Meyxanaçı “Mahir Ay Brat”ı həbsxanaya salan səbəb

Meyxanaçı “Mahir Ay Brat”ı həbsxanaya salan səbəb
12 iyun 2023
# 17:30

Kulis.az Ülvi Bahadırın "Duman və xumar" adlı yeni yazısını təqdim edir.

Daha bir meyxanaçı həbs olundu.

Bu tip xəbərlər artıq nə məni təəccübləndirir, nə də bu yazını oxuyanları.

Müstəqillik dövrü bu tip xəbərlərlə çalxalanır.

Hər həbsin, hər ölümün öz səbəbləri olur. Nəticə isə eynidir.

Elçin, Məşədibaba, Aydın Xırdalanlı, Vüqar Biləcəri və daha kimlər, kimlər...

“Meyxananın şahı” adlanan Rəşad Dağlı da adam bıçaqladığına görə həbs olundu.

Mövzular da eynidir; narkotik, nənə-baba “şutka”ları, həbsxana həyatına, dustaqlığa mədhiyyələr, aşkar dini təbliğat və s.

Bu mövzulardan kənara çıxan meyxanaçılara rast gəlməmişəm. Hara hərləyirsən, fırlayırsan, yenə də bu mövzulara gəlib çıxır mütləq.

İndi gələk əsas və daha faciəvi məsələyə.

Bu gün “Mahir ay brat” kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edildi. Ona görə “yenidən” ki, adam bundan əvvəl də məhkumluq həyatı yaşamışdı.

Ümumiyyətlə, bu adamlara görə, həyat həbsxana – dörd divarın arasıdır. Bu zəhərli və zərərli düşüncə gəncliyimizi işıq sürətilə uçuruma aparır. Elə Mahirin istənilən “mahnı”sına qulaq asanda, adamın tükləri biz-biz olur.

“Yaxşısı azadə həyat” deyən Mahirin hər işindən həbsxananın nimdaş qoxusu duyulur.

Bu tip təbliğat xarakterli “mahnı”lara mütləq nəzarət eləmək lazımdır. Nədən ki, bunlara milyonlar baxır. Hamı eyni iradədə, şəraitdə deyil. Adicə küçəyə çıxsanız, bu mahnının təsir elədiyi 16-17 yaşlarında təsbehli, “çolka”lı “vorzakonlar” görə bilərsiniz. Onlar sabah adi bir sözdən kimisə yortub həbsə girəcək. Çünki bu tip meyxanaların, mahnıların təsiri ilə onların beyninə işləyib ki, həbsxana, əslində, pis yer deyil. Əksinə, sən burda heç kimsən, ancaq kimisə yortub içəri girsən, orda kral olacaqsan. Adın çəkiləndə adamlar tir-tir əsəcək. İstədiyin adamı səhv çıxara, hətta başını kəsə bilərsən.

Bir sözlə, öz yeraltı imperiyanı quracaqsan. Hələ bu azmış kimi insanlar səni sevəcək, “kişi adamdır!” deyəcək. Minlərlə nadanın, cahilin kumiri olacaqsan. Toylarda, yaslarda başda oturacaqsan. Adına əfsanələr uydurulacaq. Axırda öləndə və ya öldürüləndə də heykəlin qoyulacaq. Dünyanın dörd bir yanından adamlar gələcək açılışa. Ziyalısının, mütəfəkkirinin adını belə düz-əməlli bilməyən minlərlə insan hər il gəlib heykəlinin qabağına gül qoyacaq, hətta kövrələcək. Şəkillər çəkdirib profilində paylaşıb sevgisini ifadə eləyəcək.

Pəh... Bax, yazdıqca mən də həvəsə gəldim ee... Bəlkə, bir küçəyə çıxıb mənə çəp baxan hər hansısa bir adamın boğazını kəsim? Sonra da qaçmayım ha, eləcə gedib təslim olum. Elədə hörmət-izzət də çox olur deyirlər.

Təkcə savadsız, təhsilsiz adamlarmı yönəlir bura?

Qətiyyən!

Məsələn, baxırsan ki, ali savadlı, mütaliəli adamdır, ancaq oğruya, “vorzakon”a qahmar çıxır. Qarşı çıxanda nə desə yaxşıdır:

“Ondan da çox oğurlayanlar var”

Hələ biri də var:

“O oğru sən deyəndən deyil”

Bəs nədir?

Bu adam nəyə görə həbsdədir?

Orda teatr açıb tamaşalar verir?

Dustaqları yığıb kitab səsləndirir?

Kimə gəlirsiniz?

Kimi dolayırsınız?

Sırf pul, populyarlıq var deyə niyə bunun təbliğatını aparırsınız?

Meyxanaçıların içində, doğrudan da, çox savadlı, mütaliəli olanlar var. Məsələn, Pünhan Əzimlinin qəzəllərini çox oxumuşam.

“Divlər dağıtdı aləmi, əl boyda sərçələr
Dimdiklərində qurmağa çör-çöp gətirdilər”

Bu və bunun kimi onlarla beytin müəllifi olan Pünhan Əzimli və bir neçə meyxanaçı pis vərdişlərdən və onların təbliğatından uzaq olsalar da, yenə də, əsasən, musiqili meyxana tərzində olan təbliğat xarakterli meyxanalar öz təsirini buraxır.

Başa düşürəm ki, populyarlıq və dolanışıq məsələləri belə meyxanaların yaranmasına səbəb olur, ancaq bunları başqa mövzularla da eləmək olar. Bədahətən saatla meyxana deyən adamlar üçün mövzu tapmaq o qədər də problem olmamalıdır.


Bir neçə meyxanaçı ilə danışanda, deyirlər ki, bəs biz toplaşanda başqa meyxanalar deyirik. O mövzular olmur. Ancaq o meyxanalar heç yerdə yoxdur axı. İndi biz hardan bilək ki, ordakılar necədir? Deməli, yığışanda “yeməyin ən yaxşı yerindən” yeyirsiniz, bizə də sür-sümük qalır.

Bir dəfə “Yaxşı meyxanalar da var” deyən bir dostuma yuxarıda adını yazdığım mövzuların olmadığı bir meyxanın linkini istədim. Hələ də “göndərir” . Yəqin interneti zəifdir.

“Əvvəllər belə idi, indi ta belə mövzular olmur” deyən meyxanaçının son illərdə paylaşılan videosuna baxıram ki, “nənə-baba” söhbəti eləyir. Sonra da tənqid eləyənləri qınayırlar.

Mağar toylarına baxırsan, bel altı, bel üstü, hər cür videolar at oynadır. Balaca uşaqlar qaçışır. Ata da gəlib hansısa meyxanaçının alnından öpüb cibinə pul basır. Bu mənzərəni görən uşağın gələcəyi necə olacaq? Əvvəl-axır Mahirin getdiyi yerə gedəcək.

Mahiri həbsxanaya salan səbəb düşdüyümüz bu miskin mənzərənin nəticəsidir.

Mühit çox önəmlidir. İnsana istər-istəməz təsir eləyir. Hərəkət və davranışlarını nizamlayır. Meyxananın mövzuları meyxanaçıların gələcək taleyini həll eləyir. Ona görə də çalışmaq lazımdır ki, meyxanalarda belə təbliğat xarakterli mövzular olmasın.

Keçmişimiz özgə əlində olsa da, gələcəyimiz öz əlimizdədir.

# 5652 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #