#

Realizmin əzmkar müdafiəçisi - Nobel mükafatçısı haqqında

Realizmin əzmkar müdafiəçisi - Nobel mükafatçısı haqqında
21 avqust 2024
# 16:30

Bu gün Nobel mükafatı laureatı Henrik Pontoppidanın anım günüdür.

Kulis.az İlham Abbasovun "Realizmin əzmkar müdafiəçisi" yazısını təqdim edir.

Birinci Dünya müharibəsi illərində Nobel mükafatlarının təltifi və təqdimi ilə bağlı müəyyən problemlər ortaya çıxmışdı. Bu illər ərzində mükafatın rəsmi təqdimat mərasimləri keçirilməmiş və deməli, laureatlar ənənəvi Nobel nitqləri ilə çıxış edərək təmsil etdikləri sahələrlə bağlı ən vacib məsələləri dünya ictimaiyyətininə çatdırmaq imkanından məhrum olmuşdular. Bəzi illərdə isə ayrı-ayrı sahələr üzrə Nobel mükafatları, ümumiyyətlə, verilməmişdi.
Ədəbiyyat üzrə mükafata gəlincə, nədənsə, bu mərhələdə mükafata ədəbiyyat dünyasında böyük xidmətlərə və ad-sana sahib olan ədiblər yox, daha çox ikinci dərəcəli rol oynayanlar layiq görülmüşlər. Həmin illərdə ədəbiyyat sahəsində mükafatla bağlı bir qəribəlik də 1917-ci ildə ilk dəfə olaraq mükafatın iki nəfərə -- Danimarka yazıçıları nasir Henrik Pontoppidan və şair-dramaturq Karl Gellerupa verilməsi oldu. Beləliklə, Danimarka birdən-birə iki mükafat qazandı.

Nobel Mükafatları Komitəsinin qərarına əsasən, tanınmış romançı H. Pontoppidan mükafata “müasir Danimarka həyatının həqiqətə uyğun təsvirinə görə” layiq görülmüşdü. Henrik Pontoppidan 1857-ci il avqustun 7-də Danimarkanın yerləşdiyi Yutlandiya yarımadasının cənubundakı Fredersiya qəsəbəsində çoxuşaqlı bir ailədə dünyaya gəlmişdi. O, ailədəki on altı uşaqdan dördüncüsü idi. Nəsillikcə ruhani olan atası Dines Pontoppidan xristianlığın lüteranlıq təriqətini Danimarka millətçiliyi ilə qovuşdurmaq əqidəsində olan radikal mövqeli ruhani, anası Mariya Oksenbel isə ev xanımı olsa da, oxumuş, savadlı bir qadın idi. Atasına böyük hörmətlə yanaşsa da, Henrik kiçik yaşlarından anasına daha çox bağlanmışdı. Yazıçı sonralar öz əsərlərində ifadə etdiyi sosial bərabərsizliyə qarşı barışmazlıq duyğularını anasının tərbiyəsi sayəsində qazanmışdı.

Henrik altı yaşında olarkən ailələri Randers şəhərinə köçmüş, bundan da bir il sonra şəhər Prussiya ordusu tərəfindən tutularaq talan eilmişdi. Bu hadisələr balaca Henrikin yaddaşında dərin izlər buraxmış və bu uşaqlıq yaşantıları sonralar onun əsərlərində öz əksini tapmışdı.

Ailə maddi cəhətdən çətinlik çəkməsə də, lüteran kilsəsində xidmət edən ruhani ata qənaətçilliklə yaşamağa üstünlük verirdi. Mənsub olduğu orta təbəqənin Prussiya təcavüzkarları qarşısında acizliyi və yoxsul kəndlilərə yekəxana münasibəti yeniyetmə Henriki çox qıcıqlandırırdı. O, həmin dövrdə formalaşmaqda olan burjua həyat tərzinə də rəğbətlə yanaşmırdı. Orta məktəbi bitirdikdən sonra vətəninin tərəqqisinə xidmət etmək məqsədilə texniki təhsil almaq qərarına gəlir və Kopenhagen Politexnik İnstitutuna daxil olur.

Əyalət şəhərindən paytaxta gəlmiş gənc texniki fənləri öyrənməklə yanaşı, əsas vaxtını Kopenhagenin muzey və şəkil qalereyalarında keçirirdi. 1877-ci ildə iyirmi yaşlı Henrikin İsveçrəyə səyahəti onun həyatında önəmli rol oynadı və gələcək ömür yolunun müəyyənləşməsinə həlledici təsir göstərdi. Məhz bu səyahət zamanı Henrikin qəlbində ilk dəfə məhəbbət duyğusu cücərdi və yaradıcılıq istəyi baş qaldırdı. Səyahət dövründə o, ilk oçerklərini yazdı. Bu səfərdən sonra həyatını ədəbi yaradıcılığa həsr etmək qərarına gələn Henrik 1879-cu ildə ali təhsilini yarımçıq qoyaraq Frerslev kəndində qardaşı Mortenin açdığı məktəbdə müəllim işləməyə başlayır. Kəndə köçməkdə əsas məqsədi həyatı daha dərindən öyrənmək olan gənc yazıçı eyni zamanda çoxlu mütaliə edir, Avropa filosoflarının, alman, fransız, rus yazıçılarının əsərlərini öyrənir. Böyük rus yazıçısı F.M.Dostoyevskinin yaradıcılıq üslubu onun qəlbinə xüsusilə yaxın idi.

1880-ci ili hərbi xidmətdə keçirən H.Pontoppidan 1881-ci ildə kənd məktəbində şagirdi olmuş Metta Mari Xansen adlı bir qızla ailə qurur, bu evlilikdən onların iki övladı dünyaya gəlir. Elə həmin ildə “Bizdə və dünyada” adlı həftəlik jurnalda H.Pontoppidanın “Həyatın sonu” adlı ilk hekayəsi çap edilir. 1882-ci ildə qardaşının siyası fəaliyyətə görə həbs olunması və məktəbin bağlanması ilə onun pedaqoji fəaliyyəti də sona yetmiş olur. 1884-cü ilə qədər kənddə yaşayan H.Pontoppidan bu müddətdə “Kəsilmiş qanadlar” və “Kənd həyatının mənzərələri” adlı iki hekayə kitabı nəşr etdirir, kənd mövzusunda xeyli sayda hekayə və oçerk, eyni zamanda 1883-cü ildə sonralar nəşr etdirəcəyi “Sandinge kilsəsi” adlı ilk irihəcmli əsərini yazır. Hələ ilk əsərlərindən gənc yazıçının həyati problemlərin dərinliyinə nüfuz etmək bacarığı özünü göstərməyə başlamışdı. Onun ilk hekayələrinin əsas mövzusu gənc nəslin taleyi məsələsi idi. O, gənclərin simasında xalqının işığa, azadlığa, təbiətə və məhəbbətə bağlılığını əks etdirirdi.

Sadə kənd sakinlərinin həyatı, atalar və oğullar problemi, patriarxal həyat tərzi ilə müasir dünya arasındakı qarşıdurma ilk hekayələrindən başlayaraq onun əsərlərinin əsas mövzuları idi. Bu hekayələrdə Danimarkanın sərt şimal təbiətinin qeyri-adi gözəllikləri böyük sevgi və dəqiqliklə əks olunmuşdur. Şəhər həyatı isə məhz bu amillərdən uzaq olduğu, insanların mənəvi yaşantılarını arxa plana keçirdiyi üçün yazıçını (və onun qəhrəmanlarını) qorxudur. Onun “Qoca Adəm”, “Mimozalar”, “Təbiət”, “Nəğmələr nəğməsi” kimi hekayələrində təbiətlə ünsiyyətin insanı həyat problərindən xilas edə bilməsinə inam hissi təlqin olunur. Bu əsərlərdə müəllifin həm meşşan tamahkarlığından, həm də boş xülyalar romantikliyindən eyni dərəcədə zəhləsi getdiyi açıq-aydın hiss olunur. “Gecə gözətçisi” hekayəsinin qəhrəmanı Yorgen Hallagerin dili ilə yazıçı belə bir fikri ifadə etmişdir ki, real gerçəkliyə münasibətdə ifrat idealizm mövqeyində dayanmaq insanların yalnız maddi yox, həm mənəvi həyatda bir çox bəlalarla üzləşməsinə səbəb olur. Bu ideyalar H.Pontoppidanın “Sandinge kilsəsi”, “Oğru”, “Buludlar”, “Dostlar” əsərlərinin əsas motivini təşkil edir. Mövcud ideya mübahisələri fonunda yazıçı xalqın sağlam qüvvələrini əmək adamları sırasında, öz sözləri ilə desək, “beşikdən qəbrə qədər zillət çəkən” insanlar arasında axtararaq millətin və ölkənin xilas yolunu bu insanlara azadlıq verməkdə görür.

Hələ kənddə yaşayarkən yazıçı Danimarkada müxtəlif dini cərəyanlar arasında gedən barışmaz mübarizə haqqında böyük həcmli roman yazmaq qərarına gəlir və bu niyyətini on ildən sonra realist təsvir və psixoloji məqamlarla zəngin olan “Müqəddəs torpaq”(1891-1895) trilogiyasını yazmaqla yerinə yetirir. 1885-1886-cı illərdə Almaniya və İtaliyaya uzunmüddətli səfər etdikdən sonra yenidən Kopenhagenə köçür və ömrünün sonuna qədər burada yaşayır.

Kopenhagendə yaşadığı ilk illərdə H.Pontoppidanın həyatında baş verən çox əlamətdar hadisə dövrün ən nüfuzlü ədəbi tənqidçisi Georq Brandeslə tanışlığı olur. Paytaxtın mədəni və intellektual həyatında fəal iştirak etməyə başlayan gənc yazıçının G.Brandesin mühazirələrini dinləməsi onun dünya görüşünün genişlənməsinə və peşəkar yaradıcılıq vərdişlərinin formalaşmasına güclü təsir göstərir. Ədəbiyyatın vəzifəsini cəmiyyətin diqqətini kəskin sosial problemlərə yönəltməkdə görən G.Brandes həmvətənlərini inkişaf və tərəqqi yolunu seçərək Qərbi Avropanın qabaqcıl ölkələrinə çatmağa səsləyirdi. Bu görkəmli mütəfəkkir dünyaşöhrətli nağılçı Hans Xristian Andersenlə birlikdə Danimarka ədəbiyyatında dirçəliş mərhələsinin başlanğıcını qoymuşdu. G.Brandeslə tezliklə səmimi dostluğa çevrilən əyani tanışlıqdan sonra gənc yazıçı onun ideyalarını özünün həyat amalı kimi qəbul edir və sonralar yazdığı, ona şöhrət qazandırmış “Müqəddəs torpaq” və “Bəxtəvər Per” kimi dəyərli romanlarını məhz bu ideyaların təsiri ilə yaradır.

1887-ci ildə H.Pontoppidanın həyat yoldaşı ondan ayrılaraq kəndə -- valideynlərinin yanına qayıdır. Beş il tənha ömür sürən yazıçı 1892-ci ildə Antuanetta Kofud adlı bir qadınla ikinci dəfə ailə qurur və bu nikahdan övladları olmasa da, onlar xanım 1928-ci ildə vəfat edənə qədər birgə yaşayırlar.

