Bu yaxınlarda Nigar Aslanovanın "Müstəqillik dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi (1990-2010)" adlı monoqrafiyası işıq üzü görüb. Kitaba filologiya elmləri doktoru Elnarə Akimova ön söz yazmışdır. Kulis.az ön sözü oxuculara təqdim edir.
Nəsrimizdə tarixi yaddaş məsələsi necə işlənib, Azərbaycan obrazı, azərbaycançılıq ruhu necə görünür? Bu obrazın hərəkət trayektoriyası necədir? Bir model olaraq, bu obraz hansı illərin təcrübəsi ilə bağlanır, özündə milli iftixar və modern həyat münəricəsini necə ehtiva edir? Sovet Azərbaycanı dövründə tarixi yaddaşa vurulan zərbələr, yaxud onun dirəniş və mühafizəkar obrazı hansı səviyyələrdə realizəsini tapır?
Geniş və müqayisəli təhlil tələb edən suallardır. Bu suallara müxtəlif zaman kəsimlərində az cavab verilməyib, xüsusilə müstəqillik dövrünün yaratdığı azad söz, azad düşüncə şəraitində daha dürüst mövqedən izah edən mövqelərlə az qarşılaşmamışıq. Azərbaycan tənqid və ədəbiyyatşünaslığında mövzunun konseptual dərki, sistemli öyrənilməsi istiqamətində Mehdi Hüseyn, Əli Hüseynzadə, Məsud Əlioğlu, Yavuz Axundlu, Yaşar Qarayev, Elçin, Akif Hüseynov, Nazif Qəhrəmanlı, Vilayət Quliyev, Bədirxan Əhmədov, Tehran Əlişanoğlu, Təyyar Salamoğlunun xidmətləri danılmazdır. Filologiya üzrə fəlsəfə doktoru Nigar Aslanovanın "Müstəqillik dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi" (1990-2010) monoqrafiyası da ədəbiyyatımız, milli cəmiyyətimiz üçün önəmli olan bir mövzunun araşdırılması, bədii-estetik məziyyətlərinin üzə çıxarılması baxımından meydandakı uğurlu işlərin davamı kimi xüsusi əhəmiyyət daşıyır.
Bu dövr bildiyimiz kimi, müstəqillik kimi tarixi nailiyyətimiz və Qarabağ probleminin gətirdiyi çətinliklərlə səciyyələnir. Keçid dövrü olaraq, 1990-cı illərin qayğıları, sovet dövrünün süqutundan sonrakı mərhələnin dramatik mənzərəsi prosesə siqlətli nüfuz tələb edir. Nigar Aslanovanın "Müstəqillik dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi" mövzusunda yazdığı monoqrafiya həm dövrün, həm də böyük mənəvi, milli-əxlaqi və bədii yaddaşın nəsr əsərləri kontekstində açılması, dərki baxımından tutarlı material verir.
Nigar Aslanova əsərin "Tarixi yaddaş probleminin elmi-nəzəri dərki və ideya-estetik inikasi" adlanan bölümündə tarixi yaddaş probleminin həm elmi-nəzəri dərkini, həm də ədəbi prosesdə ideya-estetik təcəssümünü verməyə çalışır. Mövzu sovet dövrü Azərbaycan nəsri üzrə deyil, ümumdünya nəsri kontekstində araşdırılır. Tarixi trayektoriya mərhələli şəkildə - sovet dövrünə qədər, daha sonra 20-30-cu illərə, daha sonra yeni nəsr hadisəsi olmaq baxımından 60-80-ci illərə və nəhayət, müstəqillik dövrü prozası müstəvisinə adlayır. Hər mərhələdə meydana çıxan tarixi romanlara və onlarla bağlı fikirlərə müəllif tərəfindən münasibət izhar olunur. Xüsusilə, sovet dövründə ideoloji sifarişlə yazılmış, eləcə də ideoloji qütbdən dəyərləndirilmiş tarixi romanlar əsərdə gərəyincə layiqli səciyyəsini alır, Mehdi Hüseyn, Mirzə İbrahimov, Məmməd Arif, İmamverdi Əbilov, Qulu Xəlilov, Məsud Əlioğlu, Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Elməddin Əlibəyzadə, Akif Hüseynli, Yavuz Axundlu və digər tədqiqatçıların imkan verdiyi istiqamətlər sayəsində tarixi yaddaş problemi müxtəlif nəsr nümunələrinin təhlili müstəvisində yenidən çağdaş dövriyyəyə gətirilir.
Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz, bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. Kitabın "Bədii nəsrdə tarixi yaddaşin epik təcəssümü" adlanan bölümündə tarixi yaddaşın epik təcəssümündə sosial gerçəkliklər, milli ideal və xalq taleyinin tarixi yaddaş müstəvisində araşdırılması əsas məsələlər olaraq qabardılır. Məlum olur ki, ən çətin dövrlərdə belə nəsr inersiya ilə milli yaddaşı silkələyərək onu ayıq-sayıq salmağa çalışıb, milli psixologiyamıza yabançı elementlərin, ünsürlərin qovuşmasına etiraz edib: "Çoxəsrlik təcavüzə məruz qalan, saysız-hesabsız itkilər verən xalqımız sahib olduğu etnik dəyərlərin keşiyində dayanmış, hər zaman tarixi yaddaşa, soy-kökə bağlılıq nümayiş etdirərək milli ideyaların təsvirinə geniş yer vermişdir. N.Cəfərovun vurğuladığı kimi: "Müxtəlif təzyiqlərə, müdaxilələrə ən çox məruz qalan xalqlardan olan Azərbaycan xalqı ərazi bütövlüyünü, siyasi birliyini itirsə də, tarixi təfəkkürünün bütövlüyünü heç zaman itirməmişdir. Və bu milli tarixi təfəkkürün bütövlüyüdür ki, xalq özünün milli ideallarına həmişə sadiq qalmış, onların elmi-nəzəri yekunu olaraq azərbaycançılıq ideologiyasını yaradıb inkişaf etdirmişdir".
Monoqrafiyanın "Bədii nəsrdə tarixi yaddaşin müasirliklə vəhdəti" adlanan üçüncü bölməsində Nigar Aslanova milli yaddaşın təsvirində tarixiliklə müasirliyin inikası kimi məsələlərə toxunmaqla bahəm, nəsrimizdə tarixi yaddaş məsələsini postmodernizm kontekstində şərh etməyə nail olur. Yeni cəmiyyətdə milli insanın mövqeyi necə görünür, o yenədəmi cəmiyyət üçün "artıq adam"dır, yoxsa ictimai və mədəni inkişaf onun yaşam tərzi, düşüncə hüdudu qarşısında güzəşt edir, onun ənənə və mühafizəkarlıq meyarlarının cəmiyyətdə dayanıqlılığına çaba göstərir. Bəs əvəzində nə təklif edir? Günbəgün dəyişən və milli keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu günə ötürəsi dəyəri, zəmanə qəhrəmanı kimdir, necə olmalıdır? Nigar Aslanova müstəqillik illərində meydana çıxan nəsr əsərlərində bu suallara daha geniş kontekstdə cavab axtarır. Tarixi bütövlüyümüz və ona aid nə varsa - soy adımız, ana dilimiz, baba yazımız, təbiətimiz, etnoqrafik zənginliyimiz, bir sözlə maddi və mənəvi keçmişimiz bu təhlillərdə bədii təcəssümün predmetinə çevrilir: "Xalqın mənşəyi, tarixi, məişəti, mədəniyyəti ilə bağlı olan milli dəyərlərin araşdırılması, yeni baxış müstəvisinə gətirilməsi və fərqli yanaşmalar daim diqqət mərkəzində olmuşdur. Milli tarixin təhrif olunmadan çatdırılması xalqın sonrakı sosial-mənəvi həyatına da təsirsiz ötüşmür, çünki tarix həm də xalqların taleyidir, yəni yaşadığımız ömrümüzdür, keçmişimizdir".
Tarix yalnız gerçəkləri, faktları ilə yanaşı, bir də yazıçı təxəyyülünün potensialında yeni yozum və şərh qazananda keçmişin dərinliyi ilə açılmasına, qavranılmasına yardımçı ola bilir. Müstəqillik dövrü nəsrində tarixi yaddaş məsələsinin önə çəkilməsində tarixi mövzunun hər iki konteksti qabarıq görünür. Müəllif 1990-2010-cu illərdə ərsəyə gələn romanları təhlil edərkən - cəmiyyət, mənəviyyat, məişət, psixoloji durum mənasında - elə bir məqam qalmır ki, tarixi yaddaşın lokal təzahürlərinə qədər enərək problemi incələməkdən yan keçsin.
Kitab İsmayıl Şıxlı, İsa Hüseynov, Çingiz Hüseynov, Sabir Əhmədov, Sabir Azəri, Anar, Elçin, Mövlud Süleymanlı, Arif Abdullazadə, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Məmməd Oruc, Nəriman Əbdülrəhmanlı, Aslan Quliyev, Azad Qaradərəli, Hüseynbala Mirələmov, Ağarəhim Rəhimov, Həmid Herisçi, Firuz Mustafa, Elçin Hüseynbəylinin romanları əsasında tarixi-müqayisəli müstəvidə təhlilə geniş imkanlar yaradır. Azərbaycan ədəbiyyatında tarixi yaddaş probleminin qoyuluş ənənəsini, keçmişə retrospektiv baxışın bədii-estetik mahiyyətini müəyyən etməklə yanaşı, mövzunun yeni minillikdə funksionallığını və təzahür formalarını izləmək monoqrafiyanın ən dəyərli elmi məziyyəti sayıla bilər.
Nigar Aslanovanın monoqrafiyası elmi-nəzəri səviyyəsi, mütaliə genişliyi, faktoloji zənginliyi ilə seçilir. Müəllif müstəqillik dövrü nəsrinin demək olar ki, bütöv mənzərəsini canlandırmağa müvəffəq olur, yazılan əksər bədii nümunələri təhlil müstəvisinə çəkir. Bundan əlavə, bir çox məsələlərə sərgilədiyi yeni baxış mövzunun araşdırılmasında uğurlu rakurs kimi diqqəti cəlb edir. Məsələn, müstəqillik illərində repressiya mövzusunu, eləcə də İkinci Dünya müharibəsindən sonra azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunması faktlarını bədii təcəssümün predmetinə çevrirən nəsr əsərlərinin təhlili burada estetik səciyyəsini tapır. Müstəqillik dövrü Azərbaycan nəsrinin sovet dövrü nəsri ilə tarixi-müqayisəli müstəvidə təhlil olunması, mövcud tədqiqatların elmi-nəzəri səpkidə araşdırmaya cəlb olunması da "Müstəqillik dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi (1990-2010)" kitabının yenilikləri sırasında qeyd oluna bilər.
Bu monoqrafiyadan əxz olunan daha önəmli bir məqam var. Ulusu sevmək fənni, vətən sevdası, yurd sevgisi, millət aşinalığı, torpaq üçün can nisar etməyin əməl və ömür göstəricisinə çevrilməsi. Biz tarixi proseslərin axarını, milli aqibətimizi dəyişən bir Vətən müharibəsinin, Qarabağ savaşının içindən keçdik. Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz. Ədəbiyyatımıza bir çox yeni tip və obrazların gələcəyi, özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət gətirəcəyi şübhəsizdir. Biz artıq məğlub deyil, qalib ölkənin qələm adamlarıyıqsa bu əzm duyğusunun müəlliflərə ayrı bir impuls verəcəyi qaçılmaz faktdır. Bununla bərabər, qazanılan Zəfər ədəbiyyatın üzərinə böyük missiya qoyur. Yaddaşı hifz eləmək, gələcək nəslə dünənli bir yaddaş miras buraxmaq! Çünki məlum gerçəklikdir, milli yaddaşdan məhrum xalq ictimai əxlaq, etnik mentalitet böhranı yaşadığı kimi, bu yaddaşı hifz eləməyən ədəbiyyat da öz varlığını, mental dəyərlərini təhlükəyə atmış olur. Bunların heç birinin baş verməməsi üçün ədəbiyyat da, xalq da milli kimliyinin, keçmişinin, dəyərlərinin keşiyində ayıq-sayıq dayanmalı, həm də bu yolu bir-birinə stimul verərək qət etməlidirlər. Əks təqdirdə, ədəbiyyatın mankurdluğu elə millətin mankurdluğuna çevrilər. Tarixin ibrəti və dərsləri bunu diqtə edir. Nigar Aslanovanın kitabı da bu mənada, milli təəssübkeşliklə yazılmış yaddaş mətnidir.