Kulis.az Fəxri Uğurlunun Kobo Abenin “Qumlaq qızı” romanı haqqında yazdığı "Qum dəryasında əsirlik" adlı yeni yazısını təqdim edir.
Kant da belə demişdi – nizam yaranmamışdan kainatda mütləq xaos, kosmik tozanaq, hüdudsuz qum fırtınası hökm sürüb. Abenin qumlağı da kainatın körpəlik çağını xatırladır, ancaq bu xaosu nizama salmaq mümkün deyil, bu nizamsızlığın özü elə bir nizamdır. Həm də burjua sivilizasiyasına, kapitalist nizamına qarşı qoyulmuş nizam.
***
Tokiodakı məktəblərin birində dərs deyən entomoloq Niki Dzümpey öz kolleksiyasını səhrada yaşayan nadir həşərat növləriylə, unikal böcəklərlə zənginləşdirmək üçün üç günlük məzuniyyətə çıxıb, əvvəlcə qatarla S stansiyasına, oradan avtobusla sonuncu dayanacağa, oradan da piyada dənizə yaxın qumlaq vadidə binə salmış kəndə qədər yol gedir. Kəndin yaxınlığında nəfəsini dərəndən sonra Niki qumun üstündə cığır aça-aça üzü dənizə yeriyir. Getdikcə yol onu yorur, dörd yanda qumsal təpəliklərdən, səhradan başqa heç nə görünmür.
Yolda bir qocayla rastlaşır. Məlum olur ki, böcək aşiqi sonuncu avtobusa gecikib, bu gün evinə qayıda bilməyəcək. Qoca onun prefekturadan gəlmədiyini, yəni hökumət adamı, müfəttiş olmadığını biləndən sonra qonağı qum dağının ətəyindəki çökəklərdən birinə – tək yaşayan qadının komasına aparır. Entomoloqu komaya kəndir pilləkənlə endirirlər. Gənc qadın şəhərdən gəlmiş qonağı xoş qarşılayır, onu yedirib içirir. Kişi yuyunmaq istədiyini dilə gətirəndə qadın deyir ki, suyu yalnız birisigün gətirəcəklər. Niki o vaxta qalmayacağını söyləyəndə qadın onun sözünü istehzalı təəccüblə qarşılayır.
Qum dəryasında solğun çiçəyə bənzəyən qadının taxta komasını gecə-gündüz hər yandan qum yağışı vurur, qonağın yeməyinə qum tökülməsin deyə qadın onun başının üstünə kağız çətir tutur. Bununla belə Nikinin ağzında yenə qum xırçıldayır, üstünə səpilən narın qum tərini canına çəkib onun bədəninə suvaşır. Qadın deyir ki, keçənilki tayfunda əriylə qızı qum dəryasına qərq olub, ondan sonra tək qalıb. Koması qum altında batmasın deyə qadın hər gecə qumu qapısından kürüməyə məcburdur. Yuxarıdakı gözətçi məntəqəsindən qadına qonaq gəldiyini görənlər aşağıya bir kürək, bir də bidon atırlar. Qonaq hələlik nə baş verdiyini anlamır.
Qadın kürüdüyü qumu bidonlara yığıb pilləkənin ayağına gətirir, yuxarıdan ona kəndirlə səbət sallayırlar, qadın bidonu səbətə qoyandan sonra kəndiri yuxarı dartırlar. Qumu gecələr kürümək daha asandır, çünki gecə qum nəm olur, gündüz kürəkdə durmur. Qonaq ev yiyəsinə kömək eləməyə girişəndə qadın ona deyir ki, qum nə özü dincəlir, nə də bizə dinclik verir, üstəlik yoluna çıxan hər şeyi, evin taxtalarını belə az müddətə çürüdür. Kişi heyrətə gəlir: demək, bu kənddə adamların işi-gücü ancaq qum kürümək, qumla mübarizə aparmaqdır. O, belə bir puç, mənasız həyatla, könüllü köləliklə heç vaxt barışa bilməz!
***
Gecə uzun müddət qonağın gözünə yuxu getmir, o, qum dəryasının amansızlığı haqqında düşünür, qum kürüyən qadının kürəyinin səsini dinşəyir. Oyananda görür qadın ocağın qırağında lüt-üryan yatıb, yalnız başını dəsmalla bürüyüb ki, qum yağışından qorunsun. Sabah ertə qonaq dinməzcə aradan çıxmaq istəyəndə baxır ki, kəndir nərdivan asıldığı yerdə yoxdur, gecə qum daşımağa gələnlər onu özləriylə aparıblar. Kişi hiss eləyir ki, tələyə düşüb. Kürəyi qum təpəsinin ətəyinə sancıb qəzəblə qazmağa başlayanda qum seli, qum uçqunu üstünə gəlir, kişi huşunu itirib özündən gedir. Qadın düşünür ki, qonağı gün vurub, onu yatağına sürüyüb qulluğunda durur.
Kişinin bu tələyə düşdüyü artıq bir həftədir, yəqin iş yoldaşları onu axtarışa veriblər. Niki özünü ağır xəstəliyə vurur, istəyir ki, qadın da, onu bu qumlu çökəkdə əsir saxlayanlar da gəlmə adamı özlərinə yük bilib ondan canlarını qurtarsınlar. Kişi qadının hər gün təkrarlanan güzəranından bir məna, məntiq hasil eləyə bilmir, onu inandırmağa çalışır ki, gözəl yerlərdə gəzib-dolaşmaq insana böyük zövq verir. Qadın isə bunda bir zövqü-səfa görmür, “işsiz-gücsüz yol ölçmək havayı yerə özünü yormaqdır” deyir.
Qonaq qaçmağa daha bir cəhd göstərir, gecə qadın qum kürüyəndə qəfil onun üstünə atılıb ev yiyəsini girov götürür, qadının əl-qolunu sarıyıb qumdaşıyanların gəlməyini gözləyir. Səbətli adamlar çökəkliyin başında görünəndə şərt qoyur ki, qadının salamatlığını istəyirlərsə, onu yuxarı qaldırsınlar. Nikini qaldırmağına qaldırırlar, ancaq yarı yolda kəndiri boşaldıb onu yenidən çökəkliyin dibinə atırlar. Sonra da salladıqları kəndiri onun əlindən qoparıb çıxıb gedirlər.
Növbəti gün yuxarıdan aşağı içində üç qutu siqaret, bir şüşə araq olan paket tullayırlar. Kişi buna tezliklə azad olunacağının əlaməti kimi baxır, fəqət qadın onu başa salır ki, belə bir pay bu kənddə həftədə bir dəfə bütün kişilərə verilir. Entomoloq maraqlanır: ondan başqa da buralara azıb təzib gələn olubmu? Qadın deyir bir neçə nəfər olub, biri gələn kimi ölüb, biri indiyəcən yaşayır, ancaq buradan qaçmaq hələ heç kimə nəsib olmayıb. Kişi əmindir ki, bu məsələdə siftəni özü eləyəcək. Daha sonra çənə göz yetirəndə suyun qurtardığını görür, anlayır ki, onun inadını qırmaq üçün su gətirməyiblər, qadının iztirabları da burada heç kəsi maraqlandırmır. Kişi qadının əl-qolunu bu şərtlə açır ki, onun icazəsi olmadan ev yiyəsi əlinə bel-kürək almasın.
***
Niki komanın pərdilərini söküb onlardan nərdivan düzəltmək istəyir. Qadın qollarından sallaşıb ona mane olmağa çalışır. Süpürləşmənin axırı yataq səhnəsiylə bitir. Kişi anlayır ki, qadınla cəngə çıxmağın faydası yoxdur, ondan yalnız xoşluqla nəsə qopara bilərsən. Qadına deyir yuxarıdakılarla danışığa girib onlardan su istəsin. Qadın cavab verir ki, yuxarıdakılar onları qüllədən durbinlə müdam izləyirlər, onlar işə başlayan kimi su da gələcək. Kişi kürəyi əlinə alandan sonra yaşlı bir kişi onlara su gətirir. Niki ona deyir ki, barəsində axtarış verilib, onun izinə düşsələr, buradakıların axırı yaxşı olmayacaq. Kişinin tükü də tərpənmir, arxayın-arxayın cavab verir ki, əgər bu on gündə onu itirib-axtaran olmayıbsa, bundan sonra da çətin ola. Hədədən bir şey çıxmayanda o, qocanı şirnikləndirməyə çalışır, söz verir ki, bu kəndin güzəranını yaxşılaşdırmaq üçün əlaqələrindən istifadə eləyəcək, mətbuatda kampaniya başladacaq; di gəl, qoca yenə ona məhəl qoymur, sözünü sonacan dinləməyib gedir.
Boş vaxtlarında kişi gizlicə kəndir toxuyur. Girovluğunun qırx altıncı günü, nəhayət, düşdüyü çaladan qurtula bilir. Qüllədən onu sezməsinlər deyə aşağı sinib toran qovuşmasını gözləyir. Ondan sonra entomoloq səbətlə qum daşıyanlar hələ işə başlamamış sürətlə kəndin içindən keçib yola düzəlməlidir. Qaranlıqda yolunu azan Niki kəndə girəndə itlər üstünə tökülüşür. Kənd əhli onun izinə düşür, dizəcən quma batan şəhərli təqibçilərindən imdad diləyir. Üç kişi qumu qazıb onu tələdən qurtarır, sonra onlar Nikini gəldiyi yerə qaytarıb çökəyin dibinə, qumlu çalaya tullayırlar.
***
Payızda qumlaq qızı pul yığıb radioqəbuledici almaq məqsədilə sapa muncuq düzməyə başlayır, günün çoxunu muncuqla oynayır. Qadın düşünür ki, radio dalğalarıyla Tokionu taxta komasına gətirəcək, Nikini xiffətdən qurtaracaq, onu qaçmaq fikrindən daşındıracaq. Kişi komanın çardağına polietilen örtük çəkir, qızmar qumun üstündə balıq bişirmək üsulu icad eləyir. Qadın ona kəndinin sirrini açır – deməyəsən yerli əhali buradan yığılan qumu tikinti şirkətlərinə yarı qiymətinə satırmış. Kişi dəhşətə gəlir: axı dəniz qumu tikintiyə yararlı deyil, bəs tikilənlər uçulub töküləndə buna kim cavab verəcək? O, qumdaşıyanlardan gəzinti üçün razılıq almaq istəyir, onlarsa şərt qoyurlar ki, gərək qonaq evində yaşadığı qadınla onların gözü qarşısında sevişsin. Qadın buna qarşı çıxanda kişi onu zorlamağa çalışır, fəqət qadının müqaviməti güclü olur.
Sərt qışın ardınca bahar gəlir. Artıq onların komasında radioqəbuledici də var. Yazda qadın uşaq salır, onu həkimə qaçırırlar. Qadını yuxarı qaldırdıqları kəndir nərdivan uçurumun başından sallanıb qalır. Kişi o nərdivanla çökəkdən çıxır. Ancaq artıq tələsən yeri yoxdur.
İtkin düşməsindən yeddi il sonra onun axtarıldığı barədə elan dərc olunur. Üstündən bir yarım il də keçmiş itkin şəxsdən heç bir səs-soraq çıxmadığına görə məhkəmə onun öldüyü haqda qətnamə verir…
"Qumlaq qızı" romanının yapon dilində ilk nəşrinin üz qabığı
***
Qum – xaosun, absurdun, irrasionallığın, kosmik anarxiyanın, vəhşi təbiətin, hər şeyi çürüdüb yoxa çıxaran zamanın, bir sözlə, fələyin işləklərinin rəmzidir. Niki Dzümpey adlı entomoloqun burjua sivilizasiyasının, rasionalizmin, ağılın, nizamın timsallarından sayılan bir şəhərdən təbiət qoynuna gedişi də simvolik köçdür. Burada bir dünyadan başqa dünyaya, bir sistemdən başqa sistemə keçid var. Qəhrəmanın Tokioda yaşadığı qadınla qumlaqda tapdığı qadın da bu iki sistemin açar fiqurlarıdır – biri soyuq, etinasız sivilizasiya qadını, o biri təbiətlə həmahəng yaşayan cəfakeş, fədakar, amma öz fədakarlığından xəbəri olmayan təbii qadın.
Entomoloq böyük şəhərdə sıx izdiham içində yaşayırdı – ailəsi, qohum-əqrəbası, tələbələri, sevgilisi, mühiti… Nə qədər tünlük olsa da, o tünlükdə hər kəsin öz yeri, öz fərdiyyəti, öz imzası vardı. Niki Dzümpey də öz adı-soyadıyla, varlığını təsbit eləyən neçə-neçə sənədiylə, üzünün ifadəsiylə, barmağının iziylə heç kimə bənzəməyən fərdlərdən birisiydi. Nə qədər gur cəmiyyətdə yaşasa da, ünsiyyət xətləri, kommunikasiya vasitələri nə qədər çox olsa da, entomoloq o toplumda tək idi, hər kəsin öz işığını öz içinə tutduğu sosial formasiyada onun öz tənhalığının sərhədini pozmağa, özündən başqasına köçməyə, özünü başqasında əritməyə çətin şansı olaydı. Fəqət qum dənizində belə bir ayrıcalıq yoxdur, fərd təbiətə qovuşandan sonra fərdilik itir, qum qumdan seçilmədiyi kimi eyni aqibət qarşısında insan da insandan seçilmir, sivilizasiyanın qayğıları əhəmiyyətini, dəyərini itirir, insan panteistik bir sıçrayışla qum dəryasına baş vurub təbiətə qarışır, qumluğa hopur. Qumlaqdakı qadının adını biz bilmirik, bəlkə də heç adı yoxdur. Onun nə ada-soyada, nə sənədə-sünədə ehtiyacı var. Onun adı qumlaq qızı, ünvanı təbiətdir.
Entomoloq da orada qaldıqca tədricən adı-soyadı unudulur. Əvvəl-əvvəl qəzetləri izləyirsə, sonradan buna da marağı sönür, qəzet oxumağı yavaş-yavaş tərgidir, bir müddət sonra onların varlığını tamam unudur, sivilizasiyanın informasiya çirkabında boğulmaqdansa yeni həyatın qayğılarıyla məşğul olmağı üstün bilir. Bir sözlə, səhrada yaşayan həşəratları tədqiq eləməyə gəlmiş entomoloq az sonra özü də qum dəryasında batıb boğulmamaq üçün çarəsizcə əl-qol atan böcəklərdən birinə çevrilir. Əvvəlcə qismətinə təslim olmayan, taleyilə barışmayan Niki Dzümpey Kamünün üsyankar fərdi kimi fələyə yumruq atır, çərxini bir an belə əyləndirməyən fələyin özü sayaq durub-dincəlmək bilməyən qum seliylə cəngi-cidala çıxmaq cəsarətində bulunur. Qumdan cavabını alandan sonra sakitləşib dinməz-söyləməz Sizif əməyinin icrasına girişir. Qadının Budda səbriylə gördüyü işlər, stoik məktəbi keçmiş filosof sayaq taleyinə boyun əyməsi, qismətinə təpik atmaması, öz təmkini, iddiasızlığı, zehni sükunəti sayəsində amansız təbiətlə dil tapıb yola getməsi ona dərs olur.
***
Gündəlik həyatımızda biz hamımız can evimizi fələyin həmləsindən qorumağa çalışırıq, üstümüzə yeriyən qum dənizində batmamaq üçün böyür-başımızı birtəhər yuyub təmizləyirik, təbiətin töycüsünü ödəyib özümüzə bircə pay azadlıq almaq istəyirik. Kobo Abe isə deyir ki, azadlıq sivilizasiyanın dəmir barmaqlıqlarla qorunan urbanik ərazisində, kapitalizmin insanı yüz cür sənədlə birkalayıb qoyun kimi otardığı müqəddəs örüşündə, adamların yalançı təbəssümlə maskalanıb xoşbəxt görünməyə çalışdığı texnoloji cənnətdə deyil, azadlığın hiss olunmadığı, fərdiyyətin əriyib itdiyi, ağılın artıq yük kimi başdan atıldığı təbiət qoynundadır. Əgər qum selinin həmləsi qarşısında sən də bir qum dənəsinə çevrilə bilirsənsə, qəti qorxusu yoxdur.
Entomoloqun qumlaqdakı qadınla izdivacı – insanın təbiətlə izdivacıdır. Qadının uşaq salması bu izdivacın hələ mükəmməl bir həddə çatmadığına işarədir. Əslində, Tokio ilə səhradakı kəndin qarşıdurması – Qərb sivilizasiyası ilə qədim Şərq-buddist sivilizasiyasının qarşıdurmasıdır. Qəhrəmanın Tokiodan qumlu kəndə gedişi rasionalizmdən, liberal burjua fərdiyyətçiliyindən irrasionalizmə, sintoist, zen-buddist panteizmə keçiddir. Onun ölümü, daha doğrusu, ölmüş elan olunması bu keçidə möhtəşəm yekun vurur. Sivilizasiya üçün ölsə də, təbiət onu diri tutur. Qarğaları tovlamaq üçün qazdığı çaladan su çıxanda onun yeni həyatı ilk dəfə məna qazanır. Bir zaman dustaq saxlandığı, qaçmaq istədiyi bir yerdən qaçmaq imkanı yarananda qaçmaq onun ağlına da gəlmir. O, adını-soyadını, sənədini, sənətini, elmini, ağlını, qazancını içindən çıxdığı dünyaya təhvil verib, təbiətin qoynunda yeni kimlik qazanır. Orada ölür ki, burada dirilsin.
***
Kobo Abeyə “Yaponiyanın Kafkası” da deyirlər (qəribədir ki, Abe ustadının öldüyü il dünyaya gəlib), onu Dostoyevski ilə də müqayisə eləyirlər. Bu yaxınlarda dünyadan köçmüş başqa bir böyük yapon yazıçısı, Nobel mükafatı laureatı Kendzaburo Oe bir vaxtlar bu mükafata Abenin hamıdan çox layiq olduğunu demişdi. “Qumlaq qızı” romanını böyük yazıçı 1962-ci ildə – 38 yaşında yazmışdı. Bundan sonra bir igidin ömrü qədər yaşasa da, bir-birindən gözəl əsərlər qələmə alsa da, onun adı qızıl siyahıya nədənsə salınmadı.
“Yeni Azərbaycan” qəzeti