Üç cildlik “Müqəddəs torpaq” romanının qəhrəmanı Emmanuel Xansted savadlı, müasir düyagörüşlü bir ruhanidir. Adi bir kəndli qızı ilə evlənərək təsərrüfatla məşğul olan bu insan müəllifin özü kimi cəmiyyətdə ədalət və bərabərlik tərəfdarıdır. Lakin onun bu ideyalar uğrunda apardığı mübarizə bəhrə vermir və sonda həyat onun üçün mənasını itirmiş olur. “Müqəddəs torpaq” yalnız bir insanın itirilmis illüziyaları haqqında yox, XIX əsrin ortalarındakı Danimarkanın dini, siyasi, sosial həyatının geniş realist mənzərəsi haqqında romandır. Trilogiyanı öz ustadı G.Brandesin ideyalarının təbliği üzərində qurmuş H.Pontoppidanın əsərin sonunda bu ideyalardan da əl üzdüyü hiss olunur. O, E.Xanstedin xəyalpərəst mübarizə üsullarını “donkixotçuluq” adlandıraraq onların səmərəsiz olduğu qənaətinə gəlir. Müəllif əsərin baş qəhrəmanını sosial utopiya ideyalarının daşıyıcısı kimi təqdim edir və trilogiyanın hər bir hissəsində bu utopiyanın müxtəlif təzahür formalarını nümayiş etdirir: Birinci hissədə (“Qara torpaq”) ilkin həyat prinsiplərinə qayıtmaq zərurəti; ikinci hissədə (“Müqəddəs torpaq”) patiaxarxal həyat prinsiplərinin qorunması; üçüncü hissədə (“Məhşər günü”) dövlət və kilsə iradəsinin vəhdət halında birləşməsi.

Romanın ən güclü cəhəti cəmiyyətin yuxarı təbəqəsinin mənəvi dəyərlərdən uzaq düşməsinin obyektiv təsviri, ölkənin üzləşdiyi sosial böhranın həqiqətə uyğun əks etdirilməsi və xalqın əzilən təbəqələri üçün azadlıq tələbidir.

Bundan sonrakı illərdə yazıçının “Gecə cözətçisi”(1894) və “Nəğmələr nəğməsi”(1896) romanları nəşr olunur. 1893-1904-cü illərdə isə H.Pontoppidan özünün ən uğurlu əsəri sayılan “Bəxtəvər Per” romanını yazır. “Müqəddəs torpaq” əsərinin qəhrəmanı Emmanueldən fərqli olaraq, Per illüziyalardan uzaq, həyata realist nəzərlə baxan bir insandır. Müəlifin özü kimi, kənd ruhanisinin ailəsində doğulub böyüyən Per Kopenhagendə mühəndislik təhsili almış, nəhəng liman layihəsi hazırlamışdır. O öz layihəsinin həyata keçirilməsi üçün onun üstünlükləri haqqında kitab yazır, Avropa ölkələrini gəzərək layihəni reklam edir, maliyyə mənbələri axtarır. Hətta bu niyyətlə nüfuzlu yəhudi bankirin qızı ilə nişanlanır. Lakin axırda heç nəyə nail olmadan, hər şeyi ataraq geriyə -- Yutlandiyaya qayıdır və qaçıb uzaqlaşmaq istədiyi həyat tərzinə uyğun ömür sürməyə məcbur olur.

“Bəxtəvər Per” həyatın çoxplanlı epık mənzərəsini ustalıqla canlandırmaq baxımından yazıçının həqiqətən ən güclü əsəri kimi qiymətləndirilə bilər. Romanda Danimarka mühitinin ən vacib ictimai, siyasi, mənəvi, mədəni problemləri bütün kəskinliyi ilə qaldırılır və bununla paralel olaraq ən dərin insani münasibətlər də bədii təhlil üsulları ilə araşdırılaraq saf-çürük edilir.

Əvvəlki əsərlərindən fərqli olaraq, bu dəfə müəllif həmin problemlərin həllinə vətəndaş və yazıçı kimi daha yetkin, müdrik mövqedən yanaşaraq şəxsiyyət və cəmiyyət, ailə və nikah, əxlaq və mədəniyyət, dini və dünyəvi düşüncə mövzularında özünün proqram xarakterli təkliflərini təqdim edir. “Bəxtəvər Per” romanı mahiyyətcə faciəvi bir əsərdir. Müəyyən qədər avtobioqrafik səciyyə daşıyan bu romanın qəhrəmanı əyalətdən paytaxta gələrkən mövqe qazanmaq, yüksək cəmiyyəti fəth etmək arzuları ilə yaşasa da, həyatın sərt reallıqları onu sındırır və arzularını puç edir. Buna görə də ona gəncliyində verilmiş “Bəxtəvər” ləqəbi sonralar taleyin acı istehzası kimi səslənir. Perin Yakobaya olan təmiz məhəbbətinin uğursuzluğu da onun həyatına əlavə faciə notları gətirir. Bütün ömrünü həsr etdiyi layihənin və daşıdığı ideyaların iflasa uğraması Peri yalan və riyakarlıq üzərində qurulmuş cəmiyyətdən üz çevirməyə vadar edir.

Romanda əsas süjet xətti ilə paralel ədəbiyyat və incəsənətin ictimai, bədii funksiyaları, inkişaf yolları barədə ədibin nəzəri düşüncələrinə də geniş yer verilmişdir. Belə məqamlarda H.Pontoppidan bədii təhkiyyəçi funksiyasından çıxaraq oxuculara özünün estetik və fəlsəfi mühakimələrini təqdim etmək yolunu tutur. Bu əsərdə də G.Brandesin ideyalarını əks etdirmək meylindən yan keçə bilməyən müəllif onları jurnalist Natan surətinin dili ilə səsləndirir. Lakin “Müqəddəs torpaq”dan fərqli olaraq, bu dəfə həmin ideyalara məftunluq mövqeyindən yox, polemikcəsinə yanaşır. Qərbi Avropa tərzində sərbəst düşüncə carçısı kimi təqdim olunan Natan gənc oxucuların kumirinə çevrilir. Lakin müəllif özü qəhrəmanının düşüncələrindəki ifrat fərdiyyətçilık tərzini heç də tam qəbul etmirdi.

Roman Danimarka və ümumən Avropa həyatını realist, bəzən hətta kəskin satirik boyalarla əks etdirərək o dövrün ədəbi praktikasına tamam yeni üslubi çalarlar gətirir. Ədəbi tənqid əsəri çox yüksək qiymətləndirdi. Yazıçının ustadı

G.Brandes müəllifi “gözəl müşahidəçi və böyük satirik” adlandıraraq həyat həqiqətinin ən dərin sirlərini anlamaq üçün bu kitabı oxumağı zəruri hesab etdiyini bildirdi.

1929-cu ilin Nobel mükafatçısı, görkəmli alman yazıçısı Tomas Mann həyat reallığına sadiqliyi H.Pontoppidanın yaradıcılıq üslubunun ən üstün cəhəti sayaraq yazırdı: “H.Pontoppidan anadangəlmə epik sənətkardır və bizim zəmanəmizdə həyatı epik vasitələrlə əks etdirməyi bacaran tək-tək müəlliflərdən biridir. O, həqiqətə həmişə sadiq qalaraq öz dövrü haqqında sərt hökm çıxarır və əsl sənətkar kimi ədalətin yolunu müasirlərinə göstərir. Başqa heç bir Danimarka yazıçısı öz dövrünü və müasirlərinin problemlərini onun qədər dəqiq və bədii cəhətdən bu qədər mükəmməl əks etdirə bilməmişdir.”

XIX əsrin son onilliyində Danimarka ədəbiyyatında ideya cərəyanları arasında qarşıdurma güclənir. Artıq yetkin yazıçı kimi söz və nüfuz sahibi olan H.Pontoppidan bu mübarizələrin ən fəal iştirakçılarından biri idi. Realizm və sosial tərəqqi tərəfdarı olan yazıçı ictimai ideyalardan və həyatın həqiqətə uyğun inikasından qaçan dekadent cərəyanları, ədəbiyyatda amoralizmi, mistisizmi, predmetsiz estetizmi, fərdiyyətçiliyi, siyasi reaksionizmi qəbul etmir, xalqa və cəmiyyətə xidmət etməyi sənətin mənəvi borcu sayırdı. Tanınmış Danimarka yzıçısı Oskar Haysmar H.Pontoppidanın vətəndaşlıq mövqeyini cox dəqiq səciyyələndirərək yazmışdır: “Bir sənətkar kimi o, bəlkə də, böyük deyil, ancaq tarixin çətin məqamlarında oz xalqının taleyi ilə yaşamağı, onun həyatında baş verənləri incəliyinə qədər duymağı bacarmışdır.” Danimarka ədəbiyyatşünasları onun yaradıcılıq metodunu “obyektiv realizm” temini ilə ifadə etməyi daha düzgün sayırlar.

Ədəbiyyata H.X.Andersendən sonra gələn H.Pontoppidan böyük nağılçının realist ənələrini yeni tərzdə davam etdirərək həyatın bütün gizlin məqamlarını, sosial bəlaların mahiyyətini realist inikas metodu ilə açıb göstərməyə nail olur. 90-cı illərin məhsulu olan “Müqəddəs torpaq” və “Bəxtəvər Per” kimi monumental romanlardan sonra yeni yüzilliyin əvvəlində həmin əsərlərdə əsası qoyulmuş estetik prinsip və ideyaların davam etdirilməsi sayəsində “Böyük xəyalat”(1907), “Hökmlü qonaq”(1908), “Ölülər səltənəti”(1912-1916) və digər kitablar meydana gəlir.(Sonuncu romanın məqsədinin “xalqı qəflət yuxusundan oyatmaq” olduğunu yazan müəllif daha sonra vurğulayırdı: ”Mən yazıçı yox, səfərbər əsgərəm.”)

Dövrün dəbdə olan modern və avanqard cərəyanlarından uzaq bir tərzdə yazıb-yaradan, ənənəvi estetik prinsiplərə üstünlük verən H.Pontoppidanı Nobel mükafatı ilə təltif etməklə Nobel Komitəsi bir daha sübut etdi ki, ali ədəbiyyat mükafatının verilməsi üçün əsas meyar yazıçının ictimai-siyasi mövqeyi, hansı ədəbi cərəyana mənsub olması yox, məhz istedad və əsərlərində ifadə etdiyi humanist ideyalardır.

Danimarka yazıçısının Nobel mükafatına layiq görülməsini şərh edən İsveç tənqidçisi Sven Sederman onun yaradıcılığını belə dəyərləndirirdi: “Onun bütün əsərləri yalan və kəmfürsət illüziyalara, saxta şan-şöhrətə, boş və mənasız sözlərə, mənəvi qorxaqlığa qarşı mübarizədən ibarətdir.”

Həyatının Nobel mükafatından sonrakı dövründə H.Pontoppidan ədəbi yaradıcılıqla yanaşı, həm də ölkəsinin ictimai həyatında fəal iştirak edir, siyasi mühitdə irticaya, İkinci Dünya muharibəsi ərəfəsində və müharibə illərində faşizmə qarşı, sülh və demokratiya uğrunda mübarizədə fəal iştirak edir.

30-40-cı illərdə qocaman yazıçı yaradıcılığının yekunu olaraq, beş kitabdan ibarət avtobioqrafik epopeyasını yazıb nəşr etdirir: “İlk gənclik illəri”(1933), “Dərini dəyişmə”(1936), “Miras və borc”(1938), “Ailə həyatı”(1940), “Özümə yol”(1943). Bu kitablarda Danimarka həyatının 80 illik bir dövrünun ən maraqlı detalları özünin bədii-publisistik ifadəsini tapmışdır. Yazıçı sonuncu kitabı çıxandan az müddət sonra – 1943-cü ilin 21 avqustunda vəfat etdi.

Həmyerlisi, tanınmış ədəbiyyatşünas Vilhelm Andersen hələ sağlığında onun haqqında yazmışdı: “Müasir Danimarkanı öyrənməyin ən yaxşı yolu Henrik Pontoppidanın əsərlərini oxumaqdır.” Bizcə, bu müdrik sözlər öz dəyərini bu gün də saxlayır.

# 496 dəfə oxunub

Oxşar xəbərlər

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

13:27 5 oktyabr 2024
Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

12:43 5 oktyabr 2024
Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

12:00 5 oktyabr 2024
Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

11:07 5 oktyabr 2024
"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
# # #