Rövşanə Ağasəfqızı: "Ya ərizə yazıb işdən getməliyəm, ya da..." - Müsahibə

Rövşanə Ağasəfqızı. Aparıcı

Rövşanə Ağasəfqızı. Aparıcı

7 fevral 2022
# 09:00

Kulis.az tanınmış tele-aparıcı Rövşanə Ağasəfqız ilə müsahibəni təqdim edir.

- Müsahibədən əvvəl yeni layihə üzərində işlədiyini dedin. Format necə olacaq?

- Bacardığım qədər şou tipli verilişlərdən qaçıram. Çünki bəlli bir yaşdan sonra bu verilişləri gənclərimizin aparmasının tərəfdarıyam.

- Amma şou verilişlərini apara bilən, balansı saxlayan azsaylı aparıcılardansan.

- Hə, razıyam. Amma mən elə gəlir ki, televiziya işinə yeni başlayanlara da bu barədə imkan yaratmaq lazımdır. Çünki tamaşaçıların çoxu şou tipli verilişlərə maraq göstərirlər. Ona görə də, məşhur olmaq, ulduz olmaq istəyən gənclər üçün şou xarakterli verilişlər daha yaxşıdır. Ümumiyyətlə, mən uzun illər boyu sosial layihələrdə iştirak etmişəm. Şou tipli layihələrim çox az olub.

- Səncə tamaşaçılar səni harada görmək istəyirlər?

- Çox qəribədir ki, Samirə, hansı verilişdə qonaq oluramsa, adi bir cümləm olaya, saytlarda manşetə çevrilir. Məni tənqid edənlər çoxdur, ancaq qəribədir ki, məni tənqid edənlər belə hər sözümdən xəbərdardılar. Deməli, onlar həm də məni izləyirlər. Necə deyərlər, məni sevən də mənə baxır, söyən də. Yəni medimatik olduğumu bilirəm. Efirə çıxanda da gözləyirlər ki, Rövşanə harada nə deyəcək, ortaya hansı sərt mövqe qoyacaq. Tamaşaçı artıq mənim dekorumu, formatımı deyil, deyəcəyim sözü gözləyir.

- Ümumiyyətlə, öz obrazından razısan?

- Efirdə bir az fərqliyəm. Əslində, həyatda elə deyiləm. Efirdəki obrazımla, imicim başqadır. Efir obrazım daha sərt, bir az intriqant, konflikt yaradan obrazdır. Əslində, mənim həmin obrazımı elə efir yaradıb. Sən də məni tanıyırsan, bilirsən ki, həyatda mülayim, insanlarla dostluq etməyi sevən biriyəm. Amma efirdəki obrazıma görə məndən çəkinirlər. Mən bunu dəfələrlə hiss etmişəm.

- Hətta verilişinə gəlməkdən qorxanlar da var?

- Elədir, gəlmək istəmirlər. Bəlkə də, bu ondan irəli gəlir ki, mən bacardığım qədər müsahibimlə söhbətə çox hazırlaşıram, məlumatlı oluram. Dedikləri fikirlərin qarşısında çəkinmədən mövqe sərgiləyə bilərəm. Həm də sırf yaradıcı mühitdən söhbət gedirsə, mən bu mühitə bələdəm. Kimin kim olduğunu çox gözəl bilirəm. Oxuyuram, izləyirəm, xəbər tuturam. Tanınmışların şəxsi həyatlarından tutmuş, iş həyatlarına qədər hamısı haqda məlumatlıyam. Bu gün aparıcılar var ki, dünyadan xəbərləri yoxdu. Efirə çıxırlar, qonaq çağırdıqları adamlar haqqında heç nə bilmirlər. Redaktor bir, iki cümlə yazıb verir bu aparıcıların əlinə, onlar da həmin məlumatlarla veriliş aparırlar. Gələn qonaq təbii ki, yaxşı mənada o aparıcıları yeyəcək. Amma bunu mənimlə etmək olmaz axı. Mənimlə bacarmırlar.

Bu gün həm də efirlərdə ciddi redaktor qıtlığı var. Televiziyada görüntü ilə bərabər, həm də yazı ilə işləməyi bacarmalısan. Təəssüf ki, yeni gələn nəsil də heç nə bilmir, öyrənmək də istəmir. Bu gün bu sözü deyirəm və arxasında da dayanıram. Reytinq kəfən kəndiri kimi boğazımıza bağlanıb. Bu gün reytinq, dayaz, bayağı, şou üzərində qurulmuş verilişlərə hesablanır. Şair, yazıçı, ədəbiyyat adamlarını çağırdığımız verilişlərə təəssüf ki, reytinq gəlmir. Mənim qədər ədəbiyyat adamlarını verilişlərinə çağıran aparıcılar sən də bilirsən ki, çox azdır. Dəfələrlə şair və yazıçıları çağırmışam, sonradan məlum olub ki, gələn dəfə artıq şou, reytinq gətirən veriliş etməliyəm. İndi Rövşanə növbəti veriliş üçün oturub fikirləşməlidir ki, neyləsin ki, haylı-küylü, reytinq gətirən proqram ortaya qoysun. Reytinq böyük bəladır. Çox istəyirəm ki, bu məsələ televiziyaların üzərindən qalxsın. Və yaxud da bunun başqa bir formatını düşünsünlər. Reytinq istəklərinə əsasən biz tamaşaçıların beynini, təfəkkürünü korlayırıq.

- Ədəbiyyat adamlarını dəvət etməklə belə başa düşdüm ki, həm də reytinq itirirsən...

- Bəli, elədir. Yaxşı ki, sosial şəbəkələr var, gənc yazarlar özlərini orada göstərə bilirlər. Biri kitabını satır, biri təqdimatını edir. Bu çox acınacaqlı haldır. Kitab industriyası bizdə çox acınacaqlı vəziyyətdədir. Rayonlarda kitab mağazalarının vəziyyəti necədir, hamımız bilirik. Çox istərdim ki, rayonlarda yazıçı və şairlərlə görüşlər keçirilsin, onları insanlara tanıtsınlar. Otuz, qırx ildən sonra bu dövrün ədəbiyyatını araşdıranda, yazıçı, şair tapa bilməyəcəklər. Biz indi altmışıncıları yıxıb sürüyürük. Amma altmışıncı illər ədəbiyyatı pisi ilə yaxşısı ilə var. Bu məsələlər məni incidir. Mən incəsənət və ədəbiyyat adamı olaraq məcburam ki, efirə istedadlı ədəbiyyat adamlarının yerinə bir bayağı toy oxuyanı, Moskvada toy tutan, çox üzr istəyirəm, kişi üstündə bir-birini qıran iki müğənnini dəvət edim, onlar gəlib burda bir-birlərini qırsınlar, mən də reytinq tutum. Bu mənim üçün çox ağır situasiyadır. Əziyyət çəkirəm. Üç gün ağıllı, səviyyəli veriliş gedir. Dördüncü gün Rövşanə çarə düşünüb tapmalıdır. Rövşanə nə etsin? Mənim işim televiziya ilə bağlıdır. Mən gedib stomatoloq işləyə bilmərəm. Mənim peşəm aparıcılıqdır. Ya mən ərizəmi yazıb işdən çıxmalıyam, ya da hamı kimi qoyulan tələbi yerinə yetirməliyəm.

- Sən müstəqillik dövrünün yetişdirilidiyi aparıcılardansan, amma sizdən əvvəl də bir diktorluq məktəbi vardı...

- Diktorluq məktəbi pisdir demirəm, amma dövran, zaman dəyişdi. Kiminsə yazdığını heç bir improvizə olmadan diktorun oxuması artıq qəbul olunmadı. Diktorluq məktəbi tamamilə dağıldı. Ümumiyyətlə, diktorluq məktəbi mənim qəbul etmədiyim məsələdir. Sovetdənqalma quruluş idi. Diktor robot kimi çıxıb kiminsə yazdığını aramla, soyuq şəkildə oxuyurdu.

- Amma insanlar diktorlar sevildilər...

- Seviləsi başqa heç nə yox idi. Çünki alternativ heç nə yox idi. Bircə kanal idi və bu bir kanala diktorluq üçün yaraşıqlı kişilər, gözəl xanımlar seçilirdi. Onlar təbii ki, seviləcəkdilər. Ancaq deyim ki, bu gün həmin dövrün kişi diktorlarının səsi kimi efilərimizdə, radiolarımızda yaxşı kişi səsinə ehtiyacımız var. Radiolarda təəssüf ki, qadın səsi ilə danışan kişilərin sayı artıb. Ümumiyyətlə, fikir vermisənsə, məktəblərdə də kişi müəllimi qıtlığı var. Pedaqoji fəaliyyətdə kişi müəllimlərinin sayı artırılmalıdır.

- Tamaşaçının tanımadığı Rövşanə kimdir?

- Efirdə çox güclü görünürəm. Görənlər düşünür ki, bu qadını necə əldə edə bilərəm, zəif nöqtələri nədir və s. “Dəmir ledi” obrazı yaratmışam. Təəssüf ki, bu mənim həyatımı tənzimləməkdə maneçilik törədib. Çünki zaman-zaman məndən çəkiniblər.

- Kişiləri nəzərdə tutursan?

- Hə. Yəni qarşı tərəf çəkinib. Sevgi etirafı etməyə ürək etməyiblər. Hətta mənimlə dostluq münasibəti qurmadan da çəkiniblər. Əslində isə efirdən kənarda həm də bir qadınam. Zərif xüsusiyyətləri, sevgisi, içi, ruhu, qayğısı, zəif nöqtələri, qayğıya, sevgiyə ehtiyacı olan bir qadınam. Efirdəki Rövşanə isə bir az qadın deyil sanki...

- Səhv etmirəmsə, atan uzun illər sistem işçisi olub. Həm də birinci Qarabağ müharibəsinin iştirakçısı...

- Atam polkovnik, polis zabiti olub. Qarabağ müharibəsinin iştirakçısı, komandir olduğundan mənim uşaqlıq illərim müharibənin ən ağrılı, acılı vaxtlarına düşüb. O dövrdə mən atamı ancaq döyüş geyimində görürdüm. Hətta atam Daşaltı döyüşlərində iştirak edən zaman ondan uzun müddət xəbər ala bilməmişdik. Həmin ərəfədə mənim anamın saçı bir gündə ağardı. Atam çox ağır döyüşlərin iştirakçısı olub.

- Atanı itirmək qorxusu yəqin vardı...

- Mən atamı da, anamı da itirmişəm. Xatirimdə qalıb ki, o vaxtı mənim dualarımda yalnız atam və anam idi. Hər gün gecə yatmazdan öncə tanrıyla danışıram, ən doğma adamlarım üçün dualar edirəm. Doğma adamlarım qardaşım, onun balası və öz balamdı. Mən hər gün birinci onlar üçün dua edirəm, deyirəm Tanrı onları mənə çox görmə. Mən nə atamdan, nə anamdan doydum. İki il anamın onkoloji xəstəliyinin acısını yaşadım. Anam gözümün önündə əridi, mən ona heç nə edə bilmədim. Onu yaşatmaq üçün hər şey etdim, amma olmadı.

- Özü xəstəliyi barədə bilirdi?

- Təbii ki, bilirdi. O, ali təhsilli, həssas qadın idi. Anama o diaqnoz qoyulanda, biz çətin bir dövr yaşadıq. Sanki qarşımda qaranlıq bir tunel açıldı və mən həmin tunellə addımlamağa məcbur oldum. Qardaşımla mən onun bircə gün artıq yaşaması, nəfəs alması üçün çəkdiyimiz acıları, verdiyimiz mücadilələri dilə gətirə bilmirəm. Son günlərində o komada idi. Ətrafa qarşı heç bir reaksiyası yox idi. Biz onun başı üzərində dayanıb söhbət edirdik. Amma mən hiss edirdim ki, anam bizi duyur. Mən o günlərdə yaşadıqlarımı ifadə edə bilmirəm. Bilirsən, atamdan sonra biz anama sığınmışdıq.

