"Niyə namaz qılmırsan?" - Aya Sofya və Sultan Ahmet məscidindən reportaj

"Niyə namaz qılmırsan?" - Aya Sofya və Sultan Ahmet məscidindən reportaj
13 yanvar 2023
# 09:00

Kulis.az Rəvan Cavidin Aya Sofya və Sultan Ahmet məscidi arasındakı xırda meydandan reportajını təqdim edir.

“Dünyaya son dəfə İstanbuldan baxmalısınız...”

Lamartin

Bizans hökmdarı I Yustinian dövrünün ən məşhur memarı Miletli İsidorosa və riyaziyyatçı Trallesli Antemiusa Süleyman peyğəmbərin məbədindən daha böyük məbəd inşa etməsini əmr edir. Memar aylarla üzərində işlədiyi heç bir layihəni hökmdara bəyəndirə bilmir. Yustinian peyğəmbərlərə və hökmdarlara görünüşü ilə meydan oxuyacaq bir məbəd istəyirdi. İstanbulun (Konstantinapolun) hər tərəfindən görünəcək və görən insanları heyrətə salacaq bir abidə. Rəvayətə görə, İsidoros məbədin planını çizərkən yuxuya gedir və oyananda qarşısında hazır bir layihə görür. Hökmdar o layihəni bəyənir və məbədin tikintisinə başlanılır. Başqa bir rəvayətdə isə məbədin planını memarın yuxusunda ona Süleyman peyğəmbərin özünün söylədiyi deyilir. 532-ci ildə Aya Sofyanın tikintisinə başlanır. İnşaatın birinci ilində Antemius ölür və inşanın rəhbərliyi İsidorosa keçir. Beş ildən sonra, 537-ci ildə Aya Sofya hazır idi. Bu adı ona Yustinian İsa peyğəmbərin şərəfinə verdi. Və məbədin açılışında onu tarixdə saxlayacaq cümləni ucadan bağırdı:

“Ey Süleyman! Səni yendim!”

İstanbulun Allahı və İsanı unutmadığı, göyərçinlərin sübh namazına tələsdiyi, İstanbulu dünyanın kiçik bir modeli kimi göstərdiyi, Şərqin və Qərbin üz-üzə dayandığı o yerdəyəm – tarixi Aya Sofya məbədinin və Sultan Ahmet məscidinin arasında. Önümdə imperatorluqların bir-birinə qısqandığı o müthiş memarlıq əfsanəsi, arxamda xristianlığa İslamın özünü təsdiq etməsi zərurətindən yaranan və şəhərin ən böyük memarlıq abidələrindən biri olan Sultan Ahmet, avropalıların təbirincə, Mavi Məscid.

Aya Sofya doqquz əsr dünyanın ən böyük kilsəsi kimi, Fatehin İstanbulu fəhtindən Atatürkün sərəncamına qədər məscid kimi, sərəncamdan 2020-ci ilə qədər muzey kimi, 2020-dən bu günə kimi isə yenidən məscid kimi fəaliyyət göstərib. Bundan sonrakı şahların ona hansı statusu verəcəyini bilmirəm, bildiyim və əmin olduğum şey, İstanbulu həm qərbin, həm də şərqin edən yeganə abidənin o olduğudur. Xırdaca bir meydanda həm avropalı, həm ərəb, həm də uzaq şərqin insanlarını gördüm. İtaliyalı bir turist, bildirdiyinə görə, tarixçi olan yaşlı bir adam beləcə də dedi:

– Evimə gəldim!

Kimindi Aya Sofya? Nədir Aya Sofya? Qarşısında dayanan əzəmətli Mavi Məscid onun ehtişamını nə qədər sarsılda bilib? Boğazda gəmi ilə gəzəndə iki nəhəng günbəzin möhtəşəmliyinə baxıb düşünürdüm ki, həqiqətən də, İstanbulda yaşamaq sənətdir. İstanbulu sadəcə bu iki abidədən öyrənmək, ona bu boğazın sularından baxmaq, sahillərindəki balıqçıların sadədən sadə həyat fəlsəfələrini dinləmək sənətdir. Şənbə və bazar gecələri sübhə qədər işləyən marmaraylarda stansiyaları dəyişmək, küçələrdə ayaqları səkkiz yazan əyyaşlara qoşulub mahnı oxumaq sənətdir. Və bu qədər böyük sənətin kulminasiya nöqtəsi məhz bu iki məsciddir.

Aya Sofya və Mavi Məscidin arasında qalan xırdaca meydan Tanrının dinlərə, millətlərin ölkələrə bölünmədiyi zamanların yadigarıdır. Bu meydan bütöv bir dünya xəritəsi, bütöv bir dinin kitabıdır. Burada hər şey öz əvvəlinə qayıdır. Çiçəklər, göyərçinlər, yaş otlar, günbəzlərin üzərindən uçub gedən buludlar, Aya Sofyadan çıxıb Sultan Ahmet camisinə girən adamlar öz mahiyyətlərinə geri dönürlər. Az öncə yağan yağışın xırda damcılarını ovucları ilə silib nəm skamyalara oturan yaşlılar Lamartinin dediyi kimi dünyaya sonuncu dəfə buradan baxmaq istəyindədirlər. İstanbul Allahı və onun bəndələrini qiyamətə hazırlayan şəhərdir. Qələbəlik küçələrdən sakit, xəfif rüzgarın sahiblik etdiyi sahillərə tərəf keçib incə belli bardaqda çay içib Qız qülləsini izləyəndə də gözlərin hardasa Aya Sofyanın, ya da Mavi məscidin minarələrini axtarır.

Meydanda oturub Aya Sofyaya hüznlü baxan bir turistin yanında əyləşib aldığım yumşaq, isti smitdən xırda-xırda dişləyirəm. Yarı ingilis, yarı türk dilində bir təhər söhbət etmək istəyirəm. Üç aydır Edirnedə yaşayan Jozef Aya Sofyada İsanın ikonuna baxmağa gəlibmiş. Amma görməyib. İndi bu məbədin içində, demək olar ki, xristianlığın rəmzləri qalmayıb. O məşhur əl işlərinin yerinə ərəbcə yazılar yapışdırılıb. Türkiyəlilər Aya Sofyanın statusundan yana iki yerə bölünürlər: bu məbədi məscid kimi qəbul edənlər və bu məbədə məscid statusunun verilməsinə qarşı olanlar. Yadıma düşür, 2020-ci ildə Türkiyə Prezidentinin Aya Sofyanın məscid statusu alması haqqındakı tviti şəbəkənin ən çox “dislike” yığan tviti olmuşdu. İndi də əksər gənclər hər il yenilənmə adı ilə məbədin tarixi divarlarından silinən qədim rəsmlərə görə əsəbidirlər. Yanımda əyləşən Jozefin qüssəsini başa düşürdüm. Evinə gəldiyini deyən, amma evindən əsər-əlamət tapmayan bu xristianın keçirdiyi hislərin özü də İstanbula yad deyildi.

Buludlar minarələrin üstündən uçub getdikcə günorta namazının azanı oxunurdu. Smitin yarısını qırıqlayıb göyərçinlərə atanda özüü min illərdir bu şəhərdə yaşayırmış kimi hiss edirdim. “Sultan Ahmet”ə namaza tələsənlərdən biri mənim yorğun, süst oturuşuma diqqət edib səsinin ən qalın yerindən qışqırdı:

– Arkadaşım, geç kalacaksın...

– Hayır, ben namaz kılmıyorum. Allah kabul etsin!

– Türk deyil misin?

– Türküm.

– Peki neden namaz kılmıyorsun?

Mənim bu suala verəcəyim cavab yox idi. Bu halla da tez-tez rastlaşıram. Türkiyədə sırf namaz qılmırsan deyə bir qrup adamın belə iynəli suallarına tab gətirmək məcburiyyətində qalırsan. Cavab vermədiyimi görəndə “geri zekalı” ifadəsini pıçıldadığını dodaqlarından oxuya bildim. İstanbul təkcə Beyoğlundakı şəhər romantikasından, Kadıköydəki qaynayan gənclikdən, Esenlerdeki səmt uşaqlarından, sahildə smit-çay satanlardan yox, həm də bu cür dini dünyagörüşü bir-birindən seçilən çoxsaylı camaatdan ibarətdir.

Yağış aramla və həvəslə yağır, islanmış pişiklər ağacların gövdələrinə qısılıb azan dinləyir. Artıq heç kim tələsmir. Meydanda səs-küy də azalıb. Namaz üçün sıralananlar artıq məscidin içində özünə yer tapıb. Xarici turistlər bir-birinə mane olmadan şəkil çəkdirir. Smitçilər gülərüzlə isti smitləri kağızlara büküb satırlar. Elə bilirəm, dünya həmişə belə sakit və xamuşda olub.

Aya Sofyanı bizə gəzdirən bələdçidən oğurladığım bir cümlədi:

“Bu məbəd İstanbulu keçmişini unutmağa qoymayan yeganə məbəddir”.

O, beləcə də dedi – məbəd. Keçmiş deyəndə isə İstanbulun Konstantinapol dövrünü nəzərdə tuturdu. Fateh İkinci Mehmet avropalıların əlindən bu şəhəri və bu məbədi almışdı. I Pyotrun son vəsiyyətlərdən biri də İstanbulun fəthi olmuşdu. Əlbəttə, mümkünsüz idi. Ancaq Aya Sofyanın timsalında İstanbulun zərafətli keçmişi həmişə digərlərini qısqandırır. Qarşısındakı Sultan Ahmet məscidi isə “biz o məbəddən də böyüyünü inşa edərik” cavabıdır.

Hə, bir də, reportajın sonunda bunu da yazıb bitirirəm. Sultan Ahmet məscidi Türkiyədə 6 minarəsi olan beş məsciddən biridir. İlk dəfə 6 minarəli bu məscidin inşasını əmr edən sultanı özünü peyğəmbərdən böyük bilməsi ilə mühakimə edirdilər. Çünki Məkkədəki məscidin də 6 minarəsi var idi. Sultan Məscidi-Harama yeddinci minarəni inşa etdirir və dedi-qoduya son qoyur. Belə...

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
# # #