Kulis.az rejissor İlkin Yusiflə müsahibəni təqdim edir.
– Yaradıcılığınız nə yerdədir? Hazırda hansı işləri görürsünüz?
– Daha çox reklam və sosial çarxlar çəkirəm. Yaradıcılığa 2009 -2010-cu illərdə animator kimi başlamışam. İxtisasca mühəndisəm. Filmə animasiyadan keçid etmişəm.
– Müstəqil fəaliyyət göstərirsiniz?
– Bəli. 2014-cü ildən ancaq reklam işiylə məşğul oldum. Məqsədim kommersiya işlərindən bir az pul toplayıb imkan olan kimi film çəkmək idi. Üç ildən çoxdur ki, yığdığım təcrübə ilə indi özümü film çəkməyə hazır hiss edirəm. Siz dediyiniz film debüt filmimdir. Bundan öncə qısametrajlı filmlər çəkmişəm.
– Qısametrajlı filmləriniz festivallara göndərilib?
– Bir qısametrajlı filmim var. İndi də eyni seriyadan axtarış trilogiyasının davamı kimi.
– Ssenarini də özünüz yazırsınız?
– Bəli. Mövzuları da özüm seçirəm. Hazırda 39 yaşım var. Film çəkməyə özümü axtarmaqdan başlamışam. Çəkdiyim filmlər özümü axtarışla bağlıdır. Birinci film antropoloji film sayıla bilər. O həm də Azərbaycanın portretidir. Bütün filmlərim bədii bir sualdan yola çıxır. Bundan sonrakı iki filmim də özümü axtarışla bağlı olacaq. Burada artıq bu proses tamamlanacaq.
– Necə çəkirsiniz? Maliyyə, texniki məsələləri necə həll edirsiniz?
– Film sahəsinin çətinliyi kollektiv işləməkdədir. Komanda olmalıdır. Hazırda formalaşmış komandam var. Eyni zamanda, montajı qrafikanı bilirəm.
– Bir adam əksər hallarda bir neçə işi görür...
– Bəli. Bu dünyada təcrübəsində də var. Rejissor özü filminin bir çox işlərini görür. Mən adətən reklamlarda, sosial çarxlarda eynilə filmlərimdə də ssenarini özüm yazıram. Çünki bildiyim mövzuda işləmək rahat olur. Hazır ssenari olanda əsas iş texniki rejissorun üstünə düşür. Mənim üçün özümün yazmağı vacibdir.
Bədii filmdə ssenari uzun olsa da, sənədli filmdə qısa olur, bir çox məsələlər yerində həll olunur. Birinci filmimdə heç bir ssenari yazılmamışdı. Sadəcə beynimdə bir struktur var idi. O ideya ilə də yola çıxdım.
İndi üzərində işlədiyim filmin ssenarisini isə yazmışam. Çünki o hibrid sənədli filmdir. Onun detalları çoxdur. Ardıcıllığın qarışmaması üçün əlimdə hazır ssenari olmalıdır.
– Hər bir rejissorun, sənət adamının işə başladığı dövrdən bir mövzusu olur. Daim onu işləyir, təkrar-təkrar üzərinə qayıdır. Özünü o mövzuda tapır. O mövzunu dəyişəndə isə uğursuzluqla üzləşir. Sizin mövzunuz, sizi narahat edən məqam nədir?
– Məni də narahat edən məsələlər var. Məsələn, qərarsızlıq. Bununla bağlı qısametrajlı film də çəkmişəm. Sən kimsən? Hardan gəlmisən? Hara gedirsən? kimi bəşəriyyət yaranandan mövcud olan suallar. İndi məni narahat edən mövzularda işləyib sonra həmin işləri kənara qoyub geri döndükdə baxıb hansı işləri gördüyümü sorğulayan vaxtımdır. Bilincli şəkildə mövzu axtarmaq isə xoşuma gəlmir. Hansısa diqqətimi cəlb edən hadisələrə özümü düşündürən sualları da yükləyib işləməyi sevirəm.
İlk filmimdə bir rejissor yola çıxaraq öz filminə qəhrəman axtarır. Bu çox az rast gəlinən ssenaridir. Burada məqsəd qəhrəman tapmaq yox, çox axtarmaqdır. Bunun alt qatında Azərbaycan xalqının portreti dayanıb. Azərbaycan xalqını nələr, hansı mərhələlər formalaşdırıb hamısı filmin içində yer alıb. Antropoloji filmdir demək olar.
– Filmə çəkməli mövzu çoxdur?
– Nə qədər rejissor varsa, bir o qədər də mövzu var. Hərə bir hadisəyə qarşı həssasdır. Hadisə çoxdur. Baxır o kimin payına düşür. Əgər sənə yad olmayan mövzudursa, asanlıqla işləyə bilərsən.
Film təkbaşına görüləcək iş deyil. Komanda işidir. Bir rəssam küçədə gördüyünü hansısa hadisədən təsirlənib təkbaşına o barədə fikirlərini yağlı boya ilə rəsm çəkərək ifadə edə bilər. Rejissorun belə bir şansı yoxdur.
– İlkin bəy, əvvəllər Azərbaycan kinosunda belə bir ənənə var idi. Rejissorlar yazıçıların əsərlərinə müraciət edirdilər. Məsələn, buna "Nəsimi", "Sahilsiz küçə" filmlərini nümunə göstərə bilərik. O ənənə niyə itib?
– Məsələ bundadır, belə filmlərə daha böyük büdcə lazım olur. Mən yerli yazarlardan Günel Şamilin bir əsərinə müraciət etmişəm. O iş hələ tam olaraq bitməyib.
Yazanda hesablamaq olur. Elə cümlə var onun min eləsi də var 5 min dəyəri var. Onu yaxşı formada etmək üçün böyük büdcə lazımdır. Amma sırf film üçün yazılmış əsərdən film çəkəndə az büdcə lazım olur. Bunu da yazarlardan istəmək olmur. Təxəyyülü heç bir halda məhdudlaşdırmaq olmur. Mən ssenari yazanda artıq hansı büdcə daxilində işləyə biləcəyimi dəqiqləşdirirəm. Geniş yazsam, təsvir gözəl olar. Amma məni əlavə 3 min xərcə salacaq.
– Məsələnin başında yenə maliyyə dayanır...
– Bəli. Adaptasiya məsələsi də var. Bədii əsəri filmə çevirəndə oradan çox şeyləri ixtisar etmək lazım gəlir. İsa Muğannanın "Məhşər"indən “Nəsimi” filmi ərsəyə gəldi.
Orada da çoxlu adaptasiyalar olunub. Dünyada da bədii əsərlərdən film çəkəndə filmə asan adaptasiya olunan əsərləri seçirlər.
– Bəs mümkün olmayan əsərlər var?
– Var. Təsvirlərin geniş olduğu bütün əsərlər belədir.
– “Hərb və sülh” romanında 500-dən çox obraz var. Onun əsasında Rusiyada, dünyada dəfələrlə film çəkilib...
– İndi dünya daha çox festival filmləri çəkilir. Sizin dediyiniz filmlərin isə bazarı olmalıdır. O cür böyük əsərləri böyük büdcə ilə çəkmisinizsə, daha böyük rejissorlarla yarışmalısınız. Bu da daha çox təcrübə və büdcə tələb edir.
– Filmlərinizə nə qədər vəsait xərcləyirsiniz və lazım olan maliyyəni haradan alırsınız?
– Qısa film ardınca da tammetrajlı sənədli film çəkmişəm. Onların böyük büdcə ilə çəkilməsini planlaşdırmamışdım. Tammetrajlı filmim də mənim yol səfərim üzərində qurulmuşdu, dakumental idi. Bir operatorla işi həll etmək olurdu.
– Filmi sırf az maliyyə xərcləyəsiniz deyə belə çəkmişdiniz, yoxsa üslubunuz budur?
– Yox, maliyyə məsələsi deyil. Tərzim budur. Amma yazdığım film ssenariləri arasında çəkilişi böyük büdcə tələb edənlər var. Zamanla onları da ərsəyə gətirəcəm. Büdcə işində dostlar da kömək edir. Onların köməyi olmasa, daha çox pul xərclənər. Film işi belədir. Büdcəm yoxdursa, əlində olanla, yalvar-yaxarla bir təhər öhdəsindən gəlirsən.
– Həm də reklam işi ilə məşğulsunuz. Məlumdur ki, bu çox vaxt aparan və qarışıq işidir. Onunla paralel sənət filmi üzərində işləmək çətin olmur?
– Çəkdiyim reklamların ssenarisini də özüm yazıram. Çalıram ki, ordan da bir az pul qazanıb filmə xərcləyim. Reklam və sosial çarxla sırf filmə yaxın olduqları üçün məşğul oluram. Bu mənim üçün bir təcrübə olur. Kommersiya marağım olsa da, yaradıcı yanaşıram.
– Filminiz necə qarşılandı? Kino tənqidçilər necə münasibət göstərdilər?
– Ümumi götürsək, yaxşı oldu. Yıxıb-sürüyənlər olmadı. Bir çoxlarının xoşuna gəldi. Filmi çəkməyə başlayanda nə etdiyimi bilirdim. Bacardığım qədər yaxşı tamamlamağa çalışmışam. İdeya hələ 3-4 il öncə yaranmışdı. Çox kiçik tənqidlər olub. Bu da normaldır. Bir şeyi hamı bəyənə bilməz.
– Bayaq trilogiyadır dediniz. O zaman davamını çəkməyi da düşünürsünüz...
– Bəli. Axtarış trilogiyasıdır. Birini Azərbaycanda çəkdim, digərini Güneydə çəkməyi düşünürəm. Sonuncu hissə isə durna ilə bağlıdır. Bu mənim coğrafi və mənəvi kimliyimin axtarışıdır. Trilogiyanın sonudur.
Qırmızı kitaba düşən bir durna var. İndividual quşların siyahısındadır. Ağ Sibir durnası Qərb populyasiyasında tək qalan yeganə durnadır. Hər il Sibirdən İrana oradansa Azərbaycana – Şirvan Milli parkına gəlir. 15 il öncə onun dişisini iranlılar öldürüblər. Artıq 15 ildir ki, o tək səyahət edir. Bu durnanın sevgisinə və yola sadiqliyi məni daha da filmə, daha doğrusu, poetik istiqamətdə getməyə həvəsləndirdi. Bu sənədli filmə bir az poetik yanaşdım. Ədəbiyyatda da durna həmişə xəbər gətirən xəbər aparan bir simvol olaraq göstərilib. Türklərdə də həmişə müqəddəs sayılıb. Tanrının simvolu hesab olunub.
– Bu mənə bir az “Odissey”i xatırlatdı.
– Bütün hekayələr, əhvalatlar arasında həmişə oxşarlıq olur. Dərinə getsək, “Məlikməmməd” də “Odissey”ə oxşar nəsə tapa bilərik. Filmdə əsas məsələ hadisənin sonunu göstərməkdir. Mən filmimin sonunu sufilik fəlsəfəsi ilə bağlamışam. Coğrafi və mənəvi kimliyimi bununla açmışam.
– Yaradıcılıq kütlədən seçilən adamlar faniliklə barışmırlar. Özlərindən sonra nə qalacağını daim düşünürlər. Yaradıcılıq həm də bu məsələlər üzərində qurulub.
– Yaradıcı insanın bəxti onda gətirib ki, o özünü ifadə edə bilir. Hansısa formada özündən sonra dünyada iz qoya bilir. Ağır olsa da, gözəldir. Sizin dediyiniz fanilik də özünü ya ədəbiyyatda, ya filmdə, ya da musiqidə tapır. Bu bir az da yaradıcı adamların təsəllisidir.
Bizim coğrafiyanın şərq insanın yanaşması belədir. Mən də bu çərçivədən kənara çıxmaq istəmirəm.
– İşlərinizə baxdıqda İran kinosundan təsirləndiyinizi görmək olur. Ümumiyyətlə, öz üzərinizdə necə çalışırsınız? Kimləri oxuyub izləyirsiniz?
– İran kinosundan təsirləndiyim doğrudur. Çox rejissordan təsirlənmək olar. Məsələn, Tarkovski poetikliyinə görə Şərqə yaxın olduğu üçün həm Türklərin, həm də bizim xoşumuza gəlir. İstər istəməz baxdığımız filmlər şüur altına hopur. Sonra bizə təsir göstərir. Özümü inkişaf etdirmək üçünsə mənə maraqlı olan mövzuları oxuyub araşdırıram.
Hazırda daha çox oxuduqlarımı formaya salmağa tətbiq etməyə çalışıram.
– Filmin çəkilişlərinə başlamağı düşünürsünüz?
– Artıq başlamışam. Həm də bir az risk edərək “0” büdcə ilə. Kadrları İranda sifariş vermişəm. Ssenarini daha da təkmilləşdirirəm. Sponsor axtarışındayam.