- Amma məncə ananın arzuladığı övlad ola bildin...

- Elədir. Anamın ən son və böyük arzusu mənim qızımın universitetə daxil olmasını görməsi idi. Bir də mən atamla bağlı bir peşmanlıq yaşayıram. Atam çox istəyirdi ki, mən onun soyadı ilə fəaliyyət göstərim. Onda niyəsə bunu etmədim, amma atam dünyasını dəyişən kimi Ağasəfqızı soyadını götürdüm. Atam bunu görmədi. Anam vəfat edəndən sonra çox pis günlər yaşadım. Efirdə mənim ağlayan yerdə bircə kadrım yoxdur. Mən acımı paylaşmaqla mənim acım azalmayacaq. İnsanlara niyə neqativ yükləyim? Sevincimi paylaşıram. Amma acımı ən doğma adamlarımla bölüşürəm. Çox yaxın, doğma adamlarım məni o vəziyyətdən çıxardılar. İmkan vermədilər depressiyaya düşüm. Halbuki həyatın ən dərin girdabına düşdüm. Qardaşım da, mən də bir-birimizə dayaq verib ayağa qalxdıq. Həyat təkbaşına yaşamaq deyil. Axı bizim balalarımız da var. Mən atam və anam üçün nə lazımdırsa etdim. Çünki onlardan çox böyük sevgi görmüşdüm. Həyat isə bumeranqdır. O qədər böyük ailə sevgisi yaşamışdım ki, böyüyəndə həmin sevgini valideynlərimə qaytardım. Düzdür, onların borcundan çıxmaq çətindir. Amma onlar övladlarının həddən ziyadə sevgisi içərisində dünyalarını dəyişildilər. Valideynlərimizin əlləri əllərimizin içində oldu. Bu dünyadan rahat köçdülər.

- Ümidi kəsən yeganə şey ölümdür. Ölüm baş verir və sən artıq bilirsən ki, bitdi...

- Elədir. Mənim ümidimi də anamın ölümü sona çatdırdı. Ancaq sənə deyim ki, onun öləcəyini bildiyim son anda belə ümidim vardı. Elə məqamlar var ki, onları ifadə eləməkdə sözlər çox acizdir. İnsanın içində sanki bir vulkan qaynayır və o aşıb, daşıb ətrafa sıçrayır. Sən də aciz, küskün o vulkanın kənarında yox, içində olursan. Anamın xəstəlik xəbərini alanda elə bil başımdan bir qaynar qazan su töküldü, ayaqlarım tutuldu, yeriyə bilmədim. Kimə zəng edəcəyimi müəyyənləşdirə bilmirdim. Əllərim əsə-əsə bütün həkim dostlarıma yığdım. Hamı məni sakitləşdirməyə çalışdı. Həmin ərəfədə də Novruz bayramı idi. On gün xəstəxanalar işləmirdi. Təsəvvür et ki, mən o on günü gözləyərkən elə bil ömrümdən on il getdi. İnsan tanrı və təbiət qarşısında çox acizdir...

Efirdə çıxıb gur-gur guruldamğa nə var? İnsanlar bir-birini qırır, heç kimin sözü o birinin boğazından keçmir. Ancaq heç kim düşünmək istəmir ki, ən doğma insanımız belə 40 gündən sonra torpağa çevrilir. Pandemiya da bizə göstərdi ki, ömür fanidir, qısadır. Mən düşünəndə ki, atam, anam bu dünyada yoxdur, dəli oluram. İnan ki, özümü çox yox, beş dəqiqə həmin fikirlərə təslim etsəm, məhv olaram, havalanaram. Ona görə də dostlarla, işlə başımı qatıram. Hərdən onların şəkillərini görəndə elə bil dərin bir bataqlığa düşürəm. Necə oldu bu insanlar, hara getdi deyə düşünürəm. Ölümlər çoxaldıqca başqa insanları da itirərəm qorxusu ilə yaşayıram. Yerdə qalan doğmalarımdan beş əlli yapışıram. Həyatın gözəlliyi insandır. Gedən insanların boşluğu heç nə ilə dolmur. Mən atamı itirəndən sonra uzun illər onun eynəyinə, blaknotuna, kitablarına baxanda ağlayırdım. Düşünürdüm ki, cansız əşyalar durur, amma mənim dağ boyda atam yoxdur.

- Sənin yuxuların da çin çıxır demişdin bir dəfə. Hətta atanın ölümü də sənə yuxuda əyan olmuşdu...

- Atam dünyasını dəyişməzdən bir gün öncə yuxuda gördüm ki, üzüyümün qaşı parça-parça olub ətrafa səpələndi. İki saatdan sonra anam zəng vurdu ki, tez gəl, atanın vəziyyəti pisdir. İnan, o qədər həyəcanlandım ki, iki şalvarı üst-üstə geyindim. Qapıdan çıxanda, gördüm nəsə rahat yeriyə bilmirəm. Bu faktı mənim dostlarım da bilirlər. Bir insan bilsə ki, atasının vəziyyəti ağırdı, bəlkə də, maşını 140-la sürərdi. Amma mənim yadımdadı ki, anamgilə gedəndə mən maşını 40-50 ilə sürürdüm. Ona görə gec sürürdüm ki, birdən gedib atamı ölmüş görərəm. Onun cansız bədənini görməyə hazır deyildim. Ancaq getdim gördüm ki, evimizin qapısı açıqdı. İlk qardaşımla rastlaşdım. Gözləri qızarmışdı. Onda mənim içimdən elə bir hönkürtü çıxdı ki, hələ də inana bilmirəm ki, o səs məndən çıxıb. Həmin hönkürtü mənim canımın bir parçası kimi içimdən ayrıldı.

- Sevgi sənin üçün nəyi ifadə edir? Yəqin bildin hansı sevgini nəzərdə tuturam...

- Sevgi mənim üçün çox önəmli məsələdir. Sevmişəm də, aşiq də olmuşam. Amma artıq o dönəm bitib.

- Neçə dəfə aşiq olmusan?

- Sezen Aksunun bir mahnısı var. Orda deyilir ki, mən hər bahar aşiq oluram (gülür). Təbii ki, olub. Mən içinin hisləri ilə yaşayan insanam. Bəzən bütövlükdə ağılın diktəsi ilə yaşamaq adamı yorur. Adam nə qədər özünə daxili qadağalar qoyar? Onu etmək olmaz, bunu danışmaq olmaz və s. İnsan zombiləşir. Belə şeylər insanı çökdürür. Amma deyə bilmərəm ki, çox sevmişəm. Üstəlik də bəlli yaşdan sonra sevmək çətinləşir. Böyüdükcə, bir az da tənhalaşırsan.

- Amma sevgi gözəldir...

- Çox gözəldir. Əvəzsiz bir hissdir. Sevgi insanı nə qədər zəif salsa da, özünə tabe edib mütiləşdirsə də, bəlkə, bir az yazıqlaşdırsa da, çox gözəl hissdir. Allah ancaq sevdiyi bəndələrinə sevgi verir. Hər kəs aşiq ola bilmir. İnsan həyatında xətalar da ola bilər, amma dəlicəsinə vurulmaq insan ömründə bir, iki dəfə mümkün olur.

- Belə böyük sevgi yaşamısan?

- Təbii ki, yaşamışam. Bunsuz mümkün deyil...

- Eşqin gözü kordur məsəlinə münasibətin necədir?

- Sevgi hissi ötüb keçəndən sonra demişəm ki, ilahi, ümumiyyətlə bu seviləsi adam idimi? Onun üçün zaman xərcləməyə dəyərdimi? (gülür). Beyinin diktə qılıncı olanda, hər şeyi idarə etmək olur. Elə ki, o qılınc ürəyin əlinə keçdi, vəssalam. Ürək yiyəsini ağlar günə qoyacaq (gülür). Sevgidə ağılla işləmək alınmır. Bəzən sevgi elə yersiz, məkansız gəlir ki, içindəki kəpənəklər uçuşmağa başlayır. Özü də o kəpənəklər ürəkdə olmur, qarında uçuşmağa başlayır. Ürəyə keçəndə, sən artıq ayıq başlı olursan. Evə gəlib özünlə təkbətək qalanda, deyirsən, ilahi, mən bu kəpənəklərlə nə edim, neynəyim. Bir, iki ay sonra o kəpənəklər ya başını yerə qoyur, ya da bir az yuxarı çıxır, ürəyə qalxıb barama düzəldir. O zaman artıq insanın təfəkkür və ağlından çox şey asılıdır. Sevgi cazibədir, enerji mübadiləsidir. Bu mübadilə varsa, vəssalam. Enerji uyğunluğu varsa, qarşı tərəfin yaşı, ailə həyatı, yaşayış tərzi, görüntüsü rol oynamır. Sevgidə zahiri görünüş, ümumiyyətlə, əhəmiyyət kəsb etmir.

- Qarşı cinsin nümayəndələrində səni ən çox cəlb edən nədir?

- Kişilərdə ən çox xoşladığım xüsusiyyət ədalətli olmaqdır. Bu mənim üçün ən birinci kriteryalardan biridir. Ədalətli kişi yaxşı ər, yaxşı oğul, yaxşı atadır. Amma bir məsələdə var ki, kişidən çox dürüstlük tələb etmək də doğru deyil. Biz desək ki, kişi dürüst oldun. Bu mümkün deyil. Dürüstlük çox ciddi məsələdir. Elə məqam var ki, kişi orda yalan danışmalı olur.

- Qızınla bir yaşayırsan, iki nəfərlik ailəsiniz. Bəs üzü gələcəyə yenidən ailə qurmaq haqqında düşünürsən?

- Belə bir planım yoxdur, bu haqda düşünmürəm. Çünki mən qız anasıyam. Mənim üçün qızımın gözlərindəki parıltı bütün güclü cinsin münasibətindən və sevgisindən önəmlidir. Ümumiyyətlə, hər şeydən vacibdir. Ona görə də qızımla olan evə üçüncü bir şəxsin gəlməsini, onunla mənim həyatıma girməsini istəmirəm. Xüsusən də, qızımın atası ilə çox gözəl münasibəti, sevgisi var.

- Ailə məsələsində sanki özünü bir az qurban verirsən?

- Əslində, biz həm də nə üçünsə, nələrə görə yaşayırıq. Mənim qızım üçün yaşamağım, mənim özümə ləzzət edir. O mənim stimulum, həyatımdı. Heç nəyi də qurban verdiyimi düşünmürəm. Bu mənim seçimimdir və bunu ürəkdən edirəm. Övladıma sevgimi göstərmək mənim məsuliyyətim, analıq həm də konstitusion borcumdu.

- Şair, yazıçı ilə ailə qurardın?

- Yox. Mənə elə gəlir ki, yaradıcı insanın xanımı olmaq üçün başqa cür güclü qadın olmalısan.

- Çox ayıq olmamalısan, güzəştə getməyi bacarmalısan...

- Hə. Mən bəzən güzəştə getmirəm. Bəzən insanları tamamilə həyatımdan çıxarıb, kəsib ata bilirəm. Bununla yanaşı bağışlamağı da bacarıram. Amma bəzən hətta sonradan peşman olsam, əzab çəksəm belə bitirməli oluram. Yaradıcı insanın pəriləri ilə mən yola getmərik (gülür). Mən qısqanc adamam, mənə məxsus mənimdir prinsipi ilə düşünürəm.

- Misalçün, həyat yoldaşın şairdi və qaragözlü bir xanıma şeir yazır...

- İndi ya mənə verən allah, ya da o qaragözlü xanıma (gülür). Ona görə də, yaxşı ki, şairlə ailə qurmamışam, qoy o, qaragözlü xanım da xoşbəxt olsun.

- Bayaq kişilərin yalanlarına bəraət qazandırdın. Xəyanətə münasibətin necədir?

- Əgər bir kişiyə başqası xoşdursa, onu zorla yanımda saxlamağın bir mənası yoxdur. Bu özümə qarşı hörmətsizlik olar. Maksimalist, realist insanam. Mənim yanımda olan insanın ruhu başqasının yanındadırsa, neynirəm onun cəsədini? Ona görə pandemiyadan sonra həyata baxışım dəyişib. Kimə hara xoşdursa, ora getsin. Mənə də necə xoşdursa, harada rahatdırsa, orda olum.

- Ətrafında çoxlu dostların var. Onlar sənin loru dillə desək başını qata, ağrılarını, itkilərini unutdura bilirlər?

- Doğmalarımı, yəni ata və anamı itirəndən sonra həyatda yapışacağım insanlar olmalıydı. Mən həyatı həm də insanlarına görə sevirəm. Hər zaman adamlarda yaxşı şeylər axtarıram. Və neqativ yükləyən insanlardan qaçıram. Yaşadıqlarım bəsimdir. Bundan əlavə mənfi enerji ilə yüklənmək istəmirəm. Özüm də heç kimi yükləmirəm.

- Bayaq gördüm qızın sənə adınla müraciət etmişdi. Deyəsən, onunla ana qız olmaqdan əlavə, həm də yaxşı rəfiqəsiniz?

- Elədir. Onunla rəfiqəyik. İndi bir az xəstələnib, mən də tez-tez zəng vururam, axırda bezib yazdı ki, Rövşanə yaxşıyam (gülür). Qızımla dostuq. Mən evdə tək qız olmuşam, bircə qardaşım olub. Qızım Aylinin simasında özümə həm də bacı tapmışam. Anam dünyasını dəyişəndən sonra həm də özümə ana tapdım. Övladıma dəlicəsinə bağlıyam. Biz bir yatırıq, bir oyanırıq, günümüz də birlikdə ötüb keçir. Yanımda olmasa belə zənglər, yazışmalar qızımla bağlıdır. Bəzən o, yatır, gəlib onun nəfəsinə qulaq asıram ki, birdən narahat olar. Hamama girəndə belə qapının qarşısında oturub gözlədiyim də olub.

- Sənə ana ola bilir?

- Olur, olur. Onun çox möhtəşəm zövqü var. Bəzən mənim geyimlərimi özü qurub quraşdırır. Hansısa sırğanı taxıram, deyir, mama, çuşkasan? Bu paltarla bu sırğanı taxmazlar (gülür). Sən dünyanın işinə bax də. Yüzlərlə insan efirdə məndən görüb götürüb, zövqümdən bəhrələnib, indi mənə deyir bu köynəyi bu şalvarla geyinməzlər. Mən zamanla qızımın paltarlarını geyinməyə başladım. İndi bizim geyimlərimiz də bərabərdi. Qocalmağı və yaşlaşmağı sevmirəm. Ona demişəm ki, elə et, mama səndən seçilməsin. O da mənim hündürdaban tuflilərimi geyinməkdə maraqlıdı. O böyük, mən isə gənc görünmək istəyirəm. Bəzən bir köynəyin üstündə mübahisə edirik. O, deyir mən geyinəcəm, mən deyirəm yox mən (gülür). Biz dostuq, amma hərdən yeri gələndə, onun üstünə də qışqırıram. Əzizim əziz, tərbiyəsi ondan əziz.

- Ədəbiyyata münasibətin necədir? Kimləri oxuyursan, bəyənirsən?

- Ədəbiyyata birbaşa bağlı insanam. Məni tanıyanlar bilirlər ki, mütaliəni çox sevirəm. Ədəbiyyat mənim həyatımda çox dönüş nöqtələri edib. Düşüncəmə, təfəkkürümə, təmiz diksiyamda, uğurlarıma çox təsir edib. Təbii ki, mənim də oxumadıqlarım var. Amma ən azı mənim Azərbaycan və dünya ədəbiyyatının məşhur imzalarından xəbərim var. Mən kulis, sizin saytı da çox sevirəm. Bunu indi burda olduğum üçün demirəm. Həqiqətən də, sizi izləyirəm.

- Sonuncu oxuduğun kitab hansı olub?

- Son dövrlər Xalid Hüseynin əsərlərini oxudum. “Min möhtəşəm günəş” əsərini bitirdim, mənə çox güclü təsir etdi. Bir ölkənin, məmləkətin bu qədər ayaq altı olması, insanlarının tapdanması necə mümkün ola bilər. Orda insanların bütün həyatı, taleyi torpağa gömülüb.

Fransız ədəbiyyatını da çox sevirəm. İlk dəfə dostlarımla Parisə gedəndə, dostlarım oranı bəyənməmişdilər. Demişdilər çirkli şəhərdi. Amma mən Parisi Hüqonun, Mopassanın ayaqları ilə gəzirdim. Baden Badendə olanda isə Dostoyevskinin ayaqları ilə. Onun “Qumarbaz” əsərini yazdığı kazinoda olmuşdum. Mən orda Dostoyevskinin ruhu, gözü ilə gəzirdim. Mənim üçün yazıçı ölkənin təmsilçisidir.

Markesin “Patriarxın payızı” romanını çox sevirəm. Çox istərdim ki, bugünkü məmurların çoxu o romanı oxusunlar. Möhtəşəm əsərdi. Markesin “Yüz iln tənhalığı” romanını sevmirəm. Mənə elə gəlir ki, o əsər dünyaya sırınmış əsərlərdən biridir. Kolumbiya dünyaya kimisə çıxarmalı, tanıtmalıydı. Bu əsər də dünyaya çıxdı, daha doğrusu sırındı. Mənə görə Hüseyn Cavid onun “Şeyx Sənan”ı, “İblis”i Markesdən daha möhtəşəmdi. Bu mənim fikrimdi. Buna görə məni asmayacaqlar ki. Amma Markesin “Patriarxın payızı” əsəri gözəldi.

Elif Şafakı çox sevirəm. Hərdən özümü Elliyə oxşadıram. Ellidən mənim içimdə nələrsə var. Müasirlərdən isə Şərifin əsərlərini xoşlayıram. Onun sonuncu “Tərsinə fırlanan zərrəciklər”! hekayəsini oxudum, çox xoşuma gəldi. “Arzulardan sonrakı”, “Kərpickəsən kişinin dastanı” əsərlərini sevirəm. Şərifi izləyirəm. İlqar fəhmini, İlqar Rəsulu izləyirəm. Şairlərdən Vaqif Səmədoğlunu çox sevirəm. Hər gün oxuduğum, kitabını vərəqlədiyim şairdi. Onun kitabları mənim stolüstü kitablarımdı. Ondan sonra gələn nəsildən isə Salam Sarvanı, Qulu Ağsəsi, Aqşin Yeniseyi, Şəhriyar del Geranini bəyənirəm. Şəhriyarın şeirləri möhtəşəmdir. Onun it kimi darıxmaq sözləri ilə olan şeir gözəldi. Mən çox istəyirəm ki, o, elə şairliklə məşğul olsun. Çünki o, darıxmaq, sevgi şeirlərini çox gözəl yazır.

- Qadın yazıçılardan kimləri bəyənirsən?

- Feministlər üstümə gəlməsinlər. Amma kişi qələmini daha çox sevirəm. Yaradıcılıq mənə elə gəlir kişi qələmində daha parlaqdı. Afaq Məsudu, onun “Sərçələr”, “Qəza” və digər hekayələrini çox sevirəm. Afaq Məsud qədər qadın düşüncələrini verən ikinci qadın yazıçımız yoxdur. Sənin mətnlərini çox bəyənirəm. Bu yaxınlarda “Eybəcər” və “Saturasiya” hekayələrini oxudum. “Saturasiya” məni çox təsirləndirdi. Ancaq ümumilikdə qadın yazarlar çox azdı. Vüsalə Məmmədovanın yazılarını da xoşlayıram. Onun “Cəhənnəmdə böyük çığırtı” kitabını vərəqləmişdim. Şeirdə və romançılıqda mənə elə gəlir ki, kişilər daha dominantdılar. Bu məncə dünyada da belədir.

# 11195 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #