Oruc tutdum, huşumu itirib yıxıldım, üstümdə Yasin oxudular... – Ayxan Ayvaz yazır

Oruc tutdum, huşumu itirib yıxıldım, üstümdə Yasin oxudular...  – Ayxan Ayvaz yazır
2 may 2022
# 13:00

Yadımdadır, ancaq Ramazan ayında evimizdə xurma olurdu. Axşam atam evə qayıdanda çörəyin yanında bir qutu xurma da alardı.

Bircə anam oruc tuturdu. İftar süfrəsi açılırdı. O yeməklər nədənsə daha dadlı gəlirdi adama. Anam yeməyi bişirəndə tamının yerində olub-olmadığını yoxlamaq üçün bir qaşıq bizə yedizdirirdi. Bütün günü ac-susuz televizorun qabağında seriala baxardı anam. Biz də bekarçılıqdan dava salardıq, bir-birimizə sataşardıq. Heç nə deyə bilmirdi, orucunun pozulacağından qorxardı.

Bir gün şeytanın qıçını qırıb oruc tutmağa qərar verdim. Özü də anam şirnikləndirmişdi məni: “Sənə köynək alacam”.

Anamın atası, yəni babam kəndin mollası olmuşdu, balalarına Quranı öyrədər, Ramazanda oruc tutmağın faydalarından danışarmış. Babamı həyatda heç vaxt görməmişdim, anam şəkillərini göstərmişdi ancaq. Balaca boy, qıvraq kişi idi, üzü də sərt. Sən demə, sünnətimizi də o eləyibmiş. Bunu anam hər dəfə gülə-gülə danışırdı. Molla olmağına baxmayaraq, sən deyən elə də pak adam deyilmiş babam. Yaman baz kişiymiş, yetənə yetir, yetməyənə daş atırmış. Yalan-gerçək deyirdilər ki, müharibədən qaçıb kəndə gəlibmiş, səhər tutub aparıblar, fərariləri düzüb güllələyəndə babam sinəsini irəli verib Stalin, Lenin yolunda öləcəyini deyib. Ondan sonra buraxıblar. O gündən sonra evin ən görkəmli yerindən Stalinlə Leninin şəklini asıbmış. Anam onun son günlərini kədərlə xatırlayırdı. Yatağa düşübmüş, yerindən dura bilmirmiş. Anam onun hər buyruğunu canla-başla yerinə yetirib. Bir gün isə yataqdan qaldıranda cansız bədəni ilə qarşılaşıb.

Anam deyirdi ki, o gündən sonra namaz qılmaq istəyib, amma nə qədər eləyib içinə nida enməyib. Hər Ramazan ayında isə orucu qaçırmazdı, bircə gün də geri durduğunu görməmişdim. Onun orucu açanda bir stəkan suyu başına çəkdiyini görüb öz-özümə düşünürdüm ki, babamın hardasa üzü gülür.

Hər nə isə... Oruc tutduğum gün anamla bazara getdik. Arvad tayfasını bilirsiniz də, bir yerə girdilərmi, çıxmaq bilmirlər. Həmin gün yaman bürkü idi, tər tökmüşdüm, paltarım bədənimə yapışmışdı. Get-gedə artan adamlar kölgə kimi gözümün qabağından keçirdi. Bir yandan da susuzluq, aclıq mədəmi üsyana çağırırdı. Əlimdə mer-meyvə, tərəvəz torbası tünlükdən aralananda qəfil yerə çökdüm. Anamın diz çırpmağı bulanıq görünürdü.

Bir azdan üzümə su dəydiyini, kiminsə danışdığını hiss etdim. Elə bil qulağım batmışdı.

“Uşaq ölür”

“Təcili yardıma zəng edək”

“Açılın, nəfəs alsın”.

Hərə bir tərəfdən çığırırdı. Bir azdan bulka və sok gətirdi anam:

“Ye, bunu da iç. Səndən oruc tutan çıxmaz”.

O gün ilk dəfə tutduğum orucu pozdum. Ancaq hələ də özümü yuxuda hiss edirdim, adamlar gözümün qabağında gah çoxalır, gah azalırdı. Gözümü tam aça bilmirdim, tez-tez qapanırdı. Axırıncı dəfə başımın üstündə anamın Yasin oxuduğunu xatırlayıram...

# 6984 dəfə oxunub

Oxşar xəbərlər

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

13:48 17 avqust 2025
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu  - Yenilənib

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu - Yenilənib

13:05 17 avqust 2025
İsfəndiyar Vahabzadə:  "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

İsfəndiyar Vahabzadə: "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

13:00 17 avqust 2025
Dünyanın ən möhtəşəm  tarixi otelləri

Dünyanın ən möhtəşəm tarixi otelləri

10:00 17 avqust 2025
Müğənni Rəqsanə həbs edildi - Səbəb

Müğənni Rəqsanə həbs edildi - Səbəb

18:55 16 avqust 2025
Vidadi Babanlı vəfat etdi

Vidadi Babanlı vəfat etdi

17:00 16 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər