Kulis.az Yetim Eyvaz təxəllüsü ilə tanınan şair Eyvaz Qurbanov haqqında maraqlı faktları təqdim edir.
Eyvaz Qurbanov 26 fevral, 1952-ci ildə doğulub. Bütün mənbələrdə onun Siyəzəndə doğulduğu deyilsə də, 2012-ci ildə verdiyi müsahibədə o, indiki Şabran, keçmiş Dəvəçi rayonunda anadan olduğunu deyib.
***
Onun 40 yaşının tamam olduğu gün Xocalı faciəsi baş verir və Eyvazın 40 yaşından sonrakı bütün doğum günləri faciəyə təsadüf etdiyindən həmin gün doğum gününü qeyd etmir.
***
Eyvaz Qurbanov həmçinin Xocalıda şəhid olan Əlif Hacıyevin hərbi xidmət yoldaşı olub.
O, 1958-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin ilk sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uzun illər toylarda müğənnilik fəaliyyəti ilə məşğul olub. Əməliyyat olunduqdan sonra səsi batıb. Ardınca 21 il avtobus sürücüsü işləyib. 14 yaşından şeir yazmağa başlayan Eyvaz Yetim təxəllüsünü sürücü işlədiyi zamanlarda qazanıb. Özü barədə tez-tez “yetim uşağam” deyən Eyvaz qarajdakı digər sürücülər tərəfindən yetim adlandırılıb.
***
O, dostu Şirəlinin telefonunda Azərbaycana yayılan “Yaz yağışı” şeiri ilə məşhurlaşıb.
***
Yetim Eyvaz özünə heç vaxt şair deməyib. Və şair adlandırılmağını da qəbul etməyib. O, müsahibəsində deyir ki, Füzuli olan yerdə mənim özümə şair deməyim ayıbdı.
***
2500-dən çox şeir və qəzəli var. Təəssüf ki, həmin şeirlərin böyük hissəsi itib. Çünki Eyvaz özü sinədəftər olduğundan həmin şeirlərin qeydinə qalmayıb. Bu gün sosial şəbəkələrdə şairin öz dilindən səslənən şeirlərdən savayı, demək olar ki, heç bir mətni yoxdu.
Onun “Yaz yağışı” adlı kitabı nəşr olunsa da, hazırda həmin kitab da mənbə kimi qalmayıb.
***
Çoxu onu savadsız adam hesab etsə də, Yetim Eyvaz Qərb ədəbiyyatından Hüqo, Bayron, Şekspir və başqalarının əsərlərini, eyni zamanda Şərq klassikasını mütaliə edib.
***
Bir dəfə qışda pivə içdiyinə görə bir restoranda lağa qoyulub. Onunla məzələnən oğlanla çölə çıxıblar. Həmin şəxs restoranın sahibin qardaşı imiş. Eyvaz həmin oğlanı müdafiə eləyənlərə deyib ki, bu adam oğraşdı. Onu döymək istədikləri an biri soruşub ki, bəs sən nəsən? Eyvaz da deyib ki, mən Yetim Eyvazam. Bu sözdən sonra hamı ondan üzr istəyib.
Özü müsahibəsində deyir ki, ailəsi ilə şeirə görə boşanıb. Övladlarını evləndirdikdən sonra həyat yoldaşı ilə şeir üstündə mübahisə edib. Yoldaşı ondan şeirlərindəki qadının kim olduğunu soruşub. Dəfələrlə təkrarlanan bu hadisədən sonra Eyvaz evdən birdəfəlik gedib.
***
2016-cı ildə əməliyyat olunur. Həkim ona spirtli içkini qadağan etsə də, Eyvaz bunu qəbul etmir: “Mən hamıya demişəm, pənco-pənco içəsən gərək. İndi necə deyim ki, pəhrizdəyəm. Allahın verdiyi ömür nədirsə, onu da yaşayacam”.
***
Yetim Eyvaz bu sözlərdən bir neçə ay sonra, 2017-ci ilin 23 iyulunda trombdan vəfat edib.
***
Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu var. Yetim Eyvazın ayrıldığı həyat yoldaşında qalan övladlarından biri Aqşinin 2018-ci ildə cinsini dəyişməsi ilə bağlı xəbərlər yayılıb. Mətbuatın yazdığına görə, Aqşin də müğənnilik fəaliyyəti ilə məşğul olub. Hətta səs yarışmasına da qatılan Aqşinin cinsini Türkiyədə dəyişib və hazırda hansı adı daşıdığı bilinmir.
***
Mətbuat onu da yazmışdı ki, Aqşin heç atasının yasında, dəfnində də iştirak etməyib.
Eyvaz Qurbanovun oğlu Aqşin Qurbanov sərt və aşağılayıcı sözlərlə onu "Gay" olmaqda ittiham edənlərin cavabını verərək anasının onları əziyyətlə böyüdüyünü bildirib:
"Anam çörək, xlor satıb bizi dolandırıb. Mən özümü tanıyandan atam narkotik, içki aludəçisi olub. Evimizdəki soyuducumuz, çarpayımız, əşyalarımız borclara gedirdi. Hər gün evdə göz yaşı görürdüm. Anam hər gün ağlayırdı. Mən ondan atalıq görməmişəm. O qədər yazdılar ki, heyif o kişidən ki belə oğlu var. Axırda dözməyib intihar etmək qərarına gəldim. Məni güclə polislər bu fikrimdən daşındırdı. Mən ən böyük travmaları qohumlarımdan almışam. Uşaqlıqdan mənə qul kimi yanaşıblar. Qohumlarım yediyim tikəni də sayırdılar. Atamı öldürən elə onlar oldu. Bütün günü ondan anama, anamdan ona xəbər aparırdılar. Yazıq kişi axırda özünü yandırdı da. Çoxları monitor arxasında şir olur. Deyəndə ki, gəl görüm, kimsiz, həmin an dovşan olurlar. Elə insanlara demək istəyirəm ki, kimə nə mənim həyatımdan? Kişiyəm, geyəm, transam, özüm bilərəm. Şərhlərə fikir verirdim. Gecənin bir yarısı ağızlarına nə gəldi yazırdılar”.