Rasim Balayev: "Ola bilsin ki, artıq heç bir rolda çəkilmədim" - Müsahibə

Rasim Balayev, aktyor, Xalq artisti

Rasim Balayev, aktyor, Xalq artisti

22 aprel 2025
# 15:00

Kulis.az Pərvin İsmayılzadənin Xalq artisti Rasim Balayevlə müsahibəsini təqdim edir.

Bəşəriyyət mövcud olduğu gündən bəri insanlar müxtəlif sahələrdə böyük nailiyyətlər qazanırlar. Bunlardan biri də kino sahəsidir.
Azərbaycanın Milli Kinosu və onu unudulmaz edən sənətkar Rasim Balayev.

Həyatın çətin sınaqlarından uğurla keçərək bu gün adı dillərdə əzbər olan Rasim Balayevlə ünsiyyətdə olduqca anlayırsan ki, əsl sənətkar olmaq elə də asan məsələ deyil. Bu, öz bərabərində bütöv bir yaşamı və əvəzolunmaz sənəti əhatə edir. Rasim Balayev bunu öz ömür tarixində dəfələrlə sübut edib. Həssas, sevinc və kədərin qovuşduğu anlar və həyatının dönüş nöqtəsi...

- "Nəsimi” həyatınızda olmasaydı, sizcə, necə olardı?

- “Nəsimi” əgər olmasa idi, həyatımın gedişatının necə olacağını təsəvvür edə bilməzdim. “Nəsimi” filminə qədər bir neçə sınaq çəkilişlərində iştirak etmişdim, amma məni qəbul etmirdilər. “Nəsimi” filminin uğuru və tamaşaçıların məhəbbəti mənim həyatımda “yaşıl işıq” yandırdı. Mən həm Azərbaycanda, həm Orta Asiyada, həm də Moskvada və başqa yerlərdə məşhurlaşdım, filmlərə dəvət edildim. Bu mənim üçün böyük bir yol açdı.

- Nəsimiyə zahiri cəhətdən oxşarlığınız var idi. Bəs daxilən mistik bənzərlik hiss edirdiniz?

- Nəsimiyə zahiri cəhətdən bənzərliyimdən çox bəhs edilir. Hətta bir gün bir neçə nəfərdən ibarət bir heyət Nəsiminin məzarını ziyarət etməyə getmişdi. Onlar orada Nəsiminin nəslindən olan bir şəxsin mənə çox bənzədiyini söyləmişdi. Zahiri bənzərlik, region cəhətdən yaxınlıq və bu kimi oxşarlıqlar edilirdi. Hətta sonralar mənə deyirdilər ki, sən Mikayıl Abdullayevə təşəkkür etməlisən. Çünki o, Nəsiminin portretini sənə bənzədib, ona görə də film üçün səni seçiblər. Mikayıl Abdullayevə də deyirdilər ki, sən bədii obraz yaratmamısan, elə Rasim Balayevin özünü çəkmisən. Bu zaman aşımında baş verən hadisələr beyinlərdə heç bir fikir ayrılığı yaratmırdı. Həm rəsm, həm də ki, rol bir-birini tamamladı və bunun nəticəsi yaxşı oldu.

- Komik çalarları olan bir neçə rolunuz var. Bəs əgər komediyaya daha yaxından bağlı olsaydınız, yenə eyni uğuru qazanardınız?

- Yaxınlarım mənə deyir ki, sənin xarakterində qəribə komizm var. Həmişə ciddi rollarda oynamışam. Amma həyatda zarafatı, komizmi sevirəm. Əsl komediya diqqətimi cəlb edir. Belə rolları canlandırmaq görünüşdən də asılıdır. Məsələn, Lütfəli Abdullayevə, Səyavuş Aslana “Hamlet” rolunu təklif etsələr, uyğun olmaz. Yəqin ki, elə bu səbəbdən də mənə çox da komik rolları təklif etməyiblər. Ən çox oynamaq istədiyim isə tragikomik bir roldur.

Bəzən görürük ki, rolu mənfi və müsbət adlandırırlar. Amma mən rola belə baxmıram, onu oynayıram. Bundan nəticə çıxaran tamaşaçı olur. Ona görə də oynadığımız rola haqq qazandırmalıyıq.

- Həyatınızda əlinizdən tutan insanların daha sonra sizin uğurlarınıza paxıllıq etdiyi anlar olub?

- Bu hiss mənə tamamilə yaddır. Mən hər zaman kiminsə uğuruna sevinmişəm. İndi də böyük sənətkarların işlərinə baxıb fəxr edirəm. Hər zaman sənətimin məsuliyyətinə bağlı olduğum üçün o barədə düşünməyə vaxtım olmayıb. Sonradan belə bir hissin var olduğunu başa düşdüm.

- Ömrünüzün ən həssas dövrü hansı yaşlara təsadüf eləyir?

- Mənim həyatımda uğurlarım olduğu kimi iztirablarım da olub. Mən heç vaxt foto sınağından uğurla keçə bilmirdim və bu məni sarsıdırdı. Bir gün kinostudiyada Ədil İsgəndərovun şərti ilə işə düzəldim. Şərt o idi ki, əgər bir il ərzində mənə rol verilsə, belə bir ehtiyac olsa, o zaman işə davam edəcəkdim, əks halda, özüm ərizə yazaraq çıxmalı idim. Mən bununla razılaşdım və işə başladım. Bu dövrdə Müslüm Maqomayev haqqında “Üç Qərənfil” filmi istehsala buraxıldı və məni ilk dəfə idi ki, təsdiq elədilər. Lakin filmin çəkilişləri dayandı. Bu məni taleyimi sorğulamağa məcbur etdi. Sonra... dublyaj mərhələsində seçilmədiyim vaxt olub. Həyatımda belə keşməkeşli anlar baş verib. Artıq “Nəsimi”dən sonra çətinlik aradan qalxdı. Bu rolu oynamağa səbəb isə Həsən Seyidbəyli olmuşdu. O məni televiziyada şeir deyəndə görüb və mənim rolu canlandırmağımı istəyib. Bir il ərzində “Nəsimi” filmi ərsəyə gəldi, uğurlu şəkildə baxışdan keçdi və Heydər Əliyev tərəfindən də böyük rəğbətlə qarşılandı. Bu məni çox sevindirdi.

Bir gün Ədil İsgəndərov işdən çıxanda onunla dəhlizdə qarşılaşdım. O, həmişə dəhlizdə gəzən, işi ilə məşğul olmayan işçilərə hirslənirdi. Ona görə də o işdən çıxanda, heç kim orada dayanmırdı, onun gözündən kənar gəzirdi. Mən onu görən kimi qarşısında dayandım, salamlaşdım və o, gəlib məni qucaqladı, görüşdü. Mən tez ona sual verdim ki, Ədil müəllim, mən qalım, yoxsa gedim? O isə cavabında "sən artıq qaldın" - dedi və o gündən sonra mən orada qaldım. Öz sənətimdə uğurla irəlilədim.

Biz çox məşq edirdik. Mən çalışırdım ki, hər bir rolu içimdən gəldiyi kimi oynayım. Çünki aktyorun qələmi hissləridir. Məsələn, Nəsiminin nəsrlə yazdığı sözlərini Nəiminin parçalanması səhnəsində söyləməli idim. Bununla bir çoxları razılaşmadı. Lakin mənə deyildi ki, gərək onu elə canlandırım ki, rejissor bununla razılaşsın. Mən bu səhnəni eşqlə, qəhərlə, göz yaşı ilə canlandırdım. Seyidbəyli və digərləri bəyəndi, qəbul etdilər. Belə bir hal ”Babək” filmində də olmuşdu. Çoxları deyirdi ki, Babək kimi böyük sərkərdə övladı öləndə belə ağlamaz. Amma biz bununla razılaşmadıq. Çünki Babək sərkərdə kimi yox, ata kimi ağlamalı idi. Mən bu epizodu ikinci gün tam canlandıra bildim. Çünki istəyirdim, göz yaşı çəkiliş vaxtı axsın. Belə də oldu. Bu hissi müasir heç bir texnika əvəz edə bilməz. Ekranda gözün içərisində yavaş-yavaş yaş əmələ gəldi. Bu səhnə birnəfəsə çəkildi

- Müasir kinomuzda, filmlərimizdə nə çatışmır?

- Kinoda bir estafet var idi. Bu, 90-cı illərdə qırıldı. Müharibə dövründə 6-7 il ərzində kinoya maliyyə ayrılmadı və dayandı. Bu vaxtlar aradakı zəncir qırıldı və birləşmədi. Peşəkar dramaturqlar, rejissorlar, sənətkarlar həyatını dəyişdi. Bu gün professional iş hazırlayan çox azdır. Əvvəllər bizim rejissorlarımız Moskvada oxumağa gedirdi, onlar orada baza olduğuna görə peşəkarlaşırdılar. Amma indi belə deyil, istedadlı insanlar yetişmir, var olanlar isə çox azdır. Buna görə də, mən bu illərdə sənətə gəlsəydim, işləməzdim. Çünki ideallarım böyük idi. Hər zaman istəyirdim ki, səhnədə müxtəlif rollar oynayım. Ümumiyyətlə, aktyor əvvəla teatrda olmalı, daha sonra kinoya üz tutmalıdır. Çünki teatr aktyoru daim canlı saxlayır.

Mən müasir kino sahəmizi Türkiyə ilə müqayisə edəndə görürəm ki, zaman keçdikcə necə zəifləmişik. Bizim kinomuzun uğurlu olduğu vaxtlarda, türklər çox zəif idi. Lakin onlar xarici ölkələrdə dərslər aldıqdan sonra gücləndi. Təxminən, 28 ilə Türk kinosu bütün dünyada məşhurlaşdı.

- Hazırda özünüzü hansı yaşda, əhvalda hiss edirsiniz?

- Mən özümü elə yaşıma uyğun hiss edirəm. Amma Azərbaycanın müasir kino sahəsində olan zəiflik məni narahat edir. Ola bilsin ki, artıq heç bir rolda çəkilmədim. Lakin Azərbaycanda film çəkildiyini, festivallara getdiyini görmək istəyirəm. Mənə bəzən deyirlər ki, filmləri pis hala salırlar, ona görə baxa bilmirik. Dublyajlar da eyni haldadır. Bunun səbəbi lazımi qədər vəsait ayrılmamasıdır. Kino sahəsinin hər bir əməkdaşı öz işinə məsuliyyətli yanaşmalıdır. Mən bir çox xarici ölkədə olmuşam, onlar bizim dilimizə heyrandırlar. Lakin müasirlərimiz dilə düzgün yanaşmır, buna görə də kanallar maliyyə ayırmalıdır, hər bir işçi işini peşəkar şəkildə görməlidir. Biz də izləyəndə öz dilimizdən ləzzət almalıyıq.

# 360 dəfə oxunub

Oxşar xəbərlər

Ərdoğanı təhqir edən aktyorla bağlı qərar

Ərdoğanı təhqir edən aktyorla bağlı qərar

17:07 22 aprel 2025
İldırım vuran ağac daha tez böyüyər - Çin atalar sözləri

İldırım vuran ağac daha tez böyüyər - Çin atalar sözləri

16:41 22 aprel 2025
İngilislər osmanlıları siqaretlə  necə məğlub etdilər? - Zaur Əliyev

İngilislər osmanlıları siqaretlə necə məğlub etdilər? - Zaur Əliyev

16:18 22 aprel 2025
Deputat:  "Ermənilər xristian olsa da, Qarabağdakı xristian abidələrinə hörmət qoymayıb"

Deputat: "Ermənilər xristian olsa da, Qarabağdakı xristian abidələrinə hörmət qoymayıb"

15:44 22 aprel 2025
"Karamazov yox, Qaragözov" - Dostoyevski türk əsillidir?

"Karamazov yox, Qaragözov" - Dostoyevski türk əsillidir?

14:00 22 aprel 2025
Pənah Rüstəm vəfat etdi

Pənah Rüstəm vəfat etdi

13:44 22 aprel 2025
#
#
# # #