Rəsulzadənin şəklini çəkdiyinə görə sürgün olundu, barmaqlarını don vurdu, Bakıya buraxılmadı...

Rəsulzadənin şəklini çəkdiyinə görə sürgün olundu, barmaqlarını don vurdu, Bakıya buraxılmadı...
31 yanvar 2022
# 12:15

Kulis.az Əməkdar rəssam Ələkbər Rzaquluzadə haqqında maraqlı faktları təqdim edir.

Rzaquliyev Ələkbər Ələsgər oğlu 1903-cü il yanvarın 31-də İçərişəhərdə anadan olub. Atası qəssab işləyib. Balaca Ələkbər tez-tez atasının ət dükanında çalışar, bekar qalan kimi “Molla Nəsrəddin” jurnalında gördüyü rəsmlərin təsiri ilə bükmə kağızlara İçərişəhərin küçələrini – qoçuları, müxtəlif sənət adamlarını, çarşablı qadınları, çərkəzi paltardakı bəyləri, şapkalı-kostyumlu intellegentləri - köçürərdi.

***

Ət bükülən bu kağızlarda dərin sənət axtarışları aparmaq yersiz idi, Ələkbər özü də bu rəsm nümunələrinə adi əyləncə kimi baxırdı. Ancaq illər ötəndən sonra Ələkbərin Bakı küçələrində gördüyü mənzərələr onun yaddaşından silkinib çıxacaq, “Köhnə Bakı” silsiləsini əmələ gətirərək rəssamı şöhrətləndirəcəkdi.

***

1920-ci ildə Azərbaycanın XI Qırmızı Ordu tərəfindən işğalı Ələkbərin də həyatına təsirsiz ötüşmür. O, inqilabi hərəkatın qatı tərəfdarına çevrilir və 1920-ci ildə birincilər sırasında Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına üzv olur. Çalışqanlığı, bacarığı sayəsində isə 1922-ci ildə Kommunist Partiyasının üzvü seçilir. Bir müddət sonra isə onu Ali Bədii-Texniki Emalatxanalarda təhsilini davam etdirmək üçün Moskvaya göndərirlər.

Moskvanın yaradıcı mühiti gənc Ələkbər üçün yeni dünya açır. O, səhərdən-axşama qədər emalatxanada çalışır, dövrün tanınmış rəssamlarının dəsti-xəttini öyrənir, onlardan dərs alır, realizmdən tutmuş kubizmə qədər özünü müxtəlif janrlarda sınayır. Bu zəhməti və çalışqanlığı sayəsində Ələkbər əsərləri Moskvada sərgilənən ilk rəssam olur. Bundan başqa Rzaquliyev Moskvada olduğu dövrdə böyük sənətkarlardan dərs alır, Mayakovskinin çıxışlarını dinləyir, Nazim Hikmətlə münasibət qurur.

***

1928-ci ildə Bakıda gənc Azərbaycan rəssamlarının ilk sərgisi açılır. Sərgidə Rzaquliyevin rəngkarlıq və qrafika nümunələri nümayiş edilir. Sərginin ertəsi günü, 30 iyul tarixində Ə.Rzaquliyev həbs edilir. Üç ay davam edən istintaq müddətindən sonra haqqında ölüm hökmü çıxarılır. Daha sonra ittiham dəyişdirilir, əvvəl səkkiz il azadlıqdan məhrum edilir, sonra həbs müddəti beş ilə endirilir. Bu, Rzaquliyevin birinci həbsi olur.

Həmin sərgidən yalnız iki əsər “Azərbaycan qadını” və “Pəhləvanlar” günümüzə qədər gəlib çatıb. Və, ümumiyyətlə, ömrünün sonuna qədər Rzaquliyevin iki rəngli həmin əsərlər olur. Ondan başqa bütün əsərləri ağ-qara olur.

***

Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Ə.Rzaquliyev haqqındakı məqaləsində onun şəxsi işindən bir hissəni paylaşır. Şəxsi işin materiallarında belə yazılıb:

“Rzaquliyev aktiv müsavatçılar İsrafilov Nəsrulla və Əliyev Ağakərimin ideyalarının təsiri altında hələ 1920-ci ildə Müsavat Partiyasının sabiq lideri Məmməd Əmin Rəsulzadənin portretini çəkməkdə və onu İsrafilova ötürməkdə təqsirli bilinir. Bunda əlavə, İsrafilov həbs edildikdən və sürgün olunduqdan sonra onunla yazılı əlaqə saxlayıb və maddi köməklik göstərir. 1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitabını və Müsavat Partiyasınının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı və İ.Quliyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal “İstiqlal” jurnalı üçün başlıq hazırlamışdır”.

Haqqında çıxarılan ölüm hökmü həbslə əvəzləndikdən sonra Ələkbər Rzaquliyev Rusiyanın şimalına – ruhanilərin, ağqvardiyaçıların, ziyalıların sürgün oldunduğu Xüsusi Təyinatlı Solovki Düşərgəsinə (SLON) göndərilir. O, ömrünün beş ilini burda, Solovki adalarında keçirir. Aclıq və səfalət dolu günlər bir-birini əvəz edir. Ələkbər yeməyə bir şey tapmayanda isə qayalıqlarda yuva qurmuş quşların yumurtaları ilə qidalanır. Bunu görən ruhanilərdən kimsə ona monastrda sığınacaq verir. Ə.Rzaquliyev sonralar Solovki adalarından bəhs edən linoqravüralarındakı monastr, kilsə təsvirləri ilə sanki öz minnətdarlığını ifadə edəcəkdi.

***

Ələkbərin həbs müddəti 1933-cü ildə bitir. Üç il Arxangelsdə qalıb orada rəssam kimi çalışır. Bu müddətdə Sona adlı xanımla evlənir. Onların Ədilə adlı qızları doğulur. 1936-cı ildə Azərbaycana qayıdıb Gəncədə məskunlaşır.

***

1947-ci ildə vətənə qayıdan rəssam ailəsini də özü ilə aparıb Şəkidə yaşayır. Lakin əsərlərindəki qara zolağın ömrünə də sirayət elədiyi rəssam sürgün bəlasından yenə də qurtula bilmir. Onun 1937-ci ildə açılmış işi yenidən qaldırılır və Rzaquliyev 1949-cu ildə bu dəfə Krasnoyarsk diyarına sürgün edilir.

Qızı Ədilə sonralar xatirələrində yazır:

“Hökumət onun Bakıda yaşamasını istəmirdi. Biz əvvəlcə Gəncədə, sonra da Şəkidə yaşamalı olduq. Yadımdadı, o vaxtlar Şəkidə ipək kombinatı işləyirdi. Atam onlarçün eskizlər eləyirdi. Eyni vaxtda məktəbdə də dərs deyirdi. Bir dəfə evdə atam və babamla oturmuşdum. Elə bu vaxt bizə Bəhram adlı yaraşıqlı bir kişi yaxınlaşdı. O, Gəncə teatrında rejissor işləyirdi. Bəhram atama yaxınlaşıb onun ayaqlarına yıxıldı: “O illər üçün, o sözlər üçün məni bağışla!”.

Amma atam ona cavab verməyib, üzünü çevirdi. Babam bütün bunları görüb, atama dedi:

“Ələkbər, görmürsən o, səndən üzr istəyir?”. Atam cavabında dedi: “Yox, mən onu ömrümdə bağışlamaram, onun sözlərinə görə mən bütün ömrümün, demək olar, yarısını sürgünlərdə keçirmişəm”. Vətənə qayıdandan sonra Gəncə Dövlət Dram Teatrında işə düzəlsə də, teatrın rejissorunun donoslarına görə 1937-ci ildə təkrar həbs edilir. Bu dəfə on il müddətinə QULAQ (İslah Əmək Düşərgələri Baş İdarəsi) sisteminin ən böyük islah-əmək düşərgələrindən olan Vorkuta-Peçoraya göndərilir.

***

Krasnoyarskda o, meşə təsərrüfatında çalışır. Aclıqdan və səfalətdən ölməmək üçün alman qızı Berta ilə evlənir. İkinci Dünya müharibəsi başlananda, Bertagilin ailəsi Saratovdan bura sürgün olunmuşdular. Onların iki oğlu – Oqtay və Aydın, bir də qızları Sevda dünyaya gəlir. Sürgündəki çətin günlərdə soyuqdan iki barmağını don vurur.

***

O, xatirələrində bu haqda yazır:

“Sürgün zamanı məni bir təsadüf nəticəsində ağqvardiyaçılarla bir zirzəmiyə salmışdılar. Səhər həbsxana rəisi gəlib siyahını oxudu. Məlum oldu ki, adları çəkilənlər güllələnməlidirlər. Amma mənim adım bu siyahıda yox idi. Həbsxana rəisi üz-gözünü turşudub mənə baxdı və xəbər aldı:

– Sən kimsən? Niyə sən hələ burdasan?

– Mən rəssamam. Siz mənim adımı çəkmədiniz.

Rəis heyrətləndi və məni vurub bərkdən qışqırdı: “Rədd ol burdan!”

***

Beləcə, mən gəlib düşdüm Solovkiyə. Bu elə bir yer idi ki, burdan o yana yol yox idi. Geriyə qayıtmaq hər adamın hünəri deyildi. Əvvəlcə mən yamana aclıq keçirirdim, amma tezliklə başa düşdüm ki, nəyin bahasına olur-olsun birtəhər sağ qalmalıyam. Meşədən quş yuvaları tapıb yumurtalarla qidalanmalı olurdum. Bütün bunlar bir keşiş mənə küfrlük etdiyimi deyənəcən davam etdi. Qısa sorğu-sualdan sonra o mənə monastrda yaşamağı təklif etdi.

