"Məişət insan mənəviyyatının sınaq yeridir..." - Seyfəddin Dağlı kimləri tənqid edirdi?

"Məişət insan mənəviyyatının sınaq yeridir..." - Seyfəddin Dağlı kimləri tənqid edirdi?
27 avqust 2026
# 10:00

Bu gün yazıçı, şair, dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi Seyfəddin Dağlının doğum günüdür.

Kulis.az Sevil Hüseynovanın ədibin yaradıcılığı haqqında tədqiqatından bir hissəni təqdim edir.

Məlumdur ki, satirik əsərlərdə tipik hadisələri və obrazları ümumiləşdirmək, cəmiyyətin inkişafına mane olan mənfilikləri və nöqsanları mübaliğə və kəskinləşdirmə yolu ilə göstərmək əsas şərtlərdəndir. Seyfəddin Dağlının “Xalaoğlumun təri” hekayəsindəki qəhrəman məhz bu cəhətdən çox qüvvətli çıxmışdır. Onilliyi qurtardıqdan sonra “istirahət etmək” fikrinə düşən, “qərb rəqsləri” dərnəyinə yazılan, “başına xüsusi dəllək qulluq edən”, eybəcər modalar əsasında tikilmiş kostyumlar axtaran, xarici maşın almaq iştahasına düşən, hətta xəstələnən zaman xarici dərman tələb edən bu xalaoğlunun həyatı, hərəkətləri bədii ümumiləşdirmələrlə, şişirtmə və süjeti kəskinləşdirmə yolu ilə verildiyindən oxucunun yaddaşından silinmir.

Seyfəddin Dağlı bəzi əsərlərində qüvvətli satiranı keçici, yüngül yumor ilə əvəz edir. Məsələn, müəllif həkim Məsimin bəzi hərəkətlərini təsvir edərkən karikaturaçılığa enmişdir. O, bu hekayədə yüngül effekt ardınca qaçmış, mübarizə apardığı mənfi hadisələri, personajları sonadək amansız şəkildə ifşa etməyə nail olmamışdır. Bu sözləri onun “Azar”, “Haradasan?” hekayələri haqqında da demək olar.

Seyfəddin Dağlı əsərdən əsərə inkişaf edən sənətkar idi. Təbiətində satiraya meyil güclü olduğu üçün bədii gülüşə daha çox bel bağlayırdı. “Kirpi” jurnalında redaktor işlədikdən sonra satira və yumor hissi, milli iz daha da gücləndi. Bu, həm də onun vətəndaşlıq mövqeyi ilə bağlı idi.

Yazıçı “Şakərlilər” kitabında toplanmış “Nikbin”, “Bədbin”, “Laqeyd”, “Vasvası”, “Deyingən”, “Böhtançı”, “Rəhimdil”, “Yaltaq”, “Xəbərçi”, “Yalançı”, “Zarafatcıl”, “Qaradinməz” və s. hekayələrində insan xarakterinə və psixologiyasına xas olan xüsusiyyətləri açıb göstərmişdir. Bu hekayələrdə xarakterlərindən asılı olaraq adamların bir qismini yumoristik boyalarla, digər qismini isə satirik cizgilərlə təsvir etmişdir.

Seyfəddin Dağlının gülüşü ciddi, mənfi qəhrəmanları nifrətəlayiq, müsbət surətləri nümunəvidir. Onun qələmə aldığı hadisələr təbii, münaqişələr həyati, ifadə etdiyi ideyalar işıqlıdır. Müəllif söz oynadıb gülüş yaratmağa çalışmır, bu, vəziyyətlərdən, hadisələrin məntiqindən, tiplərin daxili aləmindən doğur. Yazıçı xalqımızın satirik təfəkkür xəzinəsindən bacarıqla faydalanır.

Məsələn, ailə-məişət mövzusunda yazılmış “Yaylaq qayğıları” əsərində yazıçı cəmiyyətdə baş verən hadisələri bir ailənin fonunda açıb göstərməyə çalışmışdır. Bu ailənin üzvlərinin: Şıxzaman, Şahsənəm və Şahbudağın başına gələn hadisələri yazıçı həm yumor, həm də təəssüf hissi ilə oxuculara anlatmaq istəmişdir. Burada yazıçı ancaq ailə-məişət məsələlərinə toxunmamış, bəzi idarələrdəki süründürməçilik, əyrilik, səhlənkarlıq da gülüş obyektinə çevrilmişdir.

Ailə və məişət, insan və mənəvi-əxlaqi axtarışlar mövzusu sözsüz olaraq sənətkarın müasir həyatla, yaşadığı indiki zamanla daimi əlaqəsindən asılıdır:

“Məişət böyük sınaqdır. Onun haqqında “ağız büzərək” danışmaq, onu həyatın lazımsız tərəfi hesab etmək doğru deyil. Axı, məişət insan mənəviyyatının sınaq yeridir”.

Tənqidi gülüş və incə yumor Seyfəddin Dağlının “İpək gül” kitabındakı hekayələrinin başlıca məziyyətlərindəndir. Yazıçı satirik əsərlərin bir çoxunda qrotesk üsulundan istifadəyə, hadisələri fantastik şəkildə verməyə, obrazları öz təbii vəziyyətindən çıxarıb qəribələşdirməyə, ecazkar göstərməyə meyil edir. Bu xüsusiyyətlər “Vergülağa Nöqtələrov” və “Absətəlini avsayt öldürdü” əsərlərində aydın nəzərə çarpır. “İpək gül” kitabında verilən “Şöhrət ölüsü”, “Tamah dişi” və s. hekayələrində də biz bu xüsusiyyətləri müşahidə edirik.

“İpək gül” kitabında toplanmış səkkiz novellanın aktuallıq, yığcamlıq başlıca məziyyətlərindəndir.

İstər novellalarda, istərsə də Türkiyə və İran həyatından alınmış kiçik satirik parçalarda yazıçı təəssüratının başlıca cəhətlərini artıq bir şey demədən, bədiiliyin şərtlərinə xələl gətirmədən əks etdirir. Türkiyə novellaları qısa və yığcamlığı, mənalı mündəricəsi ilə fərqlənir. Həmin novellaların təsir gücü janrın xüsusiyyətlərinə uyğun olaraq bədii ifadə vasitələrinin düzgün seçilib, yerli-yerində tətbiq olunmasındadır.

Seyfəddin Dağlının satirik hekayələri, povest və romanları aydın, sadə, oxucunun başa düşə biləcəyi bir dildə yazılmışdır. Bu əsərlərdə bədii dil ümumən səlisdir, obrazlıdır. Yazıçı hadisə və obrazların təsvirində xalq dilindən istifadə etməyi, hadisə və obrazların səciyyəsinə uyğun ifadələr tapmağı bacarır. Əlbəttə, yazıçının söz seçmək məharəti yalnız müəllif təhkiyəsinə aid deyildir. Sənətkarın əsl söz qüdrəti eyni zamanda bədii obrazların nitqlərində də meydana çıxır.

Müəllifin yazı üslubunda tənqidi gülüş üçün əlverişli olan komik ifadələr, sözlər, təsvirlər aparıcı yer tutur. Həm müsbət, həm də mənfi qəhrəmanlar əsasən öz xarakterinə müvafiq danışdırılır. Seyfəddin Dağlının belə mənfi qəhrəmanlarından biri də “Kim kimi basdırdı” satirik povestindəki qorxaq, qumarbaz, xəsis, imansız, içki düşgünü, avara, ömrünün çox hissəsini həbsxanada keçirmiş Mir Daxıl obrazıdır. Onun bəd xasiyyəti ucbatından anası Seyidxatun qürurlanıb ölür. Arvadı və qızları səfalət içində yaşayırlar. Qəmxarə və onun himayəsində olan iki körpə qızı – Ceyran və Hicran Mir Daxılın heç yadına da düşmür.

Həbsxanadan azadlığa çıxan Mir Daxıl qumarı atır və dükan işlətməyə başlayır. Amma indi o, iki yeni pis vərdiş qazanır: bunlardan biri oğurluq, digəri isə xəsislikdir. Seyfəddin Dağlının bu əsərini oxuyarkən Mirzə Fətəli Axundovun “Hacı Qara” və Onore de Balzakın “Qobsek” əsərləri yada düşür. Mir Daxıl da Hacı Qara kimi xəsisdir, Qobsek kimi var-dövlət içində ac ölür.

Seyfəddin Dağlının “Absətəli avsaytdadır” və ya “Absətəlini avsayt öldürdü” yumoristik povestini oxuyarkən insanın üzünə gülüş qonur və gülə-gülə düşünməyə məcbur olur. Povest “Antifutbol” azarkeşi Absətəli haqqındadır. Absətəli on ildir ki, Suğra xanımla ailə həyatı qurmuşdur və onların Gülqulu adlı oğlanları da dünyaya gəlmişdir. On beş il kənddə yaşayandan sonra şəhərə köçmüş Absətəlidə futbola qarşı nifrət elə gəldiyi ilk vaxtlardan yaranmışdır. Absətəli bunu gizlətmirdisə də, qonşusu Gəncumov guya futbola olan marağını hər vəchlə ona sübut etməyə çalışırdı. Lakin onun futbola və stadiona olan əsl marağı başqa idi. Əslində, Gəncumov arvadıyla şərtləşmişdi ki, o, arvadını stadiona getməyə qoyan gün ər də evdə araq içə biləcəkdi. Absətəlinin işlədiyi müəssisədə də belə “azarkeşlər” çox idi. Məsələn, Şahtağı, Pənahlı, Ağatalıb, idarənin qoca mühasibi işlərini itirməmək üçün məcburən futbol azarkeşi olmuşlar. Məhz buna görədir ki, Seyfəddin Dağlı əsərdə futbol meydançasını xəstəxanaya və buradakı azarkeşləri isə qəribə xəstələrə bənzətmişdi.

Seyfəddin Dağlının “Vergülağa Nöqtələrov” adlı satirik romanında əsərin qəhrəmanının dünyaya gəlişindən tutmuş vəfatına qədərki mənasız həyatı tam, ətraflı göstərilmişdir. İlk məktəb illərindən başlayaraq “Dayımın canı sağ olsun!” - deyə bütün işlərini görən, ürəyində sevgiyə, məhəbbətə yer olmayan bu insan hətta evdə ailəsi - arvadı və uşaqları ilə də tabeçiliyində olan işçiləri kimi davranırdı.

Seyfəddin Dağlı bu romanda savadsızlıq, elmsizlik, vəzifə və hakimiyyətə hərislik, kütlük, mənəviyyatsızlıq, lovğalıq və bu kimi pis, naqis, neqativ cəhətləri kəskin satira atəşinə tutmuşdur. Romanın dili sadə və oxunaqlıdır, süjet xətti və kompozisiya zəif olsa da, satirik roman janrının tələblərinə müəyyən qədər cavab verir. Burada yazıçının əsas məqsədi bütün satirik povest, felyeton və hekayələrində olduğu kimi, mənfi ünsürləri satira atəşinə tutmaq, müasir gəncləri maarifləndirmək, tərbiyələndirmək, pis vərdiş və xasiyyətlərdən uzaqlaşdırmaq, yaxşı mənada dünyaya baxışlarını dəyişmək, insanlarla düzgün davranış qaydaları öyrətməkdir.

Seyfəddin Dağlının yaradıcılığında komediya janrının mühüm yer tutması təbii bir haldır. O, sənətkar və zaman, yazıçı və vətəndaşlıq borcu prinsiplərinin tələblərinə uyğun olaraq komediya janrının mayasını təşkil edən bədii gülüşdən məharətlə istifadə edən sənətkar idi. Onun komediyalarında surətin inkişafı, xarakterin müəyyənləşməsi, eləcə də konflikt məhz komik mübarizə ilə həll olunur.

Seyfəddin Dağlının “Təzə gəlin” adlı əsəri, hər şeydən əvvəl, öz məqsəd aydınlığı ilə diqqəti cəlb edir. Pyesdə hadisələr Abşerondakı gülçülük sovxozlarının birində cərəyan edir. Komik səhnə epizodları, təbliği xarakterə malik olan hadisə, əhvalat və vəziyyətlər tamaşaçıları maraqlı təbiətə malik insanlarla tanış edir. Pyesdə diqqəti cəlb edən obrazlardan biri Türbətəlidir. Türbətəli yenilikçidir, qabaqcıl briqadirdir. Təzə qızılgül növü yetişdirir. Vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çalışan bu insan eyni zamanda xurafata inanır, molla Manafın cəhənnəm qorxusu barədə uydurduğu şayiələrdən vahimələnir. Buna görə də qış fəslində Abşeron şəraitində, açıq havada yetişdirdiyi yeni qızılgül kollarını molla Manafın təkidi ilə məhv etmək istəyir. Lakin hadisələrin sonrakı inkişafı, xüsusən qəlbində oyanan məhəbbət hissi Türbətəlini bu yanlış yoldan qaytarır, mənən kamilləşdirir.

Əsərdəki lirik məhəbbət xətti Nemət və Ətirgül obrazları ilə daha aydın verilmişdir. Bu obrazlar vasitəsilə dramaturq gənclərimizin işgüzarlığını və səmimi sevgi duyğularını qələmə almışdır. Sovxoz direktoru Nemətlə Ətirgül arasında olan saf məhəbbət eyni zamanda onların gündəlik işinə kömək edir. Seyfəddin Dağlı əsərin qəhrəmanı Ətirgülün mənəvi aləmini oxuculara açıb göstərə bildiyi kimi, onun səmimi məhəbbətini də inandırıcı cizgilərlə vermişdir.

“Təzə gəlin” əsərinin diqqəti cəlb edən cəhətlərindən biri də budur ki, pyesin məzmunu sadə, milli koloriti güclüdür. Nemətlə sevgilisi Ətirgül arasındakı anlaşılmazlıq dramaturq tərəfindən təbii hadisələrlə verilib. Situasiya aydındır, vəziyyət məhz Seyfəddin Dağlıya məxsus zərif yumorla ifadə edilib. Burada satirik konflikt hissəsi o qədər də güclü deyil. Bu gülüşdə müəyyən qədər kədər də var. Gülüşün hədəfi olan insanlar əslində gülüşün mənbəyi olan zamanənin təmsilçiləridir. Odur ki, “Təzə gəlin”dəki əksər obrazların psixoloji həyəcanları düşdükləri mühitin fikir və düşüncələrinin davamı kimi səslənir. Seyfəddin Dağlının qənaətlərinə görə bədii gülüşlə əhatə olunan, idealın qələbəsini təmin etməyə yönələn mübarizənin təmsilçiləri tənqid olunan insanlar olsalar da, əsas obyekt mövcud zaman – şəraitdir.

Seyfəddin Dağlının “Yaylaq qayğıları”, “Kim kimi basdırdı” povestləri, “Mənziliniz mübarək”, “Kölgələr pıçıldaşır”, “Oyun bitdi” pyesləri, “Ondatra sövdəsi”, “Güləndağ məzhəkəsi”, “Arxada döyüş”, “Arvad deyən oldu”, “Dəllal”, “Əziz yadigar”, “Əks alınmadı”, “Allahı aldatdı, İblisə aldandı” və bir çox hekayələri oxucuların diqqətini cəlb etmişdir.

Seyfəddin Dağlının böyük satirik Əziz Nesinə ithaf olunan “Türk novellaları”nda dörd novellası - “Vitrindəki şüarda nə yazılmışdır”, “Kəndə qəzet nə vaxt gəldi?”, “Qonaq niyə dava saldı”, “Eşşək nəyə güldü” toplanmışdır. Bu novellalarda İstanbul, Bursa, Ankara və Türkiyənin bir çox şəhər və kəndləri təsvir edilir. Həmçinin Türkiyəyə gələn amerikalı, avropalı, almaniyalı turistlərin yekəxanalığı, cibi dolu bu turistlərin yerli vətəndaşlarla kobud davranışları tənqid olunur. Şəhərdə dükan sahiblərinin əcnəbilərə baha qiymətə mal satmaq üçün necə alçaldıqları, kəndlərin güzəranı ağır vəziyyətdə olduğu halda şəhərdə yaşayan varlı dul qadınların qəzetlərdə ər axtarmaları barədə verdiyi elanlar yazıçının gülüş hədəfinə çevrilir.

Bundan başqa, yazıçının radio efiri üçün yazdığı “Reportaj rəfi”, “Sərçələr”, “Tarla düşərgəsində”, “Molla” və s. radio novellaları da dinləyicilərin könlünü oxşamışdır. Bu novellalarda yazıçı sadə xalqın gündəlik problemlərini, məişət qayğılarını, yalançı mollaların xalqı aldatmasını tənqid edirdi.

Zamanı və müasir insanın mənəvi aləmini, hissi-idrak səviyyəsini yüksək bədii formada, psixoloji-dramatik planda ümumiləşdirmək cəhətdən Seyfəddin Dağlının “Mənzilimiz mübarək” pyesi həm yazıçının yaradıcılığında, həm də müasir Azərbaycan dramaturgiyasında yeni hadisə idi. Dramaturq bu əsəri ilə cəmiyyətin mənəvi inkişafı və tərbiyəsində, yayılma qorxusu törədən və yayılmaq ərəfəsində olan hər cür nöqsana qarşı mübarizə aparmaqda komediya janrının üstünlüyünü, böyük imkanlara malik olduğunu yaxşı bilirdi.

Seyfəddin Dağlının “Kölgələr pıçıldaşır” komediyası da müasir mövzuya, cəmiyyətin inkişaf axınına əngəl olan tüfeylilik, formalizm, süründürməçilik və digər naqis cəhətlərə qarşı mübarizəyə həsr olunmuşdur. İctimai, əxlaqi nöqsanların yaranması və yayılmasına səbəb olan amillər, laqeydlik üzündən sərbəst buraxılan antipodlar pyesin konfliktini və əsas tənqid hədəfini təşkil edir. Burada da komikliyin – gülüşün əsasında subyektiv, cılız hisslərlə irəli getməyə çalışan, özlərindən razı olan yekəxana Buludxanov, Rüstəm Zaloviç kimi insanlar gülüşə hədəf olurlar. Komediyanın müsbət idealını təmsil edən, mənəvi təmizliyi hər şeydən üstün tutan, axıra qədər ona sadiq qalan Sabayel obrazında Seyfəddin Dağlı həyatın öz axarı ilə davam etdiyinə inamını, “Nahaq qalxar, yeriməz” məsəliFFnə münasibətini bildirmək istəmişdir.

Digər əsərlərində – “Sevdagül və Şarlotta”, “Şakərlilər”, “Sabiqlər” kimi ekran əsərlərində də müəllifin həm güldürən, həm də düşündürən satirik dəst-xətti açıq-aydın duyulur. Ümumiyyətlə, müasirlik, tamaşaçısının və oxucunun zövqünü oxşamaq, qəlbindən xəbər vermək ənənəsi Seyfəddin Dağlı nəsrinin və dramaturgiyasının başlıca qayəsini təşkil edir. Onun qələmindən çıxan hər bir əsər duzlu, güldürücü və düşündürücüdür. Yumorist və satirik olmaq bacarığı hər qələm sahibinə qismət olmur. Seyfəddin Dağlı Azərbaycan bədii nəsri və dramaturgiyasında dərin iz qoymuş ədiblərimizdəndir.

# 123 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Beynəlxalq Film Festivalının qalibləri  mükafatlandırıldı

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırıldı

10:30 27 avqust 2026
Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

19:00 26 avqust 2026
Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər