan balaxanılılar-Ağahüseyn Rəsulzadə, Nemət Bəsir(Hacızadə), Həbib Cəbiyev və başqaları kimi repressiya qurbanı olub. Bugünkü dövrdə Əlisəttar İbrahimovun zəngin yaradıcılıq irsinin tədqiqinə ehtiyac olduğunu düşündüyümdən bu yolda ilkin olaraq 1982-ci ildə Abbas Zamanovun redaktəsi ilə kiril qrafikası ilə nəşr olunan “Sabir xatirələrdə” kitabından Əlisəttar İbrahimovun müəllimi Sabirlə bağlı olan xatirələrini latın qrafikası ilə sizlərə təqdim etməyi özümə borc bildim.
Sabir haqqında xatirələr...
Biz, Balaxanıdakı “Nəşri-maarif” məktəbində oxuduğumuz zaman, 1910-1911-ci təhsil ilində, bir yeni müəllim gəldi. Bu müəllim fars dilindən və ədəbiyyatdan dərs verməyə başladı. Əvvəlcə biz onu tanımadıq. Çocuqluq xasiyyətini davam etdirərək nadincliyimizdən əl çəkməyir və onu incidirdik. Lakin çox tez bir zamanda, bu müəllim öz yumşaq xasiyyəti ilə bizi özünə ram etdi, bizi öz təsiri altına aldı. Sabir, gödəkboylu, arıq və saqqallı bir müəllim idi. Dərs vaxtında həmişə bizə qəribə və çox maraqlı misallar çəkirdi. Bu misalları çəkməkdən əsas məqsədi, bizi tərbiyələndirməkdən ibarət idi və bu, gözəl də nəticə verirdi.
Sabir həmişə bizə yalnız dərslərimizdə deyil, hətta başqa sahələrdə də yardım edərdi. Çox gözəl yadımdadır ki, “Müəllim” ünvanlı şeirimi yazdığım zaman (bu şeir 1910-cu ildə “Günəş” qəzetində çap olunmuşdur) Sabirdən onu düzəltməyi xahiş etdim. Sabir böyük bir diqqətlə şeiri təshih etdi və mənə qaytardı. Demək olar ki, o şeirimin yarıdan çoxu Sabir tərəfindən düzəlmişdi.
Sabir eyni zamanda Balaxanıda gizlin çalışan “Hümmət” bolşevik təşkilatına da yardım edirdi.
Məlum olduğu üzrə, Balaxanı kənd məktəbi yanında “Nur” adlı bir qiraətxana var idi. Bu qiraətxanada kəndin bütün gənc həvəskarları iştirak edirdilər. Bunların arasında Ağahüseyn Rəsulzadə, Nemət Bəsir Hacızadə və başqaları var idi. Bu qiraətxana “Balaxanski krujok” adlı teatrda (indiki Lenin rayon partiya komitəsinin qarşısındakı bina) müxtəlif pyeslər tamaşaya qoyaraq partiya təşkilatı üçün para toplayırdı. Sabir bizə pyeslərdə xor sifətində iştirak etmək üçün nəğmələr öyrədir və özü də aktiv surətdə bu işlərdə iştirak edirdi.
Bunlardan başqa mədənlərdə çalışan, fəqət Balaxanı kəndində yaşayan yaşlı işçilər üçün məktəb nəzdində gecə kursları açılmışdı. Bu işçilərin arasında inqilabçılar var idi. Sabir onlara dərs verərək inqilabçılarla yaxınlaşır və onlardan öz yaradıcılığı üçün ilham alırdı.
“Fəhlə özünü sən də bir insanmı sanırsan” və bu kimi inqilabi şeirlər, zənnimcə, həmin dövrə təsadüf edir.
O zamanlarda Balaxanı gəncləri mollaların və axundların əleyhinə kənd camaatı arasında və mətbuatda böyük kampaniya aparırdılar. Sabir bu işdə bizə yardım edirdi. Hamıdan artıq bizim tənqidimizə axund molla Abdulla məruz qalırdı. Axundun əleyhinə məqalə və şeir yazanlar arasında Rəsulzadə- “Arıq”, Nemət Bəsir- “Balaxanılı”, Əlimişan Hüseynzadə - “Mismar”, bu sətirləri yazan “Əyyar” və başqaları vardı. Ona görə də axund hirslənərək öz növbəsində bizə cavab olaraq şeirlər “ixtira” edirdi. “İqbal” qəzetinin əlavə olaraq çıxan “Palanduz” adlı həftəlik səhifələrində axund bizə fars dilində belə bir cavab yazmışdı:
Gəhi Arıq dəvəd, gəhi Əyyar,
Bezənəm bəçəşmi-u Mismar.
Sabir bunu oxuyandan sonra qəhqəhə ilə güldü və bir taziyanə yazdı. “Günəş” və “İqbal” qəzetində yazdığı taziyanələrin çoxusunu Sabir Balaxanı kəndində müəllim olduğu zaman yazmışdır. Axunda cavab olaraq Sabir bu aşağıdakı taziyanəni yazmışdı:
İranlı deyir ki, ədl ilə dad olsun.
Osmanlı deyir ki, millət azad olsun,
Zahid nə deyir? Deyir ki , qarnım dolsun,
Osmanlı da, İranlı da bərbad olsun.
Sabir əsla spirtli içkilər içməzdi. Bir gün məktəb müdiri Əhməd Kamal bəy Sabiri bir içki məclisinə dəvət edir və kefli bir halda, qədəhi konyak ilə dolduraraq Sabirə uzadıb, belə bir təklif edir: “Ya şu bir qədəh konyakı iç və ya ekspromt bir şeir söylə”.
Sabir konyakdan imtina edərək ikinci təklifi qəbul edir və sonralar qəzetdə çıxan, habelə “Hophopnamə”yə daxil olan bu aşağıdakı taziyanəni yazır:
Derlər İran günbəgündən xar olur, əlbəttə ki,
Sihhətin hifz etməyən bimar olur, əlbəttə ki.
Digər hadisələrdən birisi də, Sabirə olunan mürtəce hədələrindən ibarətdir. Yuxarıda söylədiyimiz üzrə Sabirin işçi və kəndli xeyrinə yazdığı şeirlərdən, Balaxanı camaatının arasında apardığı tərbiyə işlərindən narazı qalan mürtəce ünsürlər Sabirə hədə məktubları yazırdılar. Onlardan birisi “Qanlıköynək” imzası ilə yazılmışdı. Bu məktubda Sabirin Balaxanı məktəbindən əl çəkib getməsi tələb olunurdu.
Sabir əsla qorxmayaraq öz müəllimliyində davam elədi və hələ o məktuba cavab olaraq qəzetdə bu aşağıdakı taziyanəni yazdı:
Saxta bir xətti-xam ilə mənə kağız yazıb
Ey məni təhdid edən min dürlü təkidat ilə
Böylə “xortdan gəldi,dur, qaç! ” sözlərini get tiflə de,
Zatını Sabir tanırkən qorxmaz övhamat ilə.
Sabirin vəfatı bütün Azərbaycanın idraklı işçi və kəndlilərini, inqilabçılarını məhzun etdi. Biz - onun şagirdləri onu heç vaxt yadımızdan çıxarmamışıq və çıxara da bilmərik. Çünki Sabir bizimdir, xalqın dostudur.
Transliterasiya: Xəyal Bayramlı