Amma bu, uzun sürmədi…

Tezliklə məni Tayqaya, taxta-şalban kəsməyə göndərdilər və mən burada barmağımı əzdim. Tayqada hamı ölümə məhkum idi”.

***

1953-cü ildə Stalin ölür. 1956-cı ildə Ələkbər Rzaquliyev sürgündən qayıdır. Stalin repressiyaları dövrünə son qoyulur. Bir il ərzində həbs düşərgəsindən bir milyon insan azad edilir. Rzaquliyev də 1956-cı ildə vətənə qayıdır. Bakıda məskunlaşır. Yenidən Rəssamlar İttifaqına üzv olur, mənzil və emalatxana ilə təmin edilir.

***

Ömrünün 25 ili həbs və sürgünlərdə keçən 53 yaşlı rəssam yalnız indi dinclik tapmışdı. Ancaq həqiqətən belə idimi, bəlkə, bu gördükləri illüziya idi, bir anın içində yenidən dağıla bilərdi. Axı kim təminat verə bilər ki, onu dördüncü dəfə sürgün etməyəcəklər?! Bəlkə, buna görədir ki, repressiya illəri bitdikdən sonra belə Ə.Rzaquliyev yaradıcılığında sürgün mövzusuna, qaranlıq tərəflərinə müraciət eləmədi, onun ağ-qara boyalarında yalnız sovet əməkçi insanın xoşbəxt və məsud tərəfləri əks olundu.

***

Yerdə qalan ömrünü doğma vətəni olan isti cənub şəhərində keçirsə də, şimalın buzu-şaxtası heç vaxt canını tərk etmədi. Son gününə qədər Rzaquliyevi gülən görmədilər, hər zaman səksəkəli bir həyat yaşadı.

***

Bununla belə öz iradəsindən dönmədi. 25 il ərzində yaxın düşə bilmədiyi doğma sənətinə yenidən qayıtdı. Rəssamlıq vərdişlərini bərpa etmək üçün qarşıda neçə baharı, neçə ili qalmışdı bilmirdi. Buna görə də rəssam gününün çox hissəsini emalatxanada keçirir, bəzən emalatxanadaca nahar edirdi. Sürgündə iki barmağını don vurduğuna görə fırçaya alışmaq rəssam üçün çox çətin idi. O, gənc avanqard rəssam, “Abşeron məktəbi”nin ən bariz nümayəndələrindən biri Rasim Babayevin də məsləhəti ilə linoqravüralara üstünlük verir. Beləliklə, rəssam lünoqravüra üsulu ilə 200-dən çox əsər ərsəyə gətirir.

***

Rzaquliyevin “Tələbələr pambığa gedir” 1966, “Neftayırma zavodu” 1964, “Çəlləklərin qeydi” 1962, “Çəlləklərin yüklənməsi və boşaldılması” 1965, “Balıqçı qadınlar çəlləklərlə” 1963 estampları xüsusilə vurğulanmalıdır.

***

Rəssam Cəfər Cabbarlının, Sabirin, Səməd Vurğunun və başqalarının portretlərini də yaradıb. Bu portretlər arasında xüsusilə Cəfər Cabbarlıya həsr olunmuş silsilə əsərlər hər biri bədii xüsusiyyətləri ilə fərqlənir.

***

Rəssam Ələkbər Rzaquliyev ömrünün qalan hissəsini böyük zəhmət və iradə ilə çalışaraq itirilmiş 25 illinin yerini doldurmağa çalışır. İlk sərgisi açılır, “Azərbaycan balışçıları” və “Köhnə Bakı” silsiləsi 1967-ci ildə M.F.Axundov adına Respublika Dövlət mükafatına təqdim olunur.

***

Azərbaycan qrafika sənətinin banisi və klassiki hesab olunan rəssam 1974-cü ildə Bakıda vəfat edir.

# 3975 dəfə oxunub

Oxşar xəbərlər

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

18:00 19 sentyabr 2024
Laçın şəhərində “Arşın mal alan”  filminin nümayişi baş tutacaq

Laçın şəhərində “Arşın mal alan” filminin nümayişi baş tutacaq

17:10 19 sentyabr 2024
Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

16:30 19 sentyabr 2024
Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

15:41 19 sentyabr 2024
"Musiqinin gücü"  layihəsi Milli Musiqi Gününə həsr olundu

"Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olundu

15:21 19 sentyabr 2024
Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

15:04 19 sentyabr 2024
#
#
# # #