Kulis.az Gülyaz Əliyevanın "Nəbadə ağlınız çaşa... " yazısını təqdim edir.
Deyirəm ki, bu qırğızlar necə geridəqalmış millətdilər e. Bunların heç elə bilginənkin dünyadan, sivilizasiyadan-zaddan xəvərləri də yoxdur. Vallah da... İlin-əyyamın bu vaxtında adam da əcnəbi dili qoyub, marketinə, irestoranına, salonuna, mağazasına, lap elə bədəbəd ayaqda bərbərxanasına öz doğmaca ana dilindəmi ad qoyar, a başınıza dönüm? Yanıram, a qarlı dağlar? Bir irestoranın, kafenin ki adı "Palas", "Oazis", ən azından, "Köz İskender”, bir mağazanın ki adı "X Ledi", "Şarm", "Las Veqas", "Barattson”, “Asila beauty center”, "Education", "First", "Fashions", "Digital life noco", "Asila", "İs MUDO", "Diva Boutiqne", “Mobile Gallery”, "Leliga", "Game center", "Rebus Stationery", "Beauty", "One stop beauty To SHOP", "Cosmetic", "Pide", ən azından, "Büyük Firat”; bir uşaq mazasının ki adı: "Kids", "Baby" olmadı və onlar öz əlifbamız ilə deyil, ingilis əlifbası ilə yazılmadı, ta o nə oldu ki? Belə də iş olar? Ən azından, bərbər əvəzinə, "abrozovonski" görünsün deyə "Bar-ber" yazmadınsa, ta nooldu? Sən mütləq öz qonaqpərvərliyini göstərməlisən, başqasının dilini başa keçirməlisən, özünün dilin də həftəbecər olmalıdır ki, çoxlucana-çoxlucana pul qazanasan. Əgər səni bəzi bekar adamlar - FADMM-çilərdi, MADMM-çilərdi, nədi, o qurumun adamları dəng edib: "ana dili elə gəldi, milli mənsubiyyət-filan, beşməkan belə getdi" desələr, obyektinin lap yuxarı başından birinci əcnəbicə yaz, palazqulaq hərflərnən, sonra cınqılıcana hərflərnən də lap aşağıda öz dilində. O da, məsələn, "bağlıdır, açıqdır, endirimdir" kimi sözləri. Məşədi İbad demiş, çox da o yan-bu yan eləsələr, "Bomba dönər", "Əjdaha dönər", "Atom dönər", nə bilim, canım saa desin, dönər sözünə ağlına nə gəlsə - "kral"ı, "yetim"i, "avtoş"u, "babat"ı, "N-1"-i, "peçat"ı, "əjdaha"nı, "talış"ı, "naxadı"nı, "halal"ı, "ət"i, toyuğ"u qoş, olsun azərbaycanski, lap elə italyanski "Doneretto", Mobiletto", "Çerezelli" də yaza bilərsən. Vallah... Bu dediklərimə inanmırsan? Buyur, çıx şəhərə, bax. M.Ə.Sabir demiş, niyə mənə gözünü eləcənə bərəldirsən? Bəyəm yalan deyirəm? Hələ mən dörddə birin demirəm eee.
Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!
Istəmirsən yazam? Öz eybli kirdarına bax!
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabı-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikən halınızı, -
Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
Özünüzsüz olara yazdıran əhvalınızı…
Yoxsa bu eybdən aləmdə mübərradır olar,
Boylə alçaq yazıdan min kərə əladır olar!
Hələ mən: "Qırğın dönər", "Puşkin dönər", "Robot dönər", "Eksklüziv dönər", "Limuzin dönər", Seyidin dönər evi", "Sadə dönər", "Dönər dobrıy", "Dönər basdırma", "Dönər lavaş"ı demirəm. Yenə deyimmi? Dediklərimi oxu və nəticə çıxar. Məndən sənə əmanət: nəbadə, mağazanın adın-zadın karıxıb öz dilində yazasan ha. Sənə "çuşkinski" baxarlar, biyabır olarsan, ayağını sənin mağazanın kandarındanmı, asdanasındanmı, ya "praxadnoy"undanmı deyim ki, başa düşəsən, içəri qoyan olmaz, vallah-billah! Kişinin gərək irestoranının adı "Cakonda" ola, mağazasının adı " Las Veqas", "Nyu-York" ola, praxadnoyuna da iri hərflərlə "velkom" yaza ki, obyektinin müştərisi pullu ola. Yox, elə yaza bilmədinsə, bəd ayaqda "Acıkdım", və ya "Peynirci baba" yaz. Elə yaz ki, sənin də pulun başından aşsın, yoxsa heç kəs səni saya salmaz...
Birdən karıxa, kimsə sənə İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesindən Xurşudbanu Natəvanın dilindən bir misal demək istəyə və deyə ki: “Dil milli varlığımızdır. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan milləti var, öz doğma ana dilimizdə, Azərbaycan dilində mükəmməl danışacağıq. Bunu gənc nəsil sevəcək və öyrənəcək”, o zaman sən gül və keç. Düşün ki, ay irəhmətliyin nəvəsi, nə danışırsan, təkcə Bakının yox, bölgələrimizin də bütün ticarət və iaşə obyektlərinin adı, demək olar ki, əcnəbi dillərdədir e...
Bir Azərbaycanımızı gəzməyə çıx. Gör şəhərlərdə, ucqar kəndlərdə belə obyekt və müəssisə adlarında Azərbaycan dilinə - öz doğmaca ana dilinə rast gələcəksən? Heyrətdəyəm... Belə də iş olar? "Öz əlim, öz başım" deyib sevindik. Nəticəsi bumu oldu?! Ay tövbə, Bakı Sovet dönəmində heç belənçik deyildi. İri hərflərlə əvvəlcə "Çörək", ondan sonra "Xleb" yazırdılar, ən azından... Bunlar niyə analarını belənçinə tez unutdular? Yadlarına salmadılar ki, Zəhrabəyim ana onlara şirin ana dilində layla çalıb, oxşama deyib, gecələri yata bilməyəndə "Cırtdan"ın nağılın danışıb axı. Qurd Keçinin Şəngülümün yeyəndə heç həyəcandan ürəkləri əsməyibmi? Danışmayıb? Necə yəni, bunlara təsir edəcək bir anaları yoxmu və ya olmayıbmı?! Heç bunlar dodaqlarının altında:
“Küçələrə su səpmişım,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.”
Və ya:
“Bu qala daşlı qala,
Çınqıllı daşlı qala.
Qorxuram gəlməyəsən,
Gözlərim yaşlı qala” oxumayıblarmı?
Bura Azərbaycandır?! Burda hansı dil işlənir?
Nə bilim, vallah...