Paulo Koelyo, Şahbaz Xuduoğlu və üç nöqtə - Firidun Ağazadə

Paulo Koelyo, Şahbaz Xuduoğlu və üç nöqtə - Firidun Ağazadə
11 mart 2025
# 11:30

Kulis.az Firidun Ağazadənin "Paulo Koelyo, Şahbaz Xuduoğlu, Üç Nöqtə və ya mənim tərcümələrimdə üç nöqtənin yeri" adlı yazısını təqdim edir.

...Şahbaz Xuduoğlu fədakar insandır, istedadlı qələmi var (hər halda, onun “Pambıq” romanının tezislərini oxumuşam...), amma daha çox fədakar naşirdir, çünki hazırkı situasiya bunu tələb edir... Millətə kitab və oxumaq sevgisini təlim və təlqin etməklə məşğuldur... Azərbaycan şəraitində bu bir Sizif işi... Mənə həmişə deyir ki, “Sən mətndə, xüsusən, tərcümələrdə üç nöqtədən çox istifadə edirsən”... Özü də ÜÇ NÖQTƏ ilə deyir ha bunu... Onun bu iradına aydınlıq gətirmək istəyirəm... Çünki ÜÇ NÖQTƏ söhbəti bitmir, qurtarmır...

Nədir mənə ÜÇ NÖQTƏni sevdirən?..

Lap son tərcüməmdə (Paulo Koelyo) ÜÇ NÖQTƏ daha çoxdur... Bəlkə, heç müəllifin özündə bu qədər üç nöqtə yoxdur... Burası var ki, mən tərcümə etmirəm, “tərcümə etdiyim” əsəri öz dilimizdə yenidən yazıram, bu mənim tərcümə prinsipimdir.

Üç nöqtə, əslində, hisslərimizi ifadə edir... Fikrimiz, düşüncəmiz kilidlənəndə, sözlər aciz qalanda əlac qalır ÜÇ NÖQTƏyə.... Cənubluyuq, qızğın və həssas ruhumuz sözlərə sığmır bəzən, üç nöqtə dadımıza çatır... Üç nöqtə bitməyən, bitə bilməyən, sonsuz və intəhasız duyğularımızdır... Hiss edilən, fəqət heç cür yazıla bilməyəndir... Söz tapmadığımız zaman üç nöqtə qoyuruq... Vallah, adam söz tapmır həyatın suallarına.... Söz tapmırıq, üç nöqtə qoyuruq... Üç nöqtə susqunluğumuzdur – həyatın müşkülləri qarşısında... Həyatın sonu yoxdursa, son deyibən ona necə nöqtə qoymaq olar?.. Ona üç nöqtə yaraşır... Fikrimiz, hissimiz, arzumuz da beləcə... üç nöqtə havasında...

Məsələn, Sevgini bir nöqtə ilə necə izhar edərsən?... Odur ki, mən üç nöqtə qoyuram... Necə ki, Əli Kərim sevgisi üç nöqtəli, çox nöqtəli idi, şairin sevgisinin intəhasızlığını göstərirdi: “Daha heç nə demirəm... Nöqtə, nöqtə və nöqtə...”.

Bu ifadə ingilis dilində “dot, dot, dot”, rus dilində “точка, точка, точка” şəklində eyni mənanı izah edir. Bu həm də şeirin, sözün, hissin, duyğunun milli olduğu qədər beynəlmiləl olduğunu göstərir, yəni Sevginin hiss-həyəcanı bütün dillərin məxrəcində eyni ahəngdə döyünür:

“Daha heç nə demirəm...
Nöqtə, nöqtə və nöqtə...”
. Yaxud,

“Ana, nə deyim?..
Telefon söhbəti deyil,
Gələrəm, danışaram...”
– ananın “evlənmək vaxtıdır, oğul” məzəmmətinə oğulun telefonda verdiyi üç nöqtə cavabı belədir...

Qəribə təsadüfdür, keçən il sosial şəbəkədə “üç nöqtə” ilə bağlı status yazanda Paulo Koelyonu tərcümə edirdim. İndi də bu saat Koelyonun başqa bir əsərini bitirməkdəyəm... Bu da sizə daha bir ÜÇ NÖQTƏ... Bu bir sirri-xuda olmaya?..

Paulo Koelyodan altı kitab tərcümə etmişəm. Bu Braziliya yazıçısı sevginin, sevməyin anatomiyasını gözəl bilir. Lap mənim kimi. Mətnlərində bəzən xaltura da eləyir, kitabı uzatmaq üçün. Və bu əsasda öz dinini də məharətlə təbliğ edir, sevginin dini-ruhani və qneseoloji köklərini açır, Şərq kahinləri kimi qəlb, eşq, ağıl, düşüncə ayinləri icad edir, oxucunu sevginin çərxi-çənbərinə qaldırır. Orada isə hər şey fırlanır – fiziki mənada da, məcazi mənada da. Yazıçı nə qədər ustalıq etsə də, üç nöqtəsiz keçinə bilmir. Çünki o nöqtədə SÖZ də gücsüzdür...

Bəs, duasıyla yanan zəmiləri söndürən irfan mövlaları varsa onda necə?.. Bu yerdə nöqtə qoymaq olurmu?..

Yalnız üç nöqtə kara gəlir.

Üç nöqtə və onu mətnlərdə tez-tez əvəz edən çox nöqtə (ellipsis) asanlıqla anlaşılan bir sözün və ya sözlərin buraxılmasından ibarət ritorik ifadə üsuludur, buraxılmış sözlər ÜÇ NÖQTƏ və ya çox nöqtə ilə ifadə olunur, amma bu, kontekstdə anlaşılır.

...İslam dininin güclü cəhətlərini nəzərə alan Böyük Britaniya krallığının vəliəhdi şahzadə Çarlz Londonda keçirilən bir konfransda belə bir fikri xüsusilə vurğulamış ki, “...müasir dünyada vəziyyəti normallaşdırmaq üçün güclü şəxsiyyətlər tələb olunur. Belə şəxsiyyətlərə isə güclü mənəvi (oxu: əxlaqi) qaynaqları olan müsəlman ölkələrində rast gəlmək olar”. Bax, indi üç nöqtənin, hətta çox nöqtənin yeridir!..
Və ya, məsələn, Füzulinin

“Nə yanar kimsə mənə atəşi dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri”
- misralarına nöqtə qoymaq mümkündürmü? Bu məqama yalnız ÜÇ NÖQTƏ yaraşır! Nicat ÜÇ NÖQTƏdir! Amma hər adam da ÜÇ NÖQTƏ məqamına gəlib yetişə bilmir.
Mövlam, yetişdir bizi o məqama!..

Dedik ki, ÜÇ NÖQTƏ mətndə tez-tez çox nöqtəni əvəz edir – fərqinə varmasaq da. Çox nöqtə qrammatikada “ellipsis” adlanır. Bu söz qədim yunan dilində “ ἔλλειψις, élleipsis” şəklində yazılır, “buraxılma, çıxma” deməkdir, amma sözün, sözlərin məqsədli şəkildə buraxılmasından söhbət gedir. Başqa sözlə, ellipsis lazımsız təkrarlanmaların qarşısını almaq, cümlənin bir hissəsinə daha çox vurğu vermək, qrammatik quruluşuna təsir göstərmədən daha çox səlislik və ritm yaratmaq üçün ədəbiyyatda istifadə olunan bir qaynaqdır. Ancaq ellipsin istifadəsi dildən, yazıdan, mətndən, ədəbiyyatdan kənara çıxır, ən müxtəlif kontekstlərdə işlənir.
ÜÇ NÖQTƏ haqqında Mövlana bunları demiş:

Üç nöqtə eşqdir...
Hər nöqtə gizli bir ahdır!...
“Sevirəm!” deyib sükut içrə hayqırmaqdır...
Boğazda düyümlənən iki cüt sözdür...
Dilin lal, könlün məlal olduğu andır…
Gözlərdən süzülməyən iki damla gözyaşıdır...
Hiss edilən, fəqət heç cür yazıla bilməyəndir…
Kəlmələrin kifayətsiz qaldığı andır…
Üç nöqtə bitməyəndir... bitə bilməyəndir...

Beynəlxalq dəniz fəlakət siqnalı SOS (”Save Our Souls!” - “Ruhumuzu Xilas Edin!”) Morze əlifbasında ÜÇ NÖQTƏ, üç tire və ÜÇ NÖQTƏ ilə ifadə olunur. Göründüyü kimi, burada da ÜÇ NÖQTƏ nicat yoludur.
“Üç Nöqtə” (Three Points) ABŞ-ın Arizona ştatında 4 milyon əhalisi olan bir şəhərdir. Təsəvvür edin: “Hara gedirsiz?”- “Üç nöqtə şəhərinə”.

Azərbaycanda da “ÜÇ NÖQTƏ” adlı qəzet çıxır.

Həndəsədə ÜÇ NÖQTƏ müstəvini bildirir. ÜÇ NÖQTƏ üçbucağın təpələrini birləşdirir.

Bir mənbə ÜÇ NÖQTƏ ilə bağlı daha bir bilgi verdi. Fizikada “Üç Nöqtə kütləsi” anlayışı var, təfsilata varmayaq.

ÜÇ NÖQTƏ (Triple Point) kimya və fizikada müəyyən bir maddənin bərk, maye və buxar fazalarının tarazlıqda mövcud olduğu temperatur və təzyiqdir. Termodinamikada faza balansının xüsusi bir növüdür. Bu mənada “ÜÇ NÖQTƏ” termini ilk dəfə 1873-cü ildə Britaniya fiziki və mühəndisi Ceyms Tomson tərəfindən işlənmişdir.
-0-

# 197 dəfə oxunub

Oxşar xəbərlər

Şanlıurfada sirli məzar

Şanlıurfada sirli məzar

19:00 11 mart 2025
Şəhriyar Del Geraninin tələbələrlə görüşü keçirilib - FOTO

Şəhriyar Del Geraninin tələbələrlə görüşü keçirilib - FOTO

18:41 11 mart 2025
İsmayıl Qarayevin ədəbi portreti - Vaqif Yusifli

İsmayıl Qarayevin ədəbi portreti - Vaqif Yusifli

17:30 11 mart 2025
Afaq Bəşirqızı:  "Qeyrətimiz yoxdur bunları deməyə..."

Afaq Bəşirqızı: "Qeyrətimiz yoxdur bunları deməyə..."

17:16 11 mart 2025
43 yaşlı müğənni evində ölü tapıldı - Səbəb

43 yaşlı müğənni evində ölü tapıldı - Səbəb

16:45 11 mart 2025
"500 manata görüşürəm..." - Qələbəmizi urvatdan salan qazilər

"500 manata görüşürəm..." - Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
# # #